1-ci Divizion, yoxsa SOCAR birinciliyi? YAZI

13.10.2015 | 3121 dəfə oxunub

Premyer Liqanın ardından I Divizionda da yeni mövsüm start götürdü. Artıq 4 tur geridə qalıb. Ümumiyyətlə, futbol üzrə Azərbaycan çempionatının I Divizionundan danışmaq çox çətindir. Həm danışmaq, həm yazmaq, həm də bununla bağlı hər hansı bir müzakirə aparmaq. Çünki bütün bunların olması üçün komandalar arasında sağlam mübarizə, sağlam rəqabət vacibdir. I Divizion nəyə görə keçirilir? Premyer Liqada zəif çıxış edib son pillələri tutan komandalar bu diviziona düşür və yeni mövsümdə digər komandalarla orada mübarizə apararaq yenidən “yuxarı" qayıtmaq üçün çalışır. Yüksək yerləri tutan komandalar il boyu çəkdikləri əziyyətin bəhrəsi olaraq yüksək liqaya yüksələrək orda oynamaq hüququ qazanırlar. Bütün dünyada I Divizion bu cür qəbul edilib. Lakin təəssüf ki, bizdə bundan əsər-əlamət belə, yoxdur. Sonuncu dəfə nə vaxt I Divizionda ilk pillələri tutan komandalar sağlam mübarizənin yekunu olaraq yüksək liqaya vəsiqə qazanıb, xatırlayırsınız? “Arax Naxçıvan"ı misal gətirmək olar. 2 il əvvəl Naxçıvan təmsilçisi 1-ci dəstədə 1-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanmışdı. Əslində, həmin vaxt çempionat başlamamışdan əksəriyyət “Araz Naxçıvan"ın növbəti mövsüm Premyer Liqaya yüksələcəyinə əmin idi. Səbəbini hamı bilir. Lakin komanda orada heç yarım il çıxış etmədi. Yenə də səbəbini hamı bilir. Bir də bildiyimiz budur ki, hər il AFFA kimi istəsə, kim sərf eləsə, o komandanı elitaya gətirir. Sonuncu dəfə sağlam mübarizə şəraitində Premyer Liqaya “Standard" gəlmişdi ki, hazırda da bu komanda mövcud deyil. Son 6-7 ildə isə I Divizionda qeyri-sağlam mühit müşahidə olunur.
 
300 minlik “oyun"
 
2015/16-cı illər mövsümü I Divizionda 14 komanda mübraizə aparır. Bu isə keçən mövsümlə müqayisədə 2 komanda azdır. “Kəpəz", “Zirə" və “Rəvan" Premyer Liqaya sözün həqiqi mənasında göndərildi. “Şuşa Qarabağ" isə pulsuzluq ucbatından fəaliyyətini dayandırdı. “Lokomotiv" hələ keçən mövsümün ilk dövrəsindən sonra iştiraka “stop" demişdi. Əvəzində ötən mövsüm Premyer Liqada sonuncu pilləni tutan “Bakı" ilə Həvəskarlar Liqasında çıxış etmiş “Şərurspor" I Divizionda debüt etməli oldular. Bundan başqa, yeni yaradılmış “Zaqatala" da AFFA tərəfindən I Diviziona buraxıldı. Fəaliyyətini dayandırmış “Mil Muğan"ın 1 həftəyə tez-bazar yığılıb çempionata necə qatılması isə hələ də sual olaraq qalır. Cəbrayılı təmsil edən “Xudafərin" I Divizionda çıxış etmək üçün PFL-ə müraciət etsə də, onlara icazə verilmədi. Daha doğrusu klubdan 300 min manatlıq bank təminatı istənildi ki, bu da mədəni surətdə “yaxşı yol" demək idi. Çünki 300 min bank təminatı o deməkdir ki, bu pul toxunulmazdı. Yalnız sponsor ağır duruma düşüb komandaya maaş vermək iqtidarında olmayanda bu pul bankdan götürülüb futbolçulara xərclənir. Deməli, bu puldan əlavə daha 300 min pulun da olmalıdır ki, çempionatda oynayasan. Bu isə üst-üstə 600 minlik büdcə deməkdir. Hamıya məlumdur ki, hazırda I Divizionda oynayan heç bir klubun nə bu qədər büdcəsi var, nə də 300 minlik bank təminatı. Yəni siz inanırsınız ki, çempionatda həkimsiz oynayan “Energetik"in hazırda bankda 300 min pulu var? Yoxsa futbolçusuna 30 dollar maaş verən “Göyəzən"in? Eləcə də “Bakı"nın bazasına sığınan MOİK və digərləri. Elə isə niyə bank təminatı yalnız yeni klublara şamil edilir? PFL bu qərarını belə izah edir ki, yeni yaranan klublara inam yoxdur. Yəni köhnələri tanıyırlar və bilirlər ki, kim haradan maliyyələşir. “Şərurspor"a da analoji problem yaradıldı. Yekunda sözügedən klubun rəhbərliyi 200 minlik bank təminatı ilə PFL-i güclə razı sala bildi. Ancaq istənilən halda PFL-in göstərdiyi səbəb tutarlı və obyektiv deyil. Yeni komandalara inam yoxdursa, “Zaqatala"dan niyə bank təminatı istənilmədi? Cavab məlumdur: bu klubu AFFA yaradıb və sponsor da elə federasiya özüdür. Sualımızın da əsl cavabı məhz buradadır. “Zaqatala" kimi digər klublar da bu və digər yolla AFFA-ya, SOCAR-a bağlıdır. Yəni federasiyanın öz klublarıdır. Ona görə də onlardan nə bank təminatı istənilir, nə də oynamalarına problem yaradılır. Belə olan halda ortaya növbəti sual çıxır: 
 
 
Müstəqil klubların önündə niyə “qırmızı işıq"dı?
 
Həqiqətən də maraq doğuran sualdı. Axı, nəyə görə yeni klublara I Divizionda oynamağa imkan verilmir, müxtəlif maneələr yaradılır? Əgər Azərbaycanda futbolun inkişafını, kütləviliyini istəyiriksə, nəyə görə yeni klubların ortaya çıxmasına imkan yaradılmır? Deməli, ortada obyektiv olmayan səbəblər var. Əslində burada PFL-i qınamaq olmaz. Ramin Musayevdən olsa, çempionatı 20 komanda ilə keçirər. Ancaq AFFA-dan gələn tapşırıq onu da çətin vəziyyətə salıb. Tapşırıq isə bundan ibarətdir ki, SOCAR-la bağlı olmayan və AFFA-nın istəyinə uyğun gəlməyən şəxslər futbola buraxılmasın. Bəs, səbəb nədir? AFFA-ya bağlı olmayan klublar sabah müstəqil siyasət yürüdəcəklər ki, bu da əlavə problem deməkdir. Adi misal: AFFA bu gün “Neftçi", “Sumqayıt", “Kəpəz" kimi klublarda çox rahatlıqla Müşahidə Şurası yaradıb bu klublara problemsiz idman direktorları təyin edə bilir. Bunula da öz siyasətini bu klublara da yeritmiş olur. Amma eyni işi “Qarabağ", “Qəbələ" və “Xəzər Lənkəran" kimi klublara qarşı edə bilmir. Çünki bu klubların AFFA-ya bağlı olmayan öz sponsorları, rəhbərliyi var, müstəqil siyasət aparırıar. Sabah yeri gələndə AFFA-nın hansısa qərarına etiraz da edə bilirlər. Çünki asılacaqları yoxdur. Ancaq gəlin görək, “Neftçi", “Sumqayıt", “Kəpəz" və bu kimi klublar AFFA-nın hansısa qərarından narazı qalıb ona etiraz edə bilərlər? Mümkün deyil. AFFA-ya da məhz bu cür klublar lazımdır. Ona görə də I Divizionda “Qarabağ", “Qəbələ", “Xəzər Lənkəran" kimi komandaların iştirakına imkan vermək olmaz. Bütün klublar AFFA-nın öz nəzarətində olmalıdır ki, sabah da hansısa problem olmasın. Necə ki, “Ağsu", “Qaradağ Lökbatan", “Neftçala" kimi komandalar I Divizionda çempion olsalar da, Premyer Liqaya buraxırmırlar və yenə də quzu kimi başlarını aşağı salıb oynamaqda davam edirlər. Ancaq deyək ki, hansısa bir müstəqil iş adamı, biznesmen gəlib yeni komanda yaradır və onu buraxırlar I Diviziona. Həmin şəxs də pul qoyur, yaxşı heyət yığır Premyer Liqaya vəsiqə qazanır. Bunun özü artıq AFFA üçün problem deməkdir. Çünki həmin şəxsə deyə bilməyəcəklər ki, Müşahidə Şurası yarat və yaxud, mənim gətirdiyim əcnəbini idman direktoru təyin elə. Adam Tahir Gözəl kimi, qayıdıb cavab verəcək ki, Müşahidə Şurasına da, sənin direktoruna da... ehtiyacım yoxdur. Stadionumu da süni yox, təbii eləyirəm. Təbii ki, elə şəxslər heç vaxt AFFA-ya sərf etməz. Ona görə də onların yolunu elə I Diviziondaca bağlamaq lazımdır.
 
Futbol, yoxsa həndbol?
 
Yuxarıda qeyd etdiyimiz səbəblərdən güman ki, bu il də I Divizion eyni ilə keçən mövsümün təkrarı olacaq. İlk 4 turdan sonra yaranmış vəziyyətə də baxsaq görərik ki, liderlər qrupunda AFFA-nın öz komandaları qərarlaşıb. Federasiyanın planlarına tam olaraq daxil olmayan “Bakı" və “Şərurspor"du ki, onlar da hələlik ciddi rəqib sayıla bilməzlər. “Bakı"nı elə günə qoyublar ki, çətin bu gedişlə Premyer Liqa haqda düşünə. “Şərurspor"a da baxacaqlar, elə ki, gördülər nəsə edir, elə ordaca hakimlərin əli ilə başlarından basacaqlar. Deyilənə görə, bu mövsüm üçün Premyer Liqaya gətirilməsi nəzərdə tutulan komanda “Turan Tovuz"du. Ehtiyat variant kimi isə “Zaqatala" diqqətdədir. “Neftçala", “Qaradağ Lökbatan" və “Ağsu" iddialı oslalar belə, onların elitaya buraxılacağı inandırıcı görünmür. “Şəmkir" də pis start götürməyib. Amma nəzərə alsaq ki, bu komanda da AFFA-dan maliyyələşir, o zaman onların da elitaya vəsiqə qazanması AFFA üçün problem yarada bilməz.
Çempionatdakı mübarizəyə gəlincə, bir qədər əvvəl də yazdığımız kimi, obyektiv rəqabət və reqlament olmadığı üçün hansısa gərgin mübarizədən də danışmaq yersiz olardı. Məşqçilər və futbolçular AFFA-dan 3-5 manat pullarını alıb, başlarını da aşağı salıb öz işlərini görürlər. Onsuz bilirlər ki, yekunda kimin Premyer Liqaya yüksələcəyini turnir cədvəli yox, futbolumuzun başında duranlar həll edəcəklər.
Mübarizəyə gəlincə, “Neftçala" bu mövsüm də rəqiblərindən bir baş üstün kimi görünür. Elə ilk 3 turda bu komandanın qarşısına çıxanı çox rahatlıqla “tapdalayıb" keçməsi dediklərimizin sübutu ola bilər. Bu mənada Kamal Quliyevin komandasının növbəti dəfə çempionluğu bayram etmək şansı daha çoxdur. Digər iddialılar sırasında “Şəmkir"in adını xüsusi göstərmək olar. Əslində şəmkirlilərin bu mövsüm uğurlu çıxışı gözlənilən idi. Çünki ötən mövsümün ikinci yarısından komandaya Şəmkir Rayon İcra Hakimiyyəti də böyük dəstək göstərməyə başladı. İcra başçısı Alimpaşa Məmmədov oyunlara gəlib baxır, futbolçulara mükafatlar vəd edir. Bu isə əlavə motivasiya və ruh yüksəkliyi deməkdir. Heyətdə Premyer Liqa təcrübəsi olan futbolçuların yer alması da Kamran Əlibabayevin komandasının işinə yarayır. Bu mənada komandanı da çempionluğa namizəd saymaq olar. Digər komandalardan “Qaradağ Lökbatan"ın bu ikiliyə müqavimət göstərə biləcəyini demək olar. O da digər komandalarla nisbətdə. “Bakı" Neftçalada məğlub olmaqla göstərmiş oldu ki, ilk pilləyə iddia edə bilməz. Bununla belə, “zolaqlılar"a daha bir neçə tur vaxt verib daha sonra onlar haqqında konkret danışa bilərik. Heyətə ən azı 2 təcrübəli futbolçu cəlb olunsa, o zaman “Bakı" ən azı 2-ci yerə oynaya bilər. “Ağsu" ötən ilki kimi güclü görünmür. Eyni sözlər “Turan Tovuz"a da aiddir. Bu komanda sadəcə, AFFA-nın “Tovuzda da futbol var" sözünü deməsi üçün fəaliyyət göstəri.
Yerdə qalan digər komandalar isə çempionatda niyə oynayır, hansı məqsəd üçün mübarizə aparır heç özləri də bilmirlər. Məsələn, elə ilk turdaca qapısından 12 cavabsız qol buraxan və bizləri 20 il əvvələ aparan “Energetik" Mingəçevir futboluna, Azərbaycan futboluna hansı faydanı verə bilər, cavab tapmaq çətindi. Eləcə də “ştatlı audsayder" imicini heç kimə verməyən “Göyəzən" haqda da eyni sözləri demək olar. MOİK də həmçinin “Bakı"nın bazasına sığınıb hərbi xidmət yaşı çatan Premyer Liqa klublarının futbolçularına görə aldığı icarə haqqının hesabına başını girələyir.
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.08.2019

01:15  PSJ - "Tuluza" - 3:0 VİDEO

01:11  "Roma" - "Cenoa" - 3:3 VİDEO

01:07  "Udineze" - "Milan" 1:0 VİDEO

25.08.2019

20:04  "Qarabağ" - "Qəbələ" - HEYƏTLƏR

18:19  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

24.08.2019

22:08  "Parma" - "Yuventus" 0:1 VİDEO

18:19  “Sumqayıt” “Səbail” - HEYƏTLƏR

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi