Ağasəlim Mircavadov: "Azarkeşi öyrədib, baş məşqçini istefaya səsləmək mənlik iş deyil" - MÜSAHİBƏ

26.09.2011 | 9066 dəfə oxunub

Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun  müsahibəsi:

- Əhvalınız necədir? 
- Sağ olun, yaxşıdır. Bir az ayağımda problem yaranıb. Dizim ağrıyır, şişib. 40 il əvvəlki zədənin əziyyətini çəkməli oluram.

- Həmin vaxt futbolçu karyeranızı buna görə erkən başa vurmalı olmuşdunuz... 
- Bəli. Dizimdə menisk zədəsi vardı. Moskvada əməliyyat etdirməli oldum. Vitali Şevçenko, Rafiq Quliyevi əməliyyat edən rus həkim mənim də ayağımda cərrahi müdaxilə etdi. Bildiyiniz kimi, həmin vaxt tibb sahəsində belə imkanlar, şərait yox idi. Nəticədə futbolçu karyeramı 1969-cu ildə, 22 yaşında başa vurmalı oldum. Üstündən xeyli vaxt keçəndən sonra köhnə zədəm öz sözünü dedi. 

- Həkim müayinəsi nə göstərdi? 
- Dizimlə maye yığılıb, onu çıxartdılar. Bunu yenə etməlidirlər. Soyuqdəymə olub. Həkim müalicə, iynə-dərman yazıb. Onu etməliyəm.

- Belə çıxır ki, futbolçu kimi məşqçilər də zədələrin əziyyətini çəkir, müalicə olunmalıdırlar?
- (gülür) Futbol belədir də. Bilirsiniz, biz özümüzə heç baxmırıq. Mövsüm bitəndən sonra başlayırıq futbolçu axtarmağa. Ancaq əslində belə olmamalıdır. Biz də dincəlməyik. 

- İstirahət etməyəndə də sonradan bunun əziyyətini çəkməli olursunuz... 
- Elədir. Mövsüm bitəndən sonra heç olmasa 10-12 gün Kislovodsk, Yessentuki, Soçi, Yalta kimi istirahət şəhərlərində dincəlməyə, müalicə olunmağa getməlisən. 

- Cari çempionatımızın oyunlarınızı izləyirsiniz? 
- Elə də maraqlanmıram. “Neftçi”nin “Bakı” ilə dünənki oyununun sonuna baxa bildim. Qolu gördüm. “Neftçi” yaxşı qol vurdu. Bu, Denis Silvanın ustalığının nəticəsi idi.

- “Xəzər Lənkəran”da rəhbərliyiniz altında oynayan bu braziliyalı müdafiəçi sizin vaxtınızda belə qol vurmamışdı... 
- Başla yox, ancaq ayaqla vurmuşdu. Denis ucaboyludur, standart, künc zərbələri zamanı onu rəqibin cərimə meydanına göndərirdim. Ancaq başla qol vura bilmirdi. Ola bilər ki, topa çatmırdı, yaxud mövqeyi zəif, düzgün deyildi. Ancaq bu dəfə yaxşı tullanaraq, topu uzaq küncə göndərdi. Maraqlıdır, Rəşad Abdullayev künc zərbəsindən ötürmə etdi, Silva onu tora qovuşdurdu. 

- Hər 2 futbolçu “Xəzər Lənkəran”da rəhbərliyiniz altında oynadığından, potensiallarına yaxşı bələdsiniz... 
- Doğrudur. Rəşadla Denis uzun müddət bir yerdə oynadıqlarından, bir-birlərini yaxşı başa düşürlər. Bunun nəticəsində vurulan qol “Neftçi”yə növbəti qələbə qazandırdı.

- Maraqlıdır, indiki çempionatımız sizdə hansı təəssürat oyadıb? Sizin üçün fərqli məqam nədir? 
- Açığı, çempionata az baxmışam. Gördüklərimə əsasən onu deyə bilərəm ki, ajiotajı görmürəm. Bunu təkcə mən yox, başqaları da deyir. Xəstəxanada gördüyüm azarkeşlər də bu fikri səsləndirirlər. Kombinasiyalı oyun yoxdur, topu vur-qabağadır. 

- Yəni baxımlı oyunun olmamağından narazısınız? 
- Baxımlı oyun lazımdır. Bu, olmasa, nəticə də olmayacaq. Futbolda belə deyirlər ki, oyun olanda nəticə də özü gələcək. Oyun olmayanda qələbə olacaq, ancaq bu, təsadüfi olduğundan, davamı gəlməyəcək. Futbolda əsas oyun, onun keyfiyyətidir. Yəni qapıçı topu meydana daxil edən zamanı kim necə açılmalı, hansı mövqedə olduğunu bilməlidir. Bununla oyun qurulmalıdır. Yəni komanda öz taktiki savadı ilə rəqibi yormalıdır. Baxımlı, kombinasiyalı oyunu “Qarabağ”da görürəm. Onlar sürəti artıra bilsələr, daha yaxşı oynaya bilərlər. Ancaq hələ ki bu planda çatışmazlıq var.

- “Qarabağ”ın futbolçuları Avroliqa, yığmanın oyunları ilə çox yükləndiklərindən artıq mövsümün əvvəlində onlarda yorğunluq hiss olunur... 
- Ola bilər. Bəlkə oyunlar tez başladıqlarından lazımınca fiziki hazırlıq keçə bilmədiklərindən, indi yorulurlar. Bunun əsas səbəblərindən biri də meydança amilini sayıram. “Qarabağ”ın futbolçuları tez-tez təbii otdan süni örtüyə keçməli olurlar ki, bu da oyunlarına öz təsirini göstərir. Ancaq ən əsası, qazonun səviyyəsidir. Təbii ot örtüyünün yaxşı vəziyyətdə olmamağı “Qarabağ” kimi texnikalı oyuna üstünlük komandalara mənfi təsir göstərir. Yaxşı qazon oyunun 50-60 faizi deməkdir. Niyə İngiltərədə baxımlı oyunu izləmək olur? Çünki qazona xüsusi diqqət yetirirlər. Düzdür, onların futbolçularının hazırlıqları da yüksək səviyyədədir. Ancaq bizdə təbii qazonlar Qəbələdəki meydançalardakı kimi olmalıdır. Belə olmayanda, futbolçularımız daha yüklənirlər, qazonunun əziyyətini çəkirlər. Elə çıxır ki, onlar həm rəqiblə, həm də meydanda ilə “vuruşmalı” olurlar.

- “Qarabağ”dan söz düşmüşkən, “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra onların baş məşqçisi Qurban Qurbanovun ünvanına istefaya şüarlarını sizin təşkil etdiyiniz, azarkeşləri öyrətdiyiniz haqda söz-söhbətlər yayıldı... 
- Bu haqda eşitsəm də, bunu konkret kimlərin dediyini dəqiq bilmirəm. Onu deyə bilərəm ki, bunu iddia edənlər vicdansızdırlar və öz hərəkətlərindən əl çəksinlər. Mən onları azərbaycanlı saymıram. Məni tanıyanlar yaxı bilir ki, heç vaxt belə şeylərə getməmişəm. Bu, mənim işim deyil, prinsiplərimə ziddir. Məni təkcə qalib gələndə istəmək lazım deyil. Azarkeşlər komanda zəif oynayanda da baş məşqçinin, rəhbərliyin arxasında durmalıdır. 

- Yəni siz istefa şüarlarının əleyhinəsiniz? 
- Bəli. Dəstəyi təkcə udanda etmək lazım deyil. Əsas məsələ komandanın pis vaxtında, uğursuz çıxış edəndə onun arxasında durmaqdır. Axı Qurban Qurbanın bu 3 ildə “Qarabağ” üçün böyük xidmətlərinin olduğunu, təkcə ölkə daxilində, Avroliqada uğurlara imza atdığını, çox şeylər etdiyini unutmaq olmaz. İndi “Qarabağ”a çempionluğu qazanmaq lazımdır. Bu, əladır, komanda da buna nail olmağa çalışır. Ancaq bunun üçün vaxt lazımdır. Biz ilk növbədə azarkeşlər üçün oynayırıq. Mən işlədiyim bütün komandalarda onlara qarşı hörmətlə yanaşmışam. Nəticədən asılı olmayaraq komanda ilə azarkeşləri arasında yaxşı münasibət olmalıdır. Həm oyundan əvvəl, həm də sonra onlarla görüşmək lazımdır. Bu, hələ SSRİ dövründə olub. Yadımdadır, 1991-ci ildə “Qarabağ”ı çalışdırdığım, SSRİ çempionatının Aralıq zonasında çıxış etdiyimiz zamanı həm ev, həm də səfər oyunları zamanı belə edirdik. Səfər oyunlarımıza gələn azsaylı azarkeşlərimizi, həmyerlilərimiz salamlayırdıq. Azarkeşlərimiz də mədəni, savadlı olmalıdır. Axı biz azərbaycanlılar həddən artıq yüksək mədəniyyətə malikik. İndi 3-5 ”azarkeş”ə görə sifətimizi itirməməliyik. Bundan əlavə, azarkeşlərlə işləmək lazımdır. 

- Maraqlıdır, Qurbanovla son vaxtlar görüşmüsünüz, söhbətləşmisiniz? 
- Yox. Mənim belə şeyləri etməyim absurddur. Bu işi görməmişəmsə, niyə danışmalıyam? Azarkeşi öyrədib, baş məşqçini istefaya səsləmək mənlik iş deyil. Mən inanmıram ki, Qurbanov azarkeşlərin hərəkəti haqda danışanda məni nəzərdə tutsun. Biz onunla gözəl münasibətdəyik. Qurban vaxtilə rəhbərliyim altında oynayıb. 2006-cı ildə “Neftçi”dən getdiyim Qurbanov məni baş məşqçi postunda əvəzlədi. Həmin vaxt onunla görüşüb, söhbətləşdik, gənc həmkarıma uğurlar arzuladım. Mən lazımı məlumatları verdim. Bu, vacibdir və gedən baş məşqçi onun yerinə gələnə komanda ilə bağlı lazımı informasiyaları çatdırmalıdır. 

- Təbii ki, yay fasiləsində təklif gözləyirdiniz. Heç bir təklifiniz olmadı? 
- Azərbaycandan yox. Ancaq ölkə kənarından, konkret Rusiyadan 2 təklif olmuşdu. Bunu Moskvada birgə oxuduğum köhnə dostum etmişdi. Onunla tez-tez əlaqə saxlayırıq. 

- Sizi keçən yay da Rusiyaya dəvət edən bu şəxs kimdir? 
- Ad çəkmək istəmirəm. O, mənimlə birgə işləmək istədi. Ancaq ailəmə görə gedə bilmədim. İndi həmin dostum klubda işləmir, kənardadır.

- Rusiyadakı təklifiniz I diviziondan idi? 
- Biri I diviziondan, biri isə Rusiya Premyer Liqasından. Sonuncu köməkçi məşqçi idi.

- Yəni Rusiyada köməkçi məşqçi işləməyə razı olardınız? 
- Söhbət baş, yoxsa köməkçi məşqçidən getmir. Əsas məsələ xaricdə ölkəni layiqincə təmsil etməkdir. Mən həmkarım Vaqif Sadıqovu alqışlayıram. O, hazırda diqqət mərkəzində olan “Anji” klubunda təmsilçimizdir, baş məşqçi Hacı Hacıyevin köməkçisidir. Mən bu mütəxəssisi yaxşı tanıyıram, onunla birgə çalışmışam, iş üslubuna bələdəm. Hacıyev ağıllı məşqçidir, ondan öyrəniləsi şeylər var.

- Belə çıxır ki, böyük ehtimalla ən azı qış fasiləsinə kimi də işsiz qalacaqsınız? 
- Mən bunu dəqiq deyə bilmərəm. Azərbaycan elə bir ölkədir ki, hər saatın, günün öz hökmü var (gülür). Əsas real söhbətdir, istəkdir. Mən bir şeyə məəttəl qalmışam ki, nəticə verən məşqçilər kənarda qalıblar. Bunu təkcə özümə aid etmirəm. Başqa belə məşqçilərimiz də var. Başım çıxmır ki, axı bu, niyə belə olmalıdır? Türkiyədə belə şeylərə imkan vermirlər. Mən eşitdiyimə görə, Fatih Terimə “Qalatasaray”ın baş məşqçisi postuna keçib, onu yuxarılara qaldırmaq haqda yüksək səviyyədə tapşırıq olub. Bu informasiyanın nə dərəcədə düzgün olub-olmadığını deyə bilmərəm. Yerli məşqçilər öz xalqına töhfə vermək istəyir və buna imkan yaradılmalıdır. Öz məşqçilərimiz bir şeyi istəyəndə deyirlər ki, eybi yox, yola verirlər. Ancaq əcnəbi çalışdırıcının hər dediyi, istəyi klub rəhbərləri üçün qanundur. Mən başa düşmürəm, niyə belə olmalıdır? Biz də həmin şeyləri istəyir, tələb edirik. Ancaq niyə özümüzünkülərə qulaq asmırlar, xaricilər nə deyirsə, onu edirlər. Nə isə, Allah kərimdir.

- Mövsümün əvvəlində, indiki vaxtda baş məşqçi postunu təklifi alsanız, bunu qəbul edərsiniz? Yəni hazırda “transfer pəncərəsi” bağlı olduğundan, heç kimi ala bilməyib, indiki heyətlə çıxış etməli olacaqsınız... 
- Təklif olsa, niyə komandanı götürməyim ki? Mən 2004-cü ildə “Neftçi”nin baş məşqçi postuna keçdiyim zamanı da mövsümün əvvəli, oktyabr ayı idi. Onda komanda turnir cədvəlində 8-9-cu yerdə idi. Həmin vaxt “Neftçi”də oynayan bir sıra futbolçuları – Rəşad Sadıqovu, Zaur Tağızadə, Vidadi Rzayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Cahangir Həsənzadəni tanıyırdım. Onlarla, komanda ilə söhbətim oldum. Futbolçulara dedim ki, “Neftçi”nin bu yerdə olmağa onlara yaraşmaz, kişi kimi oynamaq lazımdır. Onlar da uduzmağı sevmirdilər. Sağ olsunlar, dediklərimi etdilər, böyük xal fərqini aradan qaldırdıq və sonda “qızıl oyun”da çempionluğu qazandıq. Əsas məsələ rəhbərliyin baş məşqçiyə inamıdır. Bu, mənim üçün çox vacibdir. Həmişə prezidentdən ilk növbədə mənə inanıb-inanmadığı soruşmuşam. İnandığını deyəndə, bunu hiss edəndə, ürəklə işləmişəm. 

- Berti Foqts Almaniya mətbuatına açıqlamasında AFFA ilə bu ilin sonunda bitən müqaviləsinin müddətini böyük ehtimalla uzatmayacağını deyib. Milli komandamızı yenidən yerli məşqçi çalışdırmağa qərar verilərsə, ən real variant siz ola bilərsiniz. Bu mənada yenidən millimizdə çalışdırmaq perspektivinə necə baxırsınız? 
- Hər bir məşqçi öz yığmasında işləməyi istəməlidir. Mən 2 dəfə belə imkana malik olmuşam. Biri əsas, biri də 21 yaşlılardan ibarət yığmanın baş məşqçisi kimi. Milli komandamızı 90-cı illərdə çalışdırdığım vaxt aclıq, peroşki dövrü idi. Ancaq sağ olsun futbolçular, bütün çətinliklərə baxmayaraq oynayırdılar. İndiki vaxtda futbolumuzda şəraitin yaxşı olmağından söhbət getmir. Söhbət ondan gedir ki, sənə inanıb, bir işə dəvət edirlərsə, ona getməlisən. Mənim üçün əsas məsələ işin ardıcıl olmağıdır. Bizdə əsas klublarımızda, yığmamızda onun əleyhinəyəm ki, bir baş məşqçi 2-3 il işləyib, gedəndən sonra qalanlarını da qovurlar. Axı niyə? Lazımlı məşqçini kənarlaşdırmaq olmaz. Əcnəbi də yerli məşqçini özünə köməkçi götürməlidir ki, özü gedəndən sonra işini davam etdirsin. Bizdə yeni gələn baş məşqçi hər şeyi dağıdır, özü işi sıfırdan başlayır. Bu isə futbolumuzu geri salır. “Barselona” niyə bu səviyyədədir? Çünki hər gələn baş məşqçi komandanın oyun üslubunu saxlayır, onu daha da inkişaf etdirir. Bunun əsasını 90-cı illərdə Yohan Kroyff qoyub. Frank Raykaard onu inkişaf etdirdi. Hazırkı baş məşqçi Xosep Qvardiola isə onu daha yüksək səviyyəyə çatdırdı və “Barselona” indi ən yaxşı oyununu göstərir. Qvardiolanın bu klubun yetirməsi olmağı, məşqçi də onda çalışmağı işinə yarayır. Moskva “Spartak”ın Konstantin Beskovun gedişindən sonra Oleq Romantsevi onun yerinə baş məşqçi təyin etməyə qərar verdilər. Zaman bunun düzgün olduğunu göstərdi. “Spartak” 90-ci illərdə məhz Romantsevin vaxtında ən parlaq dövrünü yaşadı, böyük uğurlara imza atdı, uzun müddət Rusiyada ən baxımlı oynayan komandası oldu. Ancaq Romatsevin vəzifəsindən çıxarılmasından sonra “Spartak” hələ də özünə gələ bilmir. Çünki gələn baş məşqçilər komandanın oyun dəst-xəttini dağıtdılar. Bunu bilməyənlər, ürəklərində hiss etməyənlər “Spartak”ı əvvəlki səviyyəsinə qaldırmağı bacarmırlar. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail