Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində martın 14-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Xəzər Lənkəran” oyunu canlı yayımlanmayacaq. Stadium.az xəbər verir ki, həmin gün baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu “Lider TV”dən, “Bakı” – AZAL oyunu isə “İdman Azərbaycan” kanalından canlı yayımlanacaq. Bu barədə lidertv.com və idmantv.az saytlarının həftəlik proqram bölmələrində məlumat verilir. Ölkənin ən böyük azarkeş ordusuna isə görünür “İnter” – “Xəzər Lənkəran” matçının telekranlardan canlı izləmək qismət olmayacaq. Bu da yəqin ki, Azərbaycan futbolunun inkişafının “göstəricisi” sayıla bilər !?
Bu arada onu da bildirək ki, “İnter” klubunun rəsmi internet saytı vasitəsi ilə matçı izləmək mümkün olsa belə, bunun da öz çətinlikləri ola bilər. Belə ki, inter.az/tv/ saytı vasitəsi ilə canlı yayımın izlənilməsində bəzi məhdudiyyətlər olur və müəyyən saydan artıq izləyici yayıma qoşulduqda artıq problemlər yaranır.