Sınaq meydanı

05.07.2012 | 9445 dəfə oxunub

Bu gün Azərbaycan klubları üçün Avrokuboklar həyəcanı başlayır. Ötən il “Qarabağ” “Brügge”ni Bakıda məğlub edib, Avroliqa ilə vidalaşdıqdan sonra hamımız bu günü gözləyirdik. Klublarımız yenidən sınaq qarşısındadır. Kimin nəyə qadir olduğu bilinəcək. Həmişə demişəm, indi də təkrarlayıram: mövsüm boyu çempionatda bir-birini “qıran”, “mənəm-mənəm” deyən klublarımızın əsl gücü məhz avrokuboklarda bilinir. Bu dəfə də biləcəyik. Ən azı “İnter”, “Bakı” və “Xəzər Lənkəran”ın nəyə qadir olduğunu bu axşam görəcəyik. Bu dəfə mümkün uğursuzluq halında məşqçilərin “püşkdə bəxtimiz gətirmədi”, “rəqib bizdən daha təcrübəli idi” və s. və i.a. kimi bəhanələri də olmayacaq. Çünki bu dəfə püşk üzümüzü necə lazımdı güldürüb. Heç kimin rəqibdən gileylənməyə haqqı yoxdu! Amma püşkatmadan sonra Avropada oynayacaq bütün klublarımızın rəsmilərinin dilindən “ən güclü rəqib bizə düşüb” ifadəsi çıxıb. Vallah, gülməlidi. Görəsən futbolçularının arxayınlaşmaması üçün belə deyirlər, yoxsa həqiqətən də qorxurlar? Və ya özlərini indidən mümkün uğursuzluqdan “straxovka” edirlər?

“Bakı” “Mura”nı bir ayaqla keçməlidi!

Uzaqbaşı “Bakı” deyə bilər ki, Sloveniya klubundansa Andorra, Malta və ya San-Marino klubları ilə görüşmək yaxşı olardı. Düzdür, razıyam. Komandanın 5 potensial rəqibi arasında məhz bayaq adını çəkdiyim 3 ölkənin təmsilçiləri var idi. Amma şəxsən mən “Mura”nı “Bakı”dan zəif komanda hesab edirəm. “Bakı” bu komandanı bir ayaqla keçməlidi! “Mura” “zolaqlılar”ın avropada sonuncu dəfə görüşdüyü “Buduçnost”dan da zəifdi. Buna görə də “Bakı” əsl potensialının heç olmasa əllicə faizini meydanda qoysa, bu gün “Mura”nı “çiliyəcək”. Komandanın baş məşqçisi Novruz Əzimov üçün də bu oyunlar şübhəsiz, önəmlidir. Karyerası ərzində səhv etmirəmsə, ilk dəfə baş məşqçi işləyən Əzimov özünü doğrultmalıdı. “Bakı” ilə avrokuboklara yollanan üçüncü yerli mütəxəssis olan Əzimov uzun illər köməkçisi olduğu Əsgər Abdullayevin, eləcə də Böyükağa Hacıyevin bacarmadığını etməlidir. O “Bakı” ilə avrokuboklarda mərhələ adlayan ilk yerli mütəxəssis ola bilər. Yetər ki, Əzimovun gedişləri özünü doğrultsun. “Bakı”nın qapısını bu gün Aqil Məmmədov qoruyacaq. Aqilin potensialına şübhəm yoxdur. Amma bir qədər təcrübəsizliyi bəzilərini qorxutsa da, bu fikirlə də razı deyiləm. Bəyəm Kamran Ağayevə məşqçilər təzə-təzə şans verəndə o təcrübəliydi? Ağayev də səhv edə-edə bugünkü səviyyəyə gəlib çatıb. Ona görə də üzümü Aqilə tutub deyirəm: “heç nədən çəkinmə, rahat çıx oyununu oyna. Ən əsası səhv buraxmaqdan qorxma”. Novruz Əzimov Aqilə güvənir. Buna inanmayanlar bilsin ki, əgər ortada güvən olmasaydı, “Bakı” məcbur olub, gündə 1 qiymət oxuyan kolumbiyalını, ya da aradan çıxan kiprlini birtəhər dilə tutub, transfer edərdi. Amma Aqilə güvənən məşqçilər, rəhbərlik əcnəbi qolkiperlərin nazı ilə oynamadı.

Hüseynovun tarixi şansı   

Yunis Hüseynov yaxşı məşqçidi. Əlinin altında oynamış futbolçulardan eşitmişəm ki, psixoloq kimi “əjdaha”dı. Komandanı oyuna kökləməyi əla bacarır. Mənə isə Hüseynovun həmişə iddialı danışmağı ləzzət edir. Məşqçilərimizin 90 faizi suyu üfürə-üfürə içib, bir sözü deməmişdən qabaq, min ölçüb, bir biçdikləri halda Hüseynov belə deyil. Hər zaman iddialı danışır. Elə dünənki mətbuat konfransında da rəqibə meydan oxuyub. 3 və ya 4:0 qalib gəlmək istədiklərini deyir Hüseynov. İstəməyən kor olsun. Sual verirlər ki, “rəqibi keçməsəz, nə olacaq” deyir ki, “keçəcəyik”. Özünə güvənməsi xoşdur. Yetər ki, 6 il öncəki uğursuzluğu yaşamasın. O vaxt Hüseynov hara çatırdı, şirin ləhcəsi ilə “həm çempion olajiyığ, həm də kuboku alajiyıx” deyirdi. Amma sən saydığını say, gör “Bakı” ilə “Qarabağ” nə sayır. Məhz bu iki komanda “Karvan”ı titul üzünə həsrət qoydu. “Qarabağ”la “Şəfa” da baş tutan ölkə kubokunun final oyunundan sonra Hüseynova “bəs deyirdiz həm çempion olacağıq, həm də kuboku qazanacağıq, nə oldu?” sualını şəxsən vermişdim. Hər zaman iddialı danışan Hüseynov həmin vaxt susmağa üstünlük vermişdi. Arzu edirəm ki, bu dəfə belə olmasın. Ümumiyyətlə, hər zaman məşqçinin iddialı olmasının tərəfdarı olmuşam. Çünki o bunu etməsə və ya “rəqibdən ehtiyatlanırıq” desə, onun futbolçusu meydana necə çıxacaq? Ayaqları əsə-əsə? “Karvan”la tarix yazan Hüseynov bu dəfə də eyni uğuru “Xəzər Lənkəran”la təkrarlamalıdır. Hüseynov tarixi şansın astanasında olduğunu gözəl bilir. Lənkəranda nə Ağasəlim Mircavadov, nə Rednik, nə də başqa biri mərhələ keçib. İlkə imza atmaq üçün bundan gözəl şans ola bilər? Turu keç, tarixə düş, həm rəhbərliyin, həm də azarkeşlərin əbədi sevgisini qazan. Rəqib də münasibdir. Çox da ki, Estoniya çempionatının lideridir. Olsun da. Estoniya klubları hara, bizimkilər hara? Pul bizdə, güc bizdə, struktur bizdə, futbolçu bizdə. Uğurlu çıxış üçün başqa nə lazımdı? Dünən Lənkəranda əlinə dəsmal alıb, “büdcəmiz cəmi 800 min avrodu” deyən “Nomme Kalyu”nun prezidentinin gözünün yaşına baxmaq lazım deyil, nə qədər imkan düşdü, vurun. Tarixdəki “Olimpi”, “Nistru” “ləkə”sinə birini daha əlavə etmək olmaz!

Gözdən uzaq “İnter”

“İnter”in baş məşqçisinə böyük hörmətim var. Hər nə qədər bəzən tənqid olunsa da, Sxadadze əsl taktikdir. Ən azından bizim məşqçilərimizin çoxundan fərqli olaraq heç nədən konfet düzəltməyi bacarır. Gürcü avrokuboklar üçün də komandasını yaxşı hazırlaşdıra bilib, heyət də normaldır. Şütz, Adamiya, Georgiyevski, Ruslan Əmircanov, bir də adı dilimə heç cür yatmayan, Fransadan gələn futbolçu komandanı mütləq gücləndirəcək. Sxadadze işini bilir, lazım olan yerə futbolçu alır. Bu heyət “Trans”ı keçmək üçün artıqlaması ilə kifayətdir. “Bankirlər”in bunu bacaracağına zərrə qədər də şübhəm yoxdu. Rəqibin adı əcaib olsa da, oyununda, gücündə qeyri-adi heç nə yoxdu. Tipik Pribaltika komandasıdır. Yalnız standart vəziyyətlərdə təhlükəli olurlar, vəssalam. “İnter” də digərləri kimi bu rəqibi keçməyə borcludur və keçəcək də!

Hər il klublarımızdan heç olmasa birini qrup mərhələsində görmək istəyirik. Amma bu, elə arzu olaraq qalır. Ümid edək ki, builki avrokuboklar klublarımız üçün daha uğurlu alınacaq və bizim də hansısa komandamız həm Azərbaycan futbolunun Avropada yalnız “Qarabağ”dan ibarət olmadığını göstərəcək, həm də tarixə düşəcək.  


Vahid AYXAN


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail