Georgi Nikolov: “Valideyn övladını öldürməz” Müsahibə
Azərbaycan Premyer Liqasının ilk 5 turundan sonra şəxsən məni ən çox təəccübləndirən klub “İnter” oldu. Daim medalçılar sırasına düşən “bankirlər”, cari mövsümdə rüsvayçı start götürüblər: 1 qələbə və 4 məğlubiyyət. Bu, klubun tarixində ən pis nəticədir. Bəs nəyə görə belə oldu? Kimin gözü dəydi? Kimin ahı tutdu? Yalnışlığı kim buraxıb? Milli komandanın DÇ-2014-ün seçmə oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədə, “İnter”in prezidenti Georgi Nikolovla görüşməyə zərurət yarandı.
- Ötən mövsüm başa
çatdıqda, komandanız bürünc medala sahib çıxdı. Yəni narahatçılığa heç bir əsas
yox idi. Lakin bu il “İnter” özünə bənzəmir. Nə baş verdi ki, komandanız
ardıcıl məğlubiyyətlərini sıralayır?
- Hesab edirəm ki, hazırlğa vaxtında start verdik. Əvvəlcə Türkiyədə,
ardınca isə Avstriyada keyfiyyətli təlim-məşq toplanışı keçdik. Zənnimcə,
hazırlıq prosesinin prioritet hissələrindən olan seleksiya işlərində büdrəmələr
baş verdi. Bəyəndiyimiz futbolçuları komandamıza cəlb edə bilmədik. Səbəblər
müxtəlif idi: kimi Azərbaycanda oynamaq istəmirdi, kimisi maliyyə şərtlərimizlə
razılaşmırdı, elələri də oldu ki, hələ dincəlmək istədiklərini dilə gətirdilər
ki, bu da bizim planlarımızla üst-stə düşmürdü. Belədə, biz 2-ci eşalondakı
namizədlərlə danışıqlara başlamaq məcburiyyətində qaldıq.
Mən demirəm ki, yeni cəlb etdiyimiz uşaqlar pis və ya zəif
futbolçulardı. Sadəcə, demək istədiyim budur ki, məşqçi heyətinin bizdən tələb
etdiyi bütün futbolçuları rənglərimizə qata bilmədik.
- Beləliklə mövsümə start
verildi və “İnter” avrokuboklarla başladı...
- “Marienhamn”la ilk oyunda biz infarkt həddinə çatmışdıq. Əlbəttə,
Bakıda qeydə alınan bərabərlik bizləri razı sala bilməzdi. Avrokubokların
debütantı ilə oyunda evdə qələbə qazana bilməsək də, səfərdə rəqibdən güclü
olduğumuzu sübuta yetirməyi bacardıq. Etiraf edim ki, 2-ci seçmə mərhələdən də
üzüağ çıxmağı planlaşdırırdıq. Çünki rəqibi incələmişdik və “Tromse”dən güclü
olduğumuz qənaətində idik. Zənnimcə, Norveç təmsilçisinə iki oyunun nəticəsinə
görə məğlub olmağımız, komandanı sındırdı. Həmin psixoloji enişin nəticəsidir
ki, hələ də özümüzə gələ bilməmişik.
- Qeyd etdiniz ki,
istədiyiniz transferləri həyata keçirə bilmədiniz. Bundan sonra mümkün
uğursuzluğu gözləyirdinizmi?
- Ümid edirdik ki, cəlb etdiyimiz futbolçularla qarşıya qoyulan
məqsədlərimizə çata biləcəyik. Hərçənd şəxsən özümdə bir qədər şübhələr var
idi. Mən yeni uşaqların peşəkar keyfiyyətlərinə şübhə etmirəm. Sədəcə, heç cür
bu mühitə uyğunlaşa bilmirlər.
- Son olaraq paraqvaylı
futbolçuları heyətinizə qatdınız. Hesab edirsiniz ki, qardaşlar komandanızı bu
enişdən çıxarmaq iqtidarındadı?
- Ümid edirəm ki, onlar bizə kömək edə biləcəklər. Necə deyərlər,
“çıxmayan cana ümid çoxdu”. Bu uşaqların karyerasına nəzər saldıqda, görürük
ki, kifayət qədər təcrübəyə malikdirlər. Hər halda İtaliyanın “B” Seriyasında
oynamış futbolçular həm fiziki, həm taktiki, həm də texniki baxımdan zəif ola
bilməzlər. Düşünürəm ki, onların gəlişi komandamızın düşdüyü quyudan çıxmasında
böyük rol oynayacaq.
- “Xəzər Lənkəran”ın fəxri
prezidenti Mübariz Mənsimov klubun illik büdcəsini səsləndirib. Himayəsində
olan komandaya illik 20 milyon ayıran Mənsimovu futbolçular hazırda sonuncu
pilləylə “salamlayır”. Siz necə, turnir cədvəlindəki mövqeyinə görə
cənublulardan çox fərqlənməyən klubunuzun bücəsini səsləndirə bilərsiniz?
- Klubun büdcəsini səsləndirə bilmərəm. Məsələ burasındadır ki,
klubumuzun Təsisçilər Şurası var və büdcənin açıqlanması barədə yalnız onlar
qərar qəbul edə bilərlər. Ancaq onu deyə bilərəm ki, 20 milyon kifayət qədər
yüksək məbləğdi və biz belə büdcəni heç ən şirin yuxumuzda görə bilmərik.
- Hər halda Premyer Liqada
hansı klubun hansı büdcəyə malik olmasından xəbəriniz var...
- (Sözümü yarımçıq kəsərək) Bizi ən kasıb kateqoriyaya aid etmək
haqsızlıq olar. Acından ölmürük, rəhbərlik imkan daxilində, əlindən gələni
edir. Məsələn, bu il üçün təsisçilərin qərarına əsasən maaş fondu təqribən 20%
artırılıb.
- Maraqlıdı, maaşlar 20%
artır, komanda isə artımaqədərki nəticələri 80% pisləşdirir...
- (Ürəkdən gülür) Bu, bir daha sübut edir ki, pul hər şeyi həll
etmir.
- Yerli medianın “İnter”ə
ögey münasibət bəslədiyini hiss etməmiş olmazsınız...
- Elə hiss edirəm, elə hiss edirəm! Son zamanlar “İnter” barədə
saysız-hesabsız mənfi xarakterli yazılar dərc olunmaqdadır. Xüsusilə bu, baş
məşqçimiz Kaxaber Tsxadadze haqda gedən yazılardı. Bilmirəm, bu insan kimə nə
edib, nə qədər ziyan vurub, ancaq fakt faktlığında qalır.
- Tsxadadze barədə belə bir
fikir formalaşıb: ən yaxşı əcnəbi mütəxəssis, ən pis insani xüsusiyyətlərə
malik məşqçi.
- Onu pis tanıyırsınız. Özündən tez çıxır, emosionaldı, bu amilləri
danmaq olmaz. Onu fikrindən döndərmək olmur: hesab edirsə ki, haqlıdı,
mövqeyindən bir addım belə geri çəkilməz. Bu, əsl kişiyə məxsus
xüsusiyyətlərdi. Açıq deyirəm, bəzən mənimlə də əməlli-başlı mübahisələri olur.
Lakin belə xarakterli insanları sevirəm. Bəzən o, öz qalasını elə müdafiə edir
ki, əndazədən çıxır. Ancaq insanlar var ki, diplomatdırlar, insanlar da var ki,
döyüşçüdürlər. Tsxadadzeni 2-ci kateqoriyaya aid edərdim. Bax, indi biz pis
vəziyyətdəyik və belədə, məhz döyüşkən xarakterə malik sərkərdə komandanı,
döyüş dili ilə desək, mühasirədən çıxara bilər. Yaranmış vəziyyətdə
diplomatıyadan bizə məlhəm olmaz.
- Azərbaycanda çalışan
əksər məşqçilər komanda uğursuzluğa düçar olduqda, ilk növbədə hakimləri, sonra
oyunçularını ayağa verirlər. Ancaq heç vaxt eşitməzsən desinlər ki, “günahkar
mənəm”! Gürcü çalışdırıcı klubunuzun saytına verdiyi müsahibədə bütün
məsuliyyəti üzərinə götürdüyünü bəyan edib. Siz onunla razısınız?
- Açığı, komandanın uğursuzluğunda mən də pay sahibiyəm. Çempionatın
start ərəfəsində söhbət edərkən, ona dedim ki, bəlkə üslubu dəyişək, daha açıq
xarakterli futbol oynayaq? Bizi həmişə qorxaq futbol sərgiləməkdə
günahlandırırdılar. Mən də təklif etdim ki, bir qədər praqmatikadan yayınaq.
Bu, rəqiblərə də sürpriz olardı. O da məni eşitdi və deyəsən səhv etdi.
Komandamız oyuna sürətli başlayır, rəqiblərini çaş-baş salır, qol vurur və
sonra arxayınlaşır. Bilirsiniz, bu cür oyun üslubu doğrudu ya səhvdi sualına
isə cavab sadədir: komanda məğlub olursa, deməli düzgün oynamırsan.
- Bu suala “İnter”in
prezidenti kimi cavab verməməyinizi xahiş edərdim. Sizcə, komanda 5 turdan
sonra yaranmış vəziyyətdən sonra medallar uğrunda mübarizəyə qoşulmaq
iqtidarındadı?
- Ümid sonda ölür. Hesab edirəm ki, “İnter” hələ də medallar uğrunda
mübarizə apara bilər. Əlbəttə, çətindi. Yüngül atletika ilə parallel aparsaq,
elə bilin ki, 100 metrlik qaçış zamanı, ilk 10 metrdən sonra favorit
idmançılardan biri büdrəyib və qalan 90 metrdə önə keçən rəqiblərinə çatmaq
olduqca ağır görünür.
- Son zamanlar Azərbaycan
futbolunu epidemiya bürüyüb. Lənkəran və “Respublika” stadionlarının ot
örtükləri biabırçı günə düşüb. Daha bir xəstəlik “Xəzər Lənkəran” – “Neftçi”
oyunlarındakı baş qaldıran qalmaqallardı.
- Bilirəm, şəxsən siz təbii ot örtüyünün tərəfdarısınız. Təbii ot
canlı orqanizmdi və ona xüsusi qulluq lazımdı. Misal kimi, Qəbələdəki, “8-ci
km”-dəki stadionları nümunə göstərə bilərəm. Həmin stadionlarda peşəkarlar
çalşır. O ki qaldı adını çəkdiyiniz stadionlara, ot örtüyünə həvəskarlar qulluq
edirsə, nəticəsi də belə olacaq.
Sualınızın ikinci hissəsinə gəlincə, bu, yolverilməzdi! Hələ ötən il
“Neftçi”ylə oyun zamanı bizim də problemlərimiz yaşanmışdı və həmin dövrdə
dediyim fikirlərimdə qalıram. İnsanlar stadiona dincəlməyə, futboldan estetik
zövq almağa gəlirlər. Belə qarşıdurmalar yaşanmaqdansa, boş tribunalar
qarşısında oynamaq daha məqsədəuyğundu. AFFA ciddi tədbirlər görməlidi. Söhbət
maddi cəzalardan getmir. Məsələn, “feys-kontrol” olmalıdır ki, tribunalrda
çaxnaşma yaradan insanlar stadiona buraxılmasınlar. Klublara maliyyə
sanksiyalarını isə anlaya bilmirəm. “Xəzər Lənkəran” və ya “Neftçi” fanatların
davranışına görə niyə cərimələnməlidi?.. Açığı beynimdə yerləşdirə bilmirəm,
necə olur ki, avrokubok matçlarında bu azarkeşlər birlikdə komandalarımızı
dəstəkləyirlər, çempionatda isə bir-birlərinin ətini didirlər?!
- Müsahibəyə hazırlaşarkən
belə bir informasiyaya rast gəldim ki, Cahangir Hacıyev “İnter”in
uğursuzluqlarından təngə gəldiyinə görə, komandanın məliyyələşdirilməsini
dayandıraraq, bütün diqqətini yalnız “Simurq”a yönəldəcək. Başa düşürəm ki,
“Simurq”la münasibətləri yaxın buraxmayacaqsınız. Məni maraqlandıran sualımın
birinci hissəsidir.
- Gəlin belə danışaq. İndiyə qədər hansısa normal və sağlam
valideynin öz övladını öldürməsinin şahidi olmusunuz? Daha bir məqam, komandanı
buraxmaq barədə düşünən insan gördüyünüz bu tikinti işlərini stadionda aparar?
Əksinə, obrazlı desək, valideyn istəyər ki, övladı ən yaxşı təhsili alsın, ən
gözəl mühitdə böysün.
- Sonda şəxsi sual vermək
istəyirəm. Təqaüdə hazırlaşmırsınız?
- Quşu gözündən vurdunuz (gülür). Maddi cəhətdən həyatımı qurmuşam,
günü bu gün işləmərəm. O ki qaldı vətəndaşı olduğum ölkənin qanunlarına, buna
hələ 10 il var.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |