Rail Məlikov "Neftçi"yə dönmək istəyir, yoxsa "Bakı"ya? - MÜSAHİBƏ

11.01.2015 | 9381 dəfə oxunub

Rail Məlikovun “Dənizlispor”dan ayrılması barədə xəbər vermişdik. Milli komandamızın 29 yaşlı eks üzvünü redaksiyaya dəvət edərək onunla söhbətləşdik. Railin müsahibəsin təqdim edirik:

- 2014-cü il Rail Məlikov üçün necə keçdi?

- Ümumi götürəndə yaxşı keçdi. Çünki “Qəbələ” klubu ilə ölkə kubokunun finalına qədər yüksəldik. Təəssüflər olsun ki, kuboku penaltilər seriyasında uduzduq. Ölkə çempionatında isə 3-cü sıraya qalxdıq. “Qəbələ” tarixində ilk dəfə belə nəticə oldu. Maya qədər hər şey yaxşı keçdi. Yenidən Türkiyəyə dönməli oldum. “Dənizlispor”a keçənə qədər hər şey yaxşı idi. Bir az işlər ağır getdiyinə görə, mənim üçün 2014-cü il yarısı yaxşı, yarısı isə pis keçdi.

- “Qəbələ” demişkən, komandada hər şey yaxşı gedirdi, düzdür zədələnmişdin, ora gedəndə əvvəlcə pis başladı sənin üçün, amma sonradan yaxşıya doğru irəlilədin. Əslində “Qəbələ”də sənin kimi təcrübəli futbolçuya ehtiyac vardı. Belə bir vaxtda niyə “Qəbələ”dən ayrıldın?

- “Qəbələ”dən qarşılıqlı razılaşma əsasında ayrıldıq. “Qəbələ”də qala da bilərdim, gedə də. Türkiyəyə ona görə üstünlük verdim ki, xaricdə oynamaq istədim. Həmdəki maddi cəhətdən daha yaxşı təklif gəlmişdi.

- “Qəbələ”dən daha yaxşı?

- Bəli.

- 2012-13-cü illərdə “Dənizlispor”da oynadınız. 2014-də yenidən bu komandaya qayıtdınız. Fərq var idimi əvvəlki komanda ilə indiki arasında?

- Fərq var idi. Çünki əvvəlki heyətdən 3 nəfər oyunçu qalmışdı. Özümdən götürəndə bir ay təlim-məşq toplanışı oldu. Əsas heyətin oyunçusu idim. Oyuna bir gün qalmışa qədər əsas heyət üzvü idim. Gözləmədiyim bir şey baş verdi. Baş məşqçi məni heç 18-liyə salmadı. Daha 4 oyun 18-likdən kənarda qaldım. Mənim ilk dəfə getdiyim klubun səviyyəsi indikindən qat-qat üstün idi. Həm oyunçular, həm dəki məşqçilər baxımından.


- “Dənizlispor”un baş məşqçisi Özcan Bizati açıqlamasında bildirmişdi ki, Rail Məlikov məşqlərdə potensialından aşağı çıxış edir. Bu nə ilə əlaqəli idi?

- Mən müqavilə imzalamamışdan əvvəl, rəhbərlik məni çağırdı, çünki Türkiyədən başqa təkliflər də vardı. Onlar mənə dedilər ki, komandada oynamısan, gəl, bizə kömək elə. Mən də razılaşdım. İlk gedəndə belə bir söhbət olmamışdı. Bu o zamanlar oldu ki, öz oyunçusunu oynatmağa görə belə söhbətlər yaranmağa başladı. Nə rəhbərlik, nə azərkeşlər, nə də futbolçular başa düşmədi bu nə hərəkət idi. Hamısı məəttəl qalmışdı.

- Əsas heyətə düşməməyinizin səbəbi baş məşqçi idi?

- Bəli. Məşqçi ilə mənim aramda olan söhbətə görə. Mən hər məşqçiyə hörmət bəsləmişəm. Məşqlərin hamısında yüz faizlik nəticə vermişəm. Bunu hamı da görürdü. O, özü qəsdən belə deyirdi ki, gətirdiyi oyunçuya şans versin. Mənə bir dəfə 60 dəqiqə şans verdi. 60 dəqiqə ərzində hər şeyi sübut elədim. Həmin turun oyunçusu seçildim. Ən çox bal mənə verildi. Bundan sonra o, daha çox prinsip aparmağa başladı. Azərkeşlər də mənim oynamağımı istəyirdi. Bizati isə əksinə, məni heyətə salmadı. Qəsdən belə bir şey edirdi ki, guya problem var. Mən daima məşqlərdə yaxşı çıxış etmişəm.

- Özcan Bizati elə bizə açıqlamasında bildirmişdi ki, Rail sevdiyim futbolçudur. Onu qovmaq fikrim yoxdur. Bir az məşq əksikliyi var. Bu düzələndən sonra daimi olaraq ilk 11-likdə olacaq. Amma hər şey 360 dərəcə dəyişdi. Buna səbəb nə idi?

- Mənim üçün də bu məsələ qaranlıq qaldı. Çünki oyuna 1 gün qalmış məşq zamanı “naketka”nı öz gətirdiyi oyunçuya verdi. Həmin oyunçu məndən əvvəl gəlmişdi komandaya. Fikirləşmirdim ki, sabahkı oyunda ehtiyatda qalacam. Çünki bütün yoxlama oyunlarında əsas heyətdə olmuşam. Oyun zamanı isə paltar dəyişmə otağında formamı görməyəndə daha da təəssüfləndim. Mənim adımı heç oyunun iştirak ərizəsinə daxil etməmişdi. Ruh düşkünlüyü olsa da, məşqlərdə kifayət qədər özümü yaxşı tərəfdən göstərirdim. Bundan sonra rəhbərliklə də söhbətim oldu ki, əgər oynatmayacaqsa, məni buraxın gedim. Mənə dedilər ki, sənə güvənib gətirmişik. Məşqçinin belə hərəkətlərin anlaya bilmirik.

- “Dənizlispor”a getməmişdən əvvəl yerli klublardan təklif var idimi?

- Təklif var idi. Amma indi onu açıqlamaq yersizdir. Vaxt bir az uzandı. Sonradan elə oldu ki, o klubla anlaşa bilmədik. Məcburiyyət qarşısında Türkiyəyə getdim. Maddi baxımdan da cəlbedici idi ona görə.

- Türkiyəyə gedəndə karyeranı düşündünüz, yoxsa pulu?

- Sözün düzü, danışıqlar apardığım klubla razılaşmadıqdan sonra təklif yox idi. Türkiyədən üç klub məni istəyirdi. Həmin vaxtda da yerli klublardan təklif gəlməmişdi. Ən əsası karyerama görə, çünki oynamaq istəyirdim. Maddi baxımdan isə əlbəttəki cəlbedici təklif olandan sonra hər kəs gedər.

- Türkiyədə legioner həyatı yaşamış biri kimi, necə düşünürsüz, yerli futbolçularımızın Türkiyə macəraları niyə qısa müddətli olur?

- Vallah məndə oxumuşam bu barədə. Mən özümdən deyim. Bir aylıq icazə kağızı verilib. Bu gün (dünən) axırıncı günümdür. Bir aylıq icazəliyəm, məni qovmayıblar. İstəyərdim ki, məni qovsunlar. Rəhbərlik isə bu addımı atmadı. Rəhbərliyə bildirdim ki, müqaviləmə xitam verin. Onlar bildirdilər ki, bir az səbr elə. Baş məşqçi gedən kimi sən qayıt gəl. Baş məşqçinin adamı isə şəhərin meridir. Kim getsə də, o, getməyəcək. Rəhbərlik deyir, o, getməsə, biz gedəcəyik. Bir ay içində hər şey bəlli olacaq. Əgər məşqçi getsə, məni qaytarmaq istəyəcəklər. Klubla müqaviləm olduğu üçün başqasıyla danışıq apara bilmirəm.

- Yerli futbolçular niyə ayrılır bəs Türkiyə klublarından?

- Özlərindən soruşsaz yaxşı olar. Bizim oyunçuları götürəndə, Vaqifin oyunu qənaətbəxş idi. Mahir də pis təsir bağışlamırdı. Rəhman Hacıyevin oyununu da bəyənirdilər. Vaqifi başqa klublar da istəyirdi. Amma onların ayrılmaqlarının səbəbini bilmirəm. Bəlkə orada da nəsə bir problem var. Qovmaq bir az pis çıxır.

- Nizam-intizam problemi ola bilərmi?

- Nizam-intizam ola bilər. Mən şəxsən heç bir intizamsızlıq etməmişəm. Onlarda ola bilər ki, nəsə problem olub. Bilmirəm onların başına nə gəlib.

- 5 illik “Neftçi” karyeranız oldu. Axırıncı ilinizdə isə çempionluq yaşadınız. “Neftçi” ilə Çempionlar Liqasının təsnifat mərhələlərində iştirak etdiniz. İsarail klubuna 4-0 hesablı məğlubiyyətdən sonra komanda sizi günahkar çıxartdı və yolları ayırdı. Sizdən sonra “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Bu sizə nə dərəcədə təsir elədi?

- Əlbəttəki çox pis. Bu nəinki mənə, yaxınlarıma, dostlarıma da çox pis təsir elədi. Mən bu söhbəti unutmuşam. Bu hadisədən sonra bir ay özümə gələ bilmədim. Ondan sonra isə Dənizliyə getdim. Yəni ki, bu mənim futbolçu karyeramda sınma nöqtəsi idi. Elə vəziyyət yaranmışdı ki, futboldan gedə də bilərdim. Bu, haqsız yerə oldu. Zəif oynamaq söhbəti boş şey idi. Burada nəsə başqa amillər rol oynadı. Bu məsələni artıq unutmuşam. İndiyənəcən “Neftçi” mənim üçün 1 nömrəli klub olub. Uşaqlıqdan sevdiyim klubdur. Bir nəfərə görə mən bu klubu sevməmişəm. Bu hadisə mənə həddən artıq pis təsir etmişdi.

- Yenidən “Neftçi”dən təklif gəlsə, qayıdarsan?

- Mənim kontraktım hələ bitməyib. Bu sualı cavablandırmaq istəmirəm.

- Tutaq ki, “Dənizlispor”la müqaviləniz başa çatdı, hər iki ölkədən təklif gəlsə hansı ölkəni seçərsiniz?

- Azərbaycanı. “Neftçi”dən təklif gəlsə, əlbəttəki Azərbaycanı seçərəm. Nəinki “Neftçi”dən, hansısa klub təklif etsə, düşünmədən burada oynamağı qəbul edərəm. Çünki burada ailə amili də öz sözün deyir.

- Premyer Liqada oynamaq asandı, yoxsa PTT 1-ci liqdə?

- Yarı-yarıya deyərdim. Bizdə 4-5 oyun olur ki, ağır keçir. Oyunçu daha çox qaçır, yorulur. Daha çox güc istifadə olunur. Həmçinin məsuliyyət də daha çox tələb olunur. Amma PTT 1-ci liqdə ən zəif klubda da səviyyə aşağı olanda da hamı çox qaçır. Orada çempionat daha ağır keçir. Professionallıq cəhətdən bizdə daha üstündür. Fiziki cəhətdən isə PTT 1-ci liqası öndədir.

- Karyeranızın pik nöqtəsi hansı klubda keçib?

- “Neftçi”də. Pik nöqtələrim çox olub. “Bakı”da 3 il oynadım çempionluq və kubok qazandım. Hər iki klubda daha yaxşı olduğumu fikirləşirəm.


- Rail, “Bakı”dan söz düşmüşkən, hal-hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsən?

- Bir az təəssüflənirəm. Adama pis təsir edir. Mən o klubla tanınmışam. Oranın rəhbərliyinə təşəkkür edirəm. İstəyirəm yenidən yüksəliş dövrünü yaşasınlar.

- Hazırda “Bakı”da gənc futbolçular mübarizə aparır. Səni çağırsalar, gedib kömək edərsənmi?

- Əvvəl “Bakı”nın formasının geyinmiş biri kimi, gedib kömək etməyə hazıram.

- 29 yaşınız var. Rail üçün milli karyera yolu bağlanıbmı?

- Foqts burda olsaydı, bağlı hesab edərdim. Çünki “Neftçi”dən gedəndən sonra Türkiyədə 25 oyun oynadım. “Neftçi”dən haqsız yerə çıxanda, baş məşqçiyə çox böyük ümidim var idi ki, məni müdafiə edəcək. Eşitdiyimə görə, “müdafiə” edib də. Amma Türkiyəyə gedib ardıcıl oynayanda, dəvət almadım. Onda bildim ki, Foqts burdadısa, karyeram bağlanıb. Fotqs hər bir oyunçuya köməklik edirdi, belə vəziyyətlərdə. Amma o, mənə kömək etməyə qalxmadı. Yeni baş məşqçi gəlib, sevinirəm ki, Azərbaycanda qalacaq. Daha çox komandanı diqqətdə saxlayacaq. Kim yaxşı oynasa, o da milliyə dəvət alacaq.

- Sizə qarşı oynayan futbolçulardan ən çox hansı Rail Məlikova başağrısı olub?

- Sevmədiyim oyunçu olub - Jaba. Çünki heç nədən özün yerə atırdı. Bu adamın əsəbinə təsir edirdi. Yerli futbolçulardan isə Zaur Ramazanov, Samir Əliyev mənim üçün daha təhlükəli olub.

- Futbolu neçə yaşında bitirmək fikrin var?

- Futbolçunun özündən asılıdır. İtaliya çempionatın götürək, 35-38 yaşına kimi oynayırlar. Maldini 40 yaşına kimi oynadı. Mən özüm bundan sonra maksimum 3 il daha yaxşı oynaya bilərəm.

- Planlamısanmı karyeranı başa vurduqsan sonra hansı işlə məşğul olacaqsan?

- İstərdim C və B kateqoriyasın oxuyub, məşqçi kimi fəaliyyət göstərim. Yavaş-yavaş məşqçi kimi qalxmaq istərdim.

- Futbolu bitirənlər adətən, klub funksioneri, menecer kimi çalışır. Belə fikirlər ağlından keçməyib?

- Hələ yox. Düzünü desəm, hələ oynamağı düşünürəm. Karyeramın sonuna yaxın düşünüb, qərar verəcəm.

- Rail, Azərbaycan Premyer Liqası artıq yarıya çatıb. Hansı klubları daha şanslı sayırsan?

- Birinci pillədə “Qarabağ”ı görürəm. Mükafatçılar içində isə “Neftçi”, “İnter” və “Qəbələ”-nin olacağını düşünürəm. Əvvəl daha maraqlı idi. Çünki 8 komanda ilk yerə oynayırdı. İndi isə ilk pilləyə 2-3 komanda oynayır.

- Əvvəlki illərdə çempionat güclü idi yoxsa indiki?

- İndiki əvvəlkindən səviyyə cəhətdən çox aşağıdır.


- Nəyə görə?

- İndi 4 klubda səviyyə fərqi var. Qalanlarında isə daha çox cavanlar çıxış edir. “Sumqayıt” cavanlardan ibarətdir, yaxşı çıxış edir. AZAL-da həmişə öz sözün deyib. Əvvəlki futbola maraq daha çox idi.

- İllərin təcrübəsi kimi necə fikirləşirsən, indi tətbiq olunan limit düzgündürmü?

- Məncə limitin olmağı xeyir verir. Nə qədər legioner az olarsa, o daha yaxşı olar. Yerli futbolçular özlərin göstərə bilərlər.

- Limit tətbiq olunandan sonra çempionatın səviyyəsi aşağı düşübaxı...

- Əvvəllər mən “Bakı”da oynayanda 3 legionerin oynamasına icazə verilirdi. Onda səviyyə yaxşı idi. Demək olar ki, 11-lik yerli futbolçulardan ibarət idi. İndi oynayan legionerlərin çoxunun səviyyəsi yerli futbolçulardan aşağıdır. Əgər legioner gəlirsə, o, yerli futbolçudan iki qat güclü olmalıdır. Yoxsa nəyə lazımdır.

- “Dənizlispor” karyeranın başa çatdığını söyləmək olar?

- Əlimdə transfer vərəqəsi olmadan, heç nə danışmaq olmaz. Çöx güman, baş məşqçi getsə, rəhbərlik məni komandada saxlamaq istəyəcək. İndidən nəsə demək olmaz. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail