Zeynal Məmmədov: "Başqa variantlar barədə düşünmək lazımdır"

10.09.2011 | 4966 dəfə oxunub

"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov klubun bazasının açılışına həsr olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, Məmmədov "zolaqlılar"ın əsas heyəti barədə danışıb.

- "Bakı" klubunun əsas komandası geridə qalan 4 tur ərzində qol vurmağı bacarmayıb. Bu barədə nə deyə bilərsiniz? 
- "Bakı" klubunun peşəkarlaşması yolunda biz ciddi addımlar atmaqdayıq. Dünən ölkə başçısı cənab İlham Əliyev bizim yeni təlim-məşq bazamızın açılış mərasimində iştirak etdi. Biz bu bazanı ərsəyə gətirmək üçün, ən azından 10-15 milyon manat vəsait xərcləmişik. Əlbəttə ki, bu bazanı yaxşı vəziyyətdə saxlamaq və işçiləri maaşla təmin etmək daha böyük vəsait tələb edir. Biz belə yeniliklər həyata keçirdiyimiz halda, əsas komandamızın zəif çıxışı bizə də mənfi təsir göstərir. Hamımız bu komandadan narazıyıq. Bəzi yerlərdə deyirlər ki, ay bu futbolçunu mən gətirmişəm, o biri futbolçunu baş məşqçi bəyənib. Bizdə belə termin yoxdur. Komandanın nəticələrinə baş məşqçi cavabdehdir. Odur ki, komandaya futbolçu gətirmək birbaşa baş məşqçinin işidir. 

- "Bakı"da bir onbirmetrlik cərimə zərbəsi sindiromu var. Sizcə, futbolçular niyə bu vəzifənin öhdəsindən gələ bilmirlər? 
- Sizə deyim ki, komandaya ən yüksək səviyyədə şərait yaradılıb. Yəni bizim komandada hər hansı bir futbolçu ilə bağlı problem yoxdur. Yəni hər birinə eyni səviyyədə diqqət və qayğı göstəririk. İnanıram ki, komandanın kiçik problemlərini tez bir zamanda aradan qaldıracağıq. Əgər bir qələbə qazanıb, tilsimi sındırsaq, davamı gələcək. Hər bir komandanın qara zolağa düşməsi normal haldır. İstənilən komanda bəzən zəif çıxış edir. Əsas məsələ, həmin vəziyyətdən tez bir zamanda qurtulmaqdır. Nə yaxşı ki, biz mövsümün ortasında deyil, başlanğıcda qara zolağa düşmüşük. Əgər bu hal ortalarda və ya sonda baş versəydi, onda daha ağır fəsadlara səbəb ola bilərdi.

- Bəlkə, "Bakı"nın əsas problemi baş məşqçi Aleksandr Starkovdur. Eyni zamanda Latviya millisinə də rəhbərlik edən mütəxəssisin "Bakı"ya vaxt ayırmaq imkanı məhduddur. Siz necə düşünürsünüz? 
- Bəli, "Bakı"nın baş məşqçisi Aleksandr Starkov eyni zamanda Latviya millisini də çalışdırır. Biz qışda onunla anlaşanda hələ milli komandası ilə müqaviləsi qüvvədə idi. Yəni biz bu vəziyyəti dərk edirdik. Onun böyük təcrübəsi var. Mənim fikrimcə, onun Latviya Futbol Federasiyası ilə müqaviləsi seçmə mərhələnin sonunda başa çatacaq. Məhz həmin dövrdə Starkovla oturub məsələni növbəti dəfə müzakirə edəcəyik.Daha doğrusu, həmin məsələyə Starkov baxacaq. Onun Latviya millisi ilə yeni müqavilə bağlamaq imkanı da var. Amma bizim klubda işləyə-işləyə hər hansı bir başqa millini çalışdırmasını istəmirik. Bizim Starkova ümidlərimiz var. Onu komandadan göndərmək barədə düşünmürük. O, Azərbaycandan gedəndə də öz proqramını köməkçilərinə verir. Məşqçilər korpusu da məhz onun göstərişlərinə əsasən hərəkət edirlər. 

- Artıq uzun müddətdir ki, "Bakı" klubuna azərbaycanlı məşqçi rəhbərlik etmir. Bunun adını inamsızlıq qoymaq olar? 
- Məncə, inamsızlıqdan söhbət belə gedə bilməz. "Bakı" klubu hər bir yeni məşqçiyə böyük ehtiram göstərir. "Bakı" hər zaman yeniliklər barədə düşünən və inkişafa can atan komandadır. Əgər inkişaf etmək istəyiriksə, nəsə başqa variantlar barədə düşünmək lazımdır. Yerli məşqçilər əcnəbilərdən nəsə yeni-yeni terminlər də öyrnə bilərlər.

- Razılaşaq ki, bu təcrübə heç də uğurlu alınmayıb...
- Mən belə fikirləşmirəm. Futbol sürprizlərlə doludur. "Bakı" həm yerli məşqçiyə, həm də əcnəbi məşqçiyə etimad göstərib. Biz həm yerli, həm də əcnəbi mütəxəssislə ölkə kubokunu, eləcə də ölkə çempionluğunu qazanmışıq. İndiki vəziyyətdə əcnəbi mütəxəssislə əməkdaşlığı üstün tuturuq.

- Heyəti də tez-tez dəyişmək uğursuz nəticə üçün zəmin formalaşdırır. "Bakı" sabit heyət qurmaq niyyətində deyil? 
- Əlbəttə ki, biz bunun tərəfdarıyıq. Bəli, heyəti tez-tez dəyişmək işimizi çətinləşdirir. Sabit heyət qurmaq üçün ilk növbədə baza lazımdır. Çünki sabit heyət qurmaq üçün çox sayda yerli futbolçuya ehtiyac var. İnşallah, biz heyətimizdə yerli oyunçuların sayını günü-gündən çoxaldacağıq. 

- Jaba "Bakı"nın hücum xəttində olan problemlərə görə qayıtdı, yoxsa onu məcburən komandaya cəlb etdiniz? 
- FİFA bu futbolçunun oynamasına qadağa qoymuşdu. Bizimlə onun arasında heç bir problem olmayıb. Gedib FİFA ilə problemini yoluna qoydu və biz bu məsələdə ona hər hansı bir maddi dayaq olmadıq. Çünki bu bizim deyil, sırf futbolçunun özünə aid olan problem idi. Bizimlə müqaviləsi olduğuna görə, komandaya qayıdıb. Amma o, hazırda əsas komandada çıxış etməyə hazır deyil. Jaba öz səhlənkarlığı ucbatından 2 aydan çox bir müddəti boşa verib. Ona şans vermişik ki, formasını bərpa etdin və özünü göstərsin. Əvvəlki formasını bərpa etməyənə qədər, əsas heyətin üzvü sayılmayacaq. Onu Azərbaycanda uşaqdan böyüyə hamı tanıyır. Bəzən şıltaq hərəkətləri ilə gündəmə gələn futbolçu bir də belə etməyəcəyi ilə bağlı bizə söz verib. 

- "Böyük Bakı 2012"-nin tələbləri tam olaraq yerinə yetirilibmi? 
- Yalnız əsas komandaya aid olan hissəsi qalıb. İnşallah, gələn ilə Avrokuboklar zonasına düşüb, orada qrup mərhələsinə vəsiqə qazanmaqla bunun da öhdəsindən gələ bilərik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail