Manatın devalivasiyası futbolçularımızın xaricə getməsinə təsir edəcək? JURNALİST FİKİRLƏRİ

26.01.2016 | 3651 dəfə oxunub

Azərbaycan futbolunun ən böyük bəlalarından biri də, yerli futbolçuların legioner həyatı yaşamamasıdır.  Düzdür,  avropa bazarında bizim futbolçulara təlabat heçdə böyük deyil. Ümumiyyətlə, demək olar ki, yoxdur. Bunun da əsas səbəblərindən biri xaricdə oynamaq gücündə olan futbolçularımızın ölkə daxilində çox pul qazanması və buna görə kənara yollanmaq fikrində olmamasıdır.  Amma önündə yaşıl işıq yananlar da az olmayıb. Amma əksər vaxt futbolçularımızın legioner həyatı yaşamağa maraq göstərməməsinə əsas səbəb yerli bazarda kifayət qədər qazanc əldə etmələri olub. Hətta layiq olduqlarından artıq alanlar da az olmayıb.  Amma manatın devalvasiyaya uğramasından sonra, vəziyyət 180 dərəcə dəyişib desək yanılmarıq. Artıq futbolçularımız layiq olduğunan artıqın almaq nədir, heç layiq olduqların da ala bilmirlər. Belə məqamda futbolçularımızın digər ölkələrə üz  tutacağı da istisna deyil. Necə ki, bir zamanlar peraşki dövrü adlanan, futbolumuzun pulsuz, ümumiyyətlə, futbolsuz vaxtlarında qazanc dalınaca Ukraynaya, İrana gedənlər kifayət qədər idi.

Düşünmək olarmı ki, manatın devalvasiyası futbolçularımızın legioner həyatı yaşamasəna müsbət təsirin göstərə bilər?

Mövzu ilə bağlı idman mediasında çalışanların fikrilərin öyrəndik.

Səxavət Qurbanov (İdmanxəbər.com):

“Düşünmürəm. Bizim futbolçuların düşüncə tərzi başqadır. Onlar yaxşı başa düşürlər ki, yerli çempionatda hansısa uğur əldə edə bilərlər, ancaq legioner həyatı yaşayıb nəyəsə nail olmaq onlara qorxunc gəlir. Güman ki, bu devalvasiyanın da təsiri olmaz. Pulun azalıb-çoxalması başqa, düşüncə tərzi dəyişməlidir.

Asəf Zeynallı (DSport.az):

"Sözün düzü, müsbət təsir edəcəyini düşünmürəm. Nə baş verirsə versin, azərbaycanlı futbolçu üçün "Evimdə oturub, 5-10 manat qazanıram da, niyə ölkə xaricinə gedim" kimi anlayış daha üstündü. Həm də bizim futbolçulara ancaq Türkiyə PTT 1-ci liqası səviyyəsində klublar maraq göstərir. Gedib, ehtiyatda oturanlar da az deyil. Əlinə yaxşı şans düşənlər də "Malaqa"dan imtina edib, Bakı "İnter"inə keçən Qara Qarayev kimi davranır".

Emin Səfərov (Sport7.az):

"Təsiri olacağını düşünmürəm. Çünki bu, bizim futbolçuların istəyi ilə gerçəkləşən iş deyil. Gərək tələb ola ki, futbolçular da getsin. İndiki durumda futbolçularımızın potensialına bələdik. 6-7 futbolçumuz istisna olmaqla normal klubda, yaxşı şərtlər altında çıxış etmək gücündə deyil. Əvvəlki dövrlə indiki futbolçular eyni deyil. Belə olmasaydı, Səlahət Ağayev, Vaqif Cavadov "Sumqayıt"a, Kamran Ağayev də məcburən daha az maaşa "İnter"ə keçməzdi".

İbrahim Cəfərov (Futbolxeber.az):

Mən elə deməzdim. Çünki Ukraynaya İrana futbolçularımız pul olmayan yox, futbol olmayan vaxtı gediblər. Yəqin xatırlayarsız ki, bir ara Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi son dövrlərdə Azərbaycanda futbol dayanmışdı. Rusiyaya, İrana, Ukraynaya legionerlər məhz həmin vaxt gediblər. Düzdü, daha əvvəl legionerlərimizin sayı çox idi. Xususən də Rusiyada. Bununsa iki ciddi səbəbi var. Birinci səbəb odur kı,o vaxt Azərbaycanda yaxşı futbolçular vardı. Bu gün isə təəssüf ki elələri yoxdur. Bu gün kimi göndərək xaricə? Gedənlər də 3-4 aydan sonra qayıdır. Digər səbəb də odur ki, o vaxt Rusiya futbolunda indiki kimi böyük pullar dövr etmirdi".

Mahir Rüstəmli (Futbol+):

"Şəxsən mən devalvasiyanın futbolçularımızı ölkədən qaçmağa sövq edəcəyinə inanmıram. Əvvəla, hazırda ölkədə legioner həyatı yaşamağa layiq futbolçuların sayı heç 5-i keçmir. İkincisi, azərbaycanlı futbolçular öz  ürəklərində saxta ailə kultu yaradıblar. Guya çox ailəcanlıdılar, buna görə ölkədən çıxmırlar. Üçüncüsü, çox sadə bir səbəb – dil səddi var. Dördüncüsü, başqa ölkədə legioner həyatı yaşamaq faktiki futbol karyerasına yenidən başlamaq (özünü sübut etmək mənasında) kimi bir təşəbbüsdü ki, bizim futbolçular da bu ürəyin və cəsarətin sahibi deyil.

Anar Xanlarov (Rekord.az):

"Məncə, bu iki dövrü müqayisə edərkən bir məqamı mütləq diqqətdən qaçırmamalıyıq. Futbolçularımızın kütləvi şəkildə İrana, Ukraynaya getdiyi dönəmdə ölkədə, ümumiyyətlə, futbol yox idi, çempionat dayanmışdı. Amma indi maddi durum yaxşı olmasa da, çempionat davam eliyir. "Qarabağ", "Qəbələ" kimi klublar büdcəni azaltsa da yenə də normal maaş verir. Bu klublarda oynamağa gücü çatmayanlar da 3-5 min manata gedib "Zirə"də, "İnter"də, "Neftçi"də, "Sumqayıt"da oynayır. Buna da gücü çatmayanlar uzaq başı 1000-1500 manata AZAL-da, "Xəzər Lənkəran"da oynayacaq. Yəni əziyyətdən qaçan, evin içindən çıxmağa ərinən Azətbaycan futbolçusu üçün fərqi yoxdur, bir az ağzını büzəcək, amma yekunda az maaşa qane olub oynayacaq. Xaricə də gedənlər bilirsiniz kimlərdi? Burda heç kimə lazım olmayıb gedib Türkiyənin 4-cü 5-ci liqasında oynayanlar. Açığını deyim, bir futbolçu ki, xaricə devalvasiyaya görə çıxacaq heç elə futbolçunun bizə xeyri də dəyməyəcək. Peşəkar, gələcəyi düşünən futbolçu devalvasiyanı gözləmir, 18-19 yaşından sonra ölkəni tərk edib xaricə yollanır. Bir sözlə, devalvasiyanın bizim futbolçuların legioner həyatı yaşamasına heç bir müsbət təsiri olmayacaq".

Aydın Bağırov (Qol.az):

"Manatın devalvasiyasından sonra klublar transfer siyasətinə ciddi yanaşacaqlar, əvvəlki illərdə olduğu kimi pullarını lazımsız transferlərə xərcləməyəcəklər. Yəni legionerlərin ölkəmizə axını azalacaq, bu da yerli gənc futbolçuların özünü göstərməsi üçün yaxşı şərait yaradacaq. Amma yaxın bir neçə ildə hansısa oyunçumuzum xaricdə normal klublara, yəni yüksək liqada çıxış edən komandalardan birinə keçəcəyini gözləmirəm. Ümumiyyətlə, hazırda Qara Qarayev və Bədavi Hüseynovu çıxmaqla şərti ilə xaricdə ortabab klublarda oynayacaq səviyyədə oyunçumuz yoxdur. Yaxın bir neçə ildə də olmayacaq".

İlkin Vaqifoğlu (Sportinfo.Az):

“Düşünmürəm.  12-13 il əvvəl İran, Türkiyə və Rusiyaya göndərə biləcəyimiz futbolçularımız var idi. Gedib orda çıxış, ölkəmizi bir səviyyədə təmsil edə biləcək futbolçularımız var idi. Karyerasını düşünən, yalnız bu və gələcək haqqında ciddi planlar qura bilən, həqiqətən də ciddi fikirlə yola çıxan futbolçularımız var idi. «Neft bumu»nun futbola təsirinin keçdiyi 2004-cü ilədək Azərbaycandan onlarla oyunçu xaricə üz tutmuşdu. 2000-2004-cü illər arasında 40-dan artıq legionerimiz var idi, yaxın və uzaq xarici ölkələrdə. Əksəriyyəti olmasa da, bir neçə nəfər adından söz etdirirdi, Azərbaycanın adını qaldırırdı. Kamal Quliyev, Samir Əliyev, Mahmud Qurbanov, Tərlan Əhmədov Ukraynada, Ramiz Məmmədov İranda, Qurban Qurbanov Rusiyada dillər əzbəri olmuşdu. Mən hələ Nazim Süleymanovu demirəm. Adlarını çəkdiyim futbolçular eyni zamanda millinin ağırlığını öz üzərlərində daşıyıblar. Onlarda xarakter olub, Azərbaycanı, millinin qayğısına qalmaq təəssübü olub. Son 10-12 ilin üzdəki futbolçularından hansı birində bu qətiyyət var? Hansı birində bu özünəinamı, çətinliklərə dözmək iradəsini görmüsüz? Mətbuatın dəfələrlə ilin ən yaxşı futbolçusu seçdiyi Rəşad Sadıqovdu. Müxtəlif illərdə 4 dəfə legioner həyatı yaşamağa cəhd göstərmiş, hər birində də uğursuzluğa düçar olmuş millinin kapitanından misal gətirirəm. Ən parlaq dönəmlərində İranın, Türkiyənin ortabab klublarında uzun müddət duruş gətirməyən, 3-4 aydan sonra geri qayıtmaq qərarına gələn Rəşad budusa, mən necə deyim ki, «pirojki dövrü»nə qayıtmağımız digər futbolçularımızın xaricə axınına müsbət təsir edəcək, bu prosesi sürətləndirəcək? Çox bədbinəm. Sovet məktəbini 1-2 ay da görmüş ovaxtkı futbolçuların səviyyəsi, futbola baxışı, futboldan istəyi tamam başqa idi, indikilərin tamam başqa. Psixologiyası çox düşükdü indikilərin. Yaşları yaşdı, amma hələ yetkinləşməyiblər beyin olaraq. Dünyagörüşləri partlaq verir. Çox cılız düşünürlər. Perspektivi olan da, olmayan da «nağd olsun, soğan olsun» fikri ilə butsılarını mıxdan asacağı günün həsrətini çəkir. Üç-beş manata qane futbolçunu topun ağzına qoyub atmasan, Azərbaycandan kənara çıxmayacaq. Bəlkə də qeyri-adi qərar olardı, mənə elə gəlir, AFFA futbolçuların qarşısına şərt qoymalıdı: əgər ölkədən kənara yollanırsa, növbəti 3 ildə geri qayıtmayayacaqsan. Yaxud AFFA yaxşı münasibətdə olduğu federasiyalarla qeyri-rəsmi müstəvidə danışıqlar aparıb, milli üzvlərinin legioner həyatı yaşamasına yol açmalıdı. Necə ki, 12-13 il əvvəl Fuad Musayev belə etmişdi.

İki il əvvələdək 350-400 minlik kontrakt təklifinə ağız büzən Kamran Ağayev və başqaları indi bundan az qala 10 dəfə az məbləğə razılıq verir, yenə də qayıdıb Azərbaycana gəlirsə, «pirojki dövrü»nə qayıdışın müsbət təsirindən danışmağa dəyməz. Zehin olaraq bugünün futbolçusu çox geriləyib. Aza qanedilər, futbol oynamırlar, futbolla oynayırlar. Yeməkdən doymayan futbolçu yalamaqla doyacağını zənn edir, biz nə qoyub, nə axtarırıq?”.

Emin Abbasov (Sportal.Az):

“Bu səfalət dönəmində futbolçularımızın xaricə üz tutması real görünür. Ancaq burda bir həssas məqam var. "Peraşki dövrü" dediyimiz o vaxtlarda Ukraynaya, İrana üz tutanlar arasında Samir Əliyev, Kamal Quliyev, Mahmud Qurbanov, Ceyhun Sultanov kimi futbolçular vardı. İndi o səviyyədə gənc futbolçularımız varmı "Dinamo"ya, "Şaxtyor"a qarşı oynaya bilsinlər? Təəssüflə deməliyik ki, bizim futbolçulara yalnız Türkiyənin PTT Liqasında ehtiyac var. Amma bizim üzdə olan futbolçularımız heç orda da özlərini böyük ölçüdə göstərə bilmirlər. Bizim futbolu inkişafdan saxlayan səbəblərdən biri səhv istiqamətdə xərclənən pullar idi. Ancaq problemin kökü çox dərindi. Pulsuzluq gəldi deyə, futbolumuzda inkişafın olacağını gözləmək doğru deyil...”.

Ceyhun Aliyev (Futbolinfo.az):

“Həmin illərlə indiki dövr arasında fərq var. Ovaxtlar Sovet sistemindən qalma futbol məktəbləri tam dağıdılmamışdı. Bu üzdən də Samir Əliyev, Mahmud Qurbanov, Vadim Vasiyev, Cahangir Həsənzadə, Fərrux İsmayılov, Kamal Quliyev kimi istedadların xidmətində maraqlı olan əcnəbi klublar var idi. Adını sadaladığım futbolçular nə qədər istedadlı olsalar da, bir o qədər də bünövrələrini qoyan məşqçilərinin zəhməti sayəsində xaricdə özlərini sübuta yetirə bilmişdilər. Bu gün isə hətta U-17 yığmasına futbolçu tapa bilmirik. Türkiyənin 3-cü sort oyunçularına saxta pasport verib, “azərbaycanlı” statusu ilə meydana çıxarlar. Əsas yığmamız da eyni kökdədi.

Əlbəttə, azərbaycanlı futbolçular yaranan vəziyyətdə xarici klublara keçməyə can atacaqlar. Amma onlara tələbat “pirojki dövrü”ndəki kimi olmayacaq. Çünki yuxarıda qeyd etdiyim səviyyə fərqi göz qabağındadı. Pulsuzluğun yeganə üstünlüyü növbəti nəslə müsbət təsir etməsində üzə çıxa bilər. Yəni, harınlamamış futbolçu məşqlərdə ikiqat əzmlə çalışacaq ki, xarici klubların maraq dairəsinə düşməyə nail olsun. İndikilər isə... Bir kəslərdə ki, əcnəbilər gəlib millilərinin formasını geyinəndə xəcalət hissi yaramır, onların xaricdə kiməsə lazım olacağına inanmıram.

İlqar Tagiyev (Het Trik News qəzeti):

“Yaxşı yadımdadır, müstəqil çempionatımızın keçirildiyi ilk illərdə Azərbaycanda ən bahalı futbolçuların transferi ya «Jiquli» markalı avtomobil, ya da 1-2 otaqlı evə başa gəlirdi. Neçə-neçə futboçu tanıyıram ki, onlar bir klubdan başqasına keçəndə məhz rəhbərlik qarşısında bu tələbi qoyurdular. Daha artığını qazanmaq və  irəli getmək üçün bir çox futbolçularımız Rusiya, Ukrayna, İrandan gələn təklifləri qəbul edirdilər ki, bu da həm onların inkişafına, həm də futbolumuzun gələcəyinə nikbin baxmağa nədən olurdu. Futbolumuza milyonların axdığı bir vaxtda futbolçuların qiymətləri süni şəkildə artırıldı ki, bu da xaricə legioner axınının qarşısını aldı. Dolayısı yolla futbolumuzun inkişafı ləngidi. Hazırki vəziyyətdə klublar futbolçulara yüksək məvacib verməkdə maraqlı deyillər. Çünki 2-3 il əvvəl 1 futbolçuya verilən pulla indi bəzi klublarımız mövsümü yola verə bilərlər. Əlbəttə, hər bir futbolçu daha çox pul qazanmaq istəyir. Əgər həmin pul Azərbaycan futbolunda yoxdursa, həmin futbolçu xaricə getməkdə maraqlı olacaq. Başqa sözlə, devalvasiya futbolçularımızın əcnəbi klublara getməyə məcbur edəcək ki, bunu «pirojki dövrü»nə qayıtmaq kimi deyil, məcburiyyətdən atılan addım kimi qiymətləndirərdim. İnanın ki, bu gün xaricdə özlərinə iş yeri axtaran futbolçular futbolumuzda vəziyyət düzələn kimi yenə də geri dönəcəklər.

Vüsal Gözəlov (Stadium.Az):

“O vaxt xaricə üz tutan futbolçular sovetin köhnə kişilərindən olan uşaq məşqçilərindən futbolun sirlərin öyrənmişdilər. İndi isə bu iş ölkə futbolunda o qədər bərbad durumdadır ki, AFFA Türkiyənin, Almaniyanın 19-cu (misal üçün) həvəskar liqasında aşağı yaş qruplu millilərimiz üçün futbolçular axtarır. İndi isə cəmi 1-2 futbolçumuz var ki, onlar xaricdə, məsələn, Türkiyə, Ukrayna, Rusiyada ortabab klublarda futbol oynaya bilər. Bu isə onlar üçün əlavə çətinlikdir. Çünki ora getsələr özlərini yenidən sübut etmək lazım gələcək, bunu isə istəmirlər. Çünki özlərini əlavə çətinliyə salmaq istəmirlər. Ölkəmizdə futbolçu problemi o həddə çatıb ki, bir nömrə hesab etdiyimiz Kamran Ağayevi indi Türkiyə PTT 1-ci liqasında da bəyənmirlər. Hətta Səlahət Ağayevə belə menecerlər orada klub tapa bilmədi. Demək, bizim futbolçulara təlabat duymurlar. Əgər gənc Qara Qarayev İspaniyanın ortabab klublarından olan “Malaqa”da oynamaqdan imtina edib, Bakı “İnter”inə gələməyə üstünlük verirsə, bizim futbolçularda təfəkkür problemi var. Qara da bunun bariz nümunəsidir. Necə deyərlər, sizdən futbolçu olmayıb, olmayacaq da”.

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail