AFFA-nın eks prezidenti indiki rəhbərliyi yıxıb-sürüdü - MÜSAHİBƏ

09.01.2017 | 1286 dəfə oxunub

Fuad Musayevi tanımayan yoxdu. AFFA-nın ilk prezidenti, ölkə futbolunda iz qoymuş, ilklərə imza atmış şəxs. Təkcə Azərbaycanın Asiyanın futbol ailəsinə deyil, UEFA-nın üzvünə çevrilməsini xatırlamaq kifayətdi ki, ona minnətdarlıq edək. Onunla sonuncu dəfə iki il bundan əvvəl görüşmüşdük. Səhhətində problemlər var idi. İş o yerə gəlib çatdı ki, görüşümüzdən bəhs edən yazı dərc olunanda artıq xəstəxanadaydı. Sonradan hər şeyin qaydasında olduğunu, övladları ilə birlikdə ölkə xaricinə, müayinə və istirahətə getməyə hazırlaşdığını eşidib sevindim. Düzü, ondan sonra uzun müddət Musayevdən xəbərim olmadı. Hara getdi, necə oldu bilmədim. Səhlənkarlıq yox, qayğıların, iş-gücün başdan aşması səbəbindən əlaqə saxlamasam da, adını qəzetdə və internetdə görəndə əmin olurdum ki, hər şey qaydasındı. Növbəti dəfə Olimpiya Stadionunda – "26-cı dəqiqə” filminin təqdimatında görüşdük. Ayaqüstü salamlaşandan sonra yanında çox dayanmadım. Çünki ətrafdakılar bir andaca onunla görüşməyə, hal-əhval tutmağa başladılar. Təqdimat mərasimində aparıcılar onu təqdim etməyi, mikrofona çağırmağı unutsalar da, Kazbek Tuayev aparıcıların bu nöqsanını düzəltdi və onu səhnəyə çağırdı. Danışmağa, keçmişi vərəqləməyə başladı. Mövzu Azərbaycan futbolunun tarixində iz qoymuş insanlara qarşı laqeydlikdən, veteranların futboldan kənarda qalmasından düşüncə tədbirin xanım aparıcı ardıcıl iki dəfə onun sözünü kəsdi, vaxt azlığını xatırlatdı. Hiss edirdim ki, ürəyi doludu. Fürsətdən istifadə edib sözlərini həm AFFA-nın baş katibinə, həm də ora toplaşanlara çatdırmaq istəyir.

Üç gün sonra zəngləşdik, "Məni unutmusan” deyib gileylənəcəyinə təəccüblənmədim və elə həmin an "yeni ildə mütləq sizə baş çəkəcəyəm” sözünü verdim. Sözümü yerinə yetirdiyim gün böyük bir masanın ətrafında 2 il bundan əvvəl olduğu kimi üzbəüz oturub xeyli söhbətləşdik. Danışdıqlarımızdan müsahibəyə çevirə bildiyim hissələri sizin ixtiyarınıza buraxıram:

- Fuad müəllim, "necəsiz” soruşmuram. Maşallah, gümrahsız.

- Yeni il ərəfəsində İsmayıllıya getmişdim, bir az kənd havası uddum. Gümrah olmağa çalışıram.

- Deyəsən, futbolsuz qala bilmirsiz. Yenə ölkə futboluyla maraqlanırsız...

- Özün görürsən, masamın üstü qəzetlə doludu. Özüm evdən çıxanda alıram, ya da yanıma kimsə gələndə tapşırıram. "Futbol+” vasitəsiylə olanlardan xəbər tuturam. Futbolumuzun hazırkı vəziyyətinə çox təəssüflənirəm. O günkü tədbirdə də dedim. Futbol adamları bu işdən kənarda saxlanılmamalıdı, onların bilik və bacarığından istifadə olunmalıdı. Bu sözüm kimlərinsə xoşuna gəlmədi.

- Ötən illərdə futbolumuzda heç nə dəyişməyibmi?

- Təxminən 15 il bundan əvvəl qəzetlərdən biri məndən müsahibə almışdı. Azərbaycan idmanından danışmışdıq. Demişdim ki, bizim idmanımız düzgün yolda deyil. Səhər qəzetdən mənə zəng vurdular. Ağacan Əbiyev, Rəfiqə Şabanova və Taekvando Federasiyasından bir nəfər gəlib mənə etiraz bildirirmişlər, cavab verməyə çalışırmışlar. Dedim ki, buyursunlar. Əslində, mənim iradım daha çox kollektiv idman növlərinə aid idi. Zaman da sübut etdi ki, haqlı imişəm. Hanı indi Şabanovanın həndbolçuları? Niyə, qazandıqları uğurları, mükafatları görmürük? Taekvando, boks kimi idman növləri fərdidi. Kollektiv idman növlərində vəziyyət daha acınacaqlıdı. Futbolda da o cümlədən. AFFA rəsmiləri inkişaf deyəndə nəyi nəzərdə tuturlar? 15 ildi milyonlar xərclənib. Düz söz acıqlarına gəlir. Özünüz də gördüz, film təqdimatında problemləri qabardan kimi iki dəfə sözümü kəsdilər, imkan vermədilər ki, məni narahat edən məsələlərdən danışım.

- Tənqidçilərin qarşısını həmişə bir arqumentlə kəsirlər. Deyirlər ki, hamı tənqid edir, amma çıxış yolu göstərən yoxdu, daha yaxşısını necə etmək olar?

- Mən tənqid etmirəm, reallığı deyirəm. Böhrandan çıxmaq üçün proqramım da hazırdı. Bir dəfə futbol ictimaiyyətinin nümayəndələriylə görüşdük, onlara həmin proqramdan bəzi fikirləri çatdırdım. Məşqçilərin və klubların toplandıqları bir qurumun olması mənim ideyamdı. Hələ bizim vaxtımızda AFFA-nın Məşqçilər Şurası var idi. Çox keçmədi gördüm ki, AFFA Məşqçilər Komitəsi və Klublar Komitəsi yaratdı. Amma bunu elə formada etdilər ki, həmin komitələr AFFA-dan asılı, formal bir quruma çevriliblər. Bu gedişlə, futbola belə baxışla və idarəetmə üsulu ilə biz heç nə əldə edə bilməyəcəyik. Mən yazdığım proqramdan bəzi nüansları sizə deyə bilərəm. Özünüz və oxucularınız da düşünün. AFFA baş katibi İcraiyyə Komitəsinin qərarları əsasında çalışmalı, həmin qərarların yerinə yetirilməsinə nəzarət etməlidi. Bizdə isə tərsinədi. Sanki bütün futbolumuzu bir nəfər idarə edir, hər şey onun ixtiyarındadı. İcraiyyə Komitəsi tam formal bir quruma çevrilib. AFFA-nın ən böyük problemi budu. Komitə daha çevik olmalı, futbolumuz üzərində nəzarəti və müdaxilə imkanlarını artırmalıdı. Bunun üçün komitənin tərkibində klublarla iş üzrə bölmə yaradılmalıdı. Klublara dəstək olmaq, onları bu işə cəlb etmək üçün təkan vermək lazımdı. Komitə üzvləri arasında mütləq kuratorlar ayrılmalıdı. Kuratorların hər biri 2-3 klubla daimi ünsiyyətdə olmalı, cavabdehlik daşımalı, onların mövqeyini bilavasitə ali orqanda müzakirəyə çıxarmalıdı. 8 komandalı çempionatı keçirməkdə AFFA-nın məqsədi nədi? Legionerlərin hesabına formalaşan millilər bizə nə verir? İndiki legioner limiti hansı məntiqə əsaslanır? Mən təklif edirəm ki, AFFA-da struktur islahatları aparılsın. Baş katib bilavasitə çempionatın təşkilinə, legioner limitinin və reqlamentin düzənlənməsinə cavabdeh olmalıdı. 8 komandalı çempionat üçün ayrıca PFL-ə də ehtiyac yoxdu. 


Şəkildə soldan sağa. Fuad Musayev, AFFA-nın hazırkı baş katibi Elxan Məmmədov və keçmiş baş katibi Çingiz İsmayılov. "26-cı dəqiqə" filminin təqdimatında...

Elitada mübarizə aparan komandaların sayı mütləq 14-ə çatdırılmalıdı. Bunun üçün real imkanlar mövcuddu. U-19 və U-21 milliləri də premyer-liqada iştirak etməlidi. Klublar narazılıq etsə də, o gəncləri və yeniyetmələri bir komandaya toplamağa ehtiyac var. O vaxt biz bunu etdik, bəhrəsini də gördük. İndiyə kimi "Şəfa”da oynayan, yetişən uşaqlar milli komandada çıxış edir, aparıcı klublarda oynayırlar. Elita təmsilçilərində ehtiyatda oturan gənclər necə inkişaf edəcəklər? I dizivionla bağlı da vəziyyət dəyişməlidi. Orda oynayan klubların məqsədi bölgədəki gənclərin "bişməsi”, peşəkar futbolçu həyatına hazırlanması olmalıdı. 16-17 yaşlı əyalətdə yaşayan uşaqlara şərait yaratmaq lazımdı ki, rayonlarının komandasında oynasınlar. Aşağı dəstə klublarında 25 yaşlı maksimum 3 futbolçu oynamalıdı. Daha yaşlısına ehtiyac yoxdu. Divizion Azərbaycanın bütün bölgələrini əhatə etməlidi. İndiki vəziyyətdə aşağı dəstə bizim futbolumuza nə verir?!

- Amma razılaşaq ki, bütün bunlar zəhmət və xərc tələb edən işlərdi. Hazırda iqtisadi böhran hər yerdə var, büdcələr azaldılır, ixtisarlar gedir...

- Bizim vaxtımızda AFFA-nın 29 nəfər işçisi, illik 230 min dollar büdcəsi var idi. Milli doğma meydanda oynaya bilmirdi, vəziyyət qarışmışdı. İndi şükürlər olsun, hər şey yaxşıdı. AFFA-ya 15 ildən çoxdu ki, hər il 20-25 milyon büdcə ayrılır. Federasiyanın ayrıca binası, xeyli əməkdaşı var. Bütün tanış-bilişlərini yığıblar ora. Sevindirici haldı ki, maddi problel AFFA-dan yan keçir. Bu müddət ərzində futboldan bixəbər adam da müəyyən məlumata sahib olar. Deməli, iş görmək, xərclənən pulların qarşılığını vermək lazımdı. Legionerlərə, "milliləşdirilmiş” futbolçulara milyonlar sərf olunmasa, Azərbaycanda futbol klubu saxlamaq, bölgədə gənclərin yetişməsinə şərait yaratmaq elə böyük xərc tələb etmir. Hazır bazalar, stadionlar var idi. "Şəfa” stadionunu niyə satdılar? "Neftçi”nin bazası niyə təyinatı üzrə istifadə edilmir? Bu suallara cavab tapmaq, vacib obyektləri AFFA-nın sərəncamına qaytarmaq lazımdı. Neçə il keçib, hələ də milli komandaların normal bazası yoxdu. Olanları da dağıtdılar-satdılar. Biz "Şəfa”nı ölkə büdcəsindən bir qəpik pul götürmədən, UEFA-nın yardımıyla tikmişdik. Millinin bazası kimi istifadə edirdik. Milli orda oynayırdı, təbii örtüklü meydançalarda yüzlərlə uşaq pulsuz məşq edirdi, həmin uşaqları qidalandırırdıq da. "Şəfa” futbol klubunu yaradanda hamı ağız büzürdü. Mən o uşaqlara ayda 50 dollar simvolik maaş verirdim, geyim və yeməklə təmin edirdim. Onlar da yalnız futbol barədə düşünür, həvəslə məşq edirdilər. İndiyə kimi də ordan çıxanlar ölkə futbolunda sözünü deyir. Zaur Tağızadə, Elçin Rəhmanov, Mahmud Qurbanov, Rəşad Sadıqov, Kamran Ağayev, Ruslan Abışov, Maksim Medvedev, Qara Qarayev kimi futbolçuları bu ölkə üçün yetişdirmişik. Hanı onların davamçıları? İndi gözlərini dikiblər Dağıstana, kimi tapdılar, gətirib millidə oynadırlar. Ayıb deyilmi? Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin tabeliyində neçə-neçə futbol məktəbi var. Hamısına da büdcədən pul ayrılır. Hanı orda yetişən futbolçular? Həmin futbol məktəblərinə bu sahəyə aid olmayan insanları müəllim təyin ediblər. Bu sistem ləğv olunmalı, həmin məktəblər AFFA-nın nəzarətində cəmləşməlidi. Onsuz da ayrılan pullar boşa gedir. Eyni miqdarda büdcə AFFA-nın hesabına əlavə edilməlidi ki, peşəkar mütəxəssislər, sabiq futbolçular bu işə cəlb olunsun. Bölgələrdə orta məktəblərə yaxın yerlərdə futbol akademiyaları açılmalıdı. Səhər məktəbdə dərsə gedən istedadlı uşaqlar həmin internat tipli akademiyalarda məskunlaşmalıdı. Bundan ötrü təxminən 50 nəfərlik kiçik yataqxanalar da inşa etmək mümkündü. Həmin uşaqların arasından da seçim edib, paytaxta, xüsusi istedadlıları isə uzun müddətə Avropanın tanınmış komandalarına göndərməklə gələcəkdə millinin şərəfini qorumağa hazır futbolçu yetişdirə bilərik. "Neftçi”, yaxud da "Qarabağ” milli komandanın bazasına çevrilməlidi ki, milliyə namizədlər eyni sistemdə oynasınlar,  bir-birinə uyğunlaşsınlar. Görürsüz ki, elə də mürəkkəb proses deyil. Sadəcə, pərakəndəliyə və etinasızlığa son qoyulmalıdı. AFFA futbolun inkişafına sistemli yanaşmalı, nəzarətdən kənara çəkilməməlidi.

- İddia edirlər ki, Azərbaycanda istedadlı futbolçu yetişmir, bütün üsullara baş vurulub...

- Necə yəni yetişmir? Nazim Süleymanov azərbaycanlı deyil? Qazzayev əngəl törətməsəydi, Nazim Madrid "Real”ında oynayacaqdı. Onu Bakıdan qaçaq saldılar. Getdi və özünü sübut etdi. Vidadi, Yunis, Samir də istedadlıydı. Arif, Tərlan, Vladislav dünya və Avropa çempionu olublar. Azərbaycanlı deyillər? Müstəqilliyimiz ilk illərində heç də onlardan az istedadlı futbolçular üzə çıxarmamışdıq. İndi Rəşad Sadıqov milli karyerasını bitirmək istəyir, bütün AFFA ona psixoloji təzyiq göstərir ki, millidən getməsin. Çünki onun yerində oynayacaq heç kimi hazırlaya bilməyiblər. İşin rahat yolunu tapıblar, bir ucdan "milliləşdirirlər”. Təklif edirəm ki, komissiya yaradılsın, araşdırma aparılsın. Azərbaycan qanunları ikili vətəndaşlığa icazə vermir. Eddi İsrafilov İspaniya, Dmitri Nazarov Almaniya pasportundan imtina edibmi? Dağıstandan gətirilənlər artıq Rusiya vətəndaşı sayılmırlarmı? Bunları araşdırmaq lazımdı. "Milliləşdirmə” 2, ya da 3 futbolçu üçün olar. Daha əsas komandada 6 əcnəbini meydana buraxmağın, yeniyetmələrdən ibarət milliyə gəlmələri doldurmağın adı nədi? Rəhmətlik Heydər Əliyevin İsveçrə ilə oyunda stadiona gələcəyindən xəbərsiz idik. Qəfildən gəldi və uşaqlar meydanda can qoydular, onu da qələbəylə sevindirdilər. Prezident İlham Əliyev Avropa çempionatının açılış oyununa getmişdi, əvvəlcədən də buna hazırlıq görülmüşdü. Komandamız onun gözlərinin qarşısında 0:5 hesabıyla uduzdu, özü də heyətdə "milliləşdirilən”lər ola-ola. Bunun hesabatını vermək lazımdı.

Amal ABUŞOV
“Futbol+” qəzeti

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2017

05:58  "Qarabağ" "Atletiko"nu qəbul edir - YENİLƏNİR

17.10.2017

16.10.2017

15.10.2017

17:52  "Səbail" - "Neftçi" - HEYƏTLƏR

03:50  "Dijon" - PSJ 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 7 6 1 0 14:3 19  
2. Zirə 8 5 3 0 15-5 18  
3. Qəbələ 7 4 1 2 9:7 13  
4. Sumqayıt 8 3 1 4 8:11 10  
5. İnter 8 2 2 4 7:11 8  
6. Neftçi 7 2 1 4 8-6 7  
7. Səbail 6 2 0 4 4-8 6  
8. Kəpəz 8 1 1 6 5-14 4  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10İnter 0-2Qarabağ
20.10Səbail -İnter
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ