AFFA-nın uğursuz layihələri və ya layihə altında havaya sovrulan milyonlar YAZI

08.09.2015 | 3340 dəfə oxunub

2008-ci ildən sonra AFFA-da rəhbərliyi ələ alan şəxslər çox çalışsalar da, futbolumuza ciddi heç bir uğur qazandıra bilmədilər. Geridə qalan 8 il ərzində, xüsusilə də Elxan Məmmədovun baş katib postuna gətirilməsindən sonra futbolun inkişafı adı ilə bir sıra layihələr həyata keçirilsə də, təəssüflə qeyd etməliyik ki, bu layihələrin heç biri özünü doğrultmadı. Nə bölgələrdə futbol inkişaf etdi, nə Avropaya layiqli futbolçu göndərə bildik, nə də milli səviyyəsində ciddi uğurumuz oldu. Əvəzində dövlətin milyonlarla manatı havaya sovruldu. Daha doğrusu, futbolumuz üçün nəzərdə tutulan həmin pullar əslində bir qrup insan üçün əməlli-başlı qazanc oldu. Bu yazımızda məhz həmin layihələrdən söz açacağıq. Çünki son zamanlar baş verən bəzi hadisələr mövzunu bizim üçün aktualladırır. Məsələn, AFFA-nın orqanı olan “Futbol dünyası" qəzeti demək olar ki, bağlanıb. “Elit məşq layihəsi" də dayandırılıb. Bundan başqa, AFFA-nın xətti ilə ölkəmizə gətirilən və zorla idman direktoru kimi klublarımıza sırınan məşqçilərin də ilin sonunda vətənlərinə göndəriləcəyi deyilir. Həmin pula komanda saxlamaq olar
 
Bu yaxınlarda məlum oldu ki, AFFA öz mətbu orqanı olan “Futbol dünyası" qəzetininin fəaliyyətini dayandırıb. Daha doğrusu, həftədə 3 dəfə nəşr olunan qəzet bundan sonra həftədə 1 dəfə, daha çox broşüra formasında işıq üzü görəcək. Bunun özü də elə bağlanmağa bərabərdi. Mətbuatda bu haqda da müəyyən məlumatlar və versiyalar getdi. Böyük əksəriyyət qəzetin fəaliyyətini dayandırmasını federasiyadakı maddi sıxıntıyla əlaqələndirdi. Lakin əldə etdiyimiz məlumata görə, qəzetin bağlanması imkansızlıqla bağlı deyil. Demə, “Futbol dünyası" 2005-15-ci illər futbolun inkişafına dair dövlət proqramının tərkib hissəsi olaraq işıq üzü görürdü. 2015-ci ildə dövlət proqramı başa çatdığı üçün qəzetin də fəaliyyətinə xitam verildi. Əslində, AFFA-nın ikinci dəfə hazırlayaraq hökumətə təqdim etdiyi növbəti dövlət proqramında qəzetlə bağlı da bənd var idi. Lakin hökumət təqdim olunan ikinci dövlət proqramını qəbul etməyərək geri göndərib. Mətbuata sızan informasiyalara görə, hökumət ilk olaraq birinci dövlət proqramının hesabatını AFFA-dan tələb edəcək. Məntiqlə AFFA xərclədiyi milyonların hesabatını verməlidir. Məsələn, təkcə haqqında söhbət açdığımız “Futbol dünyası" üçün hər il büdcədən 200 min manatdan çox vəsait ayrılırdı. Ötən il bu rəqəm 216 147 manat idi. Bir qəzet üçün bilirsiniz bu nə deməkdir? Absurd rəqəm. Böləndə hər aya 20 min manata yaxın pul eləyir. Bu pula, I Divizionda komanda saxlamaq mümkündür. Misal üçün, “Şuşa Qarabağ"ın aylıq büdcəsi 12 min manat idi. “Göyəzən", “Energetik", MOİK kimi komandalar ayda 12 mini heç yuxularında da görmürlər. Amma AFFA bu qədər pula qəzet çıxardırdı. İkincisi, bunu hər kəs bilir ki, “Futbol dünyası" böyük tirajlı qəzet də deyildi. Onun səhifələrində qeyri-adi heç nə yox idi. Nə dizayn, nə də məsul olaraq. Bildiyimiz qədəriylə orada çalışan həmkarlarımız da bu büdcənin qarşılığında qəpik-quruş qazanırdı. Yalnız AFFA-nın olmayan “uğurları"nı işıqlandırılırdı ki, nəticədə digər idman nəşrləri ilə rəqabət olmurdu. Elə isə 216 min manat buna görə xərclənib? “Futbol dünyası" nə futbolumuza, nə də mətbuatımıza heç bir ciddi fayda gətirmədi. Amma əvəzində hər il yüz minlərlə pul havaya sovruldu.
 
Hələ ötən ilin martında AFFA 2013-cü ilin yekunları ilə bağlı illik hesabat verəndə “Futbol dünyası"na ayrılan vəsaitlə bağlı araşdırma aparmışdıq. Mətbu orqanın baş redaktoru Mikayıl Nərimanoğlu həmin vəsaitin böyük bir hissəsinin əməkdaşların ezamiyyə xərclərinə sərf olunduğunu bildirmişdi. Məntiqli cavab deyildi. Əməkdaşların ezamiyyə xərcləri başqa xərclərdə də göstərilə bilərdi. Digər tərəfdən qəzetin o vaxtkı saylarının əksəriyyətində tiraj göstərilmirdi. Bu isə o anlama gəlirdi ki, real tiraj sənədləşdirilən tirajdan az ola bilərdi. Belədə mətbəəyə ödənilən vəsait sənədləşdirilən tirajla hesablana bilərdi ki, artıq ödənilən məbləğin sonradan geri qaytarılması variantı ortaya çıxırdı. Doğrudur, o vaxt Mikayıl müəllim bu versiyanı təkzib etmişdi və ortaya fakt qoymağımızı istəmişdi. Təəssüf ki, faktımız yox idi. Əgər olsaydı... Nə isə. Maraq üçün həftəlik 16 səhifə qəzet nəşr etmək üçün 100 min civarında vəsaitin lazım olduğunu deyə bilərik. Həmin qəzetin əməkdaşlarının, tirajının və məvaciblərin "Futbol dünyası"ndakından çox olduğu halda belə.
 
"Elit məşq layihəsi"
 
AFFA-nın ləğv olunan daha bir uğursuz layihəsi də “Elit məşq layihəsi"di. Bu layihəni yaratmaqda məqsəd nə idi? Azərbaycanın bölgələrində istedadlı uşaqları bir yerə toplayıb onlara məşq keçmək, özünü ən yaxşı tərəfdən göstərənləri nəzarətdə saxlamaq. Həmin məşqləri də AFFA-nın kateqoriya verib təyin etdiyi məşqçilər aparırdı. Ortaya sual çıxır - əgər layihə vacib və faydalı idisə, nəyə görə onu dayandırdılar? Yox, faydasız bir layihə idisə, o zaman niyə buna start verib bu qədər pul xərcləyirdilər? Maraq üçün deyək ki, AFFA məhz bu layihəyə keçən il büdcədən 306 883 manat pul ayırmışdı. Görək “Elit məşq layihəsi" 1 ildə ölkə futboluna 300 000-lik hansı faydanı verdi? Hanı tapılıb ortaya çıxarılan istedadlar? “Elit məşq layihəsi"ndən çıxan hanşı futbolçu oldu ki, biz onu gələcəkdə Avropaya təqdim edə biləcəyik?
 
Ayda ildə bir dəfə hansısa stadionda 20-30 uşağı yığıb “fişka"ların başına fırlatmaqla istedad kəşf etmək olur?
Bu “dahi" ideyanın müəllifi kim olub görəsən? Yox, əgər bu tip layihələr fayda verirsə, o zaman niyə hətta U-15 millimizə də legioner futbolçular cəlb olunur? Görünən budur ki, federasiya sadəcə, bəzi işsiz məşqçiləri bu layihəyə cəlb etməklə belə bir görüntü yaradıb ki, guya heç kim onların diqqətindən kənarda qalmır. Bundan başqa, arada bəzi uşaq məşqçilərinə AFFA-nın anbarında pas atan forma və topları verməklə onların gözündə qayğıkeş imici yaradıldı. Halbuki hər bir layihənin başında uğurlu strategiya olmalı və həmin layihə işlədikcə xeyir gətirməlidir. Axırı nə oldu? Niyə bir vaxtlar bəh-bəhlə ictimaiyyətə sırıdığınız layihəni dayandırdınız? Çünki özünüz də dərk elədiniz ki, bu, boş xülyadan başqa bir şey deyil və bununla uğur qazanmaq mümkünsüzdü. Ara yerdə yenə kimlərinsə cibi qəşəng pul gördü, kimlərsə büdcədən ayrılan minlərə özünə əla şərait qurdu.
 
Yeri gəlmişkən, “Elit məşq layihəsi"ndə çalışan məşqçilərə bu barədə məlumat verilib. Sentyabr ayının maaşlarını ödənildikdən sonra işdən azad olunacaqlar. Oktyabr, noyabr və dekabr ayının məvacibləri isə… Axı, həmin məşqçilərin müqaviləsi dekabra kimidir. Sabah 3 ayın məvaciblirinin məşqçilərə ödənildiyi barədə xəbər eşitsəniz inanmayın. Ola bilsin ki, həmin pullar büdcədən çıxsın. Amma inanın ki, məşqçilərin bundan xəbəri olmayacaq.
 
İdman direktorları niyə gətirilmişdi?
 
AFFA-nın növbəti uğursuz layihələrindən biri də Almaniyadan gətirilərək klublara idman direktoru kimi təyin olunan məşqçilər oldu. Məşqçi ona görə deyirik ki, mütəxəssis olmalarına dair əlimizdə heç bir əyani sübut yoxdur. Əslində, bu ideyanın uğursuz olmasına görə ilk növbədə baş katib Elxan Məmmədov cavab verməlidir. Çünki sözügedən layihə məhz onun ideyası idi. Guya ki, həmin gəlmələr klublarımızda idman direktoru kimi çalışaraq uşaq futbolunu inkişaf etdirəcəkdilər, uşaq futboluna ayrılan pulların xərclənməsinə nəzarət edəcəklər və s. Bütün xərclər isə AFFA tərəfindən ödəniləcəkdi. Federasiya istədiyini yeridə bildi. Premyer Liqada çıxış edən hər klub üçün xaricədən idman direktoru çağrıldı. Düzdür, bəzi klublar federasiyanın bu ideyasını dəstəkləmədi və idman direktorlarını qəbul etmədi. “İnter" hətta onlara sırınan idman direktorunu “sındıraraq" qovdu. Səbəb isə bu idi ki, həmin "mütəxəssis" başını özünə aid olmayan işlərə soxurdu. Bəli, AFFA gətirdi və gətirib klublara sıradığı hər gəlməyə ayda 10 min manat maaş təyin olundu. Bundan başqa, onlara Bakının mərkəzində dəbdəbəlli mənzillər tutuldu, xidməti maşınlar ayrıldı, bütün xərclərinə kimi hamısı da federasiyanın hesabına ödənildi. Əvəzində isə qarşılığı tam alınmadı. Yalnız 1-2 məşqçini çıxmaq şərtilə. İnsaf naminə qeyd edək ki,
“Qarabağ"a təyin olunan koordinator Con van Leon bu klubda bir sıra işlər gördü ki, buna da yalnız alqış düşür.
 
İlk növbədə layihənin uğursuzluğunu şərtləndirən onun anormallığı idi. Çünki dünyanın heç bir ölkəsində belə praktika yoxdur ki, futbol federasiyası mütəxəssis gətirib onu klublara təyin edir. Bu, birbaşa klubların işinə müdaxilə deməkdir. İkincisi, aradan keçən müddətdə sözügedən məşqçilərin Azərbaycan futboluna fayda verəcək heç bir dəst-xətti görünmədi. Yəni, qeyri-adi heç nə etmədilər. Hər məşqdən əvvəl azərbaycanlı uşaq məşqçilərini toplayıb onların bildiyi şeyi danışmaq Azərbaycan futbolu üçün faydalı sayıla bilməz. Gələn əcnəbilər bizim məşqçilərdən bir baş üstün olmalı, bizim məşqçilərin görüb-bilmədiyi məşq sistemlərini tətbiq etməliydilər. Kimsə bunları gördü? Layihənin də uğursuz odluğunu görən AFFA buna son vermək qərarına gəlib. Hər halda, bizə çatan məlumata görə, qışda bütün idman direktorları ilə münasibətlər kəsiləcək və onlar ölkələrinə geri göndəriləcəklər. Deməli, indiyə kimi onlara xərclənən pullar da havaya sovrulmuş oldu. Olmazdı ki, AFFA “Elit məşq layihəsi"nə, idman diretorlarına xərclənən milyonlara təbii örtüklü meydançalar tikərdi, bölgələrdə məşq etməyə top, forma tapmayan uşaqlara inventar verərdi? Olmazdı ki, həmin məşqçilərə ayda 10 min manat verməkdənsə, o pula öz uşaq məşqçilərimizi xaricə göndərib onların biliyini, savadını artırardılar? Olardı. Amma kimlərəsə sərf etmirdi.
 
Yeri gəlmişkən, əcnəbi idman direktorları müqavilələrinin sonuna kimi maaşlarını bütöv almaq fikrindədirlər. Yəni, öz xoşları ilə getmək istəmirlər. AFFA isə onları qova bilmir. Çünki bu halda kompensasiya ödəyəcək.
 
Berlin futbol məktəbi
 
Almaniyadakı məktəbinin sonu isə, ümumiyyətlə, əsl biabırçılıq oldu. Hətta iş o yerə çatdı ki, AFFA-da dolayısı ilə rəhbərlik səviyyəsində bir-birlərini ittiham elədilər. Belə ki, AFFA-nın bu ilki ənənəvi illik hesabatında federasiya prezidenti Rövnəq Abdullayev 2009-cu ildən bəri Berlində fəaliyyət göstərən futbol məktəbinə maliyyə yardımını dayandırdıqlarını bildirmişdi. Abdullayev AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyevə məxsus olan bu ideyanın özünü doğrultmadığını deməklə bir sözü onun uğursuz layihə olduğunu da etiraf etmişdi. Bu isə həm də böyük miqdarda dövlət vəsaitinin göyə sovrulmasının etirafı idi. Çünki AFFA-nın açıqladığı illik hesabatda həmin məktəbə hər il 160 min manat ayrıldığı göstərilir. Bu isə 6 ildə 1 milyon manata yaxın pul eləyir. Ən biabırçı olanı bilirsiniz nədir? Berlində fəaliyyət göstərən futbol məktəbinin rəhbəri Tofiq Qarayev məsələ ilə bağlı verdiyi aşıqlamasında AFFA tərəfindən ayda cəmi 5 min manat vəsait köçürüldüyünü bildirdikdən sonra məlum oldu ki, demə, ortada əməlli-başlı yeyinti də olub. T.Qarayevin həmin vaxt “Futbol plus" qəzetinə verdiyi açıqlamanı xatırlamaq kifayət edir: “AFFA məktəbdə çalışan məşqçilərə əvvəlki illərdə 5 min avro maaş verirdi. 2014-cü ildə dedilər ki, imkan yoxdur və bu məbləği 3 minə saldılar. 2015-də isə maliyyələşmə tam dayandı". Qarayevin dediyi rəqəmləri hesablasaq, onlar AFFA-dan 6 il ərzində 360 min manat pul alıblar. AFFA-nın göstərdiyi məbləğ isə 1 milyon manatdır. Deməli, ortada 600 minlik yeyinti var. Bəs, bu qalmaqallı layihə Azərbaycan futboluna nə verdi? Almaniyada bu 6 ildə hansı azərbaycanlı futbolçu kəşf edilib yığmaya göndərildi? Əgər AFFA prezidenti bu layihənin uğursuzluğunu etiraf edirsə, bizim əlavə nə isə deməyimiz də artıq olar.
 
Görünən budur ki, bütün bu layihələr hamısı layihə xatirinə layihələr olub. Özü də futbolun inkişafına yox, bəzi şəxslərin cibinə xidmət edib. Yəni əməlli-başlı pul yeyilib. Hələ biz Berlin məktəbi üçün ayrılan milyonları, uşaq çempionatlarının keçirilməsi üçün ayrılan milyonu, “Caspian Cup" üçün ayrılan 400 min dolları və digərlərini demirik. “Caspian Cup"a ayrılan vəsaitin tam olaraq təyinatı üzrə xərclənməsinə inanmaq nağıllarda göydən üç almanın düşməsinə inanmaq kimi bir şeydi. Uşaq deyilik, hər şeyi açıq gözlə görə bilirik. Oyunlar AFFA-nın öz stadionlarında keçirilir. Deməli, icarə haqqından söhbət gedə bilməz. Oyunların çoxu günorta vaxtları keçirilir və deməli, enerji haqqı da ödənilmir. Turnirinheç bir mükafat fondu yoxdur. Elə isə 400 000 dollar hara xərclənir?
 
Təəssüf ki, bu qədər uğursuzluqlara baxmayaraq, AFFA bir ucdan “layihə" istehsal etməkdədir. İndi də klublarda məcburi Müşahidə Şuraları yaradılır. Lakin “Neftçi"nin timsalında bu layihənin də uğursuz olduğunun şahidi oluruq.
 
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail