"Bu gün futbolda hər bir komandaya qarşı mübarizə aparmaq lazımdır"

11.09.2015 | 3706 dəfə oxunub

“Qarabağ”ın yeni transferi, makedoniyalı mərkəz müdafiəçisi Vladimir Dimitrovski “Qafqazinfo”ya müsahibə verib. 

 

- Artıq “Qarabağ”a keçidiniz rəsmiləşdi və komandaya qoşuldunuz. Sizi necə qarşıladılar?

- Çox yaxşı qarşıladılar. “Qarabağ” böyük komandadır və burda oynamaq hər kəsin arzusu ola bilər. Gəldim klub üçün yaradılan şəraiti də gördüm və bu məni yaxşı mənada təəccübləndirdi. Əla baza və stadion mövcuddur. Fikrimcə, burda uğur qazanmaq üçün hər şey var. Mən də əlimdən gələni edəcəm.

 

- Sizdən öncə daha bir makedoniyalı futbolçu Muarem Muarem “Qarabağ”a gəlmişdi və burdan daha güclü çempionat olan Türkiyə Superliqasına getdi. O sizə “Qarabağ” haqqında nə demişdi?

- Muarem Muarem mənim dostumdur və onunla danışmışdıq. Çox yaxşı şeylər söylədi. Həmçinin “Xəzər Lənkəran”da çıxış etmiş Nikola Qliqorovla da danışdıq. O da bildirdi ki, Azərbaycana getmək, üstəlik “Qarabağ”da oynamaq çox yaxşıdır. Buna görə də gəldim. Hər şeyi gözümlə gördükdən sonra doğru söylədiklərinə inandım. Mən 2011-ci ildə Bakıda olmuşdum. O zaman Azərbaycan və Makedoniya yığma komandaları yoldaşlıq görüşündə qarşılaşmışdılar. Həmin vaxt Bakı çox xoşuma gəlmişdi. İndi bu şəhər daha da gözəlləşib. Həmçinin futbolunuz inkişaf edir. O zaman milli komanda da o qədər yaxşı deyildi. Məsələn, hazırda “Qarabağ”ın ardıcıl ikinci il qrupa düşməsi də ölkənizdə futbolun inkişafını göstərəcisidir.

 

- Yəqin ki, baş məşqçi Qurban Qurbanovla görüşmüsünüz. Transferiniz çox çətinliklə başa gəldi və siz bu barədə nə danışdınız?

- Əlbəttə ki, görüşdük. Qurban Qubanov mənə dedi ki, sənin transferin çətinliklə başa gəlsə də, çox xoş oldu. Bizim ailəmizə xoş gəlmisən. Biz birlikdə güclüyük və daxildə ab-hava həmişə ailə münasibətləri kimidir. Buna görə də özünü rahat hiss edə bilərsən. Hər kəsə təşəkkür edirəm. Fikrimcə, bu ailədə mənim üçün hər şey yaxşı olacaq. Həm Avropa Liqasında, həm çempionatda, həm də kubokda uğurlu çıxış edəcəyik. Ümid edirəm ki, növbəti mövsüm biz Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəyik.

 

- Sizi bilirsiz ki, hazırda Azərbaycanın ən yaxşı iki mərkəz müdafiəçisi sayılan Rəşad Sadıqovla Bədavi Hüseynov məhz “Qarabağ”da çıxış edir. Mübarizəyə hazırsız?

- Bilirəm ki, onlar hər ikisi çox güclü futbolçulardır və “Qarabağ” üçün çox vacibdirlər. Amma çalışacağam ki, komandada öz yerimi edim. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Lakin meydana çıxmaq üçün şans qazanacağımız düşünürəm. Çünki komanda 3 cəbhədə - Avropa Liqası, ölkə çempionatı və kubokda mübarizə aparır. Belə vəziyyətdə hamı oynamaq üçün şans əldə edəcək. Komandamızın müxtəli mövqelərdə çox oyunçuya ehtiyacı var. Ona görə də oynamamaqdan qorxmuram və istənilən mübarizəyə də hazıram.

 

- Sizin transferiniz zamanı ən diqqətçəkən məqam isə “Qarabağ”a görə Makedoniya millisinin düşərgəsindən qaçmağınız idi. Bunu niyə etdiniz?

- Bu barədə çox danışmaq istəmirəm. Bilirəm ki, çətin vəziyyətdir. Həmçinin Makedoniya qəzetlərindən biri bu mövzunu şişirdib yazdı. Nəticədə xoşagəlməz şeylər baş verdi.

 

- Bu qərar həqiqətən böyük cəsarət tələb edirdi...

- Bunu bilirəm. Bəlkə də həyatımda ən çətin qərarlardan birini verdim. Milli komandanın düşərgəsindən qaçmaq çox çətin oldu. Amma gələcəyim üçün bunu etməli idim. “Qarabağ” kimi komandada oynamaq üçün qaçmağı üstün tutdum.

 

- Necə düşünürsüz sizi yenidən milli komandaya dəvət edəcəklər?

- Bir futbolçunun bəlkə də ən böyük arzularından birincisi milli komandaya dəvət almaqdır. Mən də həmişə yığmaya dəvət aldığım üçün fəxr etmişəm və canla başla oynamışam. “Qarabağ”a gəlmək karyeram üçün çox vacib idi. Ümid edirəm ki, millidə və ölkə federasiyasında məni başa düşəcəklər. Yığmada oynamaq üçün yaxşı klublarda çıxış etmək lazımdır. Ümid edirəm ki, “Qarabağ”dakı oyunumla yenidən milliyə çağırıla biləcəm.

 

- Makedoniya Futbol Federasiyası və yığma komandanın baş məşqçisi ilə danışdınız?

- Onlarla söhbətim oldu. Mənim vəziyyətimi müəyyən mənada anladılar. Ümid edirəm ki, daha yaxşı başa düşəcəklər. Tam olaraq haqqımda nə qərar verdiklərini oktyabrın əvvəlindəki seçmə mərhələ oyunları zamanı anlayacağıq. Amma fikrimcə, “Qarabağ” milli komandaya gedən yolda mənə daha çox kömək edəcək.

 

- Azərbaycan çempionatındakı komandalar haqqında məlumat toplamısız? Məsələn, Premyer Liqanın 4-cü turunda “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz...

- “Qəbələ” haqqında daha çox məlumatım var. Onlar bu il möhtəşəm iş görüblər. Avropa Liqasının ilk təsnifat mərhələsindən başlayıb qrupa qədər gəliblər. Bu, həqiqətən alqışalayiq uğurdur. Onlara da uğurlar arzulayıram. “Xəzər Lənkəran” haqqında isə məlumatım var. Yaxşı komanda olduqlarını bilirəm. Düzdü, əvvəl daha çox güclü olublar. Lakin indi də pis komanda deyillər. Ümid edirəm ki, qalib gələcəyik.

 

- İndi isə Avropa Liqası haqqında. Qrup mərhələsindəki rəqibləri necə dəyərləndirərdiniz?

- “Tottenhem”, “Monako” və “Anderlext”. Hər 3-ü çox güclü komandadır. Lakin mən həmişə yaxşı düşüncədə olmuşam. Pis fikirlərə qapılmaq lazım deyil. Keçən il də “Qarabağ” çox güclü komandalarla eyni qrupda yer almışdı. “İnter”, “Dnepr” və “Sent-Etyen”lə eyni qrupda idi. “İnter” üzərində qələbə qazanıb 1/16 final mərhələsinə çıxmağa da çox yaxın idilər. Amma son anda bəxtsizlik onları qrupda saxladı. Bu il də gücümüz az deyil. Rəqiblər də bizi asanlıqla məğlub edə bilməyəcək. Çox maraqlı görüşlər olacaq.

 

- İlk görüşünüz səfərdə “Tottenhem”ə qarşıdır. Düşünmürsüz ki, ən çətin rəqiblə qrup mərhələsinə start vermək yaxşı olmadı?

- Yox, elə düşünmürəm. Onsuz da əvvəl və ya sonda bu komanda ilə qarşılaşacağdıq. Onsuz da hamıya “Tottenhem”in gücü bəllidir. Ona görə də bu cür düşünmək lazım deyil. Sadəcə hər şeyin yaxşı olacağını və İngiltərə klubuna qarşı layiqli oynayacağımızı fikirləşməliyik.

 

- Ötən mövsümlə müqayisədə bu ilə qrupda daha güclü 2 rəqib yer alıb. Razısınız ki, builki qrup daha çətindir?

- Düzdü, “Tottenhem” və “Monako” favortdirlər. Amma deməzdim ki, ötənilkindən güclü qrupdur. Bəlkə də ötən mövsüm komandamız qrupa düşəndə hamı fikriləşirdi ki, “Qarabağ” bütün oyunları uduzacaq. Lakin sonda bəxtsizlik və hakim səhvi “Qarabağ”ı qrupda saxladı. Bu ildə əlimizdən gələni edəcəyik və qrupdan çıxmaq üçün çalışacağıq.

 

- Ölkə çempionatında əsas rəqibiniz olan “Qəbələ”nin qrupundan xəbərdarsınız?

- Əlbəttə. Dortmund “Borussiya”sı, PAOK və “Krasnodar”la eyni qrupda yer alıblar. Çətin komandalarla düşüblər. Lakin mübarizə aparmaq olar. Bu gün futbolda hər bir komandaya qarşı mübarizə aparmaq lazımdır.

 

- Siz Yunanıstanda oynamısız. PAOK haqqında “Qəbələ”yə məlumat verə bilərsiz?

- PAOK əla komandadır və son illərdə çox irəli gediblər. Onların möhtəşəm azarkeşləri var və Yunanıstanda ən çılğın azarkeşlərdir. Salonikidə bu komandaya qarşı oynamaq əlavə güc tələb edir və çox çətindir. Bu mövsüm yeni baş məşqçi gəldi – İqor Tudor. O, çox yaxşı komanda yaradıb və pley-off mərhələsində çox yaxşı çıxış etdilər. Yenə deyirəm ki, qrupda bütün komandalar üçün PAOK-a qarşı səfər oyunları həddən artıq gərgin olacaq.

 

- “Qəbələ”nin, yoxsa “Qarabağ”ın qrupu daha çətindir?

- Mənə görə əlbəttə ki, “Qarabağ”ın qrupu daha çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail