Fabio Kapello: "Dərhal anladım ki, o çox böyük futbolçu olacaq" Müsahibə
Fabio Kapello Rusiya millisinin baş məşqçisi təyin olunarkən çoxları onun yeni işində uğur qazanacağına şübhə edirdi. Lakin geridə qalan müddət ərzində italiyalı mütəxəssis vəzifəsinin öhdəsindən lazımınca gəlir. Təsadüfi deyil ki, Rusiya millisi 4 turdan sonra dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə maksimum nəticə göstərən iki komandadan biridir. Kapellonun Rusiya millisinin "qurban"ları arasında Kriştiano Ronaldolu Portuqaliya və Berti Foqtsun rəhbərliyi etdiyi Azərbaycan yığması də var...
Bu günlərdə Kapello
"Sport-Ekspress"ə geniş müsahibə verib. İtalyalı mütəxəssis ürəyini
demək olar ki, tam boşaldıb. Kapello bir çox maraqlı məqamlardan söhbət açıb.
Uşaqlığını xatırlayıb, Messini 16 yaşında "Yuventus"a gətirmək
istəyindən, Maldininin gəncliyindən, küləyi sevməyindən, həyat yoldaşının
Moskvada metroda gəzməsindən, uşaq vaxtı az qalan yuqoslav olmasından, dini
baxışlarından, həyat yoldaşı ilə tanışlığından, özü-özünün meneceri olmasından,
bu vaxta qədər çalışdığı ən yaxşı futbolçulardan, Yunanıstanın 2004-cü ildəki
Avropa çempionluğundan danışıb.
- Bir müddət əvvəl Messi "Qızıl buts"u alarkən gözlənilmədən sizi xatırladı. Argentinalı ulduz bildirdi ki, tanınmış məşqçilər arasında ilk dəfə olaraq o, məhz sizin diqqətinizi çəkib. Səhv etmirəmsə, bu, 2005-ci ildə olub. Həmin vaxt yeniyetmə Messi hansı xüsusiyyətinə görə sizin diqqətinizi çəkdi?
- Həmin
oyunu əla xatırlayıram. "Barselona" üçün ənənəvi mövsümöncəsi Joan
Qamper turniri idi. Stadiona 80 min azarkeş toplaşmışdı. Məni ilk növbədə 16
yaşlı Messinin fərdi ustalığı heyran etdi. Onun istedadını görməmək
qeyri-mümkün idi. Yaşının azlığına baxmayaraq, 80 min azarkeşin qarşısında
sərbəst şəkildə oynayırdı. Çıxışını bir qədər izlədikdən sonra anladım ki, o
çox böyük futbolçu olacaq. Kataloniyalıları həmin vaxt Frank Raykard
çalışdırırdı. Onu mən öz tələbəm hesab edirəm - axı xeyli vaxt rəhbərliyim
altında "Milan"da çıxış edib. Nə isə, əlimlə Messini göstərərək,
Raykarda "sən, o oğlanı mənə verə bilərsən? Məsəlçün 1 illik. Onsuz da sən
onun xidmətindən yararlana bilməyəcəksən. Argentina pasportu ilə İspaniyada
oynamaq mümkün deyil" dedim.
- Bəs Raykard nə cavab verdi?
- Nə
deyəcək? O özü özünə düşmən deyil ki. Başını yelləyərək, "bir şey
fikirləşərik" dedi... Tezliklə Messi ispan pasportu alaraq
"Barselona"da oynamağa başladı.
- Elə bir futbolçu olub ki, ilk baxışdan Messidən
də daha güclü təsir bağışlasın?
- Çətin...(bir qədər düşünür) Amma belə biri olub.
Amma bir qədər fərqli şəkildə. Yəni ki mən Messinin oyununa baxarkən o artıq
"Barselona"nın üzvü idi. Amma
mən "Milan"ın gənclər komandasının çalışdırarkən komandamızın aparıcı
üzvlərindən biri 16 yaşlı Poalo Maldini idi. O özündən 3-4 yaş böyüklərlə də
başa-baş mübarizə aparırdı. Bir dəfə məşqçilərdən biri mənə yaxınlaşaraq,
Paoloya nəyə görə əsas heyətdə şans verdiyimi soruşdu. Hətta o Paoloya atasının
adına görə şans verdiyimi düşünürdü. Bir sözlə, Paolunu avtoritet hesab edirdi.
Amma həmin məşqçinin sözləri məni bərk əsəbləşdirdi. Axı mən heç vaxt kiməsə
atası dostum olduğuna görə heyətdə şans vermərəm. Həmin məşqçiyə də cavab
verdim ki, 1 ildən sonra əsas komandanın oyununa gəlib baxarsan. Özün hər şeyi
başa düşəcəksən. Yanılmamışdım, 1 ildən sonra 17 yaşlı Paolo Maldini artıq
"Milan"ın əsas heyətində meydana çıxırdı.
- Gənc rus
futbolçulardan kimi daha çox bəyənirsiniz?
- Mən Rusiyanın bütün aşağı yaş qrupu üzrə milli
komandalarının çıxışını diqqətdə saxlayıram. Hər bir komandanın heyətində
perspektivli oyunçular var. Bu səbəbdən də ABŞ-la son oyunda 6 əvəzetməyə əl
atdım. Hansısa bir futbolçu millinin formasında meydana çıxmadan onun tam
olaraq nəyə qadir olduğunu bilməniz mümkün deyil.
- Nəyə görə
belə düşünürsünüz?
- Çünki elə futbolçular var ki, klubda əla çıxış
etsələr də, millidə oyunları alınmır. Yəni hər yaxşı oyunçu millidə inamlı
təsir bağışlaya bilmir. Bunun üçün yeganə şans da həmin oyunçunu millidə iş
başında izləməkdir. Sizə bir misal çəkim. Mən "Roma"nı çalıdşırarkən
sərəncamımda De Rossi və Akvilani kimi bacarıqlı futbolçular var idi. Onlara
eyni səviyyəli futbolçu gözü ilə baxırdım. Amma Akvilaninin potensialının bir
qədər yüksək olduğu qənaətindəydim. Akvilani məşqlərdə inamlı təsir
bağışlayırdı. "Roma"da da gözəl çıxış edirdi. Amma millidə heç cür
istədiyi oyunu sərgiləyə bilmirdi. Mən ona deyirdim ki, "Alberto sakit ol.
Bacardığın kimi oyna. Səhv etməkdən qorxma!". Amma sözlərimin heç bir
xeyri yox idi. De Rossi isə əksinə, millinin heyətində meydana çıxarkən özünü
məşqdəki kimi sərbəst aparırdı. Heç nədən çəkinmirdi.
- Rusiya
millisinin De Rossisi kimdir?
- Kokorini qeyd edə bilərəm. O artıq əsas millidə
oynamağa tam hazırdır. Çatışmayan yeganə cəhəti təcrübəsiz olmasıdı. Smolov da
yaxşı futbolçudur. Çox təəssüf ki, ABŞ-la oyunda zədələndi. Fyodorun çox böyük
potensialı var.
- Hər bir
tanınmış futbolçunun uşaqlıqdan əziz xatirəsi olur. Kimisi 16 qol vurmaqla
tanınır, kimi bir oyunda bütün rəqib komandanı aldadaraq, qol vurmaqla. Bəs
Fabio Kapellonu ilk dəfə kim və hansı şəkildə kəşf edib?
- Məni 13 yaşım olanda "kəşf ediblər".
Tezliklə Ferrara şəhərini təmsil edən "SPAL" klubunun gənclər
komandasına dəvət aldım. Orada iki il keçirdim. Hər şey də məhz oaradan
başladı...
- Sizin
uşaqlığınız çox çətin dövrə təsadüf edib. 1946-cı ildə dünyaya gəlmisiniz.
Həmin vaxt ikinci dünya müharibəsi təzəcə qurtarmışdı. Həmin dövrü necə
xatırlayırsınız?
- Həqiqətən də o dövrdə dünyaya gələnlərin işi heç
də asan deyildi. Balaca bir mənzildə 6 nəfər yaşayırdıq. Bacım, valideynlərim
və atamın valideynləri. Çox çətinliklə dolanırdıq. Ailədə yalnız atam
çalışırdı. Müəllim idi, azyaşlılara dərs deyirdi. Uşaqlıq illərimi yaxşı
xatırlayıram. Doğma kəndimiz... Uşaqlarla bütün günü futbol oynayırdıq. Çünki
bu, bizim yeganə əyləncəmiz idi. Bir də təmiz havada gəzməyi çox xoşlayırdım.
Bizim oralarda çox gözəl yerlər var. Bir də küləyi çox sevirdim.
- Sadəcə
külək?
- Mən yaşadığm yerdə, vadidə hər zaman Bora küləyi
əsirdi. Kiçik dağlarən əhatəsində coşğun, soyuq küləklər olurdu. Nə qədər
qəribə olsa da qonşu Farra şəhərində külək demək olar ki, səmirdi. Əvəzində
orda daima duman olurdu.
- Yəqin ki,
hər dəfə Sankt-Peterburqa gələrkən doğma yerlərinizi xatırlayırsınız...
- Nə? Peterburq? Bağışlayın, bir qədər fikrə
getmişdim... Bəli, bəli, Londonda da hava demək olar ki elə olur. Çoxları
küləyi sevmir, düzdü?
- Bəli.
- Amma
mən əksinə, küləyi çox sevirəm. Küləkli havada bütün gücümlə havanı içimə
çəkirəm.
- Razısız ki, indi Rusiya millisini italiyalı
deyil, yuqoslaviyalı məşqçi çalışdıra bilərdi. Axı siz Venetsiya-Culiya
regionunda dünyaya gəlib, uşaqlığını orada keçirmisiniz...
- Bəli, müharibədən sona həmin ərazi ikiyə
bölünmüşdü. "A" və "B"yə. Birincidə biz italiyalılar,
ikincidə yuqoslaviyalılar yaşayırdı. Özü də bu iki ərazi arasındakı sərhəd düz
bizim evin yanından keçirdi. Xeyli müddət sərhəddə əsgərlər dayanırdı. Onların
demək olar ki, yalnız dişlərində silah yox idi. Biz uşaqlar isə tez-tez kofe və
şəkər üçün "Yuqoslaviya"nın ərazisinə daxil olurduq. Çünki sərhəd
mağazalarda ərzaqlar ucuz qiymətə satılırdı.
- Çox qəribə
situasiyadır. Sizin taleyiniz demək olar ki, hansısa bir generalın əlində idi.
Axı o sərhəddi 2 metr o tərəfdən təyin etsəydi, siz İtaliya vətəndaşı
olmayacaqdınız.
- Elədir ki, var. 50-ci
illərin sonunda "B" ərazisi tamamilə Yuqoslaviyanın tərkibinə daxil
oldu. Orada indi Sloveniya sərhəddi yerləşir. Çox qəribə vəziyyət idi həqiqətən
də. Təsəvvür et ki, indi bizim aramızda da müəyyən məsafə var. Belə çıxır ki,
mən İtaliyada oturmuşam, sizin əyləşdiyiniz divan isə Yuqoslaviya ərazisidir.
- İtaliya mətbuatı sizi qatı katolik kimi təqdim
edir. Bu düzdür? Və sizdə kilsəyə olan sevgini kim yaradıb?
- Bəli, bu düzgün
məlumatdır. Mən radikal katolikəm. İmkan düşdükcə dini yerləri ziyarət etməyi
xoşlayıram. Ailəmdə hamı katolikdi. Bu mənim inancımdır. Bu sevgi daxilimdən
gəlir. Amma digər dinlərə və məzhəblərə də hörmətlə yanaşıram.
- Moskvadakı katolik məbədini ziyarət etmisiniz?
- Xeyr, Moskvadakı dini
yerləri ziyarət etmək üçün hələ vaxtım olmayıb. Amma həyat yoldaşım artıq orada
olub. Bu xanımım və bizim hamımız üçün böyük əhəmiyyət kəsb edir.
- Müqavilə imzaladıqdan sonra, bəyan etmişdiniz ki,
həyat yoldaşınız sizinlə birgə Moskvada yaşayacaq. Bu doğrudur?
- Əlbəttə. Buyurun, bu da
Laura. Pəncərədən biz əl edir (əli ilə həyat yoldaşını göstərir).
- Xanımınız Moskvanı bəyənir?
- Burada olmaq bizim hər
ikimiz üçün çox xoşdur. Çox gözəl mənzilimiz var. Yaşamaq üçün hər bir şərait
var. Metro da evimizə yaxındır. Laura da Moskvadan çox razıdır. Həyat yoldaşım
razıdırsa, deməli mən də heç nədən şikayətlənə bilmərəm.
- Metro?...
- Bəli, metro. Sonuncu
dəfə Laura dünən metroda qırmızı xətt üzrə hərəkət edib. Gedib, Kremlə və
Qırmızı meydana tamaş edib, qayıtdı. Moskvada hər şey əladır.
- Biz bilirik ki, oğlunuz Perfilippo sizin
menecerinizdir. Bəs, nəvələriniz necə, var?
- Stop-stop!
Mən özüm-özümün meneceriyəm. Oğlum isə mənim hüquqşünasımdır. Səhv salmayın.
- Oldu, bir daha səhv salmarıq.
- O ki qaldı nəvələrimə, Perfilipponun iki qızı
var. İkinci oğlumun isə eyni sayda oğlu var. Yəni 4 nəvəm var.
- Oğlanlarınız
futbolçu olmadılar. Bəs nəvələrinizin necə, yolunuzu davam etdirmələrini
istərdiniz?
- Hazırda
oğlan nəvələrimin 10 və 12 yaşları var. Sizin sualınıza birmənalı şəkildə cavab
vermək çətindi. Əgər onların həqiqətən də istedadları varsa və yüksəksəviyyəli
futbolçu olacaqlarsa, qoy, yolumu davam etdirsinlər. Yox, əgər orta səviyyədə
çıxış edəcəklərsə, futbolçu olmalarını istəmirəm. Çünki sıradan bir futbolçu
olmaq Kapello ailəsinə yaraşmaz.
- İnternet və
qəzetlərdə tez-tez gələcək həyat yoldaşınızla tanışlığınız yada salınır...
- Bəli, biz Laura ilə məktəb vaxtından tanışıq.
- Bildiyimə
görə, siz onunla avtobus dayanacağında tanış olmusunuz. Həmin avtobus hara
gedirdi?
- Məktəbə. Avtobus bizim kəndimizdən Farranın
mərkəzinə gedirdi. Biz dərsə avtobusla gedib-gəlirdik.
- Qismətə
inanırsınız?
- Mən fatalistəm. Həyatda hər şey mümkündü və insan
hər şeyi olduğu kimi qəbul etməlidi. Ləyaqətlə. Elə buna görə də mən təyyarədən
qorxmuram. Amma bu o demək deyil ki, insan lazım olmadığı yerdə risk etməlidir.
Tutalım ki, kimsə hündür yerdən özünü aşağı atsa, burda artıq qismətlik iş bir
yoxdur.
- Birgə
işlədiyiniz futbolçulardan ən yaxşısı kimdir?
- Bunu dəqiq bilmirəm. Xoşbəxtlikdən deyim, ya
təəssüflənim, siyahı çox genişdi. Hamısının adını çəksəm, xeyli vaxtımız gedər.
Ad yox, amma simvolik komanda qurmaq olar, özü də birdən çox. Üstəlik vaxtı ilə
birgə çıxış etdiyim futbolçuları da bura əlavə etsək, inanılmaz rəqabət olar.
- Məsələn.
- Qapıya kimi qoyaq - Zoff yoxsa Buffon? Müdafiədə
- Maldini yoxsa Barezi? Hücumda Van Bastenlə Qullit, yoxsa Raul və Van
Nisterloy? Və yaxud Runi ya Zeedorf? Bəs Del Pyero və Totti? Zeedorf, Cerrard,
Lempard. Bir sözlə əla oyunçularım çox olub, həddindən artıq çox. Onların da
hər biri özünə görə ən yaxşı idi. Kimisə fərqləndirməkdə məna görmürəm.
- Təəssüf ki,
bu siyahıda Kokorinin adını çəkmədiniz.
- O adını çəkdiklərimin səviyyəsinə çatmaq üçün çox
çalışmalıdı.
-Gəlin düzünü
danışaq. Hesab edirəm ki, ifaçıların səviyyəsini nəzərə alsaq, Rusiya millisi
bu günə qədər çalışdığınız ən zəif komandadır. Fikrimlə razısınız?
- O fikirlə razıyam ki, Rusiya millisi əvvəlki iş
yerlərimdən fərqlənir. Əsas fərq də ondan ibarətdir ki, Rusiya millisində
praktiki olaraq, ölkədən kənarda çıxış edən futbolçu yoxdur. Futbolçular əsasən
daxili birincilikdə forma geyirlər. Düzdür, İngiltərə millisində də vəziyyət
buna oxşar idi. Amma İngiltərə Premyer Liqasının səviyyəsi hər kəsə bəllidi.
İstənilən halda, hesab edirəm ki, ölkədən kənarda çıxış etmək təcrübəsi
futbolçunun xeyrinə olan amildir. Bu halda sən özün üçün yeni ideyalar kəşf
edirsən, daha da inkişaf edib püxtələşirsən. Rusiya millisinə gəldikdə isə,
düşünürəm ki, bizim əla gələcəyi olan möhtəşəm komandamız var.
- Azarkeşlər
tez-tez Fabio Kapellunun rəhbərlik etdiyi Rusiya millisini müdafiəyə meylli
oyuna görə tənqid edirlər…
- Bu, bizim komandamıza
qarşı olan ən böyük haqsızlıqdır. Çoxları bu yalnış fikri artıq beyinlərinə
yeridiblər və hər dəfə onu təkrar edirlər. Biz yalnız bir oyunda müdafiədən
oynamışıq, həmin matçda da rəqibimiz dünyanın ən yaxşı komandalarından biri
olan Portuqaliya millisi idi. Kriştianu Ronaldo və onun komanda yoldaşlarına
qarşı başqa cür oynamağımız qeyri-mümkün idi. Yəni ki biz bu addımı
məcburiyyətdən etmişdik. Qalan bütün oyunlarda isə Rusiya millisi ilk
dəqiqələrdən hücum edən tərəf olub.
- Bəs o zaman siz niyə katenaççoda ittiham
olunursunuz?
- Bunun səbəbi çox sadədir. Əgər hər hansısa
komandaya italiyalı məşqçi rəhbərlik edirsə və həmin komanda bir oyunda müdafiə
futbolu sərgiləsə, dərhal katenaçço yada düşür. Amma həmin taktika ilə meydana
çıxıb və uğur qazanan məşqçi italyan deyilsə, o zaman deyəcəklər ki, filan
məşqçi əla müdafiə xətti ilə sərfəli nəticə qazandı. Bu təkcə Rusiyada deyil,
dünyanın istənilən ölkəsində belədi. Götürək ABŞ-la oyunu. Bizim qol vurmaq
üçün xeyli şansımız oldu. Amma rəqib cəmi 3 dəfə qapımıza yaxınlaşdı və
bunlardan ikisi qol oldu. Bu halda hansı katenaççodan söhbət gedə bilər? Buna
baxmayaraq, qalib gəlməsək də, amerikalılarla oyun mənim xoşuma gəldi. Bu
oyunda mən Rusiya millisinin oyununda hərəkət və sürət gördüm. Ən əsası da biz
seçmə mərhələdə xeyli qol vurmuşuq. Öz qapımızda isə bir qol belə görməmişik.
- Fabio
Kapellonun rəhbərliyi altında Rusiya millisinin keçirdiyi ən yaxşı oyun
hansıdı?
- İsrailə qarşı.
- Bəs
Portuqaliya ilə matç?
- O ən yaxşı yox, ən çətin oyunumuz idi. Lakin biz
həmin matçda bir səhv belə buraxmadıq. Rəqibə qapımız qarşısında real qol
epizodu yaratmağa imkan vermədik. Halbuki özümüz bir neçə dəfə qol vurmağa
yaxın idik. Həmin matça görə tələbələrimə böyük təşəkkür düşür.
- Mətbuatda
haqqınızda yazılanlara diqqət yetirirsiniz? Xələfləriniz - Qus Hiddink və Dik
Advokata KİV-də yer alan fikirlər təsir göstərirdi.
- İş
ondadır ki, mən rusca nə danışa, nə də oxuya bilirəm. Məni başa düşün, cənab
jurnalistlər, mən sizin işinizə, ideyalarınıza hörmətlə yanaşıram. Amma öz
məşqçilər korpusuma, həmfikirlərimə inanmağa öyrəşmişəm.
- Yunanıstan
2004-cü ildə çempion olanda komandanın oyun tərzini bəyəndiniz?
- Həmin
turniri çox diqqətlə izləmişdim. Bir çox oyunlara canlı olaraq stadiondan
tamaşa etdim. Maşınla şəhərləri bir-bir gəzirdim. Yunanlar əla komanda
yığmışdılar və Rehagel bütün futbolçuları ümumi ideya ətrafında birləşdirə
bildi. Hər şey istədikləri kimi getdi və yekunda nəticə qazanmağa nail oldular.
- Siz
yunanlar kimi oynayıb, Avropa çempionu olmaqla razılaşardınız?
- Əlbəttə, mən bununla ikiəlli razıyam. Əgər,
söhbət bu cür güclü və nüfuzlu turnirdən gedirsə, hansı yolla qalib olmağın
önəmi yoxdu. Qitə çempionu olmaq üçün bütün variantlar yaxşıdır. Mən hətta
play-offdakı bütün oyunları penaltilərlə qazanmağa da razıyam. Yetər ki, sonda
istəyinə çatasan. Mən bundan çox məmnun olardım.
- Sizinlə
söhbət zamanı məndə belə bir təəssürat yaranır ki, siz yetərincə səmimi və
düzgün insansınız. Ümumiyyətlə, razısınız ki, düzgünlük insanda ən vacib xüsusiyyətdir?
- Razıyam, ən vacib olanlardan biridir. Yalançıları
görən gözüm yoxdur. Eyni zamanda insanlara hörmət etməyə qiymət verirəm. İnsan
hansısa nüfuzlu olmayan, aşağı məvacib qarşısında bir iş görürsə, buna hörmətlə
yanaşmaq lazımdı. Axı onun yerində hər birimizin qardaşı, atası, bacısı ola
bilər. Düzgünlük və insanlara qarşı hörmət - bunu mənə atam öyrədib. Mən də
eyni fikirləri öz uşaqlarıma aşılamışam. Yəqin ki, onlar da bunu nəvələrimə
öyrədəcəklər.
- Onda xahiş
edirəm, səmimi deyin, geridə qalan aylar ərzində Rusiya millisinin təklifini
qəbul etdiyinizə görə peşman olmamısınız ki?
- Mənim
çətin işdən qorxum yoxdur və heç zaman da olmayıb. İstər milli, istərsə də klub
səviyyəsində kifayət qədər təklif almışdım. Rusiya millisini isə ona görə
seçdim ki, bu mənim üçün yeni bir çağırış idi. Bir daha təkrar edirəm,
özüm-özümün meneceriyəm. Heç vaxt qəzetlərə demirəm ki, hansısa komandanın mənimlə
maraqlanması haqda informasiya yazsınlar. Təklif alarkən həmin insanla birbaşa
özüm danışıram və bunu mətbuata şərh etmirəm. Oğlum isə işin yalnız hüquqi
tərəfi ilə məşğul olur. Qalan hər şeyi isə özüm həll edirəm və heç vaxt
seçimimə görə peşmançılıq hissi keçirmirəm. Ötən yay seçimim Rusiya oldu və
qərarımdan peşman deyiləm.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |