Hafiz Məmmədov: “Belə pulları varsa, 14 milyonumuzu ödəsinlər də”

04.12.2015 | 3249 dəfə oxunub

Dünən 51 yaşını qeyd edən “Bakı”nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Lans”ın sahibi Hafiz Məmmədov uzun fasilədən sonra mətbuata danışıb. Futbolxeber.az saytının əməkdaşı ilə yanaşı, Sənan Şəfizadə və Mahir Rüstəmlinin də iştirak etdiyi müsahibədə Hafiz Məmmədov bir çox məsələlərdən danışıb. Stadium.az Hafiz Məmmədovun müsahisəni təqdim edir:


“BAKI” I DİVİZİONLUQ DEYİL” 

- “Bakı” klubu 2 dəfə ölkə çempionu oldu, 3 dəfə kuboka sahib çıxdı, Avroliqada pley-off mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisi oldu, futbolumuza onlarla gənc istedad bəxş etdi. Bu gün isə bütün bunları həyata keçirən komanda I divizionda mübarizə aparır. Hafiz Məmmədov I divizionda yarışan komandasının oyunlarını izləyirmi?

- I divizionun yox, uşaqların oyunlarına baxıram. Düzdür, qarşılaşmalara canlı olaraq tamaşa etmək imkanım çox vaxt olmur. Amma internet vasitəsi ilə komandanın matçlarını izləyirəm. “Bakı” I divizionluq deyil. Təbii ki, I divizonda oynamaq ayıb sayılmır. Uşaqlara da deyirəm ki, ürəyinizi sıxmayın.  Əvvəl utanırdım. Dünya futbolunda bir çox aparıcı klublar da vaxtı ilə aşağı liqada yarışıblar. I divizionda yarışmaqda utanmalı bir şey yoxdu.

- Son 2 il ərzində həm “Bakı”, həm də Hafiz Məmmədovla bağlı çox yazıldı. Baş verənlərə özünüz necə aydınlıq gətirərdiniz?

Müəyyən problemlər oldu. Bunu danmaq olmaz. Amma biz 20 ay dözdük. Zaman göstərdi ki, baş verən problemlər bizlik deyil. Camaatın duası bizə çox kömək oldu. Bəziləri bizim haqqımızda “yaxşı adamdılar, amma həyatdı da, biznesdə səhv ediblər” deyirdilər. Halbuki biz biznesdə heç bir səhvə yol verməmişdik. Burada söhbət məndən getmir. Olmasın Hafiz Məmmədov, olsun bir başqası. Əgər hansısa azərbaycanlı xarici layihə həyata keçirirsə, ona dəstək olmaq lazımdı. Amma bəzi insanlar mənə problem yaratdı.

- Bütün çətinliklər nədən irəli gəlirdi?

- Azərbaycanda Premyer Liqada yarışan 3 klubun bizə 300 milyona yaxın borcu var. Onların adlarını çəkmirəm. Onsuz da çoxları söhbətin kimlərdən getdiyini bilir. Bu borc futbola görə yox, biznesə görədi. Əvvəl bu haqda danışmaq istəmirdim, susurdum. Sonra dedim qoy, bu haqsızlıqları insanlar görsünlər.

- Bu 2 il ərzində “Bakı”dan əl çəkmək fikrinə düşmüsüz?

- Hafiz Məmmədov heç bir işdən əlini çəkməyib. Belə klubdan əl çəkmək olar? Futbolu inkişaf etdirmək lazımdır. Axıra qədər nə lazımdırsa, edəcəyik. Sadəcə, son 20 ay ərzində mənə çox pis təsir edən müəyyən hadisələr baş verdi.

“BAKI”DAN GEDƏNLƏRİN HAMISI GERİ QAYIDACAQ”

- Nəyi nəzərdə tutursuz?

- Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdu. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir.

- Tək Namiq yox, 10-dan çox futbolçu “Bakı”dan getdi...

- Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdı. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar.

- Futboldan bezməmisiz?

- Qətiyyən. Mən qeyri-ciddi iş necə olur, bilmirəm. Hansısa işə qol qoyuramsa, deməli bu, ciddidi. Mənim işlərimdə problem varsa, burada futbolun günahı yoxdu.

- Eşitdiyimizə görə “Bakı”nın bazasında da müəyyən işlər aparılacaq. Konkret hansı planlarınız var?

Bazanı tikəndə planlarımız iki mərhələdən ibarət idi. Birinci mərhələni həyata keçirdik. Sonradan ikinci mərhələyə başlayacağdıq ki, problemlər çıxdı ortaya. Amma işlərimiz qaydasına düşür və baza ilə də bağlı planlarımızı həyata keçirəcəyik. Hazırda iki ehtimal var. Mümkündür ki, bazanın ərazisi genişlənsin. Bu halda, bazada daha çox iş aparılacaq. Yox, ərazi genişlənməsə, 4 ulduzlu otel, hovuz və daha bir meydança tikəcəyik.

“2 KLUBUMUZ QRUP MƏRHƏLƏSİNDƏ OYNAYIRSA FUTBOLUMUZUN SƏVİYYƏSİ NECƏ DÜŞƏ BILƏR?”

- “Bakı”sız Premyer Liqanın səviyyəsi düşüb?

- Çempionatın səviyyəsinin aşağı düşməsi ilə razılaşmıram. Axı, 2 klubumuz Avroliqanın qrupunda oynayır. 2 klubumuz qrup mərhələsində oynayırsa, çempionatın, futbolumuzun səviyyəsi necə düşə bilər? “Qarabağ” və “Qəbələ” fəxrimizdi. “Qəbələ” rəhbərliyi hansı işə girişirsə, bu sahədə 1 nömrə olur. Bölgədə futbolun inkişafı göz önündədir.

- “Neftçi”də yaradılan Müşahidə Şurası ilə bağlı fikirləriniz necədir?

- Ağıllı fikirdi. Klubun başında futbol adamının olması vacib deyil. “Neftçi”yə son zamanlar tanınmış insanlar cəlb olunub. Çingiz Abdullayev zəka sahibidi, addı, brenddi. Klub rəhbərliyində təmsil olunanlar sağlam fikirləşə bilən insanlardı.

- “Bakı”da da Müşahidə Şurası yaradılacaqmı?

- “Bakı”da da belə bir fikrimiz var idi. Hətta həyata keçirməyə yaxın idik. Klubun idarə heyəti əcnəbilərə tapşırılacaqdı. Burada 2 ispan, 2 fransız və 2 azərbaycanlının təmsil olunması nəzərdə tutulmuşdu.

- “Atletiko” ilə əməkdaşlığınız başa çatıb. Lakin Madrid klubunun formasında “Land of fire Azerbaijan” brendi fərqli şəkildə olsa belə, yenə də qalır. Bununla bağlı qarşı tərəfə hər hansı bir ödəniş olubmu?

- Yox, hər hansı bir ödəniş olmayıb. Düzdür, müqavilə bitib. Amma əməkdaşlığımız, dostluğumuz davam edir. Onlar da Azərbaycana hörmətlə yanaşırlar. “Land of fire Azerbaijan” brendinin formasında üzərində qalması onların qərarı oldu, bizə dəstək olaraq bu addımı atdılar.

- Arda Turanın “Atletiko”dan gedişinə çox təəssüfləndiniz?

- Təbii ki. Çünki Arda hər kəs üçün özəl biridi. O hamı ilə mehriban dil tapır. Getməyinə səbəb var. Ardanın klubdan getməyində pulun heç bir rolu yoxdu. Mən istəməzdim ki, getsin. Arda Turan “Atletiko”, Türkiyə, “Qalatasaray” deməkdi.

“ÇOX BÖYÜK, AZƏRBAYCAN FUTBOLUNUN İNKİŞAFINA TÖHFƏ VERƏCƏK LAYİHƏMİZ VAR”

- Yaxın keçmişdə “Bakı” gənclərin İspaniya və Fransada təcrübəsi toplanmasına kömək edəcəyini bildirmişdi. Bu layihə nə vaxt reallaşacaq?

- Çox böyük, Azərbaycan futbolunun gələcək inkişafına töhfə verəcək bir layihəmiz var. Plan belədir ki, 14-15 yaşlı futbolçular arasında seçim aparılacaq. 40 futbolçu seçiləcək. Sonradan seçilənlər arasında da ən yaxşı 20 nəfəri müəyyənləşdirəcəyik. Həmin 20 futbolçu yollanacaq Madridə. 2020-ci ilə qədər Madriddə hazırlıq keçəcəklər, eyni zamanda məşhur universitetlərdə ali təhsil alacaqlar. 2020-ci ildə isə həmin futbolçular ispanlarla eyni səviyyədə olacaqlar. Belə bir layihənin reallaşmasını kim istəməz? Bu layihə Gənclər və İdman Nazirliyi və AFFA ilə birgə həyata keçiriləcək. Layihədə birbaşa iştirak edəcəklər. Planın maddi tərəfini biz ödəyəcəyik. Təxminən 2 ay sonra seçimlər başlanacaq.

- “Bakı” azarkeşlərinin bu gün ən çox maraqlandıran sual budur: komandanı gələn il Premyer Liqada görə biləcəyik?

- Əlbəttə. Amma bu dəfə ayrı “Bakı” görəcəklər. Avropamodelli “Bakı”. Komandada çalışanların böyük əksəriyyəti ispanlar olacaq. Maliyyəni biz verəcəyik, amma klubu onlar idarə edəcək.

- “Lans”a olan borc tam ödənilibmi və siz bu gün də klubun rəhbəri olaraq qalırsız?

- “Lans”ın rəhbəri bizik. Keçən dəfə fransızlar mənə deyir ki, danışmalısan, çünki burada insanlar narahatdı. Məsələ belə idi ki, 3 dəfə “Lans”a pul verilməliydi. 2 ödəniş oldu. Lakin sonuncu ödəmə gecikdi. “Lans”la bağlı da planlarımız çoxdu. Bu klub gələcəkdə maddi baxımdan heç bir sıxıntı yaşamayacaq. Belə bir planım da var ki, klub səhmlərinin 1-2 faizini havayı olaraq azarkeşlərə verək. Bunu qubernator da mənə məsələhət görüb. “Lans”dakılar Azərbaycana hörmətlə yanaşırlar. Çünki biz gələnə kimi heç kim kluba yaxın durmurdu. Hazırda “Lans”ın büdcəsində 5 milyon çatışmır. Həmin məbləğin yarısını yanvarın sonuna qədər ödəməliyik.

"Lans"ın stadionunda yenidənqurma işləri artıq başa çatıb. Qubertanor kluba 72 milyon avro vəsait xərclədi. "Lans" tarixi olan, azarkeşlərin nəfəs aldığı klubdur. Bu klubla bağlı layihələrimiz Azərbaycan futbolunun inkişafına xidmət edəcək.

- Çətin gündə “Bakı”nı atıb gedənlər də oldu, komandaya sadiqlik nümayiş etdirənlər də. Klubun icraçı direktoru Yaşar Seyidov da klubdadır. Halbuki bir ara Seyidovun da istefası ilə bağlı xəbərlər çıxmışdı. Həqiqətənmi Yaşar bəy komandadan gedə bilərdi?

- “Bakı”nı istəyənlər bu gün də klubdadılar. Yaşar Seyidov həqiqətən də bir ara klubdan getmək istəyirdi. Amma Seyidovu heç yana buraxan deyildim. Sadəcə tapşırmışdım ki, heç kimlə danışmasınlar. Bu 20 ay ərzində çox şey gördük. Futbolçu ilə bağlı bir problem çıxanda Yaşar Seyidov mənə telefonda bir mesaj göstərdi. Adını çəkmək istəmədiyim bir klub rəsmisi yazıb ki, 10 min də sənə verərik. Belə çıxır ki, bu pulu al, sus. Bu təkcə Seyidova yox, birbaşa “Bakı”ya da hörmətsizlikdi. Bizə 10 min verirlər. Halbuki özlərinin borcu 14 milyondu. Belə pulları varsa, 14 milyonumuzu ödəsinlər də. 

“HAFİZ MƏMMƏDOV HEÇ YANA GETMİR, FUTBOLDADI”

- Bir ara mətbuatda İcraiyyə Komitəsindən gedəcəyinizlə də bağlı xəbər çıxmışdı...

- Niyə ki? Kimsə məni komitədən çıxarmaq istəyir? Əmin olun, Hafiz Məmmədov heç yana getmir, futboldadı. Bəli, müəyyən çətinliklər var idi. Amma baş verən siyasi hadisələr də göstərdi ki, əslində biz heç bir sıxıntı yaşamamalıydıq. Nə “Bakı”nın, nə “Baghlan Group”un, nə də Hafiz Məmmədovun heç bir problemi olmayıb, indi də yoxdu. Bu gün “Bakı”nın vəziyyəti Premyer Liqada yarışan klubların əksərindən yaxşıdı. “Bakı” elə-belə qala bilməz. Komanda sadəcə tətilə çıxmışdı.

- Sonuncu dəfə mətbuata martda, 9 ay əvvəl müsahibə vermişdiniz. Həmin vaxt “Palmali” şirkəti ilə aranızdakı pul məsələsini qeyd etmişdiz. Geridə qalan müddətdə həmin məsələ həll olunub?

- Mətbuatda yazılır ki, Mübariz Mənsimovun problemi var. Mən bu xəbərə çox pis oluram. Mübariz kimi oğullar ölkəmizə lazımdır. Onun şirkətində çoxlu sayda azərbaycanlı çalışır. Nə qədər adam ailəsini bu şirkətdən qazandığı pulla saxlayır. Heç vaxt istəmərəm ki, bu insanın problemi olsun. Təəssüf ki, “Xəzər Lənkəran”a sponsorluq edən “Palmali” şirkəti ilə məsələmiz açıq qalıb. Əlimizlə pul vermişik. Amma 9 ayda bir dəfə də zəng vurmadılar. Otellərinə qədər gedib çıxdıq. Lakin yenə də reaksiya verilməlidi. Siz yol göstərin, mən nə edim? Konkret olaraq, öhdəliklərini yerinə yetirmək istəmirlər. Axırda məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bu gün Premyer Liqada yarışan 3 klubun sponsorlarının “Bakı”ya ümumilikdə 300 milyon borcu var. “Xəzər Lənkəran”ı dedik. Digər bizə borclu olan klub “Inter”di. Üçüncü klubun adını isə hələlik açıqlamaq istəmirəm.

- Bu gün (söhbət dünən olub-red.) 51 yaşınız tamam oldu. Hafiz Məmmədov ad günündə kimlərdən təbrik adlı?

- Saymaqla qurtarmaz (gülür). Əlaqələrimiz olan, tanıdığımız çox adamdan mesaj aldım. Onlar arasında futbol adamları da var. Xeyli xarici klub funksionerindən də sms almışam. Diqqətlərinə görə hər kəsə minnətdaram.

- Bir daha sizi ad gününüz münasibəti ilə təbrik edirik.

- Çox sağ olun, minnətdaram. futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail