"Qarabağ"ın "Qızıl dubl"a gedən yolu - Yazı

08.05.2017 | 509 dəfə oxunub

Azərbaycan futbolunda 2016/2017 mövsümü Naxçıvan finalı ilə başa çatdı. Bu mövsüm çətin ki, yaddaşlardan silinə. 8 komandalı çempionatda rəqabət yox səviyyəsində olsa da, "Qarabağ" və "Qəbələ" arasında olan rəqabət, bəlkə də ümumilikdə Premyer Liqada olan rəqabətsizliyi unutdurmuş oldu.

Mövsümün əvvəlindən bu iki komandanın çempionluğa əsas namizəd olduğu şəksiz-şübhəsiz məlum idi. Amma mövsümün gedişi, öncədən olan gözləntilərimizi belə kölgədə qoydu. Əsas rəqibindən nə heyət baxımından, nə də göstərdiyi oyun baxımından heç də geridə qalmayan "Qəbələ", zaman-zaman onu sevənlərin dilinə "bizik bu il çempion" əminliyini belə salmışdı. 6 xal öndə olanda, az qala klub ətrafında olan hər kəs özünü çempion kimi görürdü. Hətta o zamandan komandanın çempionluq yolunda təcrübəsiz olduğu gün kimi ortada idi. "AZAL"-a, "Sumqayıt"a bağışlanan xallar belə "Qəbələ"ni ayıltmırdı.

Başlar qarışmışdı hakimlərə. O hakimlərə ki, dünyanın hər yerində onların etdiyi səhvlərdən danışılır. Amma hər kəs də bilir ki, bu danışıqlar faydasız vaxt itkisindən başqa bir şey deyil. "Qəbələ"də bunu gördü, amma çox gec. Hakim söhbətləri ilə futbolçuların da beyni doldurulmuşdu. İş o yerə çatmışdı ki, komanda üzvləri buraxdığı hər qoldan sonra baxışlarını, hislərini hakimlərə yükləyirdilər. Bəs Qriqorçuk hara baxırdı? Təbii ki, yaşananlar onun üçün də göydəndüşmə idi. Məhz bu gün üçün. Titulsuz qaldığı mövsümün sonunda günahkar çıxmamaq üçün. Amma etməli olduğu şey, komandanı bu mənfi abu-havadan çıxarmaq idi ki, o da bunu bacarmadı. Hətta onlara qoşuldu.

Heç Final oyununa belə komandanı normal kökləyə bilmədi. Sanki "Qəbələ" final oyununa yox, hansısa yoldaşlıq görüşünə və ya lazımsız çempionat oyununa çıxmışdı. Sonu da ortada. "Özü yıxılan ağlamaz" deyiblər. Naxçıvandan qayıdarkən komanda üzvlərinin üzgün baxışlarını nə azarkeşlər haqq edirdi, nə də titul üçün kluba və ən əsası Roman Qriqorçuka nə lazımdısa verən klub rəhbərliyi. 

"Qarabağ" isə tam əks qrafik cızmışdı. 6 xal geridən olanda şikayətlənmədiyi kimi, öndə olanda da çempionluq havası çalmadı. Hər zamankı kimi mövsümün bütün məqamlarında nə öz səbrini pozdu, nə də öz inamını. Öncəki illərdən yığdığı titul təcrübəsini isə necə lazımdısa, elə də işə saldı. Bu proseslər o qədər incəliklə oldu ki, çempionluq özü onun dilini bilən "Qarabağ"ın yanına gəldi. Bir neçə tur əvvəl qazanılan çempionluğa rəğmən, Qurban Qurbanov son oyuna kimi komandanı qələbəyə köklədi. Qələbə ruhundan bir an belə ayırmadı. Lazımsız "Sumqayıt" qələbəsində belə, komanda əsas heyətlə meydanda idi.( finalda oynayacaq 11-lik) . Bunlar boşuna deyildi. Ölkənin ən güclü məşqçisi son turda əsas heyəti oynatmaqla finala hazırlığın ən böyük hissəsini tamamlamış oldu. Yalnız Ndlovudan istifadə edə bilmədi ki, o da ondan asılı səbəb deyildi. Cənab Qriqorçuk isə son turda bütün heyəti "yatmağa" göndərməklə, Naxçıvan şəhər stadionunda gəzən "ölülər"in gorunu qazmışdı. "Ora gedən özünə yoldaş axtarır" boşuna deməyiblər ki...

Final görüşüdə çempionat yürüşündən heç də fərqlənmədi. İsti günəş şüasına, kələ-kötür qazona və sönük final abu-havasına özünü daha tez kökləyən "Qarabağ" sonda layiq olduğu "Qızıl dubl"a qovuşdu. Bu yolda ən böyük yoldaş Vəhdət oldu. "Qarabağ" adlı vəhdət. O vəhdət ki, onun altında çox şey cəmlənirdi. Edilən dua, göstərilən səbr, çətin məqamda işə düşən təcrübə və ən əsası komandanı uzaq Naxçıvanda belə yalnız qoymayan azarkeşlər!

XANOĞLAN İMANOV

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ