Nakim Vəliyev: "Böyükağa Hacıyevə görə klubsuz qaldım" MÜSAHİBƏ

28.05.2016 | 5337 dəfə oxunub

17 yaşında legioner həyatı yaşamış futbolçumuz necə oldu I Divizionda "ilişdi"? 

 

Çoxları onu tanımır. Amma bir vaxtlar Azərbaycanın ən perspektivli futbolçularından biri sayılırdı. İndiyə kimi Azərbaycanda yetişib, 17 yaşında legioner həyatı yaşamış ikinci futbolçu xatırlayırsınız? Haqqında danışdığımız futbolçu isə 2002-ci ildə, 17 yaşı tamam olmamış ölkə xaricindən dəvət alıb. Söhbət 15 yaşında Premyer Liqanı “dadmış", 2002-ci ildə yığma komandalarımız arasında ilk dəfə mərhələ adlamış U-17 yığmamızın kapitanı olmuş, mərhələdən sonra Moldovanın “Zimbru" komandasına transfer olunmuş Nakim Vəliyevdən gedir. Nakim bir vaxtlar U-19 yığmasının da kapitan sarğısını daşıyıb. 20 yaşına kimi karyerası pis alınmayıb. Sonradan Vətənə qayıtmağa məcbur olub. Burada isə...


Bir vaxtlar böyük perspektiv vəd edən futbolçu hazırda I Divizion təmsilçisi, 2 ildir ardıcıl çempion olan “Neftçala"nın kapitanıdır. Onunla əyalət təmsilçisi 1-ci dəstədə qalib olduğu vaxt görüşdük. Məqsədimiz 2002-ci ildə mərhələ adlayan U-17 yığmasının futbolçuları, onların hazırda nə işlə məşğul olmaları barədə xəbər toplamaq idi. Həmin futbolçuların əksəriyyəti hazırda ya futbolu atıblar, ya da Nakim kimi gözdən-könüldən uzaq düşüblər. Səbəb nədir? Bunu “Het-trik news"un ötən sayında “14 il əvvəlin qəhrəmanları" başlıqlı yazıda araşdırmağa çalışdıq. Bu dəfə isə Nakim Vəliyevlə “Neftçala"nın çempionluğundan, I Diviziondakı vəziyyətdən, 14 il əvvəl U-17 yığmamızın mərhələ adlamasından və nəhayət, Nakimin nakam futbolçu karyerasından söhbət edəcəyik.

 

“Neftçala" növbəti mövsüm yenə də I Divizionda oynayacaqsa...

 

- Nakim, ardıcıl 2 mövsümdür ki, “Neftçala" I Divizionda çempion olur. Ötən il komanda lisenziya ala bilmədiyinə görə komanda Premyer Liqaya buraxılmadı. Bu ildə eyni aqibətlə üzləşəcəyiniz gözlənilir.

- Keçən mövsüm başa çatanda düşünürdük ki, “Neftçala" Premyer Liqada oynayacaq. Sonradan elə oldu ki, müxtəlif səbəblər gətirərək kluba lisenziya vermədilər. Təbii ki, bu, bizi ruhdan saldı. Komandanın aqibəti məlum deyildi. AFFA-nın baş katibi Elxan Məmmədov da, PFL prezidenti Ramin Musayev də mövsüm başlamamış söz verdilər ki, bu il çempion olsanız kömək edəcəyik, Premyer Liqada çıxış etməyə imkan yaradacağıq. Biz də yüksək dəstədə oynamağa layiq olduğumuzu bir daha sübut etdik. Düzü, bu il etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə çıxmaq istəmirdik. Çünki Preymer Liqada oynamayacağıqsa, medal, kubok nəyimizə lazım idi? Mərasimdən əvvəl Ramin müəllim bizimlə söhbət etdi. İnandırdı ki, hər şey yaxşı olacaq. Məhz onun vədindən sonra uşaqlar medalları və kuboku götürməyə razı oldular. Biz üzərimizə düşən işi yerinə yetirdik. Yəni, söz verdiyimiz kimi 2-ci dəfə ardıcıl çempion olduq. Qalır onların öz sözlərini tutmağı. Bu dəfə də “Neftçala"nı yüksək dəstəyə buraxmasalar... Nə deyəcəyimi bilmirəm.


- Bu gedişlə kluba lisenziya verilməyəcək.

- Axı, bizə söz vermişdilər. Başa düşürəm, klubun lisenziya almaq üçün çatışmayan nəsnələri var. Uşaq futbolu, stadion problemi... Amma kömək edəcəklərini deyiblər.


- Lisenziya verilməyəcəyi təqdirdə klub dağıla bilərmi?

- Rəhbərliyin də səbri var. Əgər komanda daim aşağı liqada oynayacaqsa, bunun nə mənası? Biz Premyer Liqaya yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. İki ildir ki, 1-ci yeri tuturuq. Əgər “Neftçala" növbəti mövsüm yenə də I Divizionda oynayacaqsa, o halda çempionluq artıq marağımızda olmayacaq. Çünki faydasızdır. Demirəm ki, komanda dağılacaq. Bunu rəhbərlik bilir. Amma indiki kimi güclü, iddialı “Neftçala"nı yəqin ki, görməyəcəyik. Bilirsiniz, komanda “aşağı"da oynamaqdan doyub. I Divizion bizim üçün maraqsızdır. Eyni komandaları nə qədər udmaq olar? Yadınızdadırsa, çempionatın gedişində bir neçə oyunda ardıcıl məğlubiyyətə uğradıq. Çoxları boşaldığımızı düşünürdülər. Amma boşalmamışdıq. Sadəcə, udmaqdan bezmişdik. Psixoloji cəhətdən yorulmuşduq. Komanda “artırmaq" istəyirsə, mütləq güclü rəqiblərlə qarşılaşmalıdır. Azərbaycanda 1-ci dəstəylə Premyer Liqanı müqayisə etmək yersizdi. Premyer Liqada daha güclü komandalar çıxış edir. İnkişaf etmək, səhvləri görmək üçün zəif rəqiblərlə deyil, yüksək dəstə klubları ilə mübarizə aparmaq lazımdır. Qısası, Premyer Liqada oynamaq istəyirik və buna layiqik. Bir az səbir edək, görək axırı necə olacaq.


- Maraqlıdır, əgər “Neftçala" Premyer Liqaya buraxılsa, indiki məşqçilər korpusu və heyət qalacaqmı? Sualı başqa cür qoyum - rəhbərlik Kamal Quliyevi “Neftçala"da saxlayacaq və ya daha təcrübəli məşqçi ilə əvəzləyəcək?

- Kamal müəllim 2 ildir ki, komandanı çalışdırır və gördüyü iş göz önündədir. Xeyli müddət “Neftçi"də də işləyib, təcrübəsi var. Bu mənada onun Premyer Liqaya komanda çıxartmasında qəbahət görmürəm. Uğur qazanacağına da inanıram. Niyə də olmasın? Komanda əsasən gənc futbolçulardan təşkil olunub. Kamal müəllim bu heyəti formalaşdıranda uşaqlara bildirmişdi ki, əgər Premyer Liqaya yüksəlsək, heç kim komandadan göndərilməyəcək. Yəni, indiki çempion heyətlə yolumuza davam edəcəyik. Amma Premyer Liqada oyunların daha çətin olacağını nəzərə alaraq, daha mübariz kollektiv formalaşdırmaq üçün heyətə bir neçə təcrübəli və ya legioner futbolçunun gətirilməsi də mümkündür. Əsas odur ki, Premyer Liqaya buraxılaq. Qalanı bizlikdir. 

 

Əgər 1-ci dəstədə futbol oynayanlar quldurdularsa, o halda Xaqani Məmmədov kimdir?

 

Nakim haqqında qısa məlumat vermək yerinə düşər. 1986-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Qarakilsə rayonunda anadan olub. 1988-ci ildə ailəsi məcburi köçkün düşüb. Atası Akim Vəliyev hərbçi olub və sovet ordusunda qulluq edən birisi kimi hadisələrin gedişindən, sonrakı nəticələrindən az-çox xəbərdar olub, Nakimin 2 yaşı olanda Gəncəyə, oradan isə Bakıya köçüblər. 7 yaşında bütün uşaqlar kimi məktəbə gedib, 14 saylı məktəbdə oxuyub. Futbolda ilk məşqçisi Çingiz Əzimov olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı şəraitsizliyə görə atası az sonra Nakimi İslam Kərimovun yanına aparıb: “İslam müəllimin komandasını görəndə çox qorxmuşdum. Əvvəlki komandadan çox fərqlənirdi. Atama deyirdim ki, mən bu uşaqlarla oynaya bilmərəm, çox böyükdülər. Elə oldu ki, İslam müəllimin köməyi və qayğısı ilə komandada qaldım. İslam müəllim mənim üçün təkcə məşqçi yox, həm də həyatda ən yaxın insanlardan biridir. Futbolçu kimi yetişməyimdə, instituta daxil olmağımda, ümumiyyətlə, çox məqamda onun köməyini görmüşəm. Təkcə mənə yox, bütün tələbələrinə qarşı eyni münasibət göstərir".


Nakim Moldovaya gedənə kimi “Şəfa"da oynayıb. O vaxt “Şəfa" AFFA-nın keçmiş prezidenti Fuad Musayevin təşəbbüsü ilə yaradılmışdı və millinin bazasını təşkil edirdi. Aşağı yaşlı yığmaların əksər üzvləri “Şəfa"lı idilər. İllər sonra “Şəfa"nın yetişdirdiyi onlarla gənc peşəkar futbolda Azərbaycan müstəvisində olsa belə, özlərindən söz etdirməyi bacardılar. Onlardan biri də Nakim idi. Təəssüf ki, bir vaxtlar U-17, U-19 yığmalarının kapitanı olmuş, 18 yaşında legioner həyatı yaşamış Nakim Vəliyev parladığı kimi də, qəfldən söndü. Niyəsini söhbətin gedişində biləcəyik.


-  “Şəfa"dakı ilk oyunun yadındadır?

- 2000-ci ildə “Göyəzən"lə kubok oyunu idi.


- Onda 15 yaşındaydın. “Mandraj" var idi?

- Oyunun son 10 dəqiqəsində meydanda oldum. Çox həyəcanlı idim. Səhvlərimin olacağından ehtiyatlanaraq oyunun tez qurtarmasını istəyirdim. Məşqçilərimiz Vaqif Sadıqov, Əsgər Abdullayev, Şakir Qəribov idi. Məni oyun yox, onların zəhmləri “mandraj"a salmışdı.


- Oyun tez başa çatdı?

- Top ayağıma 4-5 dəfə dəydi. Hə, bəxtimdən mənə elə gəldi ki, tez qurtardı.


- Bəs, “Şəfa"da ən yaddaqalan oyunun hansı olub?

- “Xəzər Universiteti" ilə oyun. Həmin oyundan sonra Azərbaycanda çempionat dayandı.


- Nə mənada yadda qalıb?

- Oyunun baş hakimi Xaqani Məmmədov idi. 97-ci dəqiqədə, hesab 0:0 olarkən lehimizə olmayan penalti təyin etdi. Çünki “Şəfa" udmalıydı. “Xəzər Universiteti"nə qarşı haqsızlıq edən Xaqani Məmmədov bu gün haqq-ədalətdən danışır. Bir fikir bildirsəm, yazarsınız?


- Buyur.

- Xaqani Məmmədov 1-c dəstədə oynayan futbolçuları “bandit" adlandırıb. Özünə baxsın, hakimlik edəndə kim olub? Əgər 1-ci dəstədə futbol oynayanlar quldurdularsa, o halda Xaqani Məmmədov kimdir?


- Həmin oyunda “Şəfa"nın udması tapşırığı kimdən gəlmişdi?

- Tapşırığın kimdən gəldiyini deyə bilmərəm. Bildiyim tək o idi ki, “Şəfa" qalib gəlməliydi və Xaqani Məmmədovun olmayan penaltini verməyi sayəsində oyunu apardıq. Onunla da çempionat dayandı.


- Bu tip oyunlar çox olurdu?

- Uşaq idim, çox şeydən xəbər tutmurdum. Amma komanda yoldaşlarım deyirdilər ki, “Şəfa" AFFA-nın komandası olduğuna görə hakimlər üzgörəlik edirlər.


- “Şəfa"da nə qədər maaş alırdın?

- 50 “şirvan".


- Yaxşı pul idi.

- Əlbəttə. İlk maaşımı alanda o qədər sevinmişdim ki. Qəpiyinə kimi aparıb hamısını anama vermişdim. O vaxt üçün “50 şirvan" çox böyük pul idi. Özümüzü qəhrəman hesab edirdik


- Hələ 15 yaşın olanda 17 yaşlı yığmanın məşqlərində iştirak edibsən...

- U-17-nin baş məşqçisi Vaqif Sadıqov idi. U-15-in bir neçə futbolçusunu - mən, Namik Yusifov, Murad Ağakişiyev, Orxan Rəcəbov və 2-3 digər futbolçunu 17 yaşlıların düşərgəsinə cəlb edirdi. Çünki bilirdik ki, Bakıda 1-2 ilə belə bir yarış keçiriləcək və bir növ bizi həmin oyunlara hazırlaşdırırdılar.


- 2002-ci ildə mərhələ keçdiyiniz yadında necə qalıb?

- O vaxt biz “Şəfa"da məşq edirdik. İslam Kərimov baş məşqçimiz, Yaşar Vahabzadə isə onun köməkçisi idi. U-17-nin məşq etməsi üçün şərait indiki kimi deyildi. İndi futbolçular 5 ulduzlu mehmanxanalarda qalırlar, biz isə “Araz" oteldə. 3-4 nəfər 1 otaqda yatırdıq. Oyunlara balaca bir avtobusda, bir-birimizin qucağında gedirdik. Stadionların vəziyyəti, geyim dəsti də indiki kimi deyildi. Amma sizə bir şey deyim, o vaxt üçün bizə yaradılan şərait super sayılırdı. İndiki şəraitlə müqayisədə adama gülməli gəlir. 10 günə 25 dollar “sutoçnı" alırdıq. O vaxt bu, böyük pul idi. Özümüzü əsl futbolçu kimi hiss edirdik. Kənardan izləyənlər bizə həsəd aparırdılar. Qısası, 14 il əvvəl üçün oyunlara əla hazırlaşmışdıq.


- Türkiyə ilə oyun yadında necə qalıb?

- “Şəfa"nın tribunaları azarkeşlərlə dolmuşdu. Belə bir hal  bizim üçün gözlənilməz oldu. Hamımız oyuna həvəslə hazırlaşmışdıq. Yaşar müəllim bizimlə tez-tez söhbət edir, rəqibdən adına görə çəkinməməyimizin lazım olduğunu söyləyirdi. Türkiyə ilə oyunda taktikanı əks-hücumda qurmuşduq. Müdafiədə oturub rəqibin səhv etməsini gözləyirdik. O qədər həvəsliydik ki, top rəqibdə olanda 1 nəfərin üstünə 2-3 futbolçumuz gedirdi. Elə oldu ki, əks hücumların birində rəqib futbolçu özlərinin cərimə meydançasında Orxan Rəcəbova qarşı kobud oynadı və hakim penalti təyin etdi. Qolu Əhməd Qurbanov vurdu.


- Şotlandiya ilə oyunda isə həmin taktika işə yaramadı.

- Şotlandlar çox güclü idilər. Həm də standart vəziyyətlərdə qarşılarını almaq çox çətin idi. Hər 2 qolu da elə bu cür epizoddan vurdular. Digər tərəfdən isə bütün gücümüzü Türkiyə ilə oyunda qoymuşduq. Şotlandiya ilə oyuna yorğun çıxmışdıq, bədənimiz ağrıyırdı. Oyuna tam hazır olmamağımız da məğlub olmağımızın səbəblərindən biri idi.


- Nəhayət, qrupda sonuncu - Ukrayna ilə matç.

- İndi də yadıma düşəndə tüklərim biz-biz olur. Finala bərabər bir oyun idi. Bizə qrupdan çıxmaq üçün heç-heçə kifayət edirdi. Oyun başlayan kimi nə oldusa, 2 qol buraxdıq. 2-ci qoldan sonra bəzi azarkeşlər stadionu tərk etməyə başladılar. Amma mənasız yerə. Hissənin sonlarında Əhməd penaltidən qol vurdu. İkinci hissə başlayan kimi hesabı bərabərləşdirdik. Gəl ki, ardınca da qol buraxdıq. Üstümüzdə böyük yük var idi. O yükü atmaq üçün 3-cü qolu vurmalı idik. Oyunun əsas vaxtı başa çatmışdı, əlavə dəqiqələr gedirdi. Elə oldu ki, rəqibin cərimə meydançasının həndəvərində cərimə zərbəsi qazandıq. Nurməhəmməd Murtuzəliyevin qapıya tərəf vurduğu top bəxtimizdən heç kimə toxunmadı - 3:3. Oyundan sonra nələrin baş verdiyini sözlə ifadə etmək çətindi. Hamımız özümüzü qəhrəman hesab edirdik.


- Nə vaxtsa həmin hissləri bir daha yaşamısan?

- “Zimbru"da oynayanda Tiraspolda “Şerif"ə 3:1 hesabı ilə qalib gəlmişdik. 90 dəqiqə oynadım. Neçə il idi ki, “Zimbru" “Şerif"i uda bilmirdi. Bir də o vaxt çox sevinmişdim.


- U-17-nin kapitanı idin. Kapitan seçilməyində İslam müəllimin tələbəsi olmağının rolu var idi?

-Deməzdim. Trabzondakı toplanış vaxtı kapitan seçkiləri keçirildi. Səsvermə gizli idi. 3 namizəd var idi - mən, Namik Yusifov və Kamran Ağayev. Hamıdan çox mən səs yığdım.


- Bəs, Namiklə Kamran?

- Kamran yığmaya yeni cəlb olunmuşdu. Namiklə isə 15 yaşından bir yerdəydik. Yəqin ki, yeni olduğuna görə Kamran az səs topladı. Namik isə viste-kapitan oldu.

 

Böyükağa müəllim mənə dedi ki, balam ölsün, səni komandaya götürəcəm

 

- Nakim, bildiyim qədər Ukrayna ilə oyundan dərhal sonra səni “Zimbru"ya dəvət etdilər.

- Elədir. Oyundan sonra bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və özünü menecer kimi təqdim etdi. Bu, məşhur moldovalı menecer İon Karp idi. Mənə Moldova birinciliyində oynamağı təklif etdi. Düzü, çox sevindim. Atam bir qədər tərəddüd etdi ki, 17 yaşlı uşaq xaricdə necə yaşayacaq, axırı necə olacaq? Axırda o da getmək istədiyimi görüb, razılıq verdi. O vaxt “Şəfa"nın futbolçusu idim.  Yanvara kimi MOİK-in stadionunda fərdi hazırlıq keçdim. Daha sonra Antalyaya getdim. “Zimbru" Antalyada təlim-məşq toplanışı keçirdi. Komandanın baş məşqçisi rumıniyalı Petresku idi. Elə oldu ki, oyunumu bəyəndi və “Zimbru" ilə müqavilə bağladım. Demək olar ki, bütün oyunlarda adımı komandanın əsas heyətinə salırdı. İlk mövsümdə 5-ci yeri tutduq. Ondan sonra “Zimbru"da baş məşqçi dəyişikliyi baş verdi. Petreskunun yerinə yerli məşqçi Tabanovu gətirdilər. O da gələn kimi legionerlərin çoxunu komandadan uzaqlaşdırdırdı. Nədənsə, mənə toxunmadı. Tez-tez, istər əsas heyətdə, istərsə də ehtiyatdan, mənə şans verirdi. Amma Petreskunun vaxtındakı kimi daim oynamaq imkanım olmurdu. Hərdən ümumiyyətlə, adımı “18-liy"ə salmırdı. Bu da mənə pis təsir edirdi. Bir var, oynaya bilməyəsən, bir də var, kimə görəsə ehtiyatda qalasan.


- “Zimbru"da hansısa nailiyyətin oldu?

- Tabanovun vaxtında Moldova çempionatında 2-ci yerə çıxdıq.


- Medal qalır?

- Hə, hələ də saxlayıram.


- Maraqlıdır, “Şəfa"da “50 şirvan" alan Nakim Moldovada nə qədər qazanırdı?

- Aylıq maaşım 2500 avro idi. Mükafat da olurdu. Məsələn, “Şerif"i udandan sonra soyunub-geyinmə otağında tərimiz qurumamış adama 2500 avro mükafat payladılar.


- Sirr deyilsə, həmin pulları hara xərcləyirdin?

- Cib xərcliyi kimi özümə uzağı 100 avro saxlayırdım. Qalan pulu evə göndərirdim. Neynirdim pulu? Qalmağa yerim, yeməyə yeməyim var idi.


- “Zimbru"dan gedişinə kim səbəb oldu? Tabanov?

- Hə, bayaq da dediyim kimi, mənə güvənmirdi. Məcbur olub komandadan ayrılmaq qərarına gəldim. Düzü, heç kim məni qovmadı. Sadəcə, oynamaq istəyirdim. Həmin vaxt menecerim İon Karp Rumıniyanın “Otselul" komandası ilə danışıqlar apardı və aylıq 3 min avroya razılaşdı. Pul mənim üçün önəmli deyildi, oynamaq istəyirdim deyə razılıq verdim. Elə oldu ki, həmin vaxt Rumıniyanın Avropa İttifaqına daxil olması söhbəti getdiyi üçün mənə işçi vizası aça bilmədilər. 1 il futbol oynamadım. Düzdür, komandanın xaricdəki təlim-məşq toplanışlarında iştirak edirdim. “Otselul"la müqavilə də bağlamışdım. Gəl ki, alınmadı.


- Bəs, həmin 1 ili nə işlə məşğul oldun?

- Moldovada qaldım. Fərdi məşq edirdim. Qəribə vəziyyət yaranmışdı. Müqavilə ilə “Otselul"a mənsub idim, amma oynaya, həm də başqa kluba keçə bilmirdim. Məhz futbolsuz qaldığıma görə olimpiya yığmamıza çağırmadılar. O vaxt olimpiya yığmasının baş məşqçisi Nazim Əliyev idi. 2 dəfə məni toplanışa çağırdılar. Amma klubsuz olduğuma görə sonradan dəvət etmədilər.


- İon Karp yaxşı menecer olub, sənə başqa klub tapa bilmədi?

- Niyə ki? Məni bir neçə kluba baxışa apardı. Məsələn, Kipr, Xorvatiya komandalarında baxışda oldum. Hər dəfə nəsə bir əmma oldu. Axırda mən də bezdim, Karp da. Bu vaxt ortaya “Karvan" variantı çıxdı. Yunis Hüseynovun dəvəti ilə bir müddət “Karvan"da oynadım. Mövsüm başa çatanda Yunis müəllim “Karvan"dan ayrıldı və “Standart"a keçdi. Çempionatın axırıncı oyununu “Bakı" ilə oynayırdıq. “Bakı"nın baş məşqçisi Böyükağa Hacıyev oyunumu bəyənmişdi və məni komandasına dəvət etdi. Çempionat qurtarandan sonra “Bakı"da baxışda da oldum.


- Amma oynamadın.

- Böyükağa müəllim mənə dedi ki, balam ölsün, səni komandaya götürəcəm. Amma götürmədi. Yalandan da balasının canına and içdi. Avqustun axırına kimi məni get-gələ saldı. Çempionatın başlamasına çox az qalmış isə zənglərimə cavab vermədi. 1 il “Otselul"da oynamamağım bəs deyildi, Böyükağa Hacıyevə görə klubsuz qaldım. Bezmişdim. Adam nə qədər bəxtsiz olardı? Getdikcə formadan düşürdüm, oyun praktikam itirdi. 1 il “Otselul"da, 2 il isə Azərbaycanda futbolsuz qaldım. Axırda məcbur olub 1-ci dəstədən gələn təklifi dəyərləndirdim.


- Məgər başqa komandalar yox idi? Məsələn, Yunis müəllimin çalışdırdığı “Standard".

- “Standard" Premyer Liqaya təzə çıxmışdı. Dedi ki, özümüzün xeyli gənc futbolçumuz var. Onları oynadacağıq.

 

Ən böyük səhvim “Zimbru"dan ayrılmağım idi

 

- 17 yaşında legioner həyatı yaşamış birisi üçün I Divizionda necə “dadırdı"?

-  Özündən demək olmasın, mənim səviyyəmdə deyildi. İlk vaxtlar özümü pis hiss edirdim. Ürəyimcə deyildi. Yenidən “yuxarı" qalxmaq üçün “aşağı"da oynamağa məcbur idim. “Rəvan" təzə yaranmışdı. Komandanın baş məşqçisi Əfqan Talıbov məni komandaya çağırdı. Sağ olsun, mənə etimad göstərdi. 1 il “Rəvan"da, daha 1 il də “Neftçi" İSM-də oynadım. 1-ci dəstədə oynadığım vaxtlar bir neçə başqa komandanın da düşərgəsində oldum, təlim-məşq toplanışlarında iştirak etdim. Amma heç biri ilə anlaşa bilmədim. Ardınca, “Neftçala"ya keçdim. 5 ildir ki, buradayam. Bu gün AZAL, “Rəvan", “Xəzər Lənkəran"dadansa, “Neftçala"da oynamaq daha yaxşıdır. “Neftçala"da şərait də, maliyyə də, göstərdiyimiz futbol da onlardan yaxşıdır. Tək üstünlükləri ondadır ki, onlar Premyer Liqada oynayırlar, vəssalam. Həmin komandalarla qarşılaşsaq, bilməyənlər seçəmməzlər ki, hansı klub yüksək dəstədə oynayır.


- Neçə ildir 1-ci dəstədədə oynayırsan, yəqin ki, bu suala cavab verə bilərsən. I Divizionda çempionat nəyə görə keçirilir?

- Bu sualın cavabı yoxdur. İnanmıram ki, kimsə bu suala ətraflı cavab versin. Əgər çempion olan komanda Premyer Liqaya çıxmırsa, onun yerinə 5-ci, 9-cu yeri tutanlar vəsiqə qazanırlarsa, birinciliyi keçirməyin nə mənası var? Bəlkə, yüksək dəstəyə qalxmaq üçün “Neftçala" da 9-cu yeri tutmalıdı, xəbərimiz yoxdur?


- İndiyə kimi çox məşqçilərin rəhbərliyi altında oynmısan. Hansı ilə işləmək sənə daha rahat olub?

- Kamal Quliyevlə. Futbolçuları yaxşı başa düşür, qayğısını heç kimdən əsirgəmir. Digər məşqçilər də mənə qarşı pis olmayıb. Amma Kamal müəllim başqa aləmdir. Bir söz də deyim, heç vaxt Böyükağa Hacıyev kimi məşqçi ilə işləmərəm. Çünki yalançıdır. Futbolçu karyeramın alınmamasında Böyükağa Hacıyevin “əməyi" böyükdür. Düzü, keçmişə boylananda özümün də müəyyən məqamlarda səhv buraxdığımın fərqinə varıram. Ən böyük səhvim “Zimbru"dan ayrılmağım idi. Kaş ki, “Otselul"a keçməyəydim. “Zimbru" ilə müqaviləm başa çatmışdı, yeni müqavilə təklif edirdilər. Ehtiyatda oturduğuma görə acığa düşüb imtina etdim. Orada qalsaydım, bəlkə də indi başqa Nakimlə söhbət edirdiniz.


- Ailə həyatı quranda “menecer" xidmətinidən istifadə edibsən?

- Yox (gülür). Seçimi özüm etmişəm. 22 yaşında evlənmişəm. Tez evləndiyimə görə heç vaxt peşman olmamışam, çox xoşbəxtəm. 2 övladım var - qızım 7, oğlum isə 3 yaşındadır.


- İstərdin, oğlun futbolçu olsun?

- Ən böyük arzum budur. Oğlumun futbolçu olmasını çox istəyirəm.

 

- Sənin kimi futbolçu?

- Demirəm, güclü futbolçu olmuşam. Ən azından atasına oxşamasını istərdim. Amma mənim kimi bəxtsiz olmasın.

 

- 2002-ci ildə yığmada bir yerdə oynadığın komanda yoldaşlarından hansı ilə əlaqə saxlayırsan?

- Elşad Quliyev və Kamran Ağayevlə yaxın dostuq. Tez-tez görüşürük. Akşin Həşimovla “Neftçala"da bir yerdəyik. Hər üçü mənə əziz insandı. Aramızda Kamran özünə yaxşı karyera qura bildi. Bu gün Azərbaycanda ən güclü qapıçıdır. Elşad Emin Quliyevin kiçik qardaşıdır. Karyerasını bitirib, məşqçiliklə məşğuldur. Heyf, yaxşı futbolçu idi.

 

- Sonuncu sualım - yəqin ki, Bakıda keçirilən Avropa çempionatını izlədin. Yığmamızın çıxışı barədə nə deyə bilərsən?

- Portuqaliya ilə oyunda uşaqlar meydana çox həvəslə çıxmışdılar. Həmin həvəs onları yandırdı. Həm də rəqib çox güclü idi. Qolların hamısı da müdafiənin kobud səhvindən buraxıldı. Birinci oyunda nə qədər məyus olmuşdumsa, Belçika və Şotlandiya ilə matçlarda sərgilənən oyun məni çox sevindirdi. Əsas da şotlandlarla oyun. Fəxr etdim ki, bizdə 17 yaşlılardan qurulmuş belə bir komanda var. Gələcəyə nikbin baxmaq olar. İstəməzdim ki, onlar gələcəkdə bizim aqibətimizi yaşasınlar. Buna haqları da çatmır. Çünki bizdən fərqli olaraq, onlara futbol oynamaq üçün hər cür şərait yaradılıb, qayğı göstərirlər. İnanıram ki, çoxları gələcəkdə yaxşı futbolçu olacaqlar. Bunu oyunları ilə sübut elədilər.

 

Söhbətləşdi: İlqar TAĞIYEV

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail