Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə keçirilən dünya çempionatında iştirak edən Azərbaycan yığması Vətənə qayıdıb. Stadium.Az xəbər verir ki, komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Taekvando Federasiyasının rəhbərliyi, məşqçilər və idmançının yaxınları qarşılayıblar.
Bu mötəbər yarışda bütün rəqiblərini məğlub etməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız Radik İsayev qazandığı qızıl medalın sevincini jurnalistlərlə bölüşüb.
"Rəqiblər gözlədiyimdən daha da güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca daha çətin idmançılarla üz-üzə gəlirsən. Çoxdandı çempionluq qazana bilmirdik. Sağ olsunlar, bütün komandamız mənə mənəvi dəstək verdi. Nəticədə qızıl medalı yenidən Azərbaycana gətirdim" – deyə, İsayev bildirib.
Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə İsayevin görüşləri barədə məlumat verərək, gərgin keçən yarışlarda idmançımızın böyük əzm göstərdiyini vurğulayıb.
İsayev 87 kq çəki dərəcəsində dünya çempionu adını qazanıb.