Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"

15.11.2017 | 1176 dəfə oxunub

Neftin pulunu yeyib-içib qurtardılar, dibinə də bir daş, yox, üzr istəyirəm, top atdılar. İndi də “Qarabağ"ın çörəyini yeməyə başlayıblar. Həm AFFA, həm də PFL Qurban Qurbanovun hesabına kef edir. Necə deyərlər, futbol təsərrüfatımıza cavabdeh olanların halvası “Teksun" yağı ilə bişir, arada “Möcüzə" də qatırlar. Ona görə də, idman mətbuatının, ictimaiyyətin tənqidi AFFA-nın heç vecinə də deyil.

Biz yazırıq ki, ölkə futbolu rəhmətə gedib, AFFA və PFL birləşib “Qarabağ"ı qabağa verirlər. “Futbolumuz rəhmətə-filana getməyib, “Qarabağ" hər il ölkə çempionu olur, hələ bu il də qızıl medal ağdamlılarındı" deyib, əmin-arxayın dolanırlar.

Camaat deyir bizdə Premyer Liqanın olduğundan heç kimin xəbəri yoxdu, stadionlarımızdakı bomboş tribunlar “Yallı" gedir, futbol başbilənlərimiz “Qarabağ"ın “Roma" və “Atletiko" ilə oyunlarında satılan biletlərin kötüyünü əllərində bayraq kimi yellədir.

Biz yazanda ki, Azərbaycanda son illər futbolçu yetişmir, bunun üçün ayrılan pul-para səhər Xəzri, axşam Gilavar küləyinə verilir, AFFA və PFL-dəkilərin ağzından od püskürür. “Qarabağ"da top qovan Bədavi Hüseynovla Riçard Almeydanın idman ayaqqabılarını az qala adamın gözünə soxurlar.

Buralarda dönər yeyəndən kabab yeyənəcən hamı yerli hakimlərimizin matçlarda buraxdıqları uşaq səhvlərindən danışır, hay vurub, həşir salır. Amma AFFA və PFL rəsmiləri rəngbərəng mikrofonlar qarşısına çıxıb deyirlər ki, hakimlərimiz “Azersun"un istehsal etdiyi ağartı məhsullarından çıxan ağ qaşıqdırlar. Bu azmış kimi, yenə “Qarabağ"ın ətəyindən yapışırlar, deyirlər ki, Qurban Qurbanovun yetirmələri - Yakub Jezniçak, Dino Ndlovu, Miçel, Ansi Aqolli hələ bu vaxta qədər hakimlərdən şikayət etməyiblər.

Öz vəziyyətləri göyün yeddinci qatına qalxdıqca yığmamızı yerlə bir edən futbol başbilənlərimiz yenə Qurban Qurbanovu qabağa verdilər. Çünki başqa çarə qalmamışdı. Alman Berti Foqtsla heç Mozdoka qədər gedə bilmədilər. Xorvat Robert Prosineçki ilə qrup ikincisi olmaq arzusu da Bakı Olimpiya Stadionu tərəfdə tıxaca düşdü. Məcbur olub yığmanı da “Qarabağ"ın baş məşqçisinə tapşırdılar. Ağdam klubu növbəti dəfə onların dadına yetişdi.

Özlərində elə düşünürlər ki, Qurban Qurbanovun və “Qarabağ"ın hesabına yığmanı abıra saldılar, qaldı Premyer Liqadakı iki cüt, bir tək kluba əncam çəkmək. Bunlar ki, belə gedir, bu gün-sabah çempionatdakı öz klublarını da “Qarabağ"a calaq edəcəklər. “Sumqayıt" olacaq “Qarabağ-2", “Kəpəz" olacaq “Qarabağ-3", adı təzə dəyişən “Keşlə" də dönüb olacaq “Qarabağ-4". AFFA və PFL-in sonbeşiyi “Səbail"dən də “Qarabağ-5" düzəldəcəklər.

İki gün, üç gecədir bir sual məni yaman düşündürür, BMT-ni ATƏT-ə qatıram, ATƏT-i UNESCO-ya, lakin cavab tapa bilmirəm. AFFA və PFL-də “Qarabağ"ın çörəyini yeyən, Qurban Qurbanovun hesabına qaz vurub qazan dolduranlar niyə öz vəzifələrini “Qarabağ" rəhbərliyinə buraxıb getmirlər? Cavabını bilən mənə də desin...

Etibar CƏBRAYILOĞLU

"Het-trik" news qəzeti

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.02.2018

21.02.2018

20.02.2018

23:09  "Bavariya" - "Beşiktaş" - HEYƏTLƏR

23:07  "Çelsi" - "Barselona" - HEYƏTLƏR

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz