Rauf Əliyev: "Təkbaşına nə isə etmək çətindir"

02.09.2011 | 6731 dəfə oxunub

Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin müsahibəsi

- Azərbaycan milli komandası bu gün Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Belçika ilə oyun üçün sona çatan hazırlıq barədə nə deyə bilərsiniz? 
- Fikrimcə, Premyer Liqanın 4-cü turu çox çətin keçdi. Hazırda millinin düşərgəsində olan futbolçuların əksəriyyəti son oyunlarda mübarizə apardılar. Turdan dərhal sonra milli komandanın heyətində başladığımız hazırlığa dünən son qoyduq. Normal hazırlıq keçmişik. İnanıram ki, rəqiblə Bakıda yaxşı oynayacağıq.

- Bilirik ki, rəqib qrup ikinciliyi üçün mübarizə aparır və Bakıya çox iddialı gəlib. Rəqib düşərgədəki vəziyyəti də nəzərə alsaq, biz hansı nəticəyə ümid edə bilərik? 
- Bəli, bizə də məlumdur ki, Belçika Azərbaycanda qələbə qazanmaq istəyir. İstək qarşılıqlı olduğuna görə, meydançada əsl idman mübarizəsinin gedəcəyinə ümidim böyükdür. Biz Bakıda oynayacağımıza görə, ilk növbədə qələbə barəsində düşünürük. Əlbəttə ki, bu nəticə ilə həm azarkeşləri, həm federasiya rəhbərliyini sevindirmiş olarıq. Amma rəqibin Belçika kimi güclü komanda olduğunu nəzərə alsaq, oyunda qazanılacaq bir xal da uğur sayılmalıdır. 

- Bəzən futbolçular “biz yalnız xal və xallar barəsində düşünürük” deməklə qınaqdan xilas olmağa çalışırlar. Siz necə, bunu şərti olaraq deyirsiniz, yoxsa nəticənin qazanılmasına inanaraq? 
- Futbol kollektiv oyun olduğuna görə, burada təkbaşına nə isə etmək çətindir. Yalnız bəzi məqamlarda oyunu öz üzərinə götürə bilərsən. Bizim kollektivdə həqiqətən də xal və xallar qazanacağına inanır.

- Belçika ilə Azərbaycan yığmasının heyətini müqayisə etmək olduqca çətindir. Futbolçu seçiminə görə rəqib bizi çox qabaqlayır. Bəs bizim komandanın rəqib qarşısında nə kimi üstünlükləri var? 
- Belçika yığmasının baş məşqçisi Azərbaycan futbolçularının evdə yaxşı oynadıqlarını deyib. Onlar məhz buna görə, bizdən çəkinirlər. Evdə oynamaq həqiqətən də bizim üstünlüyümüzdür. Sona qədər mübarizə aparıb, uğurlu nəticə qazanmaq üçün çalışacağıq. Fikrimcə, azarkeş və doğma meydan amili bu gün bizim xeyrimizə işləyən məqamlardan olacaq. Futbolçu dəstək alanda daha yaxşı mübarizə aparır.

- Belçika yığmasının heyətində əsas futbolçulardan bir neçəsinin zədə almasi sizin xeyrinizə işləyən məqam ola bilərmi? 
- Düşünmürəm. Fikrimcə, bu komandanın heyətində kifayət qədər yaxşı futbolçu var. Bir də indiki vəziyyətdə biz yalnız öz oyunumuz barədə düşünürük.

- Oyundan bir gün öncə milli komandanın baş məşqçisi Berti Foqtsun səhhətində yaranmış kiçik problem kollektivə necə təsir göstərib? 
- Foqtsun səhhətində problem yaranıb? Düzü, mənim bundan xəbərim yoxdur. Bəlkə də, mənfi reaksiya yaradacağını bilib bizə xəbər etməyiblər. Amma fikrimcə, bu ciddi problem yaratmayacaq. İndi də düşərgəmizdə yaxşı əhval-ruhiyyə mövcuddur. 

- Bildiyimizə görə, Foqts bu oyunda sizə start heyətində şans verəcək. Tək hücumçu kimi çətin vəzifənin öhdəsindən gəlməyə hazırsınızmı? 
- Futbolçu hər zaman üzünə inanmalıdır. Məndə özünəinam hissi var və özümü bu görüş hazır sayıram. Ümidvaram ki, mənə bəslənilən etimadı doğruldacağam.

- Foqts son toplanışdan sonra milli komandadakı hücumçuların sayını artırıb. Əsas hücumçu olmaq üçün gedəcək rəqabətdən çəkinmirsiniz ki? 
- Hazırda komandada 3-4 sırf hücumçu var. Amma yarımmüdafiəçilərin də bəziləri forvard mövqeyində oynamağı bacarırlar. Fikrimcə, eyni mövqeyə bir neçə namizədin olması komanda və onun baş məşqçisi üçün üstünlükdür. Komandada nə qədər çox futbolçu olarsa, rəqabət də bir o qədər güclənər. Hər hansı bir futbolçu heyətə düşmək üçün daha çox çalışar. Mən bütün rəqiblərimə hörmətlə yanaşıram. Kim daha güclü olsa, sonda baş məşqçi onun xeyrinə seçim edəcək və ona güvənəcək.

- Belçika ilə oyundan sonra evdə nisbətən zəif Qazaxıstanı qonaq edəcəyik. Yəqin ki, Belçika ilə oyunda qazanılacaq nəticə həmin oyuna köklənməyə birbaşa təsir göstərəcək...
- İndi bu barədə danışmaq istəmirəm. Hər şeyi zamanın ixtiyarına buraxmaq lazımdır. 

- Siz adətən arxası rəqib qapıya vəziyyətdə topu qəbul etməyə çalışırsınız. Çox hallarda bu sizdə alınmır. Gələcəkdə oyun üslubunuzu dəyişmək barədə düşünürsünüzmü? 
- Düzü, oyundan, qurulan taktikadan asılı olaraq, üslubum dəyişir. Bəzi oyunlarda arxası qapıya, bəzi hallarda isə üzü qapıya oynayıram. Yəqin ki, bu gələcək oyunlarda da vəziyyətdən asılı olaraq dəyişəcək.

- İndiki vəziyyətdə milli komandanın və “Qarabağ”ın əsas hücumçusu sayılırsınız. Bu sizin üçün müsbət, yoxsa mənfi cəhətdir? 
- “Qarabağ”da məndən başqa daha bir neçə futbolçu hücum xəttində oynamağı bacarır. Hər iki yerdə üzərimə böyük məsuliyyət düşür. Mən həm millidə, həm də “Qarabağ”da bəslənilən ümidləri doğrultmağa çalışıram.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail