Görüşənədək, Böyük! - YAZI

17.03.2018 | 2417 dəfə oxunub

Böyükağa Hacıyev haqqında keçmiş zamanda danışmaq, yazmaq ağırdı, çox ağır...


Ötən əsrin sovet dövründən bir-birimizi yaxından tanımışıq. Yaxşı futbolçu idi. Müdafiə, dayaq bölgəsində çıxış etsə də, liderlik keyfiyyətləri, kapitanlığı 90 dəqiqə meydanda hiss olunurdu. Özü önə çıxmaqla bütün komandanı hücuma səsləyirdi, mərkəzə çıxar, ondan arxada futbolçu yoldaşlarının olmasını qəbul etməzdi. Rəqibləri, hakimləri öz nüfuzu ilə davamlı təzyiq altında saxlamağı xoşlayardı. Alınmayanda 70-80 metr zərgər dəqiqliyi ilə ötürmələr edərdi...

 

80-ci illərin axırları idi. Ölkədə iqtisadi-siyasi durum çox acınacaqlı vəziyyət almışdı. Buna baxmayaraq çempionat davam edir, bütün klublar blokadaya salınmış Naxçıvana səfər edirdi. Qatar yolu bağlanmasa da, Mehridə silahlı basqınlar olur, qatarların qarşısı kəsilirdi. Təyyarəyə isə bilet tapmaq müşkül məsələ idi.. 

 

Növbəti çempionat oyununu idarə etmək üçün Naxçıvanda idim. "Təbriz" otelində yerləşmişdik. Axşam Böyük gəldi. Heç vaxt onu Zəif deyə çağırmazdım. Çünki zəif deyildi. Şirin ləhçəsilə "bir çay içək", dedi. Tarixi çox sevirdi. Xeyli keçmişdən, bu gündən, siyasi durumdan söhbət etdik. Sabahkı prinsipial oyunla bağlı narahatlığı hiss olunurdu. Tez durdu. Dedi ki, yatmaq lazımdı. Sabah özümün də, komandanın da canı çıxacaq. Var gücümüzlə oynamalıyıq. İmkan vermərəm ki, sənə bir faiz də təzyiq olsun...Həqiqətən, çox çətinliklə qələbə qazandılar. Biz də oyunu çox rahat idarə etdik. İlk yaxın ünsiyyətimiz o vaxt yarandı. O gündən Böyük öz böyüklüyü ilə ruhumda xüsusi yer aldı. Kim bilirdi ki, 20-25 ildən sonra ruhlar "Neftçi"də birləşəcək...
Bakıya köçdükdən sonra tünd göy rəngdə bir "Yaquar"ı vardı. "Sportivni" olduğu üçün maşında olanda sanki yerdə otururdu. O vaxtlar yollarımız belə maşınlar üçün münasib deyildi. Deyirdim, sat bunu, bir gün "yama"dan keçəndə görəcəsən ki, yerdə qalmısan. Son günə kimi satmadı. Geyinib-keçinməyi də çox sevirdi...

 

Bir gün telefonum zəng çaldı. Sevincək halda, "Tahir, sərəncam ver formamı hazırlasınlar. Sabah bazadayam". Böyük idi. Təbii, xəbərsiz deyildim. Sadıq Sadıqov kollegial müzakirədən sonra qərarını vermişdi. "Neftçi"li günlərimiz başlayırdı...

 

Psixoloq, pedaqoq, qorxmaz, gülərüz, zarafatçıl, qalib ruhlu, mətbuata açıq insan idi. Açığı, xeyli işimiz yüngülləşmişdi. Klub, komandanı hər zaman qorumaq lazımdı. Bir söz Elnur Əşrəfoğlu, Gündüz Abbaszadə ya mən deyəndə, ikisini Böyük deyərdi... 

 

Üçüncü çempionluğumuzda "Qarabağ"la oyundan sonra mətbuat konfransına gəlib sözümü deyəndən sonra necə "barıt"ı çox eləmişdisə 7 oyunluq cəza almışdı. Deyirdi AFFA-ya tək gedən deyiləm, birgə gedəcəyik. Çox çətinliklə cəzanı 3 oyuna endirə bildik. Hər zaman çəkinmədən sözünü deyən baş məşqçi idi. Jurnalistlərin sözü olmasın, "çörək ağacı" idi...
Güloğlan Cabbarovla Böyüyün zarafatlarına saatlarla doymaq olmurdu. Təlim-məşq toplanışlarımızı gülə-gülə keçirirdik. Məşqçilər korpusu, Bəxtiyar Musayev, Tərlan Əhmədov, Kamal Quliyev, Ruben, Nebonu heç vaxt incitməzdi, bir böyük qardaş kimi yanaşardı.

 

Futbolçularla ünsiyyəti, zarafatları isə bir başqa aləm idi... Arada bizimlə də zarafat edərdi. Antalyada "Simurq"un məşqçilər korpusu ilə mini-futbol oynayardıq. Məşqdən sonra növbəti oyunu Yuranla danışmışdım. Oteldən çıxıb meydana gedirəm. Day demə Böyük Yurana yaxınlaşıb deyib ki, v.-prezidentin işi çıxdı, onsuz biz meydana çıxa bilmərik. Bu gün oyun olmayacaq. Böyüyün məni meydanda necə qarşıladığını təsəvvür edin...

 

2012-ci il, Boluda təlim-məşq toplanışındayıq. Böyük İsveçrəyə püşkatmaya getmək istəyir. Deyirəm, olmaz. Yeni heyət yığılır, Vobay, Kanales, Bertuççi...Gündə iki məşqdi. Hər saatın önəmi var. Heç özüm də getməyəcəm. Uşaqlardan birini göndərərik... Bakıya zəng edib zarafatyana prezidentə məndən şikayət etmişdi ki, məni buraxmırlar. "Nə var ki, burda, səhər çıxıb günörta qayıdacam". Deyirdim, Böyük, Ankara deyil, Nyondu. Qayıdasan ki, heç kostyum da götürməmişəm, Bakıda dedim, qoymadın. Dünən gördüm təzə kostyum, köynək, qalstuk almısan. Bir ayaqqabı qalır, onu da Zaur Mütəllimov (klub meneceri) təşkil edər... Tərcüməçi ilə özü getdi. Elə marşrut seçildi ki, vaxt itkisi olmasın. Püşkatmada iştirak etmək üçün 1 saat vaxt qalırdı. Dörd tranzit təyyarə dəyişərək səhərə yaxın Boludan çıxıb gecə geri döndülər. Səhər də məşqdir. İnzibatçılar qapını döyüblər, açmayıb. Narahat olublar, ehtiyat açarla nömrəyə daxil olublar ki, Böyük yatıb. Başını qaldırıb inzibatçı Zahid Məhərrəmova deyib: "get Tahir müəllimə de , 1-ci məşqi özü keçsin, yorğunam, axşama kimi yatacam. Yoxsa 2-ci məşqə də çıxmağa halım olmaz"...

 

Hər zaman deyirdi, biz gülə-gülə çempionluq, kubokları qazanırıq... Böyüyün "Neftçi"dəki şah əsəri Kiprdə mətbuat konfransında yerli jurnalistin sualına verdiyi cavab idi: "Bilirsiz ki, Azərbaycandanıq, qəlbimizdə Azərbaycan və Türk bayraqları var!" Bu, oyundan öncə artıq psixoloji qələbə idi. Qalırdı meydanda tarixi qalibiyyəti qazanmaq...

 

Hər oyundan öncə baza toplanışında bilirdi ki, gecəyə qədər işdə oluram. Tez yatmağı xoşlayardı. Böyüklüyü, mədəniyyəti yol verməzdi, mən bazada ola-ola başını qoyub yatsın. Gecə yarı gəlirdi kabinetə ki, "çayın var?". Çay içə-içə sabahkı heyətdən, taktiki gedişlərdən söhbət edirdi. Sonra da ərkyana, "dur, dur get evə ki, məndə rahat yata bilim. Narahat olma, sabah 3 xal bizimdi". 


Bu dünyada əbədi yatmaq yuxusu yetişdi, Böyük. İndi əbədiyyət zamanına qədər biz narahat olacayıq. Bir şeyə 100% əminlik var. Biz mütləq yenə də görüşəcəyik . Bir-birimizin üzünə dik baxa-baxa...  Bu dünyada qarşılıqlı sınaqlardan üzü ağ çıxdığımız kimi, o dünyada da bir-birimizin qarşısında əsl sınağa hazırıq...


Görüşənədək, Böyük!

 

Tahir Süleymanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.07.2018

22.07.2018

21.07.2018

12:09  Millimiz yerində qaldı - Yeni reytinq sıralaması

20.07.2018

16:51  "Qarabağ"la qarşılaşmağımıza hələ də inanmırıq" - "Kukesi"nin baş məşqçisi

19.07.2018

18.07.2018

20:14  “Qarabağ” - “Olimpiya” - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail