Rövnəq Abdullayev kimləri mükafat almağa layiq bilmədi? - MÜSAHİBƏ

04.11.2011 | 5484 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada ötən mövsümün ən yaxşılarının mükafatlandırılma mərasimindən sonra brifinq keçirib. Stadium.az xəbər verir ki, Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

- Öncə tədbir barədə fikirlərinizi bilmək istərdik...
- Premyer Liqada müxtəlif nominasiyalar üzrə qalibləri təltif etdik. Azərbaycan futbol azarkeşlərini, futbolla məşğul olan insanları mükafatlandırdıq. Bu da futbolun inkişafına və kütləviləşməsinə böyük töhfə verir. Ona görə də bu tədbirin böyük rola malik olduğunu deyə bilərəm.

- Ötən mövsüm və hazırkı mövsümün ilk dövrəsi barədə nə düşünürsünüz?
- 2010-2011-ci il mövsümündə çox gözəl, deyərdim ki, maraqlı futbol oynanıldı. Proqnozlaşdırılmamış oyunlar çox oldu. Futbolun da gözəlliyi elə bundadır. Deyərdim ki, klublarımızın inkişafı, oyun tərzi baxımından böyük irəliləyiş var. Cari mövsüm də yaxşı gedir. Çempionatımızın oyunlarını izləyirəm. Deyərdim ki, çox maraqlı keçir. İkinci dövrənin bundan da maraqlı keçəcəyinə inanıram. Bizim yeganə və əsas problemimiz tamaşaçıların futbola gəlməsi ilə bağlıdır. Deyərdim ki, bu, vacib məsələlərdən biridir. Əgər bölgələrimizdə - Lənkəran, Zaqatala, Gəncə, Qəbələ, Sumqayıtda oyunlara maraq olsa da, Bakıda zəifdir. Klublar çalışmalıdırlar ki, tamaşaçıları televiziya qarşısına yox, futbol meydançalarına, tribunalara gəlsinlər. O halda futbol daha maraqlı olar.

- Ötən mövsüm daha çox hansı klubun çıxışını bəyəndiniz?
- Deməkdə çətinlik çəkərəm. Bayaq müxtəlif nominasiyalar üzrə seçim edildi. Bu seçimlərlə tam razı deyiləm. Amma bunlar siz jurnalistlərin fikirləri olub, toplanılıb və yekun seçim edilib. Artıq Azərbaycan futbolunda yalançı ulduzlar yox, doğrudan da peşəkar futbolçular yaranmağa başlayıb. Bu da bizi sevindirir.

- Berti Foqtsun taleyinin yığmamızın Avstriya və Türkiyə ilə son iki seçmə oyundan asılı olacağını demişdiniz. Foqtsun özü Almaniya mətbuatına müsahibəsində millimizdən gedəcəyini açıqlayıb. Bəs Siz onun fəaliyyəti barədə hansı fikirdəsiniz?
- Biz hələ qərar verməmişik. Foqtsla bu barədə danışmamışıq. Yəqin ki, baş məşqçi ilə danışıqlar aparıldıqdan sonra AFFA İcraiyyə Komitəsinin iclası çağırılacaq və müvafiq qərar qəbul olunacaq.

- Ümumiyyətlə, millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Mən pis dəyərləndirmirəm. Deyərdim ki, yığmamız ötən seçmə qrup mərhələsində normal oyun sərgilədi. Bilirsiniz, Avropa və ya dünya çempionatının final mərhələsini arzulamaq üçün materialımız olmalıdır. Premyer Liqada çıxış edən 12 klubun ən azı yarısı yığmaya yüksək səviyyəli yerli futbolçular yetişdirməlidirlər. Hazırda bu istiqamətdə işlər gedir. Artıq 17 və 19 yaşlılardan ibarət yığmalarımız normal oyun nümayiş etdirirlər. Bu, öz bəhrəsini verəcək.

- AFFA İntizam Komitəsi yığmamızın futbolçusu Vaqif Cavadovu 1 il müddətinə cəzalandırdı. Cavadovun diskvalifikasiyaya səbəb olan davranışı barədə nə deyə bilərsiniz?
- Onun tərəfindən düzgün hərəkət edilməmişdi. Futbolçu - əsgərdir. Bu əsgər öz Vətəninə xidmət edir. Heç bir şeydən asılı olmayaraq, o, ordu sıralarını tərk edib gedirsə, fəraridir. Gəlin belə qəbul edək: 11 nəfər Vətəninin bayrağını qoruyur. Onları əsgər kimi qəbul etmək lazımdır. Onlar bayrağımızı qoruyurlarsa, demək, həm də Vətənimizi qoruyurlar. Əsgər öz sıralarını atıb getməməlidir.

- Siz bir çox böyük şəhərlərimizdə - Gəncədə və Sumqayıtda futbol komandalarının yaradılması təşəbbüsü ilə çıxış etmisiniz. Digər bölgələrimizdə də klublarımızın fəaliyyətə başlaması istiqamətində hansı işləri görürsünüz?
- Mən istərdim ki, hər bir bölgəmizdə, hər bir şəhər və rayonumuzda komandalar olsun. Nə qədər çox komanda olarsa, o qədər çox futbolçu oyuna cəlb oluna bilər. Klublarımızın nəzdində əvəzedici və 17 yaşlılardan ibarət komandalarımızın yaranması nə qədər çox futbolçunun oyunlara qatılması deməkdir. Çalışırıq, amma bizim də imkanlarımız məhduddur. AFFA olaraq, klub yaratmaq və onu maliyyələşdirməyə ixtiyarımız yoxdur. Bunu qəbul etmək lazımdır. Amma biz hərtərəfli kömək edirik ki, klublarımız fəaliyyət göstərə bilsinlər. Çalışırıq ki, futbolumuzun inkişafı üçün bir stimul verən işlər görək. Hər bir regionumuzda müəyyən işlər görülür. Yarışlar keçirilir. Əsasən də uşaq futbolu üzrə.

- Yeni stadionların inşası istiqamətində hansı işlər görülür?
- Deyərdim ki, hər bir bölgədə meydançalar tikilir. Bir neçə gün öncə Ağsuda yeni stadion istifadəyə verildi. Gözəl, standartlara uyğun stadiondur. Hazırda rayondakı şirkətlər, imkanlı şəxslərlə danışıqlar aparırıq ki, orada da bir klub yaradılsın. İnanıram ki, belə də olacaq. Başqa regionlarda da bu istiqamətdə işlər aparırıq. Prezident İlham Əliyevin göstərişi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə baxılıb, bəyənilib, artıq son mərhələdədir. Gələn ilin əvvəlində Sumqayıtda sıfırdan yeni, 15 min nəfər tamaşaçı tutumuna malik stadion inşa olunmağa başlayacaq. Bu da şəhərdə futbolun inkişafına böyük töhfələr verəcək. Gəncə şəhər stadionunun da yenidən qurulması layihəsinə baxır, hazırlayırıq. Bu da böyük, tarixi ənənələrə malik stadiondur. Gərək gələn il bu arenanı da yenidən quraq. Hazırda AFFA tərəfindən Bakının 8-ci km qəsəbəsində yeni, 15 min nəfər tamaşaçı tutumuna malik stadionun tikintisi başa çatmaq üzrədir. Arena 2012-ci ildə Bakıda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatınadək hazır olmalıdır. 20-ci sahə qəsəbəsində köhnə stadion yenidən qurulur. 5000 nəfər tamaşaçı tutumuna malik stadionun tikintisi gələn ilin ortalarınadək yekunlaşmalıdır. Yəni, işlər görülür. Prezident İlham Əliyevin birbaşa nəzarət edir ki, hər bir stadion, idman qurğusu və digər infrastrukturlar yaradılsın. Bu infrastruktur, stadionlar yaradıldıqdan sonra inanıram ki, futbolumuz da lazımi inkişaf səviyyəsinə çatacaq. Meydança olmayan yerdə futbolçu axtarmaq düzgün deyil. Bizim çoxlu meydançalarımız olmalıdır.

- Noyabrın 6-da Azərbaycan futbolunun bəzəyinə çevrilən “Neftçi” – “Xəzər Lənkəran” matçı keçiriləcək. Həmin oyundan nə gözləyirsiniz və canlı izləyəcəksinizmi?
- Stadiona gedib-getməyəcəyimi deyə bilmərəm. Amma oyunun maraqlı keçəcəyinə inanıram. İstərdim ki, təkcə “Neftçi” – “Xəzər Lənkəran” yox, “Neftçi” – “Bakı”, “Neftçi” – “İnter” matçları da derbiyə çevrilsin. Derbinin yaranmasının səbəbi azarkeşlərin stadionlara gəlməsindədir. Tribunalara azarkeşlər gəlsələr, bütün oyunlarımız derbi səviyyəsində olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail