Millət vəkili: "Azərbaycan millisi Lüksemburq, Andorra kimi zəif komandalara bərabər olmaqdansa, yaxşı olar ki, seçmə mərhələdəki çıxışını dayandırsın"

Əli Mirəliyev yenə hamını özünə güldürdü: “Millinin oyunu çox xoşuma gəldi

17.11.2014 | 3289 dəfə oxunub

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Norveçlə qarşılaşan millimiz yenə məğlub oldu (0:1). Bu görüşə Mahmud Qurbanovun rəhbərliyi altında çıxan komandamız azarkeşlərin etimadını doğrultmadı. Lent.az dünənki matçla bağlı tanınmışların münasibətini öyrənib. 


Zahid Oruc (Millət vəkili):

“Oyuna stadiondan baxmadım. Milli yaxşı təsir bağışlamadı. Ənənəvi məğlubiyyət sindromu yenə davam etdi. Kimlərsə deyə bilər ki, 0:6 hesablı məğlubiyyətdən sonra bu, normal nəticədir, amma mən bu fikirlə razılaşmıram. Hər şeyi tablo deyir. Söhbət millinin göstərə bilmədiyi oyundan, futbolçuların fərdi bacarıqsızlığından gedir. Azərbaycanda yeganə idman növü futboldur ki, bayrağımızı qaldıra bilmirlər. Neçə ildir ki, pullar xərclənir, dövlət öz qayğısını göstərir, amma nəticəsi yoxdur. Çox təəssüf ki, futbola olan bu cür diqqət effekt vermir. Azərbaycan millisi Lüksemburq, Andorra kimi zəif komandalara bərabər olmaqdansa, yaxşı olar ki, seçmə mərhələdəki çıxışını dayandırsın. Və milliyə ayrılan pullar uşaq futboluna xərclənsin. Azərbaycan futbolunun durumu çox acınacaqlıdır. Azərbaycan vətəndaşlarının futbola baxışlarını, azarkeşlik etməklərini futbola qoyulmuş mənəvi kapital saymalıyıq. Belə olan halda, pis çıxmasın, futbolçuların nə ixtiyarı var ki oynamasınlar? Mən bu sahənin mütəxəssisi olmasam da, hesablamalarıma görə, futbolumuza 1 milyarddan artıq pul xərclənib. Düzdür, 10 il əvvəllə müqayisədə milli indi təşvişə düşmür, rəqiblərindən çəkinmir. Amma yenə də göstərilən oyun qənaətbəxş deyil”.


Şahin Diniyev (Millinin sabiq baş məşqçisi):

“Millinin dünənki oyunu məndə ikitərəfli fikir yaratdı. Belə baxanda pis oynamadılar, amma nəticə ürəkaçan olmadı. Halbuki Norveçlə matçda xal qazanmaq olardı. Düzdür, rəqib daha səviyyəli komanda idi, üstəlik, taktiki mənada çox ağıllı oynadı. Bilmirəm mənə elə gəldi, ya doğrudan elədir, millidə istək az idi. Bir də sürətli oynaya bilmirdik. Razı qaldığım cəhətlər isə o idi ki, topa nəzarət edib, müdafiədə etibarlı oynadıq. Amma hücumda kəsərli ola bilmədik. Rauf Əliyevə dəstək az idi. Buna görə də, hücumlarımız kəsərli alınmırdı. Topu mərkəzə qədər gətirsək də, son ötürmə və zərbə çatışmırdı. Sevindirici haldır ki, heyət tamamilə azərbaycanlı futbolçulardan qurulmuşdu. Deməli, yerli oyunçular var, sadəcə onları rəndələmək lazımdır. Mütləq motivasiya və ustalıq səviyyəmizi artırmalıyıq”. 


Rövşən Binnətli (İdman jurnalisti):

 “AFFA rəhbərliyinin oyundan öncə “Yeni baş məşqçi bu ilin sonuna kimi bilinəcək və əcnəbi olacaq” açıqlaması Norveçlə matça ciddi təsir etdi. Əslində həmin posta müvəqqəti gətirildiyini Mahmud Qurbanovun özü də bilirdi. Amma yenə də bu cür açıqlama onu işindən soyuda bilər, elə futbolçuları da. Mənə görə, oyundan öncə verilən həmin açıqlama heç yerinə düşmədi. Matça gəldikdə futbolçularımız nəsə etmək istədilər. Lakin mən bundan artıq əzmkarlıq gözləyirdim. Xüsusilə birinci hissədə sönüklük hiss olundu. Fasilədən sonra nəsə etməyə çalışsalar da, xətlərarası əlaqə çox zəif idi. Yəni ümumi ansambl olaraq, zəif təsir bağışladılar. Futbolçularımızda yola vermək ovqatı hiss olunur və bu, çox qorxuludur. Hər nə olur-olsun, əgər o formanı geyinmisənsə, özünü fəda etməlisən”.


Əli Mirəliyev (Tanınmış müğənni):

“Millinin oyunu çox xoşuma gəldi. Birdən-birə uğur qazanmaq olmur. Neçə ildir geriləyən futbolumuz birdən-birə qabağa gedə bilməz axı. Türkiyə yığması 2002-ci ildə dünya üçüncüsü oldu, amma indi dalbadal məğlubiyyətlər alır. Futbol illərin bəhrəsidir, oyunçular klublarda yetişməlidirlər. Bizə xarici məşqçilər lazım deyil, özümüzünkülər işləsələr, yaxşıdır. Foqts idi, nə idi, bizi neçə il geriyə saldı. Bizdə həmişə belə olub ki, özgələri tərifləmişik. Öz müğənnilərimiz konsert verəndə getmirlər, amma Konçitalar gələndə zalı doldururlar. Futbolda da belədir. Özünüz də görürsünüz ki, prezident idmana necə ürək yandırır. Fikrimcə, 4-5 ilə Azərbaycan futbolu inkişaf edəcək. Mən oyuna evdən baxdım və çox razı qaldım. Özüm də vaxtilə futbol oynamışam. Deyə bilərəm ki, biz uzun ötürmələr verməkdə zəifik. Bir də ki, Norveç elə-belə komanda deyil. Bizdə baza yoxdur. Baza görən, orada yetişən futbolçular yaxşı oynayırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail