Qurban Qurbanov üçün tarixi şans

18.05.2015 | 4671 dəfə oxunub

Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev. Artıq bu sıraya Qurban Qurbanov da qoşuldu. Bu mütəxəssisləri birləşdirən məqam bəlkə də bir çoxlarınız üçün qaranlıq qaldı. Elə isə mən bunu aydınlaşdırım. Məhz bu 5 mütəxəssis ardıcıl 2 mövsüm Azərbaycan milli çempionatının qalibi olublar.

"Qarabağ" baş məşqçisinin adını tarixə yazdıra biləcək?

Siftə 1995/96 və 1996/97 mövsümlərində Tuayevlə “Neftçi”də gəlib. Sonrakı 2 mövsüm – 1997/98 və 1998/99-da Alalhverdiyevli “Kəpəz” çempion olub. Ardından 2 il dalbadal – 1999/00 və 2000/01 mövsümlərində qızıl medal növbəsi Mircavadovun rəhbərliyi altında “Şəmkir”in olub. Bundan sonra ardıcıl çempionluqlarda böyük fasilə yaranıb və ənənə yalnız 3 il öncə bərpa olunub. Bu, 2011/12 və 2012/13 mövsümlərində Hacıyevin başçılıq etdiyi “Neftçi”ylə həyata keçib. İndi isə Qurbanovlu “Qarabağ” son 2 mövsümün – 2013/14 və 2014/15-nin qalibidir.

Əslində, 2003/04 və 2004/05 mövsümlərində “Neftçi” ardıcıl çempionluqlar qazansa da da, bu, fərqli baş məşqçilərlə olub. Belə ki, əvvəlcə Tuayev, ardından Mircavadov çempion komandanın “sükanı arxası”nda olub. Elə çempion baş məşqçilər siyahısına da onlar başçılıq edilər. Ağasəlim müəllim hamıdan çox – 5 dəfə qızıl medal qazanan baş məşqçimizdir. 68 yaşlı mütəxəssisin ilk və son çempionluğu isə “Qarabağ” (1993) və “Xəzər Lənkəran”la (2006/07) olub. 75 yaşlı Kazbek Əliyeviç ilk dəfə 1993/94 mövsümündə “Turan”la çempion olub. Bundan sonrakı mövsüm – 1994/95-də Mehman müəllim ilk çempionluğunu “Kəpəz”lə qazanıb. Böyükağa müəllim isə çempionluq siftəsini 2005/06 mövsümündə “Bakı”yla edib.

Göründüyü kimi, 23-ci ildir keçirilən milli çempionatımızda mövsümlər üzrə bir sıra komandaların hegemonluğu olub. Yaxın keçmişdə bu, “Neftçi”ylə idisə, indi marafonu “Qarabağ” ələ keçirib. Premyer Liqamızın ardıcıl 3 dəfə qalibi olmağı yalnız “Neftçi” 2011-2014-cü illərdə bacarıb. Ancaq “Qarabağ” növbəti mövsümdə də çempion olarsa, ilk növbədə baş məşqçisinin adını tarixə yazdıracaq. Belə ki, 43 yaşlı Qurbanov ardıcıl 3 mövsüm çempionluğu qazanan ilk çalışdırıcı kimi milli çempionatımızın tarixinə düşəcək. Ağdam klubunun hazırkı gücünü nəzərə alsaq, Qurban müəllimin tarixi şansdan maksimum yararlanmaq imkanı çoxdur. Təsadüfi deyil ki, onun vaxtında “Qarabağ” mövsüm bitməmiş qızıl medalçı olmasını rəsmiləşdirir.

Həm futbolçu, həm də baş məşqçi kimi ardıcıl çempionluğu ilk qazanan

Qurbanov həmsoyadı – “Neftçi”də və millimizdə birgə oynadığı Mahmud Qurbanov kimi titullu olmasa da, yavaş-yavaş ona yaxınlaşır. Məlum olduğu kimi, “professop” ləqəbli Mahmud Qurbanov 16 titul – 11 çempionluq və 5 kubok qazanmaqla, ən titullu futbolçumuzdur. Ancaq 42 yaşlı keçmiş yarımmüdafiəçidə məşqçi kimi hələ ki titul yoxdur. Qurban Qurbanov isə futbolçu kimi 5 titul qazanıb. Bunlardan 4-ü çempionluq (1993/94 “Turan”la, 1996/97, 2003/04 və 2004/05 “Neftçi”ylə) və 1-i kubok (2003/04 “Neftçi”ylə) olub. Maraqlıdır ki, Qurban Qurbanov həm futbolçu, həm də baş məşqçi ardıcıl 2 mövsüm çempionluğu yaşayan ilk şəxs kimi tarixə düşdü. Özü də o, futbolçu vaxtında kapitan kimi çempion olub.

Artıq keçmiş hücumçunun hesabında 8 titul var. Qurban Qurbanovun məşqçi kimi ilk titulu “Qarabağ”da debüt mövsümündə - 2008/09-da ölkə kuboku olub. Yəni o, həmsoyadının titullarının yarısını hələ indi qazansa da, bu, artan templə davam edir. Qurban müəllim artıq iyunun 3-də titul sayını 9-a çatdıra bilər. Bunun üçün Qəbələdə keçiriləcək Azərbaycan kubokunun finalında keçmiş komandasını, məşqçi kimi debüt edtiyi “Neftçi”ni yenmək lazımdır. Ardıcıl çempion olmuş həmin 4 məşqçidən hər birinə mövsümü “qızıl dubl”la başa vurmaq nəsib olub.

“Qarabağ”ın kapitanı, Qurban və Mahmud Qurbanovlarla həm “Neftçi”də, həm də millidə birgə oynamış Rəşad Sadıqov da uzun fasilədən sonra çempionluqları sıralayır. 33 yaşlı müdafiəçi Qurbanovlarla birgə 2004 və 2005-ci illərdə “Neftçi”də qızıl medalçı olandan sonra düz 9 il titul üzünə həsrət qaldı. Nəhayət, ötən mövsüm “Qarabağ”la istəyinə çatan Rəşad çempionluqlarının sayını artıq 4-ə çatdırdı. Yəni o, hazırkı baş məşqçisi kimi futbolçu qismində eyni sayda çempionluq sevinci yaşayıb. Onların futbolçu kimi qazandıqları yeganə ölkə kuboku 2004-cü ildə “Neftçi”ylə olub. Ancaq Sadıqov “Neftçi”ylə qarşıdakı finalda qalib olarsa, həm “Qarabağ”la ilk kuboku (özü də kapitan kimi) başının üstünə qaldıracaq, həm də futbolçu kimi kubok sayında baş məşqçisini keçəcək.

Mehman Suleymanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail