Starkov "Bakı"nın zəif nöqtələrindən danışdı

30.09.2011 | 6438 dəfə oxunub

“Bakı”nın baş məşqçisi Aleksandrs Starkovun müsahibəsi:

- Artıq 7 tur arxada qalıb. Oyun və nəticədən razısız?
- İkili hislər var. Həm fərqli oyun, həm də fərqli nəticələr olub. Elə qarşılaşmalar olub ki, yaxşı oyun nümayiş etdirsək də, nəticə qazana bilməmişik. Bəzən isə əsas olan nəticəni əldə etmişik. Ona görə də komandanın çıxışından tam razı qaldığımı demək olmaz. Bununla belə, biz düzgün yoldayıq.

- “Neftçi” ilə qarşılaşma deyəsən, birinci qrupa aiddi. Çoxları bu matçda “Bakı”nın ən yaxşı oyunlardan birini keçirdiyini düşünür. Bəs siz?
- Düşünürəm ki, “Neftçi” ilə bərabər oyun alındı. Komandam pis təsir bağışlamadı. Unutmaq olmaz ki, “Neftçi” Azərbaycan çempionudu. Əsas heyəti qoruyan komanda usta qapıçı transfer edib. Saşa Stamenkoviç həmin oyunda bacarığını bir daha nümayiş etdirdi. Əgər birinci hissədə əldə etdiyimiz fürsətdən istifadə edə bilsəydik, hər şey fərqli olardı. Hissənin sonunda biz real qol vəziyyəti yaratmışdıq. Amma Verpakovskis ondan istifadə edə bilmədi. Bundan sonra oyun tamamilə fərqli məcraya yönələcəkdi. Məhz güclü komandalar sonda qələbə qazanırlar. “Neftçi” də hər şeyi öz xeyrinə dəyişə bilmədi.

- Sanki komandada nəsə çatmır. Problem nədidi?
- Hələ çox şey çatışmır. Burada bir səbəb yoxdu. Biz oyunumuzu təhlil edir, çatışmazlıqlar üzərində daha çox işləyirik. Məsələn, “Neftçi” ilə görüşdə Aleksandr Soliçin yeri görünürdü. Unutmayın, oyunu futbolçular qururlar. Komandada yaxşı müdafiəçilər, “qara iş”i görən yaxşı futbolçular, həmçinin oyunu quran əla yarımmüdafiəçilər olur. Mövsümün əvvəlində bu funksiyanı Soliç öz üzərinə götürdü. Təəssüf ki, o, “Neftçi” ilə oyundan əvvəl xəstələndi. Pleymeykeri əvəz etmək çox çətindi.

- Razısız ki, komandada lider çatışmazlığı var?
- Bəzi oyunçular “qara iş” görürlər və meydanda fəaldılar. Məsələn, Cəmşid Məhərrəmov və İbrahim Karqbonu göstərmək olar. Amma bizə son və həlledici ötürməni verə biləcək oyunçu lazımdı. Baxın, Elvin Məmmədovla Fabio Luis Ramim zədəyə görə oynamırlar. Onlar mərkəzdə komandaya böyük fayda verə biləcək futbolçulardı. Biz Elvinə pleymeyker gözü ilə baxırıq. Təəssüf ki, yığmanın düşərgəsində zədələndilər. Bu amil “Bakı”nın nəticələrində özünü göstərir. Elvin artıq sıraya dönmək üzrədi. Onun adının AZAL-la matçın iştirak ərizəsinə salınması gözlənilir. Ümid edirəm ki, Məmmədov bu qarşılaşmada oynamaq imkanı da qazanacaq.

- Denis İvanovsla Aleksey Savinovun “Neftçi” ilə oyunda buraxdıqları səhvlər göstərdi ki, müdafiədə ciddi problemlər var. Yüksək yerlər uğrunda mübarizə aparan klubda belə vəziyyəti yoluna qoymaq üçün nə düşünürsüz?
- Əlbəttə, müdafiədə də problemlər var. Biz “Neftçi” kimi güclü rəqiblə oyunda çatışmazlığı bir daha hiss etdik. Düz deyirsiz, birinci hissədə Denis ciddi texniki səhvə yol verdi. Həmin anda qapıçımız Marko Şarliya bizi xilas etdi. Rəqib penalti tələb etsə də, videotəkrar zamanı həmin anda hər hansı qayda pozuntusunun olmadığı aydın göründü. Təhlil apararkən müdafiə xəttində də zədələrin bizə problem yaratdığını görürük. Xüsusilə, Stefan Batesin olmaması ciddi çatışmazlıqdı. Əsas mərkəz müdafiəçimiz cəmi bir matçda bizə kömək edə bilib. Bu özü çox şeydən xəbər verir.

- Belə çıxır ki, qışda ciddi transferlər olacaq?
- Yayda heyətdə ciddi dəyişikliklər etdik. Komandanı yenidən formalaşdırmışıq. Hamı nəticələrə görə narahatlıq keçirir. Qışa hələ çox var. Fasiləyədək liderlər qrupunda yer almalıyıq. Hazırda əsas amalımız budu. Bütün komanda qarşıda duran vəzifəni yaxşı başa düşür. Əlbəttə, qış fasiləsində yeni futbolçuların transferi mümkündü. Bununla belə, hazırda ixtiyarımda olanların daha yaxşı formaya düşəcəklərini gözləyirəm. Hücum xəttində Parksla Verpakovskisin bir-birini başa düşməsi üçün zaman tələb olunur. Məncə, bütün xətlərdə inkişaf olacaq.

- Nədənsə, yayda transfer olunan futbolçuların heç biri özünü göstərə bilmir. Bu siyahıya avqustun sonunda transfer olunan Junioru da əlavə etsək…
- Biz bütün futbolçulara inanırıq. Yayda komandaya cəlb olunan Çesnauskis və Verpakovskisin “Bakı”ya faydalı olacağına əminəm. Əlbəttə, braziliyalı Juniora ümidlərimiz çox böyükdü. O, yüksək keyfiyyətlərə malik futbolçudu. Digər belə oyunçu Elvin Məmmədovdu. Bir daha təkrar edirəm ki, Elvinin önəmli fiqur olacağına ümid edirik.

- Qarşınızda hansı məqsədlər durur: çempionluq, yoxsa avrokuboklara vəsiqə?
- Maraqlı sualdı. Oyundan-oyuna məqsədə doğru irəliləyirik. İndi növbəti turda AZAL-la qarşılaşmanı düşünürük. Bu matçda qələbə qazanmağı çox arzulayırıq. Əgər bu oyunda üç xalı əldə edə bilsək, gələcək üçün fərqli əhval-ruhiyyə yaranacaq. Biz maksimuma nail olmaq istəyirik. “Bakı” Azərbaycanda özünəməxsus ənənələri olan klubdu. Əgər oyun baxımından arzuolunan səviyyəyə yüksələ bilsək, biz pillə-pillə məqsədə doğru irəliləyəcəyik. Ən pis halda növbəti mövsüm Avropa Liqasında yarışmaq istəyindəyik.

- Seçmə mərhələ artıq başa çatmaq üzrədi, Latviya yığmasındakı fəaliyyətinizi davam etdirəcəksiz?
- Vitse-prezidentimiz Zeynal Məmmədov bu məsələyə münasibətini bildirib. Seçmə mərhələnin sonunda Latviya Futbol Federasiyası ilə müqavilə müddəti başa çatacaq. Gələcəklə bağlı bütün suallar noyabrda həllini tapacaq. İndi dəqiq söz söyləmək düzgün olmazdı.

- Milli ilə eyni vaxtda klubda işləmək çətinlik yaratmır?
- Əlbəttə, çətinliklər olur, bunu istisna etmək düzgün deyil. Amma bu vəziyyətdən çıxa bilirik. Mən hər şeyi incəliyinə qədər nəzərə alıb, iki yerdə işləməyə razı olmuşam. Mənim yaxşı köməkçilərim var. Latviya yığmasına yollanarkən məşqçi heyəti öz işini lazımi səviyyədə yerinə yetirir. Düşünürəm ki, mən olmadığım təqdirdə, ciddi çatışmazlıqlar yaranmır.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail