“Vaqif Sadıxovu Azərbaycanın ən güclü iki məşqçisindən biri hesab edirəm” Müsahibə
“Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı Samir Əliyevdi. Azərbaycan futbolunun müstəqillik dövründə yetişdirdiyi az-çox istedadlardan biri olan Samir həm də uğurlu legioner həyatı yaşayan futbolçulardan biridi.
Samir Əliyev 1979-cu il
aprelin 14-də Ermənistanın Kalinin rayonunda anadan olub. 1988-ci ildə məlum
hadisələr üzündən ailəsi ilə birgə Bakıya gələn Samir 143 sayl orta məktəbdə
təhsil alıb. Futbolçu karyerasına 1995-ci ildə 1-ci dəstədə çıxış edən
“Naxçıvan” komandasında başlayıb. Sonradan müxtəlif vaxtlarda U-18, MOİK,
“Neftçi”, “Volın” (Ukrayna), “Uralan” (Rusiya), “Xəzər Lənkəran”, “İnter”,
“Simurq” komandalarında çıxış edib. Son komandası isə “Turan” olub. Azərbaycan
çempionu adını qazana bilməsə də, dəfələrlə çempionatımızın gümüş medallarına
layiq görülüb. 2002-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
Azərbaycan yığma komandasında 31 oyun keçirib, 2 dəfə fərqlənib. Ailəlidi, 2
oğlu var. Hazırda “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçisidi.
***
Çalışıram ki, mətbuatdan uzaq durum. Fikrimcə, kiməsə müsahibə
verəndə, gərək həmin müxbirlə üz-üzə oturub söhbət edəsən. Telefonla müsahibə
götürmək qeyri-peşəkarlıqdı. Bir məsələ hada fikir söyləyirsən, səhəri gün
baxırsan ki, başqa cür yazıblar. Dəfələrlə fikirlərim təhrif olunmuş halda
mətbuatda yer alıb. Bu da müəyyən problemlər yaradır. Nə qədər az görünsəm, bir
o qədər başım dinc olar. Başımı aşağı salıb öz işimlə məşğulam.
***
Bu yaxınlarda komandada dəyişiklik oldu, yeni baş məşqçi gəldi.
Komandanın qarşısına konkret məqsədlər qoyulub. Çalışırıq ki, gənc, səviyyəli
futbolçular yetişdirib əsas komandaya verək. Özümə gəldikdə isə, hələ
öyrənməklə məşğulam. Artıq bir ildir ki, məşqçilik edirəm. Əvəzedicilərin
keçmiş məşqçisi Elşad Əhmədovdan, indiki baş məşqçi Asim İbrahimovdan çox
şeylər götürmüşəm. Bəziləri düşünə bilərlər ki, yaxşı futbolçu oldunsa, deməli
yaxşı da məşqçi olacaqsan. Amma belə deyil. Futbolçu olmağa nə var ki, meydana
çıxırsan, məşqçinin verdiyi hazır tapşırıqları yerinə yetirirsən. Məşqçilik isə
elə deyil. Hər oyuna, hər vəziyyətə, hər futbolçuya görə məşq proqramı tərtib
etməlisən. Elə uşaqlar var ki, onların 16-17 yaşı var. Yükləmələr olar ki,
həmin uşaqlar dözə bilməzlər. Qısası, məşqçi olmaq düşünüldüyündən də qat-qat
çətin peşədi.
Hələ futbolçu olarkən, karyeramı bitirdikdən sonra özüm üçün futbol
sahəsində çalışacağımı dəqiqləşdirmişdim. Futbolçu həyatına başlayanda hər bir
insanın arzusu, istəyi olur. Məşqçiliyə də elə arzu, istəklərlə gəlmişəm. Yaxşı
məşqçi olmaq üçün daim çalışmalı, nəsə öyrənməlisən. Bir də bir az bəxtin olsa,
da pis olmaz.
***
Hər bir insanın idealı olduğu kimi, mənim də ideallarım var.
Maurinyonu və Haynkesi dahi məşqçilər hesab edirəm. Amma təəssüf ki, bizim
onlara çatmağımız mümkün deyil. Yaxın 20-30 ildə Azərbaycandan Avropa, Dünya
səviyyəli məşqçinin çıxması mümkün deyil. Bunun da bir çox səbəbləri var. Ən
əsası, mentalitetdi. Bizim işimiz onlardan nəsə öyrənmək ola bilər. Azərbaycan
səviyyəsində yaxşı məşqçi ola bilərsən. İndi də belə məşqçilərimiz az deyil.
Rusiyada, Ukraynada, Türkiyədə işləyə bilərlər. Amma Avropada çətin. Türklərə
baxsaq, bizdən xeyli irəli gediblər, amma indiyə kimi Dünya səviyyəsində cəmi
bir məşqçi yetişdirə biliblər. Onun da karyerasına baxsaq, ən yaxşı halda yarım
il “Milan”da işləyib. Fatih Terimi nəzərdə tuturam. Vəssalam.
***
1988-ci ildən başlayaraq əmim məni “Neftçi”nin oyunlarına aparırdı.
“Neftçi” o vaxtlar SSRİ çempionatında çıxış edirdi, heyətində Maşallah Əhmədov,
Yunis Hüseynov, Vidadi Rzayev kimi ad-san çıxarmış futbolçular oynayırdı. Onlar
kimi futbolçu olmaq, “Neftçi”də oynamaq uşaqlıq arzum idi. Daha indiki gənclər
kimi fikirləşmirdik ki, maşınım, evim, pulum olsun.
Futbola gəlişim 1992-ci ilə təsadüf edir. İlk məşqçim rəhmətlik
Hüseyn İsmayılov olub. 1995-ci ildə Hüseyn müəllimin yaratdığı “Naxçıvan”
komandası 1-ci dəstədə mübarizə aparırdı. 15-16 yaşlı uşaqlardan təşkil
olunmuşdu, cəmi 2-3 nəfərin 18 yaşı vardı. Yaşlı futbolçulara qarşı oynamaq
böyük təcrübə idi. Bu amil bir futbolçu kimi yetişməyimdə böyük təkan oldu. İki
il sonra Vaqif Sadıxov məni U-18-ə dəvət elədi. Peşəkar futbolçu kimi ortaya
çıxmağımda 3 şəxsə borcluyam – Hüseyn müəllimə, Vaqif Sadıxova və 20 yaşında
məni “Neftçi”yə dəvət eləyən Əhməd Ələsgərova. Amma karyeramı bitirməyimin
səbəbkarı da Vaqif Sadıxov idi. Bunu özünə də demişəm. Vaqif müəllim “Neftçi”də
işləyərkən, zədəmi yenicə sağaltmışdım. Bir ara yaxşı da forma yığmışdım. Amma
oynamağa imkan vermədi. İstər-istəməz həvəsdən düşdüm. Fikirləşirdim, necə ola
bilərdi ki, sevimli futbolçusuna oynamağa şans vermir? Aliutalara, Nyaqalara,
Quqlemonlara güvəndi. Yadımdadı, “İnter”lə oyunda məni sonradan meydana
buraxdı, qələbə qolunu vurdum. Amma yenə də ehtiyatda saxladı. Səbəbini
soruşanda “bəxtin gətirdi” dedi. Başa düşürəm, hər bir məşqçi nəticə qazanmaq
istəyir, ola bilərdi ki, mənə güvənmirdi. Amma mən də uşaq deyildim ki, heç
olmasa, 2-3 oyun ardıcıl şans versəydi, başqa cür olardı. Bütün bunlara
baxmayaraq, Vaqif Sadıxovu Azərbaycanın ən güclü 2 məşqçisindən biri hesab
edirəm. İndi də yaxşı münasibətlərimiz var.
Bir arzuya çatdıqca, yenisi yaranır, arzular tükənmir. Şükür Allaha
futbola bağlı arzularımın hamısına çatmışam. Amma fikrimcə, o vaxt mənə yol
göstərən olmadı. Olsaydı, daha da irəli gedə, daha yaxşı komandalarda çıxış edə
bilərdim.
***
Yüksək dəstələ ilk oyunum 1996-cı ildə Vaqif Sadıxovun rəhbərlik
etdiyi U-18-in heyətində olub. Daha sonra 1997-99-cu illərdə hərbi xidmətlə
əlaqədar MOİK-də çıxış etmişəm. Bayaq da dediyim kimi, 2000-ci ildə Əhməd
müəllim məni “Neftçi”yə çağırdı. 2 il sonra Azərbaycanda futbol dayandı. Həmin
vaxt “Neftçi”də oynayan ukraynalı legioner Roman Zub mənə, Kamal Quliyevə və
Fərrux İsmayılova Ukraynada rahat oynaya biləcəyimizi və ondan xəbər
gözləməyimizi demişdi. Milli ilə Estoniya və Latviyaya getmişdik. Roman zəng
elədi ki, Ukraynanın yüksək dəstəsinə yenicə vəsiqə qazanmış komanda var –
“Volın”ı nəzərdə tuturam. Lutsklulıran baş məşqçisi Vitali Kvartsyanı bizim
oyunumuzu Bolqarıstanda olarkən görmüşdü və xoşuna gəlmişdik. Beləcə mən və
Kamal Ukraynaya yollandıq. Fərruxa isə Tolyatti “Lada”sından təklif var idi,
bizimlə getmədi. “Volın”ın heyətində cəmi 1 gün ərzində – 2 ikitərəfili oyundan
sonra müqavilə bağladıq. Bir nüansı qeyd edim – o vaxt AFFA-nın prezidenti Fuad
Musayev idi. “Volın”dan onunla əlaqə saxladılar ki, bizə görə nə qədər pul
istəyir? Fuad müəllim istəsəydi, onlardan hər birimizə görə azı 50 min ala
bilərdi. Sağ olsun, heç nə istəmədi. Kvartsyanıya elə bil dünyanı bağışlamışdılar,
o qədər sevinirdi ki. Bizə Azərbaycanla müqayisədə yaxşı pul verdilər. Ukrayna
səviyyəsinə görə isə, həmin pul qəpik-quruş idi. “Volın” elə də imkanlı klub
deyildi. Məqsədimiz pul qazanmaq yox, futbolsuz qalmamaq, Ukrayna kimi bir
yerdə çıxış etmək idi. İlk günlər çətinliyimiz oldu. Komandaya təzə
qoşulmuşduq, hazırlığımız istənilən səviyyədə deyildi. Buna baxmayaraq, hər
ikimiz əsas heyətdə yer aldıq. “Volın”da debütüm əla oldu. “Metallist”lə oyunda
qol vurdum, 2:0 qələbə qazandıq. “Volın”da 5 hücumçu var idi. Əsas heyətdə
Saçko daim yer alırdı. Qalan 4 nəfər arasında isə rəqabət gedirdi. Bir balaca
büdrədin, heyətdən kənar qalacaqdın. Bu gün “Metallist”ə qol vurdunsa, o demək
deyildi ki, sabah əsas heyətdə yenə də yer alacaqsan. Gərək məşqlərdə də özünü
yaxşı tərəfdən göstərərdin. Əsas heyətdə yer almırdınsa, mükafatdan da
olurdun.
***
Ukraynada ən yaddaqalan məqamlardan biri “Şaxtyor”la bağlıdı.
Birinciliyin başa çatmasına 4 tur qalırdı. Donetsklilər “Dinamo”dan 2 xal
irəlidə idilər. Hər ikisinin zəif rəqiblərlə görüşü qaldığından, hamı
“Şaxtyor”un çempion olacağını gözləyirdi. Elə oldu ki, Donetskdə “Şaxtyor”u 3:1
məğlub etdik. İki qolu mən vurmuşdum, həm də oyunun ən yaxşı oyunçusu
seçilmişdim. Bizə məğlubiyyət “Şaxtyor”u çempionluqdan etdi. “Dinamo” qalan
oyunların hamısında qalib gələrək, 1 xal fərqilə 1-ci oldu. Növbəti il də
Donetskdə qol vurdum. Amma bu dəfə məğlub olduq – 1:3. Onların qapıçısı
Pletikoza idi. 6-7 oyun idi ki, qol buraxmırdı.
***
“Volın”da ilyarım çıxış
elədim. Bir ilin tamamında bizə bir neçə samballı klublardan təklif var idi.
Məsələn, Zaporojyenin “Metallurq” komandası. Onların prezidenti azərbaycanlı
idi, həm də çox imkanlı birisiydi. İstəyirdi ki, komandasında azərbaycanlı
futbolçular oynasın. Bizim “Metallurq”la oyunumuza gəlib, şəxsən məni
izləmişdi. Amma “Volın”ın rəhbərliyi imkan vermədi. Bundan başqa, Kiyevin
“Arsenal” klubundan da həm mənə, həm də Kamala dəvət vardı. “Arsenal”ın baş
məşqçisi bir vaxtlar Moskva “Spartak”ında Romantsevlə birgə işləmiş Qroznı idi.
Keçid demək olar ki, baş tutmuşdu, yenə də “Volın” imkan vermədi. Bundan başqa,
2002-ci ilin yanvarında “Şəfa”nın heyətində Birlik Kuboku yarışlarında
“Şaxtyor”u məğlub etmişdik. Üstündən təxminən bir il sonra millinin toplanışına
qatılanda Fuad Musayev mənə dedi ki, Birlik Kubokunda “Dinamo”nun məşqçisi
Surkis səninlə maraqlanıb, oyununu izləyirlər. Üzərində bir qədər də işlə,
“Dinamo” səni istəyir. Bütün bunlara rəğmən, “Uralan”ı seçdim. 1-ci dəstəyə
yenicə vəsiqə qazanmışdı, böyük hədəfləri olan komanda idi. Həm də yaxşı pul
verirdilər. Pula görə yox, perspektiv baxımından ora getdim. Əlbəttə,
Ukraynanın yüksək dəstəsindən Rusiyanın 1-ci dəstəsində keçid geriyə atılmış
addım idi. Düzü, menecerim “başımı yedi”. Mənə söz vermişdi ki, cəmi 6 ay oyna,
səni Rusiyanın güclülər dəstəsində çıxış edən komandalar izləyirlər, həm də
yaxşı əlaqələri var, onlardan birinə aparacaq. Klubun prezidenti İlumjinov idi
və yaxşı imkanları vardı. Təəssüf ki, cəmi 5 aydan sonra komanda dağıldı.
“Volın”da oynayarkən, Ukraynanın “bərkgedən” komandalarına qol vurmuşdum.
Deməli, diqqəti cəlb edə bilmişdim.
***
“Uralan” dağıldıqdan sonra
Azərbaycana qayıtmışdım. Nazim Süleymanov mənimlə əlaqə saxladı ki, Avropa
səviyyəli yeni super komanda yaradılır.
Azərbaycanda oynamaq istəmirdim. Düzü, Ukraynada, Rusiyada oynayarkən
çox darıxırdım. Həm də Nazim müəllimlə belə söhbətimiz olmuşdu ki, 1 illik
müqavilə imzalayıram, amma 6 aydan sonra yenidən xaricə gedəcəm. Sonradan
Mübariz Mənsimovla tanış oldum. Gördüm ki, həqiqətən gözəl insandı, futbolla
bağlı böyük hədəfləri var. Doğrudan da səviyyəli komanda qurmaq istəyir. Rasim
Karanı, Oqtay Dərəlioğlunu gətirdilər. Elə oldu ki, Azərbaycanda qalası oldum.
O vaxt söz-söhbət yaranmışdı ki, Samir pula görə “Xəzər Lənkəran”a keçib. Əslində,
lənkəranlıların mənə verdiyi puldan bir neçə dəfə artığını legioner həyatı
yaşamaqla qazana bilərdim. “Uralan”la bağladığım müqavilə evdədi. Kim istəyir
göstərə bilərəm. “Metallurq”dan təklif var idi, “Xəzər Lənkəran”ın verdiyi
pulun iki qatını verirdilər. “Tom” variantı da var idi. Uzaq olduğuna görə
imtina elədim. Ömrümü təyyarələrdə keçirmək istəmirdim. Və ya “Terek”in adını
çəkə bilərəm. O vaxt Qroznıda stadion yox idi, vəziyyət yaxşı deyildi. Birbaşa
müqavilə təklif edirdilər. Ruslan Adjincal getdi, mənsə yox. Ruslan indiyə kimi
futbol oynayır. Nə isə...
***
“Xəzər Lənkıran”da ilk mövsüm
hər şey yaxşı idi. 8 aylıq komanda çempionluğu “qızıl oyun”da əldən verdi. Onda
“Neftçi”də çox güclü futbolçuları vardı – Vidadi Rzayev, Emin Quliyev, Qurban
Qurbanov, Rəşad Sadıxov, Mahmüd Qurbanov. Sonradan heyətə yeni futbolçular cəlb
olundu. Amma haqqımda gəzən söz-söhbətlər məni bezdirmişdi. Təsəvvür eləki,
sıradan hansısa biri gəlib məndən “Xəzər Lənkəran”a keçməsində kömək eləməyimi
istəyirdi. Güya komandaya futbolçuları mən gətirirəm, komandanı mən qururam.
Səmimi sözümdü, Lənkəran klubuna bir futbolçu belə aparmamışdım. Doğrudur,
Rasim Kara ilə komanda haqda söhbətlərimiz olurdu. Məndən gənc futbolçularla
bağlı fikrimi soruşurdu. Kamal Quliyevin komandaya gəlişini təklif etmişəm,
amma son qərar Rasim Karanın olub. Həm də Kamal o vaxt millinin oyunçusu idi.
Bir dəfə də Kara gənc futbolçular barədə Arif Əsədovun və mənim fikrimi
soruşub.
Bir neçəsinin adını çəkmişik.
“Xəzər Lənkəran” əvvəlki oyununu oynaya bilmirdi. Yadınızdadısa, o vaxt Mübariz
Mənsimov müsahibə verərək, komandanı ləğv edəcəyini, stadionu isə fermaya
çevirəcəyini demişdi. Mübariz müəllim, futbolu sevən bir insandı. O qədər
əziyyətin qarşılığında komandanın bərbad çıxışını qəbul edə bilmirdi.
Yadımdadı, hər dəfə Lənkərana gələndə görüşümüz olurdu, komanda haqda söhbətlər
edirdik. Bir sözlə, vəziyyət ürəkaçan deyildi və getmək qərarına gəldim.
***
Qurban Qurbanovun vaxtında “Neftçi”də oynayanda Xarkov
“Metallist”indən təklif vardı. Menecerim Andrey Bileyçuk zəng elədi ki,
Ukraynada oynadığım vaxt “Karpatı”da işləyən Miron Markeviçin yadında qalmışam.
Səni komandasında görmək istyir. 28 yaşım vardı. “Metallist” Avropa səviyyəli
komanda yaradırdı. Çempionat başa çatdıqdan sonra Xarkova gedib onların
təlim-məşq toplanışına qatılmalı idim. Amma bəxtim gətirmədi. Sentyabrda
dizimdən ağır zədə aldım. Futbolda ən arzuolunmaz iki zədədən biridi. Vaxtilə
“yekədiş” Ronaldo da bu zədə ucbatından futbolla vidalaşıb. 7 ay futboldan uzaq
düşdüm. Həkimlərin və öz səhlənkarlığıma görə tam sağala bilmədim. 3-4 oyundan
bir sıradan çıxırdım. Futbolla demək olar ki, həmin zədədən sonra qurtardım.
Formada olduğum vaxtlarda o qədər təklif var idi ki. Hərə bir yerə dartırdı.
Beynim dumanlanmışdı. Daha da irəli gedə bilərdim. Bəxtsizlikmi deyim, ağlımın
uğbatındanmı deyim, güclü klublarda oynamaq şansını qaçırdım.
***
Əsgər Abdullayevlə həmişə yaxşı münasibətlərim olub. “Turan”a gedəndə
məni Tovuza yanına çığırdı. Futboldan getmək qərarına gəlmişdim. Dedi ki, hələ
bir neçə il də oynaya bilərsən, həm də mənə kömək lazımdı. “Turan”da cəmi 2
oyunda meydana çıxdım. Elə həmin oyunlarla da karyerama son verdim. Arada
qulağıma söz-söhbətlər çatmışdı ki, “Turan”a məni Ramin Musayev göndərib. Əgər
elə olsaydı, onda başqa iddialı klublara göndərərdi, Tovuza yox. Nəinki Ramin
müəllimlə, ümumiyyətlə hamı ilə yaxşı münasibətlərdə olmağa çalışmışam. İndiyə
kimi rəhbərliyi altında çıxış elədiyim heç bir baş məşqçi ilə konfliktim
olmayıb. Bu, mənim xasiyyətimdən irəli gəlir.
***
“Xəzər Lənkəran”da oynadığım
vaxt “Neftçi” ilə oyuna 20 min azarkeş gəlirdi. Yəni, çempionata azarkeş marağı
var idi. İndi isə, tibunalarda 5-10 nəfər adam yığışır. Son illər klublarımızın
inkişafı göz önündədi. “Qarabağ”ın, “Neftçi”nin Avrokuboklardakı çıxışı buna
sübutdu. Çempionatın səviyyəsi də artıb. Amma legionerlərin hesabına. Əsas
heyətdə 8 futbolçu əcnəbidisə, kimi günahlandırmaq lazımdı? Əlbəttə, bu haqda
qərar verənləri. Fikrimcə, legioner limiti azalmayınca, futbolumuzun
inkişafından danışmağa dəyməz. Bu həm də millinin oyununa təsir edir. Milliyə
gərək 50-60 futbolçu namizəd ola ki, aralarında seçim imkanı olsun. Bizdə isə
Premyer Liqa klublarında bu qədər azərbaycanlı ola ya olmaya. Klublarımız
legionerlərə pul verirlər deyə, onları oynatmaq istəyirlər. Gənc, perspektivli
futbolçularımız qalır kənarda. Maksimum 5-6 legionerdən istifadə etmək daha
yaxşı olardı. O da səviyyəli. Bizim dövrdə legionerlər az idi. Çox olsaydı,
bəlkə biz də itib-batardıq. Milliyə düşmək üçün rəqabət vacibdi. Belə də, hansı
rəqabətdən söhbət gedə bilər? Bu azmış kimi, yığmanın heyətini də korlayırlar.
Levinlərin, Çertoqanovların yerinə özümüzünkülər oynasalar pis olar? Onsuz da
uduzuruq. Guya mən deməklə nəsə düzələcək? Millinin bu günə düşməsində həm
AFFA-nın, həm də Foqtsun günahı böyükdü. Foqts bizi aldatmaqla məşğuldu. Guya
ki, 2016-cı ildə Avropa Çempionatının final mərhələsində oynayacağıq.
Gülməlidi. Foqtsu ancaq pul maraqlandırır. Yığmanı mütləq yerli baş məşqçi
çalışdırmalıdı. O qədər mütəxəssilərimiz var ki.
***
1997-ci ildə İngiltərədə turnir təşkil olunmuşdu. Azərbaycanı təmsil
edin U-18 yığması orada çıxış edirdi və komanda turnirin qalibi, mənsə 14 qolla
bombardir oldum. Baş məşqçimiz Əsgər Abdullayev idi. Həmin turnirdən sonra
milliyə yenicə baş məşqçi təyin olunmuş Vaqif müəllimdən dəvət aldım. Latviya
ilə səfərdə yoldaşlıq oyununa getmişdik. O vaxtlar latışların çox yaxşı
komandası vardı, güclü heyətə malik idilər. Oyunun ikinci hissəsin 58-ci
dəqiqəsində Vaqif müəllim məni meydana buraxdı. Cəmi 18 yaşım var idi. Həmin
vaxt millidə uşaqlıq kumirlərim Aleksandr Jidkov, Rasim Abuşov, Vidadi Rzayev,
Nazim Süleymanov oynayırdı. Nazim müəllimlə çiyin-çiyinə hücumda oynamağın özü
nəyə desən dəyərdi. Şükür ki, bu, mənə qismət olub.
Hücumçu olmağıma baxmayaraq, millidə az qol vurmuşam. Belə baxanda
milli nə qədər qol vurub ki? Səbəb isə komandada Qurban Qurbanovun olması idi.
Komanda adətən bir taran tipli hücumçu ilə oynayırdı.Mən daha çox cinah
yarımmüdafiəçisi mövqeyində çıxış edirdim. Bütün oyunumuz onun üzərində
qurulurdu, məqsədimiz Qurbanovu topla təmin etmək idi. Əsasən yoldaşlıq
oyunlarında fərqlənmişəm. Serbiyada serblərin qapısına vurulan birinci top heç
yadımdan çıxmaz.
***
Klublarımızın Avroliqadakı oyunlarını izlədim. Hər 3 komandamız
mərhələ keçməyə qadirdilər. Buna yetərincə gücləri çatar. Təəssüf ki, təkcə
“Qarabağ” qalib gəldi. Amma inanıram ki, bütün klublarımız mərhələ adlayacaq. O
ki qaldı “Neftçi”yə, digər klublarımız kimi komandama da uğurlar arzulayıram.
Ən azından ötənilki çıxışlarını təkrarlayacaqlarına inanıram.
***
Həyatımda çox olub ki, bəzi insanlar məndən istifadə ediblər.
“Uralan”da oynayarkən, Karlos Alberto Torres millinin baş məşqçisi idi və məni
yoldaşlıq oyununa çığarmışdı. Həmin ərəfədə “Uralan”da güclü rəqabət var idi.
Millinin düşərgəsinə gəlmək mənə əsas heyətdə yerimi itirmək bahasına başa gələ
bilərdi. Həm də baş məşqçi Slutski narazılıq edirdi ki, yoldaşlıq oyununa
getməyin nə mənası var, komandaya kömək lazımdı. Millinin düşərgəsində olduğum
1 həftədə 2 rəsmi oyunu buraxmalı
olurdum. Fuad Musayev artıq AFFA prezidenti deyildi. Rəhmətlik Ramiz Mirzəyin
dövründə federasiyadakılara vəziyyəti başa saldım. Adını çəkmək istəmədiyim
bəziləri mənə dedilər ki, narahat olma, oyuna gəlmə, arxanda dayanmışıq, Ərizə
yazdırdılar ki, millidən imtina elə, hər şey yaxşı olacaq. Məndən öz məqsədləri
üçün istifadə edirdilər. Bunu sonradan başa düşdüm. Millidən imtinam geniş
rezonans doğurmuşdu. Mətbuat məni asıb-kəsirdi ki, pula görə millini saymıram.
Əslində isə, vəziyyət tam fərqli idi. Məni tanıyanlar bilirlər ki, necə
insanam. Pul həyatda mənim üçün milli hislərdən üstün ola bilməz.
***
Futbolda dost anlayışı yoxdu. Dostun ancaq futbol və özünsən.
Futbolçu həyatımda hamı ilə yaxşı münasibətdə olmağa çalışmışam. Yeganə olaraq,
mənə ən yaxın adam Kamal Quliyev olub. 1999-2002-ci ildə “Neftçi”də bir yerdə
çıxış etmişik. Hətta otaq yoldaşı idik. Dostluğumuz da elə oradan başlayıb.
Qismət elə gətirdi ki, “Volın”da, “Xəzər Lənkəran”da da bir yerdə olduq.
Sonradan bir-birimizdən ayrı düşdük. Kamal ürəyindəki problem üzündən bir
müddət futbolsuz qaldı. Yenə də əvvəlki kimi isti münasibətlərimiz var. Yenə də qismət – bir
klubda işləyirik.
***
İki oğlum var. Futbola həvəsləri böyükdü. Futbolçu olmaq üçün istedad
lazımdı. Gələcəkdə görsəm ki, onlardan nəsə çıxa bilər, dəstək olacam. Futbol
mənim həyatımdı, qanımdadı. Övladlarımın da futbolçu olmasını çox istərdim,
amma qismət Allahındı.
Söhbətləşdi:İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |