"Xəzər Lənkəran"ın fəxri prezidenti haqda xatirələr: "O, kəndimizin fəxridir"

23.04.2015 | 3921 dəfə oxunub

Mübariz Mənsimovun dostları onunla bağlı xatirələrini bölüşüblər.


Stadium.Az  xəbər verir ki,  Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun fəaliyyətinə nəzər salıb. Dostları, qohumları Mübariz Mənsimovla bağlı xatirələrini bölüşüb, onunla bağlı maraqlı faktları açıqlayıblar.

İş adamının yaxın dostu, Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərov bildirib ki, Mübariz Mənsimov böyük biznesə sahib olsa da çox sadə insandır.

“Mübariz vətənə bağlı bir insandır. O, əsil azərbaycanlıdır. Biz tez-tez görüşürük. Həmişə mənə deyir ki, onu bu regionun ən savadlı insanları ilə tanış edim. Mübariz regiondakı uşaqların savadlı olmaları üçün əlindən gələni etməyə hazırdır. 

İlk dəfə o, 2008-ci ildə bizim xəstəxanaya 95 min dollarlıq vəsait ayırdı. Mən Türkiyədə olan zaman Mübariz İstanbul Universitetinin Tibb Fakültəsi ilə danışdı. Nəticədə bizim xəstəxananın 20-yə yaxın işçisi orada kurs keçdilər”.

Dostu deyir ki, Mübariz Mənsimovun iki oğlu var. O, çox yaxşı atadır. Övladları ilə bağlı çox gözəl planları var. O, uşaqlarının təhsilli və savadlı olmasını istəyir. Uşaqlar hələ balacadırlar.

1968-ci ildə Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. 

Məşhur azərbaycanlının fəaliyyəti ilə bağlı Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov da danışıb. O, direktoru olduğu məktəbin M. Mənsimovun vəsaiti ilə tikildiyini söyləyib:

“Məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Mübariz müəllimin vəsaiti hesabına tikilib. Mübariz müəllim kəndimizin fəxridir”.

X. Tahirov M. Mənsimovun doğma kəndi üçün gördüyü işlərdən söhbət açıb:

“O, kəndimiz üçün yol saldırıb, qaz çəkdirib, məscid tikdirib. Mübariz müəllim imkansız adamlara kömək edir. O, bizim məktəbə gəlir və problemlərimizlə maraqlanır. O, günün 20 saatını təyyarədə keçirir. Türkiyədən məktəbə çəkiliş qrupları göndərir. Buradakı vəziyyətlə maraqlanır. “Xəzər-Lənkəran” klubu və “Palmali” şirkəti haqqında çəkilən filmlərdə də məktəbimizin kadrları yer alıb. Mübariz müəllimin atası və anası kənddə olanda tez-tez məktəbə gəlirlər. Qardaşı Mais müəllim də kəndə gələndə bizimlə maraqlanır”.

Müsahibimiz cənublu milyarderlə bağlı xatirələrini də bölüşüb: “Mübariz müəllimlə ilk dəfə hələ məktəb tikilməmişdən öncə görüşmüşəm. Onunla məktəbin tikiləcəyi yerə getdik və söhbət elədik. Hələ o vaxtlar Mübarizin planları çox idi. O, indi Türkiyədədir. Bura tez-tez gələ bilmir. 

Mübariz heç dəyişməyib. O, illər keçməsinə baxmayaraq, hələ də çox cavandır. Mübariz erməniləri heç sevmir. Ermənilər həmişə ona qarşı təxribat işlədiblər. Onun ailəsindən də çoxlu şəhid çıxıb. 

Məktəbimizin adını daşıdığı şəhid Nadir Aslanov Mübariz müəlimin doğma əmisi oğludur. O, hətta Mübariz İbrahimovun nəşinin geri alınması üçün ermənilərə çox yüksək məbləğdə pul da təklif etmişdi. Şükür Allaha dövlət başçısının səyi nəticəsində onun nəşi ölkəmizə gətirildi”.

X.Tahirov bildirib ki, Mübariz Mənsimov kəndə gələndə hamı ilə maraqlanır, imkansız ailələrə pul verir.

“Bir dəfə görüş zamanı kənd sakinlərindən biri ona imkansızlıq səbəbindən traxtorlarını satdıqlarını dedi. O, isə texnikanı satmağın kəndimiz üçün çox pis hal olduğunu söylədi. Mübariz müəllim sakinlərə hər zaman kömək edə biləcəyini dedi. Sonra o, bizə kömək etdi və bütün işlər qaydasına düşdü.

Mübariz Mənsimov Allahı sevir. O vətəninə, dinə sadiqdir. Vətənpərvər bir oğlandır. Mübariz Bakıda təhsil alıb. O, yay aylarında kəndə gəlir. Meşəyə, dənizə gedir. At belində gəzməyi çox sevir. Mübariz həmişə kəndimizdəki yaylaqda at sürür”.

Miyankü məktəbinin direktoru həmçinin M. Mənsimovun ailəsindən də söhbət açıb. O, azərbaycanlı milyarderin atası Qurban Mənsimovla bağlı xoş xatirələrini bölüşüb: “Mübarizin atası Qurban kişi və mənim rəhmətlik atamın keçmişdə öküz arabaları var idi. Onlar araba sürürdülər. Mən uşaq olanda Mübarizin atasıgilin vəziyyətinin çox ağır olduğunu görürdüm, güclə dolanırdılar. Qurban əminin heç bir ali təhsili yoxdur. O vaxtı hamı kimi Qurban əmi də savadsız idi. Amma onun biliyə, savada və öyrənməyə qarşı həvəsi həddindən çox idi. İndi əmi ilə danışanda onun yüksək savada malik olduğu hiss edilir. Onun çox yüksək dünyagörüşü var. Qurban əmi ilə indi söhbət edən zaman onun kənd adamı olduğu hiss olunmur. 

Keçmişdə kəndimizdə çəltik becərərdilər. Qurban əmi öz kəl arabası ilə camaatı daşıyardı. O vaxtlar maşın yox idi. Həmin arabalar nəqliyyat vasitəsi kimi istifadə olunardı. Qurban əmigil çox kasıb idilər. Onlar vəziyyətlərini düzəltmək üçün Bakıya köçdülər. O, dəniz limanında fəhlə kimi işləyirdi. Daha sonra orada ev aldılar, uşaqları dünyaya gəldi. Qurban əminin 3 oğlu və 6 qızı var. İndi o, kəndə gələndə həmişə məktəbin yanındakı çayxanda oturur. Bizi yanına çağırıb, söhbətləşir”.

Direktorun sözlərinə görə, Qurban Mənsimovun hazırda səhhətində müəyyən problemlər yaranıb:

“Qurban əminin indi ürəyində və gözlərində müəyyən problemlər var. O, Türkiyədə müalicə olunur. Əminin 80-nə yaxın yaşı var. O, yayda kəndə gəlir. Kənddəki yaşıdları ilə söhbət edən zaman tez-tez keçmişdə araba sürdüyü vaxtlardan söhbət açır. Söhbət zamanı o, heç kəsdən çəkinmədiyini və keçmişdə araba sürdüyünü deyir. Qurban əmi heç nəyi gizlətmir. Hər şeyi açıq-aşkar danışır. Mübarizin atası uşaqdan böyüyə qədər hər kəslə öz dili ilə danışır, heç kəsə yuxarıdan aşağı baxmır”.

Qeyd edək ki, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. 

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. 

Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. "Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. 

"Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahiblərilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. 

Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Milyarderin həyat yoldaşı abxaz əsilli Tamara Mənsimovadır (oxu.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail