«Turan» haqda yekə yazı

23.11.2010 | 6048 dəfə oxunub

Musa Süleymanov komandası Tovuzda MOİK və "Gəncə"ni udandan sonra yaman həvəsə gəlmişdi. Yerə-göyə sığmırdı. Sanmışdı ki, artıq hamını uda bilərlər, elə bir ucdan iddialı bəyanatlar verirdi. "İnter"ə qan udduracağıq" açıqlaması da, səhv eləmiriksə, "Turan"ın prezidentindən gəlmişdi.

rn

Çempionatın ilk turunda, elə doğma arenadaca "İnter"ə böyük hesabla uduzmaq, deyəsən, yaman yer eləmişdi ona. 17 dəqiqəyə buraxılan 3 qol oyunun sonunadək cavabsız qaldı. "Turan" ikinci hissədə təzyiqi artıranfason nəsə eləməyə çalışsa da, necə deyərlər, qatar artıq getmişdi. Flora Kərimovanın sözü olmasın, qatarın arxasınca baxmazlar. "İnter" sən deyən güclü komanda olmasa da, hər halda "Turan"ı nə yollasa susdurmuşdu. Məğlubiyyətin atası olmur, ancaq tovuzluların başı özlərinə və hakimlərə necə qarışdısa, başqa səbəb axtarmadılar. Süleymanov həmin vaxtda uduzmağı normal qəbul eləməsə də, Sakit Alıyev sözü qurtarmış aşıq kimi "dalay-dalay" dedi. Açıqca yox, daxilən. Keçmiş baş məşqçi özünü üzdə sərt və tələbkar birisi kimi göstərsə də, heç bir halda Musa bəyə münasibətdə bu mövqeyi ortaya qoya bilməzdi. Çünki özü onu kluba qaytarmış Nizami Sadıqovun yerinə necə keçmişdi, hamıdan yaxşı bilirdi. Prezident də dünya görmüş adamdır, kiminlə necə danışmaq lazım gəldiyini və necə rəftar etməli olduğunu yaxşı bilir.

rn

Düzdür, Musa bəy inadkarlıq göstərib Alıyevi 7 tur sükan arxasında saxlasa da, zərurəti axırda qəbul elədi. Başqa yolu da qalmamışdı, baş məşqçi dəyişməliydi. Bunadək və o ərəfədə klubda nələr baş veribsə, görünən və görünməyən tərəfləriylə qəzetimizdə işıqlanıb. Ona təəccüblənirik ki, klubun sahibi Sakit Alıyevi nə cür posta qoyub, sonra da çıxarmışdısa, bir də dönüşünə hansı yolla razılaşdı? Açıq qalan sual budur, elə deyil bəlkə?

rn

Revaz Dzodzuaşvili gürcülərin həmişəyaşar futbol mütəxəssisidir, yaşı qədər təcrübə sahibidir. Ölkəsindən başqa, Latviya millisi və "Skonto"da əsas söz sahibi olub. Postsovet məkanında məmə yeyəndən pəpə deyənədək hamı onu tanıyıb. Bu gün isə nə tanınır, nə də söz sahibidir. Azərbaycana 1 il öncə "Xəzər-Lənkəran" kanalıyla cığır açmaq istəyən, lakin Ağasəlim Mircavadova qiyabi mübarizədə uduzan Revazın bu futbol dəryasına baş vurmağının son yolu "Turan"dan keçirdi. Kluba vitse-prezident vəzifəsinə təyin olunandan az sonra faktiki baş məşqçi səlahiyyətlərini də yerinə yetirməyə başlayan gürcünün Alıyevi bir gün kölgəyə çəkilməyə məcbur edəcəyi aydın idi. Eləməsəydi, özü də uzun müddət burda duruş gətirməyəcəkdi. Naci Şensoyun komandanı çalışdırdığı illərdə texniki zonada 4-cü məşqçi kimi əyləşən Alıyev növbəylə ondan qabaqkıların necə "getdiyini" görmüşdüsə, şübhəsiz, Revazın fəaliyyəti qısaömürlü olmalıydı. İkinci "Turan"da çox şeyi dəyişməliydi. Nə olmasa, adı var, hörmət yiyəsiydi. Sakit bəyin onun qədər məşqçilikdən başı çıxması bir əlavə ömür istərdi. Ancaq gürcü mütəxəssis köhnə dəyirmanda təzə un üyüdən olmadı. Gəldi, baş məşqçi postuna keçdi və özündən əvvəlkilər kimi işləməyə davam elədi. El arasında yayılan məsəl kimi, "Ağa deyir sür dərəyə, sür dərəyə!" prinsipiylə barışdı. Barışmazdı gərək. Ona yaraşmır ki, texniki zonada əyləşə-əyləşə komanda tribunadan idarə olunsun. Kimsə yox, lap prezident də! Göz yummamalıydı! Daha Alıyevdən nə fərqi oldu ki...

rn

Şalva Pirtsxalava Revazın həmyerlisidir. Bir gürcü baş məşqçi texniki zonada mürgü vurmasaydı, Musa Süleymanov da əyləşdiyi VİP-dən onun Romuald Onana ilə əvəzlənməsini tələb etməzdi. "Gəncə" ilə qarşılaşmanın ikinci hissəsinə təsadüf edən bu əvəzləmə "Turan"ın hesabı öz xeyirlərinə dəyişməsinə kömək oldusa belə, Dzodzuaşvili gərək ondan sonra klubu tərk edərdi. Bu, bir yox, dəfələrlə təkrarlanıb. Süleymanov gah tribunada oturub, gah da oyunun gedişində texniki zonada yerini alırsa, bu yerdə baş məşqçinin futbolçulara təsirindən qətiyyən danışmaq olmaz! Yersizdir! Futbolçu görür və eşidirsə ki, əsas heyəti "yuxarı" müəyyənləşdirir, dəyişdirir, heç vaxt paltardəyişmə otağında onlara leksiya oxuyan bu kəsi qəbul etməz. Edirmi, guya? Necə etsinlər axı, hesabat Revazla deyil, prezidentlədir. Prezident komandanın işlərinə birbaşa özü qarışırsa, bu, ondan çox, baş məşqçinin günahıdır. Başqa adı yoxdur, Revaz baiskar və günahkardır! Birinci gündən özünü belə yumşaq və başıaşağı aparıb ki, indi də başının üzərindən qərarlar verilir. Burdan aydın olur ki, gürcü "Turan"da sadəcə qalmaq istəyir, elə bir məqsədi yoxdur. Məqsədi olan məşqçi yumruğunu stola çırpa bilmirsə, demək, gün sayır və pul qazanmaqdan savayı heç nə haqda düşünmür. Nə vecinə, onsuz da karyerasının lap sonunu yaşayır, bilir ki, Tovuzdan getsə, heç yerdən düz-əməlli nədir, ümumiyyətlə, təklif-zad almayacaq. Zatən "Turan"a gələnədək son illərdə işsiz oturub, maraqlanan olmayıb onunla. Maraqlansaydılar, sözünü deyib arxasında da dayanardı; daha lal axan çay kimi susqunluğa qərq olmazdı. Bu susmağın da bir axırı görünmür, çünki gözünün odunu elə almayıblar ki, başını indən belə yuxarı qaldırmağa, "baş məşqçi mənəm" deməyə özündə cürət tapsın. Həmvətəni, vaxtilə futbolçusu olmuş Kaxaber Tsxadadzenin işlədlyi "İnter"ə qarşı cavab matçından öncə belə demişdi: "İnanıram ki, maraqlı və baxımlı oyun olacaq. "İnter" texniki cəhətdən yaxşı komandadır. Heyətində usta futbolçular var. Ancaq biz Bakıya uduzmağa gəlməmişik. Komandaların şanslarını 50-nin 50-yə dəyərləndirirəm. Ev oyunlarını təbii örtüklü meydançada keçirən "Turan" üçün "Şəfa" stadionu problem yaratmayacaq. Əksinə, bunu üstünlük hesab edirəm. Meydan problemimiz olmayacaq. Çünki "Şəfa" süni örtüklü olsa da, ideal vəziyyətdədir". Bu açıqlamadan sonrası izahsızdır: "İnter" də "Turan"la görüşdə asan qələbəyə sevindi. Lakin son turda "Gəncə"ni məğlub edən Tovuz klubu paytaxta da böyük ümidlərlə gəlmişdi. Gəl ki, matç başlayan kimi bölgə təmsilçisinin qapısına vurulan erkən qol Dzodzuaşvilinin komandasının planlarını alt-üst etmiş oldu. Nəticədə fasilədən sonra daha iki qol buraxan qonaqlar, çempionun önündə miskin təəsüratı oyatdılar. "Jiquli"nin "Mersedes"lə yolda ötüşməyə çıxması hansı cür gülməli görünərdisə, "Turan"ın "İnter"ə yumruq silkələməsi bir elə qəribə olardı. Necə ki, oldu! Tovuzlular meydanda nə etdiklərini bilmədikləri üçün "bankirlər"dən bir-birindən fərqli, mənaca eyni, sadəcə, ağır qol zərbəsi aldılar. Sxadadze qarşı tərəfin məlum bəyanatlarını eşitmişdi deyə, hesabı 2:0 edəndən sonra da qolların davamının gəlməsi üçün Petar Zlatinovla Robertas Poşkusu oyuna atdı. Bütün bunları ürəkağrısıyla tribunadan seyr edən Musa Süleymanov isə 56-cı dəqiqədə Hüseyn İsgəndərovun Cavid Tağıyevlə əvəzlədəndə artıq gec idi. Qatar birdəfəlik getmişdi. "İnter"ə qan uddurmaq gələn mövsümdən tez olmayacaq.

rn

P.S. Bir komandanın rəisi düşərgəyə legioner gətirmiş menecerlərdən aylıq "haqq" istəyər, o yerdə xeyir-bərəkət ərşə çəkilər. Biz hələ pərdəarxasında qalan "olaylar"ı demirik.

BİZ(lər)


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ