"Azarkeşlər onlara qarşı qalxa bilər"- Elxan Məmmədov

23.09.2015 | 2954 dəfə oxunub

Elxan Məmmədov: "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi təkamül prosesinin nəticəsidir"


AFFA-nın baş katibi Elxan Məmmədov "Report" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik


- Azərbaycan Premyer Liqasının ötən turunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəldi. Təbii ki, hər iki komandanın azarkeşləri bir yerdə bu qarşılaşmanı "Böyük oyun" edir. Ancaq indi əvvəlki kimi deyil, qonaq azarkeşlərə stadiona giriş qadağan olunub. AFFA bu məsələnin həlli üçün hansı işləri görür?

- Məsələni Peşəkar Futbol Liqası ilə müzakirə edirik. Əlavə olaraq PFL də klublarla danışır. Lakin təhlükəsizlik birinci növbədə olmalıdır. "Neftçi" - "Xəzər Lənkəran" matçı son illər təzyiq altında keçir və riskli oyunlar siyahısındadır. Ona görə də PFL və klublar düşündü ki, ara verməliyik. Bu aqressivlik zəifləsin, ondan sonra qapılar tamamilə azarkeşlərin üzünə açılacaq. Futbolda aqressivlik olmamalıdır.

- Ancaq bu hal dünya futbolunda da müşahidə olunur. Sadəcə, bizdən fərqli olaraq digər ölkələrdə cərimədən və bir neçə oyunluq cəzadan sonra hər iki komandanın azarkeşləri stadiona buraxılır..

- Bəli. Amma bu, çətin və riskli məsələdir. Polis də PFL və klublara öz tövsiyələrini verir. Biz bu məsələni gündəmdə saxlayırıq. İcraiyyə Komitəsinin növbəti iclasında da bununla bağlı hesabat veriləcək. Çalışmalıyıq ki, Azərbaycan futbolunda aqressivliyə yol verməyək. Azarkeşlərin stadiona ailə-uşaqlarla gəlməsinə çalışırıqsa, aqressiya olmamalıdır. Təbii ki, onlar qorxacaqlar. Baxın, Türkiyə Super Liqasında azarkeşlərin sayı azalıb. "Fənərbaxça"nın İsveç "Molde"si ilə Avropa Liqasında keçirdiyi son ev oyununda tribunalar dolu deyildi.. Burada aqressivliyin rolu böyükdür. Bu da digər azarkeşlər üçün riskdir.

- Lakin polislərdə də azarkeşlərə qarşı aqressivliyin olduğu bildirilir...

- Bilirsiniz, bu, artıq texniki məsələdir. Polis təhlükəni görürsə, dərhal müdaxilə edir. Təbii ki, bir dialoq olmalıdır. Ona görə də biz keçən il Azərbaycanda UEFA-nın təhlükəsizlik forumunu keçirdik və bizim polisimiz də həmin forumda iştirak etdi. Bu il də planlaşdırırıq. Ancaq builki iclasa azarkeşləri də cəlb etməyi düşünürük. Təbii ki, bütün azarkeşləri deyil, onların liderlərini. Əlavə olaraq fan-klubların qeydiyyatdan keçməsini istərdik. Qeyri-rəsmi yox, rəsmən fəaliyyət göstərmələrini istəyirik. Bu halda fan-klublar sponsorlar da cəlb edə, klub isə rəsmi qaydada onları dəstəkləyə bilər. Əslində bu, fan-klublar üçün əlavə biznesdir. Niyə də yox? Azərbaycanda 16 fan-klub fəaliyyət göstərir. Onlardan 9-u daha aktivdir. Cəmi 1-2-si qeydiyyatdan keçib. Bu il ərzində və ya növbəti rübdə təhlükəsizlik forumu olacaq.

- FİFA "Xəzər Lənkəran"ın 2 transfer dövründə yeni oyunçu almasını qadağan edib. AFFA olaraq hansı köməkliyi göstərə bilərsiniz?

- Diqqət etsək, görərik ki, UEFA və FİFA-nın belə məsələlərlə bağlı son qərarları bütün klublara qarşıdır. Adicə "Barselona"ya da bu qadağa tətbiq olunub və Arda Turan oynamır. Ondan əvvəl "Çelsi", "Dinamo" (Moskva) və bir çox Şotlandiya klubu cəzalandırılıb. İşini düzgün tutmaq lazımdır. Təəssüflər olsun ki, bəzi futbolçular pul alandan sonra həmin klubdan şikayət etməyə başlayırlar. Bu da qeyri-etik hərəkətdir. Amma biz başa düşməliyik ki, bu gün FİFA futbolçuların tərəfini saxlayır. Bir klubla bağlı bilərəkdən qərar qəbul olunmur. Təbii ki, FİFA-da da işlər çoxdur. İnanmıram ki, hər işə dəqiqliyi ilə yanaşır. çünki yüzlərlə müraciət olunur. Biz bu məsələni FİFA-da qaldırmışıq və xahiş etmişik ki, onlardan bizə qərarın necə və kim tərəfindən qəbul olunma sistemini göstərsinlər. Düzdür, məktubda göstərilir, ancaq həmin insan bütün sənədlərə baxıbmı və ya auditləri kim aparır? Orada sonrakı mərhələlər var. Bu FİFA-nın qərarıdır. Klubla danışırdıq, FİFA-ya da zəng vurub soruşurduq. Təəssüflər olsun ki, belə bir hal baş verdi.

- Azərbaycan klublarındakı maddi problemin səbəbini nədə görürsünüz?

- Klublar birbaşa iş adamlarına bağlıdır. Həmin iş adamının biznes fəaliyyəti bir az böhrana düşsə və ya yaxşılaşsa, bu, birbaşa kluba təsir edəcək. Nəticədə futbolumuzda bir az qeyri-sabitlik yaranacaq. Bunu hələ 2008-ci ilin ilk iclasında demişdik. Klubların bir insana bağlı olması, onların risklərini artırır. Ona görə də bəzi klublar bir il yüksək büdcə ilə çıxış edir, növbəti il büdcəni endirir. Ümumi olaraq bu, normal haldır. Çünki bu gün dünyada stabil klub azdır. İngiltərədə sahibkarlıq Premyer Liqada 50-50-yədir. Yəni, klublar gəlirlərinin yarısını öz sahibləri, digərləri isə azarkeşlər, yayım və s. vasitəsilə qazanır. Ümumi olaraq, bazar zəiflədikdə bu, futbola təsirsiz ötüşmür. Normal haldır. Ancaq çalışmalıyıq ki, futbolda minimum məbləğ olsun və ondan aşağı getməsin. Bu gün bilirik ki, klubu saxlamaq üçün minimum nə qədər məbləğ lazımdır.

- Nə qədər məbləğ lazımdır?

- Qoy, mən məbləğsiz deyim. Hazırda Azərbaycan futbolunda "Sumqayıt" klubunun büdcəsi minimumdur. Amma bu klub bir neçə ildir Premyer Liqada oynayır. "Kəpəz"i deyə bilmərəm. Çünki lisenziya müddəti başa çatmadığından, Gəncə komandasının hansı məbləğlə büdcə ilə başlayıb, hansı məbləğlə mövsümü başa vuracaqlarını bilmirik. "Rəvan"ın da büdcəsi minimumdur. Düzdür, ilk 4 yer üçün mübarizə aparmırlar, amma Premyer Liqada çıxış edirlər, gənc futbolçular yetişdirirlər və satırlar. Son turun "Neftçi" - "Xəzər Lənkəran" oyununa diqqət etsək, 3 futbolçu "Sumqayıt"dan çıxıb. Məhəmməd Qurbanov, Ruslan Qurbanov və Orxan Əliyev. Bu isə klubun məqsədini göstərir. "Sumqayıt" o futbolçuların satışından pul qazanıb. Həmin klublarda yerli futbolçular oynayır. Hər bir klubun özünə uyğun məqsədi var. Bəziləri deyir ki, "Qarabağ" və "Qəbələ" fərqli futbol göstərəcək və daha güclüdür. Bu, normal haldır. Bu gün biz görürük ki, İspaniyada çempionluq uğrunda 3 komanda rəqabət aparır. Almaniyada, İngiltərədə bu rəqəm bir az çoxdur. Xorvatiyada "Dinamo" (Zaqreb) 7 ildir çempion olur. Burada faciəli heç nə yoxdur. Əksinə, yaxşı haldır ki, güclü klubumuzun sayı 2-dir. Onlar birinci yer üçün oynayacaq, digər 2-3 klub isə 3-cülük üçün mübarizə aparacaq. Çalışacaqlar ki, Avroliqaya vəsiqə qazansınlar və belə olan halda güclər paylanacaq. Ad çəkmək istəmirəm, bir dəfə klublarımızdan biri 7-8-ci pillədə gedirdi. Klub rəhbərindən soruşublar ki, məqsəd nədir, deyib birinci yer tutmaq. Gəlin, real məqsəddən danışaq. Son 10 ili 8-ci yerdə gedirsənsə, indi 1-ci yer deyirsənsə, bu, real deyil. Desə ki, qarşıdakı 10 il ərzində ilk pillədə olmaq istəyirəm, başa düşülər. Ancaq mövsüm başlayan kimi büdcəni artırmadan birinci yerdə olmaq istəyi real deyil. Bu gün vəsait, pul futbolu xilas etmir, əksinə, futbola kömək edir.
"Avropa Liqasının qrup mərhələsinə "Qarabağ"la "Qəbələ"nin vəsiqə qazanması təkamül prosesinin nəticəsidir"

- Amma Azərbaycan futbolunda maliyyənin azaldığı bir vaxtda klublarımız Avropa kuboklarında ən yaxşı nəticəni göstərdilər...

- Bəziləri deyə bilər ki, futbol ailəsi bu uğurları öz adına yazmağa çalışır. Açığı, bu normal təkamül prosesidir. 2008-ci ildə AFFA prezidenti Rövnəq Abdullayev öz inkişaf platformasını təqdim etdikdə orada bu məqsədlər qeyd olunmuşdu. 3 əsas məqsəd vardı. Birincisi, infrastrukturun yaradılması. Bu proses gedir və davam edəcək. Bizə hər bölgədə stadionlar, meydançalar lazımdır. Bundan başqa kütləvi futbol və təhsil. 3 istiqamətdə biz prioritetləri göstərmişik. Demişdik ki, bu 3 istiqamətdə biz, klublar və regionlar işləsək, 6 ildən sonra nəticə olacaq. Bu 6 il yadımdadır. Bir dəfə müsahibə zamanı bizdən soruşdular ki, nə vaxt klublarımızı qrup mərhələsində görəcəyik, dedik 6 ildən sonra. Hamı soruşurdu ki, niyə belə əminsiniz? Biz ildən-ilə bu prosesi davam etdirsək, uğur olacaq. Əsas məsələ yorulmamaq, işdən həzz almaq və tunelin sonunda işıq görməkdir. Biz bu işığı görmüşük. Biz deyəndə, ümumiyyətlə, futbol ailəsini nəzərdə tuturam. 2012-ci ildə "Neftçi", sonra "Qarabağ" və bu mövsüm də "Qarabağ"la"Qəbələ" qrup mərhələsinə vəsiqə qazandı. Normal inkişaf dövrüdür. Eyni zamanda milli komandanı da qeyd edərdim. Ötən mövsüm 9 xal qazandıq. Özü də necə?! Luksemburqla hər iki oyunda 1 xal qazandıq. Ancaq Şimali İrlandiya ilə qarşılaşmalarda 4 xal, İsraillə matçlarda 2 xal, Rusiya ilə Bakıdakı oyunda 1 xal əldə etdik. Bu prosesdən dönməsək, səbrlə davam etsək, qarşıdakı illərdə daha çox klubumuz Avropa Liqasında çıxış edə bilər. Deyə bilərəm ki, "Qarabağ"ın Çempionlar Liqasında oynamaq üçün bir az bəxti gətirmədi. Halbuki son 25 ildə Azərbaycan futbolu tarixində beynəlxalq səviyyədə ən gözəl futbolu nümayiş etdirir. Bu, istər-istəməz milli komandaya və gənclərə təsir edir. Keçən il bizim iki komandamız - U-17 və U-19 elit mərhələyə yüksəldi. Bu, tarixdə ilk dəfə idi. O demək deyil ki, gələn il də bunlar mərhələ keçəcəklər. Çünki yaş, nəsil məsələsi var. Ola bilər bu nəsil bir az güclüdür, amma növbəti nəsil bir az zəif olsun. Serbiya yığmasının 21 yaşadək futbolçuları dünya çempionu oldular. Amma onların əsas komandası AVRo-2016-nın seçmə qrup mərhələsində cəmi 1 xal toplaya bilib. Bizim çətin vaxtlarımız da olub. 2008-ci ildə mübarizələr gedirdi, dialoqlar aparırdıq, mübahisələr edirdik. Amma hər kəsin məqsədi bir idi. Bu gün bir klubumuz Avroliqaya vəsiqə qazanan kimi digər komandalar ona kömək etmək istəyir. Belə hala dünyanın hər yerində rast gəlinmir.

- Bəlkə biz bu uğurlara acıq, ona görə hər kəs kömək edir?

- Yəqin ki, ona görədir. Məsələn, "Qəbələ" qrup mərhələsinə vəsiqə qazandı, oyunlarını "Bakcell Arena"da keçirir. Başa düşürük ki, bir stadionda 3 komandanın - "Qəbələ", "Neftçi" və millinin oynaması çətindir. "Neftçi"dən xahiş edirik, müzakirə belə etmədən dedilər ki, oyunöncəsi son məşqi Bakı Olimpiya Stadionunun məşq meydançasında və ya İsmət Qayıbov adına stadionda keçirəcəklər. "Xəzər Lənkəran" bunu eşidən kimi "problem yoxdur" reaksiyasını verdi. Bu, çox yaxşı haldır. Bütün futbol ailəmiz bununla fəxr edir. Bəzi azarkeşlər buna fikir vermir, ancaq vacib amildir. Həqiqi futbol ailəsi budur. Problemlər olduqda bir-birimizi başa düşməli və dəstəkləməliyik.

- Klublarda yaradılan Müşahidə Şurasının işindən razısınız?

- Müşahidə Şurasının yaradılmasına 2013-ün dekabrında qərar vermişdik. Müzakirələr gedirdi, klublarla danışırdıq. Artıq 1 il keçəndən sonra bəzi klublar bunu etməyə başladı. Kollektiv idarəetmə sistemi mənfi amil deyil. Bu gün AFFA-da kollektiv idarəetmə sistemidir. Gündəlik məsələlər haqda AFFA prezidenti Rövnəq Abdullayevə məlumat verilir və biz - katiblik həll edirik. Lakin qlobal məsələləri və həmin gündəliyin nəticəsi olaraq ancaq İcraiyyə Komitəsinə çıxarırıq. Bəzi məsələlər var ki, dəstəkləyirlər, amma bəzilərinə Komitə "yox" deyir. Başlayırıq xahiş, sübut etməyə. Sonra biri çıxıb deyir ki, burada məsələ düz deyil. Görürük ki, balaca bir elementi unutmuşuq. Yəni, biz buna normal yanaşırıq. Katibliyin təklif etdiyi məsələlərin 3-ü keçsə, bu, bizim üçün uğurdur. Digər 7-si ola bilər keçməsin, amma müzakirə olunur. Bu, kollektiv idarəetmə sistemidir, güclü dəstəkdir və yaxşı haldır. Bu gün hər bir böyük korporasiyanı götürsək, onların Direktorlar Şurası var. Onlar bütün qlobal qərarları orada qəbul edirlər. Təbii ki, klubun rəhbəri, icraçı direktoru, sədri olur. Son söz onundur. Ancaq digər üzvlər öz fikirlərini bildirirlər. "Çelsi"ni, "Mançester Yunayted"i, "Bavariya"nı, "Qalatasaray"ı, "Fənərbağça"nı misal çəkmək olar. Görürük ki, hamısında bu sistem var. Artıq "Neftçi"də, "Sumqayıt"da və "Kəpəz"də Müşahidə Şurası var. "Kəpəz"də Şuranın yaradılmasının da təsiri var. Görürsünüz ki, azarkeşlər stadionlara gəlir. Müşahidə Şurası olanda təsiri də olur. Məsələn, siz Şuranın üzvüsünüz. Özünüz, dostunuz, tanışınız, qohumunuz oyuna gəlir və tribunalarda say artır. Bir dostunuz deyəcək ki, 4-5 bilet ver, məhlə uşaqları ilə gedək. Artıq iş adamlarının Şuraya cəlb olunması başlayıb. Kiminsə zavodu, fabriki, dükanı, nəqliyyat şirkəti var. Artıq müdir üzv olduqdan sonra işçilər də istər-istəməz cəlb olunur. Futbol elə idman növüdür ki, insanlar azarkeş olmaq üçün ilk növbədə, futbola baxmalıdırlar. Mənim bir yaxın dostum var. Futbola ancaq dünya çempionatı, Çempionlar Liqasının final oyunu zamanı baxır. Bir dəfə futbola gedirdim. Mənə zəng vurdu, dedi neynirsən, dedim futbola gedirəm, gəl gedək. Etiraz etdi, soruşdu ki, kim oynayır, dedim "Neftçi" ilə "İnter". Yalan deməmişdim. Amma hansı "İnter" olduğunu deməmişdim. O da gəlməyə razılaşdı. Gəldi "Bakcell Arena"ya. Baxanda soruşdu ki, italyanlar hanı? Dedim ki, bu Bakının "İnter" klubudur, otur bax. Baxandan sonra inandırım sizi, ən azı ayda bir dəfə çempionat oyunlarını izləməyə gedir. "Qarabağ"ın, "Neftçi"nin, "Sumqayıt"ın oyunlarını izləyir. Artıq ab-havanı hiss edir. Adicə 5-10 yaşlı bir uşağı götürsək, bir dəfə stadiona aparsaq, ikinci dəfə özü getmək istəyəcək. Çünki ab-hava ona xoş gəlir. İnsanlar emosialarını paylaşır, səs-küy, açıq hava, niyə də yox? Ona görə də kollektiv idarəetmənin uzun müddətli təsiri var.

- Bəs Məşqçilər Komitəsindən necə?

- Məşçqilər Komitəsi həqiqətən də futbolumuza ciddi dəstək olurlar. Futbol adamlarıdırlar, hər bir oyunu izləyirlər. Onlar kənarda qalmamalıdırlar. Futboldakı insanlardan nə qədər az sayda kənarda qalan olsa, bir o qədər yaxşıdır. Həmin futbolçular, məşqçilər, heyət kənarda qalmamalıdır. Futbol ən kütləvi idman növüdür. Bu gün Məşqçilər Komitəsinin üzvləri təcrübəli mütəxəssislərdir. Məşqçinin işi kənardan asan görsənir ki, ulduzlara göstəriş verir. Amma məşqçilərin işləmə müddəti azdır. Çünki nəticədən asılıdır. Bu insan işini təmin etməlidir ki, kənarda qalmasın. Bəziləri işsiz qalan kimi çalışırıq ki, AFFA-da işlə təmin edək.

- Klublar Komitəsinin yaradılması heç də birmənalı qarşılanmadı. Ötən 9 aylıq müddətdə bu komitənin işində hansı irəliləyişləri müşahidə etdiniz?

- Həqiqətən də bəziləri tənqidi fikirlər səsləndirirdilər. Amma tənqid üçün heç bir səbəb yoxdur. 2008-ci ildən öncə və ya sonra ildə neçə dəfə klublarımız bir masa ətrafında toplaşıb söhbət ediblər? Heç vaxt. Ancaq Klublar Komitəsi yarandıqdan sonra ən azı rübdə 1 dəfə görüşür, danışırlar. Orada bəzi məsələlər bağlı qapı arxasında qalır, ictimaiyyətə açıqlanmır. Müzakirələr lazımdır. Biz bunu etməsək, deyə bilərik ki, klublar bir-birinin problemini bilməyəcək. İnformasiya xarakterli bir misal çəkim: 2004-cü ildə Almaniyada Dortmund "Borussiya"sının 6-7 milyon avro borcu var idi. Aksiyalar buraxdı və müsbət təsirini göstərmədi. Borc tez bağlanmalı idi. Almaniya Futbol İttifaqına müraciət etdilər. İttifaq tövsiyyə etdi ki, klublara müraciət etsinlər. Bu zaman "Borussiya" "Bavariya"ya üz tutdu. Bundan sonra Münhen klubundan 10 illik borc aldı və 3 ilə bağladı. 5 ildən sonra - 2013-cü ildə hər iki komanda Çempionlar Liqasının finalında üz-üzə gəldi. Həmin oyunun mətbuat konfransında Yurgen Kloppdan soruşdular ki, siz "Bavariya"dan borc almısınız və qaytarmısınız. Hansı üzlə onlara qarşı çıxırsınız? O da cavab verdi ki, bu borc meydanın içində yox, kənarında idi. Meydançada kimin kimə borclu olduğunu görəcəyik. Həmin oyunda az qala "Borussiya" udurdu, 1:0 hesabda irəli idi. Sonradan 2 top buraxaraq uduzdu - 1:2. Bu o deməkdir ki, klublar bir-biri ilə danışırlar. Almaniyada, İngiltərədə, Türkiyənin özündə danışıqlar, görüşlər olur, müzakirələr aparılır. Bu yaxınlarda məni bir ad gününə dəvət etmişdilər, ora gedirdim. İçəri girəndə gördüm ki, bizim iki klubun prezidenti birgə çörək yeyir, söhbət edirlər. Bu, sevindirici haldır.

- Yəqin ki, "Neftçi" və "Xəzər Lənkəran" rəhbərliyi olmayıb....

- Mən deməyəcəyəm. Çünki azarkeşləri onlara qarşı qalxa bilər. Amma çox yaxşı haldır. Onlar da məəttəl qaldı. Dedim indi şəklinizi çəkib AFFA-nın "facebook" səhifəsinə qoysaq, yaxşı olar? (gülür). Dedilər: "Yox, çəkmə, futbol ailəsindən 3-cü adamsan ki, bizi görürsən". Bu da sevindirici haldır ki, yəqin hansısa məsələ vardı ki, Komitədən kənar onlar bir araya gəlib söhbət edirlər. Amma Komitə iclasından 2 gün sonra görmüşəm onları. Bu da kollektiv idarəetmədir, yaxşı haldır.

- İcraiyyə Komitəsinin tərkibində klub rəhbərlərindən Cahangir Hacıyevlə Hafiz Məmmədov yer alıb. Amma Məmmədovun klubu "Bakı" hazırda I Divizionda, Hacıyevin fəxri prezidenti olduğu "İnter" isə maddi böhran içərisindədir. Bu halda onların komitədə qalmalarının önəmi var?

- Razıyam. Amma unutmayaq ki, onlar seçilmiş üzvlərdir və gələcək fəaliyyətlərinə gələn il keçiriləcək AFFA prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkisində qərar veriləcək.

- Ötən müddətdə İcraiyyə Komitəsində daha işlək mexanizm qurmaq olmazdı?

- Mən razıyam ki, komitə daha işlək vəziyyətdə ola bilərdi. Hazırda da işləkdir, bir-iki nəfərin az və ya aktiv fəaliyyəti o demək deyil ki, işlək deyil. Çünki heyət 11 nəfərdən ibarətdir. Lakin insanlar namizədliyini verəcəklərsə, demək özlərini orada görmək istəyirlər və futbol ailəsi onlara səs verirsə, biz heç nə edə bilmərik. Sonda həmin insanlar futbol ailəsinin üzvləri tərəfindən seçilir.

- Böyük tədbirlərə hazırlaşırsınız. Mişel Platini Bakıya gəlir, qarşıda İtaliya ilə oyun var...

- Azərbaycana Dünya Kuboku gəlir. Ölkəmizdə İtaliya yığmasının çoxsaylı azarkeşi olduğundan, UEFA-nın son iclasında razılığa gəldik ki, Dünya Kubokunu da Bakıya gətirsinlər. Bu, ilk dəfə olacaq ki, Azərbaycana dünya kuboku gəlir. Şərait olacaq ki, azarkeşlər kubokla şəkillər çəkdirsinlər. Bu kubok replikadır. Hazırda orijinalı Almaniyadadır və növbəti dünya çempionatına qədər orada qalacaq.

- Ötən həftə UEFA-nın iclası üçün Maltaya səfərə yollandınız. İclasda nələr müzakirə olundu?

- UEFA ən azı ildə iki dəfə baş katib və prezidentləri bir araya toplayıb 2 günlük sıx qrafikli iclas keçirir. Orada ümumi olaraq UEFA-nın uzun müddətli layihələri müzakirə olunur. Ondan başqa püşkatmaya əsasən danışıqlar aparılır və s. Yaxşı iclas keçdi, müxtəlif mövzular müzakirə olundu. İclas qapalı olur. Orada UEFA-nın növbəti illərdə maliyyə durumu ilə bağlı bizə məlumat verildi. Hansı yeni layihələr açılacaq, tətbiq olunacaqsa, onlarla bağlı müzakirələr getdi. Bəzi pilot layihələrdə Azərbaycan da iştirak edir. Bununla bağlı biz də öz fikrimizi bildirdik. Yəni, səmərəli iclas oldu.

- Milli komanda oktyabrda Bakıda İtaliya, səfərdə isə Bolqarıstan millisi ilə qarşılaşacaq. Hansı nəticəyə ümid edirsiniz?

- Bizim üçün İtaliya da Xorvatiya kimi böyük rəqibdir. Deyərdim ki, Xorvatiyadan bir xal götürməsəydik, bəlkə də birinci yerdə idilər.

- Hər mərhələdə bir komandaya "başağrısı" oluruq...

- Təbii ki, İtaliya ilə qarşılaşma bizim üçün böyük oyundur. Həmin oyuna Mişel Platini də dəvət olunub. Çünki Bakı Olimpiya Stadionu AVRO-2020-nin 4 oyununa ev sahibliyi edəcək. Ondan başqa milli komandaların təlim-məşq bazasının açılışı olacaq. Platini özü təməlqoymada iştirak etmişdi. Həmin bazanın maliyyələşdirilməsində də UEFA böyük dəstək oldu. Bu, bizim üçün böyük uğurdur. Düzdür, Azərbaycanda İtaliya yığmasının böyük azarkeş dəstəyi var. Ancaq inanıram ki, həmin azarkeşlər bu oyunda öz millimizin formasında Azərbaycanı dəstəkləyəcək. Mən 2002-ci ilin sentyabrında Bakıda iki komanda arasında keçirilmiş Avropa çempionatının seçmə qrup matçına azarkeş kimi baxmağa gedəndə gördüm ki, azarkeşlərin yarısı İtaliya formasındadır. Ümid edirəm ki, bu illərdə nəsə dəyişib.

- Hazırda Azərbaycan millisinin Bolqarıstanı keçmək kimi hədəfi var?

- Bu gün Robert Prosineçkinin işi çətin idi. 4 məğlubiyyətdən sonra onun qarşısına hansısa məqsəd qoymaq çətin idi. Biz dedik ki, çalış, axırıncı yeri tutmayaq. Baş məşqçimiz 4 ardıcıl məğlubiyyətdən sonra 4 məğlubiyyətsiz oyun keçirib. Ümid edək ki, tsiklin sonunadək məğlubiyyətsiz seriyamız davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail