Qəbələli matadorlar "qara öküzlər"i ram edə biləcəkmi?

01.10.2015 | 4716 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsində PAOK-a qarşı matçda debüt edən “Qəbələ” növbəti sınaq ərəfəsindədir. 

Stadium.az xəbər verir ki, "Qırmızı-qaralar” oktyabr ayının ilk günündə Rusiyanın “Krasnodar” komandası ilə üz-üzə gələcək.

Qoca "Kuban"ı unutduran "Krasnodar"

Rusiya klubu 10 illik yubileyini ötən ay qeyd edən “Qəbələ”dən sonra, yəni 2008-ci ildə yaradılıb. Bununla belə, qısa müddətdə
Rusiyanın aparıcı klublarından birinə çevrilib. Hələ SSRİ dövründə mövcud olan “Kuban” uzun illər Krasnodarın yeganə təmsilçisi olsa da, həmşəhərlilərinin kölgəsində qalıb. “Krasnodar” isə təmsil etdiyi şəhərin Rusiya Premyer Liqasında ilk və hələ ki yeganə mükafatçısı kimi adını tarixə yazdırmağı bacarıb.


Xalq arasında “qara öküzlər” kimi tanınan rəqibin mükafat kolleksiyası kasaddır. 2011-ci ildən Rusiya Premyer Liqasında çıxış edən gənc kollektiv ilk medalını bu il qazanıb. Komanda ötən mövsümü üçüncü yerdə bitirib. Hərçənd, krasnodarlılar çempionatda 2-ci olub Çempionlar Liqasına da vəsiqə qazana bilərdilər. Lakin 3-cü pillədəki MOİK-i böyük xal fərqi ilə qabaqlayan Oleq Kononovun yetirmələri son turlarda xal itirərək üstünlüyü əldən veriblər. Sonda MOİK-lə “Krasnodar”ın xalları eyni olsa da, gümüş medallara qələbə sayına görə üstün olan ordu klubu sahib çıxdı.


“Krasnodar”ın ötən mövsüm uğurlu çıxışında 2 təcrübəli yarımmüdafiəçinin böyük əməyi olub. Onlardan biri “Qəbələ”sevərlərə çox yaxşı tanışdır. Söhbət Yuri Syominin baş məşqçiliyi dövründə “Qəbələ”nin şərəfini qorumuş Marat İzmaylovdan gedir. Rusiya millisinin sabiq üzvü “Qəbələ”dən sonra çıxış etdiyi “Krasnodar” da inamlı çıxışıyla yadda qalıb. Bir qayda olaraq, start heyətində yer alan İzmaylov hücumların qurulmasında əhəmiyyətli rol oynayıb. Krasnodarlıların digər lideri Rusiya yığmasının kapitanı Roman Şirokov idi. Ancaq rəqib mövsüm bitəndən sonra hər 2 aparıcı futbolçusunu itirdi. Şirokov müqavilə ilə məxsus olduğu “Spartak”a qayıtdı, müqaviləsini yeniləməyən Marat isə hələ də klubsuzdur. Bu futbolçuların gedişi “Krasnodar”ın cari mövsümdə orta sahəsinə mənfi təsir göstərib. Rusiya yığmasının daha bir sabiq yarımmüdafiəçisi Dmitri Torbinski komandaya gəlsə də, o, əvvəlki oyun keyfiyyətlərini göstərə bilmir.


Hazırda turnir cədvəlində doqquzuncu pillədə qərarlaşan “Krasnodar” Rusiya Premyer Liqasında qeyri-sabit çıxış edir. Doğrudur, Oleq Kononovun yetirmələri son çempion “Zenit” üzərində səfərdə qələbə qazanmağı (2:0), “Dinamo”nu evdə böyük hesabla (4:0) məğlub etməyi bacarıblar. Ancaq rəqibin, xüsusilə, evdə xal itkilərinə yol verməsi nəzərdən qaçmır. Təsadüfi deyil ki, “Krasnodar” öz meydanında ilk və hələ ki yeganə qələbəsini 2 tur öncə - VIII turda qazanıb.


Lider legionerlər, yerlilər bombardirlər


“Krasnodar” hər xətdə köhnə futbolçulara, həm də legionerlərə bel bağlayır. Komandanın əsas qapıçısı Andrey Dikandır. “Spartak”dakı çıxışıyla tanınan və bir vaxtlar Ukrayna yığmasına da cəlb olunan Dikanın 38 yaşı olsa da, etibarlı oynayır. “Krasnodar”ın müdafiəsinin mərkəzi skandinavlar – isveçli Andreas Qrankvistlə islandiyalı Raqnar Siqurdssonun ixtiyarındadır. Bu ucaboylu legionerlər standart vəziyyətlər zamanı rəqibin cərimə meydanında çox təhlükəli olurlar. Kapitan sarğısı da bir vaxtlar İtaliya A seriyasında oynamış Qrankvistə etibar olunub.


“Krasnodar”ın əsas mərkəz yarımmüdafiəçiləri Özbəkistan yığmasının üzvü Odil Əhmədovla MOİK-in sabiq futbolçusu Pavel Mamayevdir. Mamayev cari mövsümdə vurduğu 7 qolla (2-i Premyer Liqada, 5-i Avropa Liqasında) komandasının bombardiridir. Rusiya yığması, eləcə də, “Zenit” və “Spartak” komandalarında çıxışıyla tanınan cinah yarımmüdafiəçisi Vladimir Bıstrov isə uzun müddətdir Kononovun sərəncamında olsa da, əvvəlki formasından uzaqdır.


“Krasnodar”ın hücum xətti cənubi amerikalılar, əsasən də, braziliyalılardan ibarətdir. Onlar isə cəld, texnikalı, sürətli oyun göstərirlər. Komandada oyun sayında rekordçu (135 matç) olan Joazinyonun hələ ötən mövsümdə aldığı ağır zədədən altı ay sonra yenicə sıraya dönüb. Joazinyonun yerliləri Ari ilə Vanderson “Krasnodar”ın əsas hücumçularıdır. Ari “Spartak”da olduğu kimi uğurlu çıxış edir, məhsuldar oynayır. Digər cənubi amerikalılar – Maurisio Pereyra ilə uruqvaylı Rikardo Laborde də hücumammeyli yarımmüdafiəçilər kimi “Krasnodar”ın aparıcı simalarıdır. Bu yay transfer edilən Fyodr Smolov komandanın hücum xəttində oynayan yeganə rusiyalıdır. Uzun fasilədən sonra Rusiya yığmasına qayıdan hücumçu 4 qolla (yarısı çempionatda, yarısı avroliqada) komandada 2-ci ən sərrast futbolçudur.


“Krasnodar” “transfer pəncərəsi”nin bağlanması ərəfəsində həmşəhərliləri “Kuban”dan burkina-fasolu yarımmüdafiəçi
Şarl Kaboreni transfer edib. Milli komandasının heyətində Afrika Millətlər Kubokunun gümüş medalçısı olan Kabore bir vaxtlar “Olimpik Marsel”də oynayıb.


Zenyov sabiq məşqçisinə qarşı


“Krasnodar” Rusiya Premyer Liqasında baxımlı oyun, hücum futbolu göstərən, ötürmələrlə oynamağı sevən komandalardan
sayılır. Bir faktı misal çəkək. Rəqibimiz “Amkar”a 1:0 hesabı ilə qalib gəldiyi səfər matçında 674 ötürmə edib və bunun yalnız 13,1 faizi qeyri-dəqiq olub. Komanda həmin turda bu göstəricidə hazırkı lider MOİK-dən (667 ötürmə, 14,8 faiz qeyri-dəqiqlik) də üstün olub. Hətta bəziləri “Krasnodar”ı 90-cı illərdə Rusiya futbolunun aşkar lideri olan “Spartak”a bənzədir. Yeri gəlmişkən, həmin vaxt “Spartak”ın liderlərindən olmuş Andrey Tixonov “Krasnodar”ın baş məşqçisi Oleq Kononovun əsas köməkçilərindəndir.


49 yaşlı Kononov 2013-cü ildən bu postdadır. Adı “Krasnodar”ın dirçəlişi ilə bağlı olan belaruslu mütəxəssis Roman Qriqorçukla
yanaşı futbolçularımızın bir çoxunu yaxşı tanıyır. Çünki Kononov Rusiyaya gələnədək 5 il Ukraynada çalışıb, bu ölkənin “Karpatı” və “Sevastopol” komandalarına başçılıq edib. Onun “Karpatı”da ən uğurlu dövrü 2010/11 mövsümünə təsadüf edir. Həmin vaxt Lvov klubu Avropa Liqasının qrupunda çıxış edib. Yeri gəlmişkən, estoniyalı hücumçumuz Sergey Zenyov həmin vaxt onun sərəncamında olub.


“Krasnodar”ın da avrokuboklar tarixi 2014-cü ilin iyulundan başlasa da, bizdən çox oyun keçirib. Belə ki, rəqibin hesabında 17, “Qəbələ”də 11 matç var. “Qara öküzlər”in də avrokubok sərgüzəştləri Avropa Liqası ilə bağlıdır. Oleq Kononovun yetirmələri ötən mövsüm pley-offda İspaniyanın “Real Sosyedad” klubunu gözlənilmədən mübarizədən kənarlaşdırmaqla turnirin qrup mərhələsinə çıxıb. Ancaq Krasnodar klubu “Volfsburq”, “Everton” və “Lill”lə mübarizədə uğur qazana bilməyib. Avropa Liqasında cari mövsümdə mübarizəyə III təsnifat mərhələsindən başlayan “Krasnodar” Slovakiyanın “Slovan” (evdə 2:0, səfərdə 3:3), Finlandiyanın HİK (evdə 5:1, səfərdə 0:0) klublarına üstün gəlməklə qrup mərhələsində oynamaq hüququ qazanıb.


Rəqib I turda “Borussiya”ya məğlub olub. Hərçənd, “Borussiya” ilə oyun “Krasnodar” üçün pis başlamayıb. Belə ki, artıq 12-ci dəqiqədə Mamayev Smolovun ötürməsindən sonra hesabı açıb. Ancaq almanlar hər hissənin əlavə olunmuş dəqiqələrində qol vuraraq əzmkar qələbə qazanıblar- 2:1. Matçın 45+1-ci dəqiqəsində məhsuldar ötürmə verən cənubi koreyalı Park Çju Xu 90+3-də qələbə topunu vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail