Tuyqun Nadirov: "Biz İdman Arbitraj Məhkəməsininqərarını gözləyirik" - MÜSAHİBƏ

13.07.2015 | 3679 dəfə oxunub

"Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov müsahibəsini təqdime dirik:

- "Xəzər Lənkəran"ın yay hazırlığında vəziyyət necədir?


- "Xəzər Lənkəran" hər mövsüm iddialı olur. Bu mövsüm də belədir və iddiaya uyğun da hazırlıq prosesinə başlanılıb. Müxtəlif transferlər həyata keçirilir. Təbii ki, bugünkü reallıqda FİFA tərəfindən "transfer pəncərəsi" qadağası var. Ona görə də işlərimizi qanun çərçivəsində qurmağa çalışırıq və gələcək heyətin formalaşması da buna uyğun aparılır. Futbolçu ilə bir neçə ay əvvəl də razılığa gəlib, anlaşa bilərsən. Ancaq heyətdə nə vaxt çıxış edəcək, oynayacaq, onu zaman göstərəcək. Ali futbol təşkilatlarının çıxaracağı qərarlara uyğun hərəkət edəcəyik. Komanda yeni mövsümə var gücü ilə hazırlaşır. Komandaya, məşqçilərə rəhbərlik tərəfindən tam dəstək verilir.

- Transfer qadağası ilə bağlı bu yaxınlarda bir hadisə oldu. Arda Turan "Barselona"ya keçdi, ancaq kluba transfer qadağası qoyulduğundan, 6 ay rəsmi oyunlarda çıxış edə bilməyəcək. Bu müddətdə Ardanı icarəyə də vermək mümkündür. "Barselona" variantı "Xəzər Lənkəran" üçün presedent ola bilərmi?

- "Keçdi" demək bir az düz çıxmır. Çünki transfer pəncərəsinə qadağa qoyulub. Hər bir futbolçu klubla müqavilə bağlaya bilər. Qadağanın bəlli bir başlama və bitmə müddəti var. Biz bu gün hər hansı futbolçu ilə anlaşırıqsa, o, heç bir qanuna zidd deyil. Onu heyətə salıb, adını sifariş ərizəsinə daxil edirsənsə, lisenziya alırsansa, bu, problem olur.

- Yəni 6 aydan sonra həmin futbolçunu siz də heyətdə oynada bilərsiniz?

- İlk növbədə, biz İdman Arbitraj Məhkəməsinin (CAS - red.) qərarını gözləyirik. O qərardan sonra biz müvafiq addımlar atacağıq. Yekun qərar hələ uzadılır. Proses bitməyib. Səhv etmirəmsə, avqustun 1-dək yekun qərar verilməlidir. Ya haqlı olduğumuz sübuta yetiriləcək, ya da FİFA-nın qərarı qüvvədə saxlanılacaq və biz ona riayət edəcəyik. Hər halda klub olaraq özümüzü bu məsələdə haqlı hesab edirik. Çünki "Barselona" və digər sanksiya tətbiq olunan klubların günahı FİFA tərəfindən sübuta yetirilib, onlar cərimələniblər. Ancaq bizim situasiyada FİFA məhkəməsini qazanmağımıza baxmayaraq, klubumuza sanksiya verilib. Klub olaraq futbolçunun bizə qarşı qaldırdığı məsələdən qalib ayrılmışıq. Ancaq ümumilikdə Azərbaycandan gedən şikayətlərin çoxluğunu, söhbət təkcə "Xəzər Lənkəran"dan getmir, nəzərə alaraq, sanksiya verilib. Bu da bir az məntiqsiz, əsassız qərardır. Amma FİFA-nın verdiyi qərara hörmətlə yanaşır və hazırda CAS-ın qərarını gözləyirik.

- Dediniz ki, Azərbaycandan çoxsaylı şikayət gedib. Nə vaxtdan başlayıb bu şikayətlər?

- Bilirsiniz, bu, nə vaxt başlama söhbəti deyil. Əslində biz Klublar Komitəsində bununla bağlı geniş müzakirələr aparmışıq. Məhkəmə orqanları bir neçə pilləli olur. Məsələn, Azərbaycanda 1-ci instansiya, Arbitraj məhkəməsi və Ali Məhkəmə fəaliyyət göstərir. Ancaq bir proses bir neçə pilləli olanda müəyyən mərhələlərdə məsələlərə aydınlıq gəlir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda hər hansı klubla futbolçu arasında problem olduqda, məsələyə dərhal FİFA-da baxılır. Sizi əmin edirəm ki, əslində bu, belə olmamalıdır. Bu məsələyə ilk növbədə AFFA-da Oyunçuların Statusu və Transferi Komitəsində baxılmalıdır ki, oraya da hamımızın çox hörmət etdiyi peşəkar hüquqşünas Rəmiş Malıyev rəhbərlik edir. Biz bunu Klublar Komitəsində geniş müzakirə etdik və federasiya tərəfindən də dəstəkləndi ki, Rəmiş müəllim başda olmaqla Komitənin fəaliyyətini bir az canlandırmaq, genişləndirmək, qərarının kəsərliliyini artırmaq lazımdır. Yəni klubdan, oyunçudan asılı olmayaraq, qərarlar qəbul olunmalıdır. Belə deyək, ailə daxilindəki istənilən davaya kənarda baxırıq. Bu, düzgün deyil. Tutaq ki, 50 mübahisəli məsələ varsa, buna ilk növbədə, AFFA daxilindəki müvafiq komitədə baxılacaq və uzağı 5-10-u FİFA-ya gedib çıxacaq. Ancaq indiki halda 50-si də gedir. Nəticədə belə fikir yaranır ki, Azərbaycanda futbolçu və klub arasında olan mübahisəli məsələlərin sayı çoxdur. Əslində isə bu, belə deyil. Son 10 ilin statistikasını götürsək, Azərbaycandan FİFA-ya o qədər də şikayət getməyib. Çünki klublarımız çalışıblar ki, həm də mentalitet baxımından istər yerli, istərsə də əcnəbi futbolçuları razı salsınlar, heç kim narazı olmasın. Tək "Xəzər Lənkəran" deyil, Azərbaycanın başqa klubları da bu problemlərlə üzləşir, cərimə və sanksiyalara məruz qalırlar. Təbii ki, iş olan yerdə problem olmalıdır. "Xəzər Lənkəran" Azərbaycanda ilk dəfə əcnəbi futbolçudan şikayət edərək, işi udmuş klubdur. 2006-cı ilə qədər heç bir klubumuz əcnəbi futbolçu haqqında FİFA-ya şikayət edib onu cəriməyə məruz qoymamışdı. Bizim o vaxtlar Xorxe Dias adlı futbolçumuz vardı. O, komandanın düşərgəsini icazəsi tərk etdiyi üçün şikayət edib, qalib gəlmişdik. Mənə AFFA rəsmiləri demişdi ki, əvvəllər belə hal olmamışdı. Yəni, əcnəbilər 10 şikayət verirdilərsə, hamısında qalib gəlirdilər. O ki, qaldı klub şikayət etsin və qazansın, bunu ilk dəfə biz etmişik. Bir çox mübahisələr olur. Haqlı və haqsız qərarlar çıxarılır. Bilirsiniz, bir vaxt 6 xalımız silinmişdi. Amma "Xəzər Lənkəran" öz peşəkar əməkdaşlarının hesabına haqlı olduqlarını sübut edib həmin xalları qaytarmışdı. İnşallah, bu dəfə də ədalətli qərar çıxacaq. Yenə deyirəm: Biz günahkar olsaydıq və FİFA bizi təqsirkar çıxarıb qərar versəydi, bu, hardasa başa düşülən idi. Amma qərar çıxır ki, biz haqlıyıq, sonra sanksiya verilir. Bunu da Veldin Muharremoviçin baxışa gəlib qayıtması səbəbindən veriblər. Klubumuza qarşı 100 minlik iddia qaldırılıb. FİFA-da deyib ki, heç bir müqavilə yoxdur, buna görə pul tələb etməyə haqqın çatmır.

- Bundan sonra da hansısa klubdan şikayət olsa, Azərbaycandan gedən çoxsaylı şikayətləri nəzərə alıb yenə futbolçunun xeyrinə qərar çıxaracaqlar? Yəni, "İnter", Simurq", "Bakı"dan gedən legionerlərin şikayətləri ilə hər 3 kluba qarşı çıxarılacaq qərarlar artıq indidən məlumdur?

- Mən də bunu deyirəm. Baxmamalıyıq ki, bu iş "Xəzər Lənkəran"ın başına gəlib. Fərqi yoxdur, hər hansı Azərbaycan klubu haqda belə bir mübahisəli məsələ qaldırılırsa, çalışmalıyıq ki, bu problemləri, ilk növbədə, federasiya səviyyəsində baxılsın. Biz bu məsələni qaldırmışıq və baş katib, federasiya rəhbərliyi də dəstəkləyib. Elə bilirəm ki, ilin sonunadək Oyunçuların Statusu və Transferi Komitəsi daha geniş şəkildə fəaliyyət göstərəcək. Birinci növbədə bu məsələlərə orada baxılacaq. Sonra narazı olan olacaqsa, FİFA-ya müraciət edəcək. Yoxsa kimin-kiminlə nə problemi olursa, qaçır FİFA-ya şikayət edir.

- Axı futbolçu şikayət etməkdə sərbəstdir. Kimə istəyirsə, ona da şikayət edə bilər...

- Bundan sonra futbolçularla bağlanılan müqavilədə belə bir bənd olacaq ki, bütün problemləri, ilk növbədə, AFFA-nın müvafiq komitəsində baxılsın.

- AFFA-da Oyunçuların Statusu və Transferi Komitəsi neçə ildir ki, fəaliyyət göstərir...

- Geniş şəkildə fəaliyyət göstərməlidir. FİFA-nın konkret tələbləri var. Minimum standartlar mövcuddur ki, onlara əməl olunmalıdır. Biz buna qlobal baxmalıyıq, yalnız "Xəzər Lənkəran" olaraq yox. Mətbuatdan oxuyuruq ki, Azərbaycan klublarına cərimələr gəlir. Amma, bu normal bir şeydir. Heç kim deyə bilməz ki, iddialı kluba qarşı məhkəmə qurulmur. Belə deyilsə, onda o klub fəaliyyət göstərmir. Bu cür hallar "Barselona", "Real Madrid", "Fənərbağça" kimi klublarda da olur. İş olan yerdə belə şeylər olur. Derbi oyununda sarı vərəqə, qırmızı vərəqə olmadısa, demək o maraqsız oyundur, mübarizə yoxdur. Bu da belə bir şeydir.

- Ötən mövsümün ortalarından fəaliyyətə başlayan Klublar Komitəsinin işini necə dəyərləndirirsiniz?

- Komitənin mövsüm üzrə yekun iclası olub. Elə düşünürəm ki, komitəmizin fəaliyyətini müsbət dəyərləndirmək olar. Çünki bu müddət ərzində elə bir məsələlər oldu ki, klublar həmrəylik göstərdi, müzakirələr aparıb qərar qəbul etdilər. Bu qərarların yekun forma almasına və qəbuluna hər bir klub töhfəsini verdi. Bəzi qərarlarımız var ki, AFFA-nın İcraiyyə Komityəsi tərəfindən təsdiqləndi. Bu da o deməkdir ki, Klublar Komitəsi simvolik təşkilat deyil və onun çıxardığı qərarlar artıq qanuni qüvvəyə minir. Artıq bu qərarlar futbolda tətbiq olunur və hüquqi statusludur. Yəni, sadəcə, klublar yığışıb hər ay boş-boş müzakirələr aparmırlar. Təbii ki, klublar məni sədr seçməklə üzərimə məsuliyyət qoyublar. İndi mən həm öz klubumu, həm də bütün klubları təmsil etməliyəm. Müəyyən məsələlərdə, sənədlərin hazırlanmasında AFFA-nın müvafiq qurumları bizə kömək edirlər. Problem çoxdur, amma onların içərisindən ən önəmlilərini üzə çıxarmalıyıq. Bununla məşğul olmalıyıq ki, həll olunsun. Bu gün çox sayda problem var. O vaxtlar mən deyəndə ki, klublar tərəfindən qaldırılmış 30-dan artıq məsələ var, hamı məəttəl qaldı. Elə məsələlər var ki, heç onu müzakirəyə çıxartmağa dəyməz. Ancaq bəzi məsələlər var ki, mütləq müzakirə olunmalı və çıxış yolu 
tapılmalıdır.

- Hansı məsələləri nəzərdə tutursunuz?

- Bunlardan biri klubların cərimə sansksiyalarıdır. Əcnəbi futbolçu gəlir. Bəllli olur ki, o, gün keçirib pulunu qazanmaq və 6 aydan sonra çıxıb getmək istəyir. Klub məcburdur ki, onunla əmək müqaviləsini pozsun. Bu da hər hansı bir formada qanun çərçivəsində həll olunmalıdır. Ya da hər hansı əcnəbi şirkətlə klub pərakəndə şəkildə müqavilə imzalayır. Həmin şirkətini bir klub 5 manata alırsa, digəri 15 manata alır. Amma klublara eyni malı satır. Klublar da həmrəy olub birgə iş görməlidirlər ki, hamıya 5 manat olsun. Hətta biz onu elə etmişik ki, 3 manata salaq. Yəni, hamı eyni məbləğ ödəsin. Burada həm maddi, həm də strateji məsələlərdə komitəmizin rolu var. Sonuncu iclasda gənc oyunçuların yetişdirilmə haqqı ilə bağlı qərar qəbul etdik ki, federasiya rəhbərliyinə, AFFA İcraiyyə Komitəsinə müraciət edək. Bu gün hər bir futbol klubu Premyer Liqa və avrokuboklarda çıxış etmək üçün lisenziya alır. Həmin lisenziyanın ən vacib tələblərindən biri klubda Futbol Akademiyasının fəaliyyət göstərməsi, onun müvafiq yaş qruplarıdır. Bizim əsas məqsədimiz nədir? O futbolçular akademiyada yetişdikdən sonra əsas heyətə düşə bilsin. Düşə bilməyən futbolçular, daha perspektivli futbolçuları isə klub satıb, vəsait əldə etsin. Əfsuslar olsun ki, bu, Azərbaycan klublarında o qədər də inkişaf etməyib. Bu gün istər "Xəzər Lənkəran", istərsə digər klublarımız olsun, heç kim həmin futbolçulara görə heç nə ödəmir. Çünki sistem yoxdur. Valideyni gəlib deyir ki, mən uşağı komandadan çıxarıram, nə deyəsən? Amma hər yerdə FİFA-nın bununla bağlı sənədləri var. Hətta qonşu Türkiyə, Rusiyada da bu işlər hüquqi sənədlər əsasında görülür. Hamımız çalışmalıyıq ki, klubların və onların sponsorları maraqları olsun ki, həmin klubda oyunçu yetişsin. Bilsin ki, 5 oyunçunun 3-dən nəsə qazanacaq, ona yatırdığı sərmayə batmayacaq.

- Klublar Komitəsinin gündəmində olan bir məsələ də yayımla bağlı idi. Bu iş necə oldu?

- Çalışmalıyıq ki, Azərbaycan futbolundan pulsuz yayım söhbəti yığışdırılsın. Azərbaycan futbolunda klubun istehsal etdiyi məhsul onun futboludur. Düzdür, bu, tamaşaçıya çatdırılmalıdır. Amma çatdıran orqanlar bu işi pulsuz götürüb etməsinlər. Mən hansı media və ya mətbu orqanda pulsuz reklam yerləşdirə bilərəm? Təbii ki, heç birində. Hansısa məbləğdə vəsait ödəməliyəm. O zaman futbol klubu öz məhsulunu niyə pulsuz verməlidir? Bu, Azərbaycan futbolunun böyük bir bəlası, xəstəliyidir. Əfsuslar olsun ki, bu məsələ hələ həll olunmayıb. Mütləq həll olunmalıdır. Klublarla ortaq məxrəcə gəlindi ki, ya yayıma görə kanallar tərəfindən müəyyən vəsait ödəniləcək, ya da klub alternativ variant axtaracaq. Necə ki, biz öz internet televiziyamız vasitəsilə komandanın oyununu tamaşaçıya çatdırırıq. Təbii ki, bu, bizi də qane eləmir. Bizə də maraqlıdır ki, tamaşıçı komandasının oyununu televiziyadan izləsin. Amma bu gün futbolun qaydalarına meydanda necə riayət ediriksə, o cür də bu məsələni həll etməliyik və çalışmalıyıq ki, elə bu gündən təməlini qoyaq. Mən demirəm yayımdan komandalara külli miqdarda vəsait gəlməlidir. Ancaq yayım hüququnu pulsuz vermək söhbəti yığışdırılmalıdır. Klub hiss etməlidir ki, komandanın oyununun yayımlanmasına görə, müəyyən vəsait əldə etdim.

- Klublar vəsait əldə edə bilirlər?

- "Xəzər Lənkəran" fəaliyyət göstərəndən biz stadionda bilet satmışıq. Baha, ya ucuz, əsas odur ki, satmışıq və azarkeş gəlib. Bütün Azərbaycan klubları buna riayət etməlidir. Azarkeşi stadiona havayı buraxmaq o demək deyil ki, sənin oyununa azarkeş gələcək. Deməli, oyunun dəyərsizdir ki, azarkeşləri pulsuz buraxırsan. Bu da ciddi məsələdir. Futbol klublarının gələcəyi, yaşaması naminə insanları buna öyrəşdirmək lazımdır. İndiyədək bir çox klubumuz tarixin yaddaşına köçüb. Amma həmin klubların maddi gəliri olsaydı, bəlkə də onlar indi fəaliyyət göstərərdi. Müəyyən bir vəsait olsa, başqa cür olar. Klub 100% sponsordan asılı olmamalıdır. Yəni, müəyyən vəsait qazanmalıdır. Onun xərclədiyi pulun müəyyən faizi normal vasitələrdən qazanılmalıdır. Bu da biletlər, klubun stadionun kənarında yerləşən kommersiya obyektlərindən və s. kimi yerlərdən qazanılır. İngiltərənin 4-cü liqasında çıxış edən komandaya baxırsan. O, nəyin hesabına fəaliyyət göstərir? Klubun ərazisində yerləşən, fitnes, bilyard klubunun, restoranın hesabına gəlir əldə edir. Həmin icarə yerlərindən vəsait əldə edir. Təbii ki, forma satışı da öz yerində olmalıdır. Hesab edirəm ki, "Xəzər Lənkəran" kommersiya məsələsində Azərbaycanda ən öndə gedən klubdur. İstər bilet satışı, istərsə də reklam bannerlərinin yerləşdirilməsinə görə bunu demək olar. İndi mən o biri klubların reklamlarını deyə bilmərəm. Düzdür, hər bir klub istəyər ki, azarkeşdən maksimum dərəcədə gəlir əldə etsin. Artıq bizim 6-7 ildir ki, fan-şopumuz fəaliyyət göstərir. Bu mövsüm Bakıda də mağaza açmağı planlaşdırırıq. Bu, hansısa ticarət obyektlərinin birində fəaliyyət göstərə bilər ki, paytaxtdakı azarkeşlər həmin mağazalardan klubun müəyyən aksesuarlarını əldə edə bilsinlər. Bu gün maddi çətinliyin əsas səbəbi də budur. Klub necə yeni oyunçu, yeni avtobus alır, baza, stadion tikirsə, eyni zamanda da gələcəyə hesablanmış sərmayələri olmalıdır.

- Sizcə, növbəti mövsüm Premyer Liqaya 10 komanda ilə başlamaq mümkün olacaq?

- Sevindirici haldır ki, AFFA rəhbərliyi, başda Rövnəq Abdullayev olmaqla, klubları problemləri ilə tək qoymur. İstər "Bakı" klubu olsun, istərsə də başqası. Əfran İsmayılovla Rauf Əliyevi gətirəndə "Bakı"nın müəyyən cərimələri vardı ki, biz ödədik. Ona görə yox ki, biz xeyriyyəçiyik. Burada təşəbbüs AFFA-dan gəlmişdi. Biz də klublar olaraq çətinlikdə olanlara kömək etməyə çalışdıq. Mətbuatdan tanış oldum ki, "Sİmurq" klubuna da federasiyadan dəstək var. Bu da sevindirici haldır. Hesab edirəm ki, AFFA-nın verdiyi ən böyük tövhə, Azərbaycan futbolunu yaşatdıran amil AFFA-nın çətinlikdə olan klubların yanında olmasıdır. Yəni o futbol klublarını yaşatdırırlar, onları çökməyə qoymurlar. Növbəti çempionatda hər bir klub ürəklə hazırlaşmalıdır və çıxış etməlidir. Düşünürəm ki, hər şey yaxşı olacaq.

- Yeni Dövlət Proqramının hazırlandığı və orada klublara yardımın nəzərdə tutulduğu haqda xəbərlər var. Bir neçə klubdan da məsələ ilə bağlı məlumatlar daxil olub...

- Yardımla bağlı daha çox AFFA rəhbərliyi məlumat verə bilər. Klublar Komitəsi olaraq bir neçə ay bundan əvvəl bu mövzuda müzakirələr aparmışıq. Ya klublara vəsait buraxan qurumlara hər hansı bir dövlət qayğısı olsun, təbii ki, qanun çərçivəsində, yaxud da hər hansı formada dövlət hesabına klublara vəsait ayrılsın ki, klub bir il ərzində normal çıxış etsin, rəqabət bərabər şəraitdə aparılsın. Bu təkliflə AFFA rəhbərliyi qarşısında çıxış etmişdik və onlar da bunu çox müsbət qarşılamışdılar. Bu məsələlər klub yox, federasiya, Gənclər və İdman Nazirliyi, dövlət orqanları səviyyəsində müzakirə olunur. İstərdik ki, yaxşı olsun. Klublaırn stabil olması müəyyən minimum vəsait lazımdır. Yoxsa sponsorun vəziyyətindən asılı olaraq futbol klubunda vəziyyətin dəyişməsi müsbət hal deyil.

- Növbəti mövsüm üçün yəqin ki. çempionata da yeni sponsor tapılmalıdır. Artıq "Topaz"la müqavilə başa çatıb.

- Bu işlə Peşəkar Futbol Liqası, AFFA məşğul olur. Biz Klublar Komitəsi olaraq, narazı idik ki, "Topaz" klubların adından istifadə edərək, mərc oyunları təşkil edir. Təbii ki, söhbət yerli klublardan gedir. Yaxud "Topaz" çempionatın sponsoru idi, ancaq buradan klublara heç nə çatmırdı. Bu istiqamətdə müəyyən işlər görülür. Vaxt gələcək, bunlar açıqlanacaq. Elə bilirəm ki, sponsordan asılı olmayaraq bu gün federasiya da çalışır, əməklərinin bəhrəsini biz hiss edəcəyik. Çünki dediyim məsələr ki, var, istər "Topaz", istər yayım olsun, oradan müəyyən vəsait klublarlara daxil olmalıdır. Bir də digər bir məsələ əcnəbi futbolçuların çempionat qabağı sifariş puludur. Ümumiyyətlə, çalışmaq lazımdır ki, klublardan alınan pul azaldılsın. Klublara şərait yaratmaq lazımdır ki, yaxşı mütəxəssislər gətirilsin, oyunçular dəvət olunsun. Üzvlük haqqı başqa şeydir. Amma əcnəbi futbolçuya görə müəyyən qədər pul ödənilmə məsələsi klublar tərəfindən birmənalı qarşılanmır. Biz də hər şeyi başa düşürük. Ona görə, Klublar Komitəsində 3-cü məsələ o idi ki, ya əcnəbi futbolçuya görə ümumiyyətlə üzvlük haqqı olmasın, yaxud da üzvlük haqqı varsa, müəyyən şərtlər əsasında olsun. Məsələn, 3 futbolçudan çox gətirilərsə, o zaman rüsum ödənilsin və ya uzun müddət Azərbaycanda çıxış edirsə, onun qiyməti aşağı düşsün. Milli komandanın üzvüdürsə, gənc futbolçudursa, bunlar hamısı nəzərə alınsın. Ya bu formada olsun, ya da bunlar üzvlük haqqı yığışdırılsın.

- Bu məsələyə yəqin mövsüm qabağı iclas keçiriləndə baxılacaq?

- Biz məsələni qaldırmışıq. Bizim üçün əsas 3 məsələdir və son iclasda qərar qəbul etmişik. Bunlar teleyayım, gənc futbolçuların yetişdirilməsi və üzvlük haqqı məsələləridir. Bu, Klublar Komitəsinin ən son baxdığı və yekdilliklə qəbul etdiyi məsələlərdir. Çempionat vaxtı da digər aktual məsələlər yeni üzvlərimizin iştirakı ilə müzakirə olunacaq və müvafiq qərarlar qəbul olunacaq. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail