“Xəzər Lənkəran”da niyə “bardağ”dı? YAZI

02.10.2012 | 11662 dəfə oxunub

Dostum Şahinin “vasmoy”dakı obyektinin yanında bir oğlan işləyir. Adı Cahiddi. Bu, Polat Alemdarın yox, “Xəzər Lənkəran”ın Cahididi. Lerikdən olduğu üçün “Xəzər Lənkəran”ın xəstəsidi. Hər görüşümüzün əvvəlində də söhbəti “Xəzər Lənkəran”dı, axırında da. Çempionatın başlamasına 1-2 gün qalmış görüşərkən mənə “Xəzər” bu il çempion ol biləcək” sualını verdi. Cavab verdim ki, “Xəzər Lənkəran” bu gedişlə nəinki çempion olacaq, heç “ilk altılığ”a da düşə bilməyəcək”. Gülüb, “bəsdi də, məzələnmə dedi”. O vaxt dedim, indi də təkrarlayıram, zarafat deyil, tam ciddi deyirəm, “Xəzər Lənkəran” indiki vəziyyəti ilə “ilk altılığ”dan kənarda qalacaq. 

Birincisi, komandanın heyəti zəif yox a, çox zəifdi. Skarlatake əvvəlki futbolçu deyil, Pit sanki avrokuboklardan sonra daxili çempionata motivasiya ola bilmir, Rahid Əmirquliyev ideal formasından çox uzaqdı, Subaşiç Messi deyil ki, hər dəfə komandanı xilas eləsin. Başqalarıda ki...

İkinci problem qapıçı məsələsidi. “Xəzər Lənkəran” rəsmilərini dindirsən, ilk sözləri peşəkarlıq olacaq. Romulo məsələsini adamın gözünə soxub, “profesionallıq” dərsi keçəcəklər. Amma başa düşmürəm, bu qədər vaxta 1 güclü qapıçı tapa bilməyən klub necə özünə peşəkar deyə bilər? Belə çıxır ki, O BOYDA “Xəzər Lənkəran” bircə Kamran Ağayevdən ibarətdi? Kamran getdi, komanda çökdü?! “Xəzər Lənkəran”ın maddi problemi yoxdu, bəs dərd nədi? Niyə 1 güclü qapıçı tapa bilmirlər? Yoxsa Orxan Sadıqlını əllərində “kozır” saxlayırlar ki, hər yenilgidən sonra “qapıçımızın təcrübəsizliyindən uduzduq” desinlər? Gülməlidi, özünə “Qafqazın “Çelsi”si deyən komanda bir düz-əməlli qapıçı tapa bilmir.

Mənim üçün maraqlı olan bir məqam var ki, deməsəm, ürəyimdə qalar. Deyirlər ki, Kamran “Lex”lə oyundakı səhvinə görə komandadan uzaqlaşdırılmayıb. Uzun müddət idi onun əlindən yığırdılar və sonuncu olay da partlayış oldu. Əgər həqiqətən belədirsə, mən də sual verirəm, əgər Kamran komanda daxilində dərəbəylik yaradıbsa, niyə onu vaxtında komandadan uzaqlaşdırmayıblar? Baş məşqçi qoz oynadan qapıçını niyə meydana buraxırdı? Bu sualların cavabını bilmirəm. Amma bildiyim odur ki, peşəkar klublar nə 1 gündə uzun illərdi klubda “1 nömrə” olan qapıçını uzaqlaşdırırlar, nə də kapitanı.
Bir maraqlı məqam da qapıçılarla işləyən məşqçi Hafiz Əliyevlə bağlıdı. “Xəzər Lənkəran”da tez-tez baş məşqçi dəyişikliyi baş verir. Hər dəfə də yeni çalışdırıcı öz komandası ilə gəlir. Bircə, qapıçılarla işləyən məşqçidən başqa. Hafiz Əliyev niyə toxunulmazdır?

“Xəzər Lənkəran”ın ən böyük problemlərindən biri də Ruslan Abışovdu. Sıravi azərbaycanlı vətəndaş üçün fantastik görülən məbləği ona verməyə dəyməzdi. Şəxsi qənaətimdir ki, məhz Abışovun gəlişindən sonra “Xəzər Lənkəran”ın bəzi futbolçularında daxilən inciklik var. Təbii ki, bunu heç kim dilinə gətirmir, amma hesab edirəm, komandanın aparıcı üzvü olan futbolçular hər ay maaş alarkən ürəklərində “xeyr ola o məndən çox alır” düşünürlər.

“Zenit”də baş verənlərdən yəqin ki, xəbəriniz var. Halkın komandaya fantastik məbləğə transferini qəbul etməyən Denisov və Kerjakov dərhal məvaciblərinin artırılmasını tələb etdilər. Yekunda Spaletti hər ikisini “dubl”a göndərdi. Sözümün canı odur ki, bəlkə də eyni hal “Xəzər Lənkəran”da da yaşanır. Ola bilər ki, Pit, Subaşiç və ya elə Rahid Əmirquliyev Abışovdan az qazanmalarından razı deyillər. Sadəcə olaraq, Kerjakov və Denissovdan fərqli olaraq, bunu dilə gətirmirlər, amma dediyim amil oyunlarında öz təsirini göstərir. Bu, sadəcə mənim ehtimalımdı. Yanıla da bilərəm.

“Xəzər Lənkəran”ın transfer siyasəti də tam fiaskoya uğradı. Bütün yayı heç kimi bəyənməyən Hüseynov son anda 3 futbolçu ilə müqavilə imzaladı. Geridə qalan zaman kəsiyində isə belə görünür ki, bu futbolçuların üçü birinə dəyməz, biri də üçünə. Yarıtmaz transfer siyasəti aparan klubda nizam-intizam da yox dərəcəsindədir. Yunis bəy məndən inciməsin. Amma deyəsən, o, “Karvan”da qazandığı hörməti “Xəzər Lənkəran”da xərcləyir. Hansı əsasla düşünürəm “Xəzər Lənkəran”da nizam-intizam yoxdu? Birinci elə götürək son oyunu. Əgər bir matçda bir komandanın iki futbolçusu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulursa, hansı intizamdan danışmaq olar? Biri rəqibin başına təpiklə zərbə vurur, digəri hakimə tüpürür. Bunu mən yox, oyunun baş hakimi Rəhim Həsənov deyir. Razıyam ki, həmin Rəhim Həsənov az aşın duzu deyil. Əvvəlki mövsümdə idarə etdiyi oyunlarda xeyli hoqqa çıxardıb. Həsənov 1 köpüklük hakim deyil. Sadəcə Elçin Məmmədov kimi day-dayı var deyə başını girələyir. Amma Rəhimçik hər nə qədər “bezdarnı” olsa da, təpik atanla, tüpürən futbolçuya qırmızı vərəqə göstərməsin, neyləsin?

“Xəzər Lənkəran”da komandanın “bardağ” olduğu hələ bir müddət əvvəl bəlli idi. Mətbuatdan oxumuşdum ki, komandadaxili toplantıda həmin Elnur Allahverdiyev üsyan edərək, yeni gələnlərin səviyyəsinin komandaya uyğun olmadığını deyib. Həmin vaxt bu məsələnin üstü qapadılsa da, Tovuzdakı biabırçılığı örtə-basdır etmək çətindir. Uzun sözün qısası, “Xəzər Lənkəran”da vəziyyət gərgindi. Nə vaxtsa “Xəzər”in ardıcıl 3 oyunu uduzub, 11-ci pillədə qərarlaşmasını xatılamıram. Allah axırın xeyir eləsin.

Yadımdan çıxmamış onu da deyim ki, fikir vermişəm, hər dəfə müxtəlif sayt və forumlarda “Bakı”nın uğursuzluğundan söz düşərkən, “Xəzər Lənkəran”lı fanatlar, 2010-cu ildə kubokun finalında baş verən olayları xatırlayaraq, “Bakı”nın onlardan üzr istəməli, halallıq almalı olduğunu deyirlər. Amma məncə “Bakı” halallığı Skuliç Kamranın səhvindən qol vurarkən yox, Cüneyt Biçəri baş məşqçi postundan kənarlaşdırarkən pozdu. Maraqlıdır ki, eyni yolla “Xəzər Lənkəran” da getdi. Rednikin gedişindən sonra ağır yükün altına girən Cüneyt hoca heç bir ciddi əsas olmadan istefaya göndərildi. Təbii ki, 2 məğlubiyyət dünyanın sonu deyildi. Sadəcə, Biçər kimlərinsə xoşuna gəlmədi deyə onunla yollar ayrıldı. Hər şeyi qoyuram bir qırağa. Təkcə bir fakta diqqət yetirək. Hüseynov komandaya 3 yeni futbolçu gətirib ki, onlar hələ komandaya heç bir xeyir verməyiblər. Amma Cüneyt Biçərin qışda komandaya gətirdiyi iki futbolçudan biri son oyunlarda “Xəzər”in qollarını vurur, digərini isə Hüseynov bəyənməyib komandadan uzaqlaşdırdı və Tovuzdan həmin Ballo sabiq klubunun başına oyun açdı... Mən bu yazını yazarkən, “Bakı” “Sumqayıt”la oynayır və 0:1 uduzur, “Xəzər Lənkəran” isə 11-ci yerdədi. Hər iki komanda Cüneyt Biçərə qarşı haqsızlıq edib. Kim bilir, bəlkə də bu, hər iki komandanın etdiyi haqsızlığa Tanrının bir cavabıdır.

Vahid AYXAN

P.S. Mən yazını yazarkən “Xəzər Lənkəran” hələ 11-ci yerdəydi, “Rəvan” “Kəpəz”a uduzmamışdı. Mən yazını baş redaktora təqdim edəndə “Xəzər Lənkəran” artıq 12-ci pillədədir. Deyirəm, yaxşı ki, çempionatda 12-dən artıq komanda oynamır. Yoxsa biz yazını sayta qoyana kimi “Xəzər” yenə də geriləyib, 13-cü pilləyə yuvarlanardı.

P.P.S. Xəbər çıxdı ki, Yunis Hüseynovun bütün köməkçilərini qovublar, təkcə komandaya 1-2 gün əvvəl qoşulan Emin Quliyev və Hafiz Əliyevdən başqa. Emini başa düşdük, təzə gəlib. Bəs digəri niyə yenə komandadadır? Sonra da deyirlər ki, Kamran Ağayev nahaqdan onu ittiham edib. Kor-kor, gör-gör.



  #1   Adınız: xeyal ceferov;   E-mail: [email protected]

13.12.2012 16:04

xezer lenkaran kamran agayevsiz hecnedi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail