Vəli Qasımov: "Heç kim birdən-birə “Baselona”da oynamağı fikirləşməsin"

03.12.2011 | 7300 dəfə oxunub

Azərbaycanın 19 yaşlı futbolçularından ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov "Bakı" klubunun "Toplu Bakı" jurnalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, ilk öncə futbolçu karyerası haqda danışan Qasımov daha sonra digər məsələlərə də toxunub:


Uşaqlıq illəriniz bütün futbolsevərlərə maraqlıdır...

Gəncədə anadan olmuşam. Ailəmiz çox kasıb olub. Çox şeylərim çatmırdı. Uşaqlıqdan məhəllədə, palçiğin içində, ayaqyalın futbol oynardıq. İstər futbol, istər gündəlik geyimlərdə bəzən həmyaşıdlarımdan fərqlənirdim.

İlk müəllimim Yusif Məhərrəmov olub. Mən uşaq olanda məhəllədə, demək olar, heç kimdə top yox idi. İndi hər kəsin evdə 2-3 topu olsa da, o vaxt bu nağıl kimi görünürdü. İki həftə idi ki,  anama yalvarırdım, mənə rezin top (o vaxt futbol topları belə olurdu) almağa pul versin. Hər gün bu gün - sabah deyirdi. Nəhayət, bu pulu alıb mağazadan ilk topumu alanda sevindiyim qədər heç vaxt sevinməmişəm. Onda sanki Ferrari almışdım. Dünyanın ən xoşbəxt uşağı mən idim.

Bütün günüm topla keçirdi. Evimizin yaxınlığında stadion vardı. Orada tələbələr bədət tərbiyəsi dərsləri keçirdi. Çox vaxt onlarla futbol oynayırdıq. Günüm orada keçdiyi üçün bəzən stadionun direktoru stadionu mənə tapşırıb gedirdi. Hətta yatanda da topu qucaqlayıb yatırdım. Bu top məni çox uzaqlara apardı...

14 yaşım olanda Gəncədən Ukraynaya, Xarkova köçəsi olduq. Futbolçu karyerama da elə orada başlamışam.  Peşəkar karyerama Xarkovda - ikinci liqada, “Mayak”da başladım. 16 yaşımda  SSRİ yığmasının heyətində Avropa çempionu oldum. 14 oyuna 7 qol vurmuşdum. Qeyd edim ki, Avropa çempionu olanda mən sağ müdafiəçi kimi də, çıxış edirdim. Bundan sonra məni “Metallist”ə götürdülər. Burada 12-ci oyunçu kimiydim. Əvəzetmədən meydana çıxıb harda qoysalar, orada oynayırdım. Əvəzedicilərin çempionatında isə bombardir olmuşdum. 1987-1991-ci illərdə  “Neftçi”nin heyətində çıxış etmişəm. 1992-ci ildə isə Moskva “Spartak”ına keçmişəm.

1992-ci ildə Rusiya çempionatının bombardiri olmusunuz. O anları necə xatırlayırsınız?

İlk dövrəni “Spartak”ın heyətində keçirmişdim. Qışda Moskvanın digər klubu “Dinamo”ya keçdim. Bu klubun heyətində 17 oyuna 16 qol vurdum. Bir dövrəyə Rusiya çempionatının bombardiri oldum Bundan sonra “Dinamoluların” heyətində UEFA kubokunda oynadım.

İspaniyanın “Betis” komandasına keçidiniz necə alındı?

UEFA kubokunda oynadığım vaxt mənə bir sıra klublardan təkliflər edilirdi. İtaliyadan “Cenoa”, “Torino” və “Atalanta”, İspaniyadan isə “Departivo” və “Real Betis”, Belçikadan isə “Brügge” klubları məni heyətlərində görmək istəyirdi.  Bu klublar arasında  “Betis”i seçdim.

İspaniyada və  Portuqaliyada uğurlu mövsümlər keçirmisiniz. Oradakı illəriniz xatirinizdə necə qalıb?

1993-1997-ci illər ərzində  “Betis”, “Albakate”, “Eciya” klublarında çıxış etmişəm. İspaniya mürəkkəb sosial quruluşlu bir ölkədir. Bura uyğunlaşmaq çox çətindir. Təvazökarlıq olsa da, məndə bu proses çox tez keçdi. İspan dilini tez  öyrəndim. Özümə dostlar qazandım. “Betis” kiçik klub olsa da, elə möhtəşəm fanatları vardı ki, indiyə kimi onları unuda bilmirəm.  1997-2001-ci illər ərzində Portuqaliya çempionatında oynamışam. “Vitoriya Setubal” və “İmortal”ın şərəfini qorumuşam. Mən daha da böyük uğurlar qazanmaq niyyətində idim. Təəssüf ki, yersiz zədələr peşəkar futbolçu kimi dünya miqyasında tanınmağıma mane oldu. Karyeram ərzində Maradona, Fernando Yerro, Bebeto,  Xosep Quardiyola və başqa ulduz futbolçulara qarşı oynamışam. Buna baxmayaraq, indi arxaya baxanda elədiklərimlə fəxr edirəm.

Elə bu gün də mən ispan futbolunun azarkeşiyəm.  İspan klubları bu gün dünyanın ən güclüləri hesab edilir. Bundan sonra da, ispaniyaya gedib, onlardan öyrənərək, Azərbaycanda tətbiq etmək istəyirəm.

İspaniya və Azərbaycan futbolu arasında hansı paralelləri apara bilərsiniz?

İspanlar bizə çox oxşayır. Futbollarımız arasında da müəyyən oxşarlıq var. Texnikalı və ortaboy oyunçulara üstünlük verilir. Bu gün Azərbaycanda ən çox sevilən və futbolçuların can atdığı ölkə İspaniyadır.  Yeniyetmə və gəclərin əksər hissəsi ispan klublarına və millisinə azarkeşlik edir. Görünür bütün bu oxşarlıqlar bizim ispan futboluna sevgimizin qaynağıdır.

Azərbaycan futbolunun yaralı yerlərindən biri də futbolçularımızın legioner həyatı yaşamağa meylli olmamasıdır. Milli futbolun inkişafı üçün isə bu çox önəmli faktordur. Siz bu problemdən çıxış yolunu nədə görürsünüz?

Mən uzun illər legioner həyatı yaşamışam. Futboldan əlavə futbolçu müəyyən baryerləri aşmalıdır. Bura dil bilmək, ünsiyyətcil olmaq və şəxsi keyfiyyətlər daxildir. Təəssüf ki, bizim futbolçularlın əksəriyyəti heç psixoloji baxımdan buna hazır deyil. Bəziləri bir ay keçməmiş geri qayıtmaq haqqında düşünür. Bu problem üzərində illərlə işləmək lazımdır. Azərbaycan futbolunun, millilərin  inkişaf etdirilməsi üçün legioner həyatı yaşayan futbolçularımız olmalıdır. Amma, heç kim birdən-birə “Baselona”da oynamağı fikirləşməsin. Açığı, başa düşmək lazımdır ki, hələki Azərbaycanlı futbolçunun belə bir klubda çıxış etməsi mümkün deyil. Bunu fikirləşənlər özlərini aldadır. Pillə-pillə irəliləmək lazımdır. Bizim üçün hədəf orta səviyyəli klublar olmalıdır. Belə klublarda özlərini göstərməklə “Real” və ya “Barsa” kimi klubda nə vaxtsa oynamaq olar.

U-19 da baş məşqçisiniz. Həm də A milli komandada Berti Foqtsun köməkçisisiniz. Buradakı işinizi necə təftiş edirsiniz?

U-19 da əsas məqsədimiz futbolçu yetişdirməkdir. Son seçmə mərhələdə uğur qazana bilərdik. Bəxtimizin gətirmədiyi oyunlar da oldu. Əsas olan bu futbolçuların  U-21 və əsas komandaya hazırlanması idi. İndi onlardan yüksək nailiyyət gözləmək düzgün deyil. Biz futbolçuların yetişdirilməsi üçün sistemi yeni yaradırıq. Onların güclü rəqiblərə qarşı öz oyununu göstərməsi, təşvişə düşməməsi üçün iş aparırıq. Onları psixoloji baxımdan da hazırlayırıq. 

Son zamanlar futbola dövlət səviyyəsində olan diqqət və qayğı uşaq futbolundan da yan keçməyib.  Bir mütəxəssis kimi futbolumuzun gələcəyini necə görürsünüz?

“Bakı”, “Neftçi” və “Qəbələ”ni bu sahədə fərqləndirmək olar. Bu klublar həqiqətən də ciddi layihələr həyata keçirir. Əsasən də, “Bakı”nın yaratdığı şərait öz nəticəsini verəcək. Yaxın vaxtlarda yaxşı futbolçu nəslinin yetişəcəyini gözləyirəm. Həmin nəsil azərbaycanlı futbolçuların xaricə yolunu da açacaq. Bununla, milli komandamız da güclənəcək.

Uşaq və yeniyetmələrə hansı məsləhətləriniz var?

Futbol təkcə topla oynanılmır. Siz gərək topsuz çalışmalara da üstünlük verəsiniz. Mövqe seçimi, başla və cüssə ilə oyuna da diqqət ayırın. Hər biriniz zəif olduğunuz sahədə əlavə məşqlər edin. Hücumçular qapıya zərbələr üzərində əlavə işləsin. İkiqat əziyyət çəkməlisiniz ki, gələcəkdə rahat futbol oynayasınız.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail