"AFFA bizə qarşı vicdansızlıq edir"

17.03.2017 | 3099 dəfə oxunub

"Bu qərarı verənlər bizə qarşı insafsızlıq elədilər. Belə vicdansızlıq olmaz! Üstümüzə atdıqları ləkəni təmizləmək üçün sonadək mübarizə aparacağıq. Lap AFFA-nı məhkəməyə vermək olsa belə, biz bunu edəcəyik. Heç kimə icazə vermərik ki, klubumuza şərt atsın".

Stadium.Az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Rəvan"ın vitse-prezidenti İlqar Axundov deyib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub. İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib. 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I Diviziondan kənarlaşdırılıb. Hər iki klub oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına azad agent statusu verilməsi qərara alınıb. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib.

Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq. AFFA-nın qərarını absurd hesab edən İ.Axundov bildirib: "Dünən AFFA-nın hesabat konfransında iştirak elədim, aparılan müzakirləri və danışıqları izlədim. Orda danışılmış oyunlarla bağlı söhbət ancaq "Göyəzən" və "Şərurspor"dan getdi. "Rəvan"dan bir kəlmə də söz düşmədi. Bu gün səhər saytları açıb baxıram ki, İntizam Komitəsi "Rəvan" və "Şərurspor"u çempionatdan kənarlaşdırıb.

İnanırsız, səhərdən özümə yer tapa bilmirəm. Şok vəziyyətindəyəm. "Soyuq duş" oldu bu bizə. AFFA-nın "Rəvan"ı bu cür şərləyəcəyini gözləmirdik. Zəng vurmuşam Peşəkar Futbol Liqasının Yarışların Təşkili Komitəsinin sədri Məlik Həsənova, soruşuram ki, nə məsələdi? Mənimlə dili topuq vura-vura danışır. Özü də qalmışdı belə, bilmirdi nə cavab versin, nə səbəb göstərsin. Güc-bəla ilə bir-iki kəlmə dedi ki, "Rəvan"ın adı danışılmış oyunlarda hallanır, İntizam Komitəsi də bu şübhələri əsas götürüb.

Deyirəm, şübhələr doğrulub, əlinizdə fakt var? Telefonun o başında dili dolaşa-dolaşa qaldı. Deyir, nə bilim, AFFA belə elədi də. Necə yəni AFFA belə elədi? Məgər bu iş AFFA-nın istəməyi ilədi? "Rəvan"a dair bir fakt varsa, klubumuza rəsmi məktub göndərin, səbəbləri göstərin, bilək ki, hansı oyunlar danışılıb, kim nə iş görüb. Bunlar isə özlərindən hoqqa çıxır, sübut olmadığı halda, "Rəvan"ı çempionatdan uzaqlaşdırırlar.

Məlik Həsənov suallarımın qabağında aciz qaldığından, sonra zəng vurdum Ramin Musayevə. Çempionatı keçirən adamdı, ondan soruşuram ki, Ramin Musayev nə baş verir? Məndən maraqlanır ki, nə olub, nə məsələdi? Niyə zəng vurduğumu deyir ki, İntizam Komitəsi UEFA-dan gələn məktubları əsas götürüb. Qərarın səbəbləri, faktlarla tanış olmaq istədiyimizi deyirəm, niyə kluba rəsmi bildiriş göndərmədiklərini soruşuram.

Deyir, qərarda nə yazılıb, odu, mən başqa heç nə bilmirəm. O da Ramin Musayev… Ay başına dönüm, belə müsibət olar?! Dörd aydı araşdırma gedir, hamını AFFA-ya çağırıb 1-2 söz soruşub, sonra yola salırlar. Özləri də dünənədək deyirdilər ki, hələ bir fakt tapmamışıq. Bir günün içində fakt tapdılar? Bu fakt varıydısa, "Rəvan" rəhbərliyini bundan xəbərdar etmək olmazdı?

Bizi, bilirsiz, nə yandırıb-tökür? Bu il "Rəvan"ın yaradılmasının 10 illiyi tamam olacaqdı. Başçımız (Nuru Əliyev nəzərdə tutulur-red) futbolu sevən, öz cibininin pulunu xərcləyən iş adamıdı. Ötən 10 il ərzində təmənnasız yatırım etmişik, baza tikmişik, akademiya açmışıq, qısacası, pis-yaxşı işləmişik. Büdcəmiz çox böyük olmayıb, ancaq yenə də nəsə qurub-yaratmağa çalışmışıq. "Rəvan"ın 19 yaşlıları UEFA-nın Gənclər Liqasında ilk dəfə çıxış edən Azərbaycan klubudu.

Premyer Liqada illərlə oynamışıq, dəfələrlə diviziona düşsək də, futboldan soyumamışıq, yenə geri qayıtmışıq. Bizi başqa adla çempionatdan uzaqlaşdırsaydılar, bu qədər təəssüflənməzdik.Daha "oğru" damğasıyla yox da… "Rəvan"a bu 10 ildə çox yerdən xəbər göndəriblər, birinə də getməmişik, hamısını rədd eləmişik. Rəhbərimiz qəti tapşırıb ki, nəbadə çirkli işlərə, danışılmış oyunlara gedəsiz, xal alıb, xal verəsiz. O, sözü bir dəfə, kəsə-konkret deyir. "Rəvan"da hansısa adam danışılmış oyunlarda iştirak etsəydi, onun tədbirini özümüz görərdik.

10 il futbola milyonlar tök, baza tik, gəncləri pis vərdişlərdən çəkindir, idmana gətir, axırda da adını ləkələsinlər… Vallah, bunu Allah götürməz! Rəhbərimiz artıq AFFA-nın qərarından məlumatlıdı. Çox təəssüf edir. Son 2-3 ildə ölkənin iqtisadiyyatında yaranan problemlər hər birimizə təsir eləyir. Dollarla manatın kursunun "oynaması", devalvasiyalar, satış bazasının zəifləməsi – bunlar bizim şirkətə də çətinliklər yaradıb.

Bütün bunlara baxmayaraq, rəhbərimiz deyib ki, nə qədər çətin olsa da, biz "Rəvan"ı yaşatmalıyıq. O. ölkə prezidentinə, dövlətçiliyə sadiq insandı. Cənab prezidentin idman siyasətini əməli surətdə dəstəkləyən, bu sahəyə qayğı göstərən iş adamıdı. Maliyyə problemləri çox olsa da, futbolçulara əməkhaqqı ödəyirdik. Bu gün səhər komanda gedib Bayılda məşq eləməyə, stadiona buraxmayıblar. Orda deyiblər ki, "Qaradağ Lökbatan"la sabahkı oyun olmayacaq, AFFA sizə texniki məğlubiyyət verəcək.

AFFA desəydi ki, maddi imkanlarınız zəifdi, keçmiş legionerlərinizə borclarınızı ödəyə bilmirsiz, FİFA bir ucdan xallarınızı silir, hardasa qəbul edərdik "Rəvan"ın çempionatdan çıxarılmasını. "Oğru" adıyla damğalanmağı dünyasında qəbul etməyəcəyik! Birinci apellyasiya şikayəti verəcəyik. O da özlərinindi, yəqin ki, yenə istədikləri qərarı çıxaracaqlar. Axırı məhkəmədi bu işin. Mənim adımdan belə də yazın: "Rəvan" bu ləkəni üzərindən təmizləmək üçün bütün addımları atacaq, nə lazımdısa, edəcək! Ömründə qoymarıq ki, klubumuz bu iyrənc işlərə görə tarixdə qalsın. "Rəvan" fəaliyyətini dayandırar, "oğru" damğasıyla barışmaz".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail