Almeyda "Qarabağ"a qayıtmaq istəyir: "Özümü azərbaycanlı kimi hiss edir" - MÜSAHİBƏ

10.11.2018 | 9493 dəfə oxunub

Milli komandamızın və “Astana”nın yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Stadium.Az xəbər verir ki, ötən mövsümün sonunda ayrıldığı “Qarabağ”dakı karyerasından danışan 29 yaşlı futbolçu yenidən Azərbaycana qayıtmaq arzusunu da gizlətməyib.

- Sizi Azərbaycana getməyə nə vadar etdi?

- Portuqaliyada mövsüm başa çatdıqdan sonra “Qarabağ” mənə konkret təklif göndərmişdi. Həmin vaxt Polşa “Legiya”sından da dəvət var idi. Futbol elədir ki, gecə bir yerdə yatıb, səhəri başqa yerdə açırsınız. Hər şey çox ani oldu. Menecerimin zənginə yuxudan oyandım. Azərbaycandan yaxşı təklif olduğunu söylədi. Atam oranın təhlükəli yer olduğunu düşünüb məni buraxmaq istəmirdi. Ancaq maddi baxımdan belə bir təklifi geri çevirə bilməzdim. Beləliklə 2012-ci ildə “Qarabağ”a keçdim və orada oynamağa başladım. 

- Ölkənin mədəniyyəti, dili və yeməklərinə necə uyğunlaşdınız?

- Ora çatanda mənim üçün əsl şok oldu. Çünki hətta İngilis dilində də danışa bilmirdim. Onların dini, mədəniyyəti və yeməkləri fərqlidir. Həyatımda bu qədər quzu əti yeməmişdim. Bu gün də yeyə bilmərəm. Orada quzu kababı çox sevirlər. İlk vaxtlar məşqçi ilə yanaşı, futbolçular da mənə kömək edirdilər. Bugünkü gündə də onlara hörmətimvə sevgim var. Həmin insanlar mənim üçün darıxırlar və qayıtmağımı xahiş edirlər. “Qarabağ”la müqaviləm başa çatanda klubun prezidenti mənə və ailəmə təşəkkür etdi. Mən isə məni Azərbaycana apardığı üçün öz menecerimə minnətdarlığımı bildirirəm. Orada keçirdiyim 6 il həyatımın ən yaxşı dövrlərindən biri oldu. İnsan və futbolçu kimi daha da inkişaf etdim. Onların mədəniyyəti mənə daha ciddi olmağı, digərlərinə hörmət və kömək etməli olduğumu öyrətdi. Düşünrəm ki, əsas olan da budur.

- Karyeranıza hücumameylli yarımmüdafiəçi kimi başlasanız da, sonradan bir qədər geridə oynamağa başladınız...

- Komandada “10 nömrə” idim. Ancaq Çumbinyonun gəlişindən sonra bir az geri çəkilməli oldum. Baş məşqçi məndən dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq istəyib-istəmədiyimi soruşdu. Mən isə razılaşdım. Hücuma keçmək üçün topu özümdə saxlamağı sevirəm

- Hazırda da “Qarabağ”ı çalışdıran Qurban Qurbanov haqda nə deyə bilərsiniz?

- Mənim “Qarabağ”a keçidimdə məhz onun rolu olub. Portuqaliyadakı oyunumu gördükdən sonra menecerimdən məni komandasına gətirməyi istəyib. O, transfer məsələlərində əsas söz sahibidir. Klub rəhbərliyi 10 ildir komandaya rəhbərlik edən məşqçiyə istədiyi transferləri etmək üçün tam səlahiyyət verib. Onun ölkədə böyük hörməti var. Ötən ildən Azərbaycan millisinə də başçılıq edir.

- “Qarabağ”da son avrokubok oyunlarınız Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”, “Çelsi” və “Roma”ya qarşı olub. Bu, necə təcrübədir?

- Bunlar mənim ən yaxşı xatirələrimdir. Hazırda “Qarabağ”da çıxış edən Miçel də Dani Kintana ilə yanaşı, ötən mövsüm komandada Dino Ndlovu və Pedro Enrike kimi futbolçular da var idi. Hər zaman Çempionlar Liqasında oynamağı arzulamışam. Ona görə də daim televizorda baxırdım. Bu haqda düşünmürdüm belə. Qrupa düşdüyümüz oyundan sonra o qədər sevincli idim ki, hətta ağladım. Bu, mənim uşaqlıq arzum idi. “Çelsi” ilə oyuna gedəndə çox həyəcanlı idim. Villian və digər adlı-sanlı futbolçulara qarşı oynamaq mənim üçün şərəf idi.

- Bəs Qazaxıstana yolunuz necə düşdü?

- “Qarabağ”da hər şeyim var idi. Azərbaycan futbolunda oyunçular üçün yaxşı şərait yaradırlar. Çempionatda 8 komanda mübarizə aparır. Hər biri keyfiyyətli klublardır və futbolçulara yüksək maaş verir. Ödəmələr müqavilədə göstərilən vaxtda ödənilir. “Astana” variantı çox yaxşı idi, ona görə də imtina edə bilməzdim. Hələ bu ilin yanvarında Qurban Qurbanova demişdim ki, “Qarabağ”la müqaviləmi uzatmayacağam. Çünki fərqli ölkədə oynamaq, başqa mədəniyyətlə tanış olmaq istəyirdim. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu mənim üçün uyğun yer idi. Lakin həmin vaxt “Astana”nın baş məşqçisi olan Roman Qriqorçuk menecerimə mənimlə görüşmək istədiyini dedi. Bir neçə dəfə ora getməkdən imtina etdim. Sonda ailəliklə təklifi dəyərləndirdik və mən 2 illik müqavilə bağladım. Braziliya və Avropanın əsas liqalarında elə də tanınan futbolçu deyiləm. Ona görə də “Astana”da oynamağa qərar verdim. Burada çempionat yaxşıdır, amma “Qarabağ”a qayıtmaq istəyirəm. Gələn il bunun olub-olmayacağını bilmirəm. Bildiyim odur ki, komandanın liderləri mənim qayıtmağımı istəyirlər. Ola bilər, daha 1 il “Astana”da qalım. Yeganə pis cəhət odur ki, bura çox soyuqdur.

- Azərbaycan millisində oynamağınız necə gerçəkləşdi?

- Oradakı ilk ilimdəcə onlar məni millidə oynatmaq arzularını dilə gətirdilər. Amma bu,mümkün deyildi. Çünki bu ölkədən qohumum yox idi. Ona görə də FİFA-dan azərbaycanlı pasportu almaq üçün 4,5 il gözləməli oldum. Həmin vaxt millinin baş məşqçisi mənim kumirim, keçmiş xorvatiyalı futbolçu, “Real” və “Barselona”da oynamış Robert Prosineçki idi. O, ispan dilində də yaxşı danışırdı. Məni kofe içməyə dəvət etdi və milliləşmə məsələsini soruşdu. Bildirdim ki, bunun əleyhinə deyiləm, əgər siz öz komandanızda məni görmək istəyirsinizsə, bunu məmnuniyyətlə edərəm. Mən elə orada öz həyatımı qurdum. Həyatımda nə varsa, bu Azərbaycan, “Qarabağ”la bağlıdır. Bundan sonra Prosineçki və federasiyanın baş katibi məni və Qurban Qurbanovu görüşə çağırdı. Həmin vaxt Qurbanov da məni əmin etdi ki, hər şey yaxşı olacaq. Mənim üçün Azərbaycan millisində oynamaq böyük şərəfdir.

- Özünüzü azərbaycanlı kimi hiss edirsiniz?

- Əlbəttə. Artıq millidə oynamağa başlamışam. Azərbaycanı sevirəm, bu ölkəyə kömək etmək istəyirəm. Əlbəttə ki, Braziliya yığmasında oynamaq istərdim. Amma dünyanın digər tərəfindəyəm, elə deyilmi? İtaliya və İspaniyada olsaydım, oranın yığmasında oynamaq şansım daha çox olardı. Amma maddi baxımdan o ölkələrə getməyə dəyməz.

- Yığmadakı debütünüzü xatırlayırsızmı?

- Əlbəttə, 2017-ci ildə seçmə mərhələdə Şimali İrlandiya ilə qarşılaşırdıq. Bundan başqa, Almaniya, Çexiya, Norveç, San-Marinoya qarşı da oynadım.

- Ən yaddaqalan oyununuz hansı olub?

- Almaniya ilə matç. Mənim üçün inanılmaz idi. Çempionlar Liqasında da eyni hissi yaşamışdım. Almaniya çempionatında çıxış edən futbolçuları izlə, sonra isə onlara qarşı oyna. Həyatım boyu xəyal etmədiyim anlar idi.

- Almaniyaya 1:5 hesabı ilə uduzdunuz. Amma bu, almanlara 1:7 məğlub olan Braziliyadan daha yaxşı göstəricidir...

- Bəli. Hətta paltardəyişmə otağında da zarafatla dedim ki, nəticəmiz Braziliyadan yaxşıdır.

- Yığmada ilk qolunuzu oktyabrda Millətlər Liqasında Farer adaları ilə görüşdə (3:0) vurdunuz...

- Bu, maraqlı oyun idi. Millidə 3 qol vurmuşam və bu ölkəyə kömək üçün hər şeyi edərəm. Bu ay Farer adaları və Kosovo ilə vacib oyunlarımız olacaq. Qrup birincisi olmaq üçün Kosovo ilə mübarizə aparırıq. Qrup qalibi pley-offa vəsiqə qazanır. Kosovonun güclü heyəti var, bəzi oyunçuları Almaniya çempionatında çıxış edir. Bu səbəbdən azərbaycanlı futbolçulardan yaxşı durumdadılar.

- Yenidən Braziliyada oynamaq arzunuz var?

- Çempionlar Liqasında iştirak etdikdən sonra Braziliyadan 4 təklif aldım. “Atletiko Paranaense” mənimlə əlaqə saxlamışdı. Onlara yarımmüdafiəçi lazım idi. Ancaq uzun müddətdi Avropadayam və bura uyğunlaşmışam. Qızım üçün bura daha rahatdı. Mənim və həyat yoldaşım kimi, o da ingilis dilini öyrənir.

- Karyeranızı bitirdikdən sonra Braziliyaya qayıdacaqsınız, yoxsa Azərbaycanda yaşayacaqsınız?

- Braziliyaya qayıtmaq istəmirəm. Soyuq havanı sevmirəm. Həyat yoldaşıma dedim ki, çimərlikdə yaşamaq istəyirəm. Braziliyadan çoxdandır çıxmışam və ora yalnız bir dəfə istirahət zamanı getmişəm. Ancaq həyatın nə gətirəcəyini bilmək olmur. Məşqçi olub-olmayacağımı da bilmirəm. Hətta “Qarabağ”da da işləyə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail