Altay Atakişiyev: "Mənəvi dəstək həmişə idmançılara kömək olmur" - MÜSAHİBƏ

13.09.2020 | 475 dəfə oxunub

Bu gün idman həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycanda hər sahədə olduğu kimi, insanların sağlamlığı və xoşbəxt gələcəyinin təminatçısı olan idman sahəsində də, son zamanlar böyük inkişaf baş verib. Beynəlxalq turnirlərə qatılan təmsilçilərimiz istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri də, kikboksinqdir. Bu gün kikboksinq federasiyasında əldə olunan uğurlar bizləri sevindirməyə bilməz. Çünki, bu növ üzrə idmançılar daima beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Belə idmançılarımızdan biri də, Altay Atakişiyevdir. Avropa mükafatçımız Stadium.az saytının qonağı oldu. Müsahibimiz ona ünvanladığımız sualları səmimi cavablandırdı.

- Altay istərdik ki, idmana gəlməyinlə bağlı məlumat verəsən?

- Hər bir yeniyetmə kimi, mən də, uşaq vaxtlarımda futbolla məşğul olmuşam. Bu idman növünə böyük marağım olub. Hələ onda döyüş növlərinə elə də, həvəsim yox idi. Bir dəfə məktəbdə uşaqlarla əlbəyaxa oldum və döyüldüm. Hətta həmin vaxt ağır zərbə aldım və burnum sındı. Heç vaxt yadımdan çıxmaz, beşinci sinfdə oxuyurdum. Bundan sonra döyüş növlərinə maraq göstərməyə başladım. Düzdür, istəsəm də, nədənsə bu idman növləri ilə ciddi məşğul olmağa başlamırdım. Məktəbdə oxuduğum illərdə «Pusat» adlı film nümayiş etdirilirdi. Bu filmdə yer alan baş qəhrəmanın döyüşlərini izlədikcə, mənim daha da, marağım artmağa başladı. Artıq yavaş-yavaş özünü müdafiə məqsədi ilə idmanla məşğul olmağa başladım. Bir məqamı xatırladım ki, bizə dərs deyən müəllimlər həddindən artıq güclü idilər. Hər bir tələbəyə ciddi yanaşıb, onların daha artıq qələbə qazanmaları üçün əllərindən gələni əsirgəmirdilər. 3 həftə ciddi məşğul olduqdan sonra ilk yarışıma çıxdım və nəticə göstərərək bürünc medala sahib çıxdım.

- Təzə-təzə başlayanda insanda bir az nədənsə çəkinmələr olur…

- Bəli. Qeyd edim ki, ilk vaxtlarda bir az insan üçün çətin olur. Çünki, idman zalına daxil olursan və görmədiyin bir mühitlə tanış olmağa başlayırsan. Amma getdikcə, bu sənin üçün adiləşməyə doğru gedir və həyatının ayrılmaz bir hissəsinə çevrilir. Sizi inandırım ki, zalda hər gün məşq edir, daha artıq nəticələrə sahib olmaq üçün əlimdən gələni əsirgəmirdim. Hətta deyim ki, elə günlər olurdu ki, ancaq döyülürdüm. Amma buna baxmayaraq, istəyimdən dönmək kimi bir niyyətim heç vaxt olmayıb. Valideynlərim həmişə mənə irad bildirirdilər ki, sənin psixoloji problemin var, hər gün döyülürsən. Lakin mən onlara həmişə bildirirdim ki, məğlub olduğum insanlar yüksək nəticəli idmançılardır. Yəni mən, sıradan bir idmançıya məğlub olmuram. Bilirsiniz, insan döyüş meydanında döyülərək, qalib gələrək mükəmmələşir. Məğlub olduqca, daha çox çalışmağa başlayırsan ki, yüksək nəticələr qazanıb, güclü bir idmançı olasan.

- Kifayət qədər medalların var. Bunların içərisində sizin üçün ən çox əhəmiyyət kəsb edəni hansıdır?

- Bilirsiniz, hər bir idmançı üçün, onun əldə etdiyi bütün nailiyyətlər, qazandığı medalların hamısı əzizdir. Çünki, hər bir medal üçün idman zallarında həddindən artıq məşq edirsən, gününün çox hissəsini zallarda keçirirsən. Yəni hər bir medal, ağır zəhmətin bəhrəsidir. Buna baxmayaraq, doğru bildirdiniz ki, elə nailiyyət var ki, o sənin həyatında unudulmaz bir hiss buraxır. 2012-ci ildə keçirilən kikboksinq üzrə Azərbaycan çempionatında birinci yerə layiq görüldüm. Bu qələbə heç vaxt mənim yadımdan çıxmaz. Bizi bu yarışa məşqçimiz Rüstəm Səmədov hazırlamışdı və onun sayəsində də, birinci olmuşdum. Lakin, həmin il Rüstəm müəllim vəfat etdi. Hər dəfə medala baxanda, həmin yarış haqqında düşünən də, Rüstəm müəllimi xatırlamamaq olmur. Allah müəllimimizə rəhmət etsin. Onun sayəsində bir çox idmançılar yüksək nailiyyətlər qazanıb.

- Bildiyimiz kimi, hər bir idmançının uğurlarında məşqçilərin rolu danılmazdır. Əldə etdiyiniz bu uğurlara görə, hansı məşqçiyə borclusunuz?

- Hər bir idmançı müxtəlif məşqçilərlə çalışa bilər. Lakin mənim indiyə qədər əldə etdiyim nailiyyətlərdə Ehram Məcidovun əməyi çox böyük olub. Məndən soruşulanda, həmişə fəxrlə bildirmişəm ki, mən Ehram müəllimin tələbəsiyəm.

- Ehram müəllimi, digər məşqçilərdən fərqləndirən hansı xüsusiyyətlər var?

- Ehram müəllim, hər bir tələbəsinə xüsusi qaygı ilə yanaşıb. Məşqlərdən sonra həmişə tələbələri ilə yaxından maraqlanıb, onların doğru yollarla irəliləmələri üçün öz nəsihətlərini bildirib. Elə idmançılar var ki, qalib gəldikdən sonra şöhrətlik iddasına düşür, pis vərdişlər etməyə başlayır. Amma Ehram müəllim, daima bunu bizə irad tutub. Çıxışlarında daima haqqın tərəfində olmağı, çəkilən əziyyətləri hədər yerə sərf etməməyi bildirib. Bəzi məşqçilər var ki, tələbəsini görəndə, onu tərifləyir, lakin sonradan eşidirsən ki, o, başqa yerlərdə həmin idmançını pisləyir. Biz, bu kimi, mənfi keyfiyyətləri Ehram müəllimdə görməmişik.

- Qeyd etdiniz ki, elə məşqçilər var ki, öz tələbələrini haqsız yerə pisləyirlər. Bəs siz necə, bu kimi hallarla qaşılaşanda haqqınızı müdafiə etməyi bacarırsınız? 

- Mən ümumiyyətlə, insanların qəlbini bacardığım qədər qırmamağa çalışıram. Amma bəzən olur ki, artıq insan özü ilə bacara bilmir. Çünki, mən insanın günahını bir dəfə, iki dəfə keçə bilərəm. Qarşındakı insan başa düşməlidir ki, Altay bir gün ona qarşı edilən haqsızlığın cavabını verəcək. Artıq ətrafımdakı insanlar mənim hansı xüsusiyyətlərə sahib olduğumu bilirlər. Yəni əgər, mən nəyəsə görə susuramsa, bu o demək deyil ki, mən nədənsə çəkinirəm. Sadəcə mən insanlığımı gözləyirəm. Düşünürəm ki, bəlkə həmin insan öz səhfini anlayar və bu cür çirkin əməllərindən çəkinər.

-  Əgər sizə müəyyən pul müqabilində təklif gəlsə, digər məşqçinin rəhbərliyi altında mübarizə aparmağa razılıq verərsiniz?

- Əlbəttə. Mən Ehram müəllim ilə yanaşı digər məşqçilərin də, yanında idman karyeramı davam etdirmişəm. Bu o demək deyil ki, mən öz şəxsi məşqçimi nəyəsə görə dəyişmişəm. Sadəcə idmanda belə bir məsələ var ki, əgər sən daha çox nailiyyət qazanmaq istəyirsənsə, hər zaman özünü mükəməlləşdirməlisən. Buna görə, sabah mənə təklif gəlsə, mən etiraz etmərəm. Çünki, idman ictimaiyyətində zatən bilirlər ki, Altay kimin tələbəsidir. Bilirsiniz, hər bir məşqçinin müəyyən bir dərəcəsi var. Əgər məqçi bir idmançını Respublika çempionatı səviyyəsində hazırlaşdırırsa, bu o anlama gəlmir ki, sabah həmin tələbə dünya çempionatında yüksək nəticə göstərəcək. Məşqçi özü anlamalıdır ki, onun idmançıya verə biləcək töhfə nə qədərdir. Əgər sən bundan artığını bacarmırsansa, idmançının gələcəyi üçün yol açmalısan. Mən o fikirlə razı deyiləm ki, əgər bir tələbə sabah başqa bir kulubda çıxış etsə, müəlliminə qarşı naxələflik etmiş olacaq

- Hər bir idmançının həyatında olduğu kimi, yəqin ki, sizin də uğura gedən yolunuzda maneələr yaratmaq istiyənlər olub…

- Əlbəttə. İdman karyeramda dəfələrlə bunun şahidi olmuşam. Amma buna baxmayaraq, mən heç bir zaman mübarizəmi dayandırmamışam. Çünki, mübarizə aparmağı sevən adamam. Mən üç dəfə Respublika çempionatının final mərhələsinə yüksəlmişəm. Lakin müəyyən səbəblər üzündən çempion ola bilməmişəm. Məsələn, mənim və məqçilərimin fikrincə, həmin yarışlarda mənə qarşı haqsızlıqlar olub. 3 dəfə final məğlubiyyəti yaşadıqdan sonra ilk dəfə Azərbaycan çempionu oldum. Haqsızlıqlar həmişə və hər yerdə olur.

- Ölkəmizdə Olimpiya idman növlərinə nisbətən qeyri-Olimpiya növlərinə dövlət tərəfindən az dəstək olunur. Maddi durumunuzun nisbətən aşağı olması məşq prosesinizə təsir edirmi?

- Hər bir idmançının uğur qazanmasında əsas rol oynayan amillərdən biri də, maddi dəstəyin olmasıdır. Çünki, döyüşçü gün ərzində məşq edərək müəyyən qədər güc sərf edir. Həmin enerjinin bərpası üçün güclü vitaminlər qəbul etməlisən. Bu vitaminlər isə çox baha olduğundan idmançılar bəzən imkan tapıb ala bilmir. Beləliklə, güc balansı pozulur və sən istədiyin nəticəni əldə edə bilmirsən. Çox idmançılarımızı məğlub olduqlarına görə qınayırlar. Amma hər şeyi idmançıların üzərinə atmaq olmaz. Onların şəraiti ilə yaxından tanış olduqdan sonra fikir yürütmək lazımdır. Düzdür, mənəvi cəhətdən çox dəstək olurlar. Axı, mənəvi dəstək həmişə idmançılara kömək olmur. Məncə ölkədə yaşayan imkanlı şəxslər daima idmançılara dəstək olmalıdır. Dövlətimiz tərəfindən müəyyən qədər bizlərə dəstək göstərilir. Amma hər şeyidə, dövlətin üzərinə atmaq olmaz.

- Bəs yaxşı sizə hər hansı bir şirkət tərəfindən dəstək olunubmu? Əgər olunmayıbsa, bunun səbəbini heç özünüzdə görürsünüzmü?  

- Mən özümdə heç bir günah görmürəm. Çünki, biz elə zallarda məşq edib nəticə qazanmışıq ki, siz özünüz həmin yerləri görsəniz inanmarsınız. Şəraitsiz bir zallarda məşq edib nəticə qazanmaq ikiqat çətindir. Bundan başqa, mən gedib kimdənsə xahiş edə bilmərəm ki, mənə yarışlarda iştirak etməyə dəstək olun. Buna mənim qürurum yol vermir. Kömək etmək istəyən zatən mənim döyüşlərimi görür və potensialımın hansı səviyyədə olduğunu hiss edir.

- Bəs, Kikboksinq Federasiyası tərəfindən sizə hansı dəstəklər göstərilir?

- Federasiyamızın prezidentiliyi dönəmində Adil Əliyev daima biz idmançılara dəstək olub. Bundan başqa federasiyanın vitse-prezidenti olmuş Güloğlan Cabbarovun mənə çox böyük dəstəyi olub. Güloğlan müəllim, daima mənimlə bərabər digər idmançıların şəxsi problemləri ilə yaxından tanış olub, onların həll olunması yolunda gücünü əsirgəməyib.

- Rinqdən kənarda öz gücünüzdən istifadə etmisiniz? Ümumiyyətlə, səbrli insansınız?

- Müəllimlərimiz həmişə məşqdən sonra bizə bildirirdilər ki, əgər sən adi həyatda dalaşacaqsansa zala gəlmə. Buna görə, peşəkar idmançı daima səbrli davranıb, hər hansı bir məsələni sakit bir yolla həll etməyi bacarmalıdır. Əks təqdirdə bu daha böyük fəsadlara gətirib çıxarda bilər. Mən belə düşünürəm ki, idmançının əldə etdiyi nailiyyətlərdən çox onun əxlaqı daha böyük önəm kəsb edir.

- Özünə rəqib görə biləcəyin bir idmançı var?

- Dünya çempionumuz Ramal Aslanov ölkəmizdə güclü idmançılardandır. Ramalla eyni çəkidə yer alırıq. Yəni onunla eyni çəkidə mübarizə aparmaq mənim üçün fəxrdir.

- Ölkəmizdə ən güclü məşqçilərdən kimlərin adlarını çəkə bilərsiniz?

- Respublikamızda kifayət qədər güclü məşqçilər var. Ehram Məcidov, Hakim Hacıyev, Hafiz Baxışəliyev, Emil Kərimov, Rəhim Allahverdiyev kimi məşqçilər bü gün adlı-sanlı idmançılar yetişdiriblər.

- Qarşıda hansı böyük hədəflər sizi gözləyir?

- Bildiyimiz kimi, növbəti dəfə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əsas məqsədim bu yarışda qızıl medal qazanıb, vətəmin bayrağını dalğalandırmaqdır. Bundan başqa Türkiyədə növbəti Avropa çempionatı keçiriləcək. Həmin yarışa da, var qüvvəmlə çalışıram. Qeyd edim ki, buna qədər, Avropa çempionatında bürünc medal qazanmışam. Birinci yerə sahib olacağım təqdirdə nəticəmi daha da yaxşılaşdıracam.

- Hazırda yarışlara hazırlıq hansı səviyyədə gedir?

- Dünyada baş verən COVİD-19 virusu ilə əlaqədar hazırlıqlarımız elə də yaxşı getmir. Bilirsiniz ki, pandemiya ilə bağlı olaraq ölkəmizdə də, idman zalları bağlıdır. Yalnız açıq havada məşqlərə icazə var. Buna görə, öz imkanlarımız daxilində məşqlərimizi edirik. Yəni zallarda olan effektli məşqlərimizi edə bilmirik.

- Gələcəkdə kikboksinq üzrə peşəkar yarışlarda çıxış etməyi planlaşdırırsınız?

- Hər bir idmançı kimi məndə peşəkar yarışlarda ölkəmizin adından döyüşməyi istəyirəm. Amma bu, bəzən istəklə bağlı olan bir iş deyil. Çünki, həmin yarışlarda iştirak etmək üçün güclü idman menecerlərinin olması mütləqdir. Hazırda bizim bu cür mütəxəssislərimiz demək olar ki, yox dərəcəsindədir. Buna görə idmançılarımızın çoxusu həmin yarışlardan kənarda qalırlar. İnanıram ki, gələcəkdə bizim güclü idmançılarımız həmin peşəkar yarışlarda döyüşmək imkanına sahib olacaqlar.

- Bildiyimizə görə, sizi həm də «Turan» ideologiyaları ilə yaşayan biri kimi tanıyırlar…

- Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı kimi, məndə vətənpərvər bir insanam. Həmişə oxuyub, öz millətimin keçmişi barədə məlumatlar toplamışam. Düşünürəm ki, vətənini, millətini sevməyən birinin öz ölkəsinə xeyri dəyə bilməz. Bilirsiniz, biz soyumuz türkdür. Türklərin simvolu isə boz qurd olub. Buna görə milliyətçi türklər boz qurd simvolunu rəmzi olaraq götürüblər. «Turan» ifadəsi isə türkdilli dövlətlərin birliyidir.

- Söhbət vətənpərvərlikdən düşmüşkən, buyaxınlarda Tovuz Rayonu ətrafında torpaqlarımız düşmən tərəfindən təcavüzə məruz qaldı. Hər bir vətəndaşımız torpaqlarımızın müdafiəsi üçün ayağa qalxdı. Bununla bağlı sizin münasibətinizi bilmək istərdik.

- Qeyd etdiyiniz kimi, düşmən tərəf torpaqlarımıza hücum etməyə çalışdılar və layiqli cavablarını aldılar. Lakin bununla bərabər şəhidlərimiz oldu. Allah hər birinə rəhmət etsin. Lakin son olaylar göstərdi ki, xalqımızda olan vətənpərvərlik hissi hələ ölməyib. Orduya dəstək məqsədi ilə keçirilən mitinqdə minlərlə gənc orduya könüllü olaraq getmək istədiklərini bildirdilər. Bu, həqiqətən qürurverici bir hiss idi. İnanıram ki, yaxın zamanlarda işğal olan torpaqlarımızı azad edib, öz tarixi torpaqlarımıza dönəcəyin. 

- Tovuz hadisələrindən sonra, orduya dəstək adı altında müəyyən tədbirlər keçirildi. Həmin tədbirlərdən biri də, istifadəyə yararsız maşın təkərlərinin yük maşınlarına yüklənərək cəbhə bölgələrinə göndərilməsi oldu. Bu aksiyada sizinlə bərabər bir neçə nəfər könüllü olaraq öz köməkliklərini əsirgəmədilər. Həmin tədbirdə insanların az olmasını siz nə ilə əlaqələndirirsiniz?

- Bilirsiniz, cəmiyyətdə fikir ayrılıqları həmişə olur. Bu o demək deyil ki, biz öz əqidəmizi dəyişməliyik. Hər bir insan üzərinə düşən işi ləyaqətlə yerinə yetirməlidir. Bizdə bacardığımızı etdik. Həmin dəstək kompaniyasının keçirilməsində Elnur müəllimin əməyi çox böyük oldu. Elnur müəllimlə bərabər siravi vətəndaşlar, idmançılar əllərindən gələni əsirgəmədilər. Döyüş olacağı təqdirdə də, əlimizə silah alıb, vətənin müdafiəsinə qalxmağa hər zaman hazırıq.

- Bəzi saytlar, sizin Tovuz hadisələrində şəhid olmuş generalımız Polad Həşimovun şəklini bədəninizə həkk etdirməyinizlə bağlı paylaşımlar etdi. Bu ideya sizdə hardan yarandı?

- İdeya özümə məxsusdur. Generalımızın şəhid olması hamı kimi, mənidə çox üzdü. Generalımızı özümdə əbədiləşdirmək üçün onun şəklini bədənimə həkk etdirmək qərarına gəldim. Bu mənim üçün azda olsa bir təsəllidir. Biz nə etsək belə, generalımızın xatirəsini əbədiləşdirmək üçün azdır. İnanıram ki, biz torpaqlarımızı azad etdikdən sonra bütün şəhidlərimizin ruhu şad olacaq.

- Sonda deyəcəyiniz söz varmı?

- Müsahibə üçün, sizə, «stadium.az» saytına öz təşəkkürümü bildirirəm.

Həmsöhbət oldu: Zaur Mehtiyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.09.2020

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

18.09.2020

12:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.09.2020

19:17  "Neftçi" - "Qalatasaray" - HEYƏTLƏR

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2020

15.09.2020

14:44  "Qarabağ" Kiprə getdi - FOTO

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.09.2020

03:31  PSJ – "Marsel" - 0:1 VİDEO

13.09.2020

12.09.2020

20:52  “Səbail” “Zirə”yə uduzdu - YENİLƏNİB

11:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.09.2020

20:11  "Keşlə" – "Qarabağ" - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə