Azərbaycan Premyer Liqası niyə qara gündədi?

27.11.2012 | 7671 dəfə oxunub

"Azərbaycan Premyer Liqasının səviyyəsi günü-gündən inkişaf edir". Bu ifadəni tez-tez AFFA, PFL rəhbərlərinin, klub rəsmilərinin, AzTV-nin şərhçilərinin, özünü gözə soxan legionerlərin dilindən eşitmək mümkündü. Amma bu, həqiqət deyil. Bunun həqiqət olmadığını hamıdan yaxşı elə həmin fikri səsləndirənlər bilir. Amma kiməsə, nəyəsə görə "basıb-kəsir", inkişaf nağılı danışırlar. Çempionatımızın qara gündə olduğu göz önündədi.

TAMAŞAÇI MARAĞI YOX DƏRƏCƏSİNDƏ

Ötən həftə xəbər yayıldı ki, Azrərbaycan Premyer Liqası tamaşaçı sayına görə Avropada 27-ci yeri tutur. Guya, bizim çempionatın hər oyununu 2466 azarkeş izləyir. Əslində bu xəbər elə bizim qəzetdə, bəzi saytlarda da yer almışdı. Xəbərin kökü ilə maraqlandım və məlum oldu ki, bu xəbər "Sports.ru" portalında yer alıb ki, onlar da bunu UEFA-dan götürüblər. Mütəmadi olaraq çempionatımızla maraqlanan hər kəs bilir ki, 2466 çox şişirdilmiş rəqəmdir. Görəsən, bizimkilər avropalıları, rusları necə aldadılar? Son turun rəqəmlərinə diqqət yetirək. PFL-in rəsmi saytında yer alan protokollara əsasən məlum olur ki, son turda çempionatın 6 oyununu ümumilikdə 4880 azarkeş izləyib ki, bu da orta hesabla hər oyuna 813 fanat deməkdi. Haşiyəyə çıxaraq, qeyd edim ki, bu rəqəmin özü də şişirdilmişdi. Çünki "Neftçi" - "Sumqayıt" oyununda 1500 azarkeşin olduğu bildirilsə də, televiziyada həmin say gözə dəymirdi. Eləcə də "Rəvan" - AZAL oyununda futbolsevərlərin sayı həddindən artıq göstərilib (500). Bir sözlə, hakimlər də protokollarda azarkeş sayını saxtalaşdırırlar. Axı Azərbaycan çempionatına marağın yox dərəcədə olduğu çoxlarına bəllidir. Təbii ki, azarkeşlərin birinciliyə maraq göstərməsinin səbəbi çoxdur. Bu haqda uzun-uzadı danışmaq olar. Qısaca onu deyim ki, azarkeşlərin maraq göstərməsinin başlıca səbəbi komandaların düz-əməlli futbol oynamamasıdır. Çünki azarkeş stadiona futbola baxmaq üçün gələr. 22 nəfər 90 dəqiqə ərzində "Məmmədağa, vur qabağa" deyib, ora-bura qaçacaqsa, azarkeş nəyə görə 90 dəqiqəsini buna qurban verməlidi?

SƏVİYYƏSİZ MƏŞQÇİLƏR...

Futbolumuz o qədər də inkişaf etməsə də, zaman-zaman ölkəmizdə səviyyəli, tanınmış mütəxəssislər çalışıblar. Bu baxımdan Coko Haciyevski, Bülənt Qorxmaz, Vlastimil Petrjela, Viktor Pasulko, Anatoli Konkov, Vinfred Şefer, Anatoli Demyanenko, Toni Adams və başqalarının adını çəkmək olar. Düzdür, sadaladığım mütəxəssislərin heç də hamısı Azərbaycanda uğur qazana bilməyiblər. Çünki onlardan bəziləri nəticə qazanmaq üçün yox, sırf reklam xatirinə ölkəmizdən dəvət alıblar. İstənilən halda Adams, Şefer, Qorxmazın adları çox şey deməkdi. Amma cari mövsüm haqda eyni sözləri demək olmur. Hazırda ölkəmizdə çalışan mütəxəssislərin əksəriyyəti yerlilərə uduzur. Yalnız Kaxaber Tsxadadze, Georgi Çixradzeni istisna kimi göstərmək olar. Amma Bandoviç, Alispahiç, Raabın hansı cəhətinə, hansı uğuruna görə burada olduqları anlaşılmazdır. Götürək Bandoviçi. Bojidar haqda əvvəlki saylarımızın birində uzun-uzadı yazmışdım, təkrarçılıq etmək istəmirəm. Qısaca onu deyim ki, əslən çernoqoriyalı olan bu mütəxəssis qısa müddətdə "Olimpiakos"u çalıdırıb, vəssəlam. Pirey klubu kimi "Bakı"nı da bərbad hala saldığı göz önündədi. Yarıtmaz legionerləri komandaya cəlb etməsi bir yana, "Bakı"nın turnir cədvəlində biabırçı mövqedə qərarlaşması da "göz oxşayır". Amma Raaba baxanda Bandoviç "toya getməlidi". Almaniyada idman müəllimi işləmiş birinin Azərbaycanda peşəkar klubu çalışdırmasının biabırçılıqdan başqa adı yoxdu. Komandanın nəticələri də elə Raabın səviyyəsindən xəbər verir - 1:6, 1:8... Ölkədə Ağasəlim Mircavadov, Şahin Diniyev, Mehman Allahverdiyev kimi mütəxəssislərin işsiz qaldığı bir vaxtda Raab, Bandoviçlərin çalışması, Azərbaycanın çörəyini yeməsi ürəkağrıdıcıdı.        

... VƏ LEGİONERLƏR

2004-cü ildən bu yana Azərbaycan çempionatına yüzlərlə əcnəbi gəlib-gedib. Onlar arasında səviyyələri ilə seçilənlər də olub. Bu baxımdan Belkeviç, Makovski qardaşları, İdahor, Şakiri, Barton, Suat Usta, Oktay Dərəlioğlu, Svetkov, Asen Nikolov, Qomeş, Ladaqa, Peres, Gürşat Duymuş və başqalarının adını çəkmək olar. Amma nədənsə son illər səviyyəli legionerlərin sayı ölkəmizdə azlıq təşkil edir. Hazırkı durumda yalnız "Neftçi"nin əcnəbi siyasətini alqışlamaq olar. Təsadüfi deyil ki, Kanales, Ramos, Bertuççi kimi futbolçular ilk gündən inamlı çıxışları ilə seçilirlər. Lakin Arafat, Barmettler, Beto, Skarduelli, Kelhar, Kalabane, Popxadze, Nuredinoski, Beçerra, Mantsios, Orlovski, Sapela, Bosman, Qrabovaç, Rukavina, Pipia, Kurtskeviç, Kazlauskas, Taktak, Mirzəbəyov, Doymuş, Çəlik, Radoş, Bujamin, Selim Mostafa, Veliçka, Oliveyra Anderson səviyyəsində Azərbaycanda 10-larla yerli futbolçu tapmaq olar. Lakin nədənsə klub rəhbərləri həmin əcnəbilərə "yağlı tikə" gözü ilə baxırlar. Görünür, həmin o səviyyəsiz legionerlərin ölkəmizdə çıxış etməsi kimlərəsə sərf edir. Kelharların, Doymuşların, Çəliklərin, Beçerraların ölkəmizə gəlişi bəzilərinin yaxşı qazanmasına səbəb olur. 

SƏVİYYƏ QALXMAYIB, ENİB!

Yuxarıda sadalananları nəzərə almaqla çempionatın səviyyəsinin qalxmadığı açıq-aşkar görünür. Hətta deyərdim ki, çempionatın səviyyəsi nəinki qalxıb, əksinə daha da aşağı enib. Cari mövsüm neçə komanda çempionluğa oynayır? Suala birmənalı şəkildə cavab vermək çətindi. Mövsümün əvvəlində sürpriz nəticələr bir-birini əvəzləyirdisə, indi mənzərə daha aydın görünür. Son 2-3 turda bəlli oldu ki, "Sumqayıt", "Simurq", AZAL kimi komandaların barıtı bir atımlıqdı. Hazırkı mənzərəyə əsasən belə fikir yürütmək olar ki, cari mövsümün autsayderləri "Sumqayıt", "Kəpəz", "Turan" və "Rəvan" olacaq. Digər 8 komanda isə ilk "altılıq" uğrunda yarışacaq. Şəxsi qənaətimdir ki, çempionluq uğrunda əsas mübarizə "Neftçi" ilə "İnter" arasında gedəcək. Bu komandalara isə yalnız "Qarabağ" müqavimət göstərə bilər. Kim nə deyir, desin, bugünədək Azərbaycanda keçirilmiş ən qızğın çempionat 2004/05 mövsümü idi. Həmin mövsüm birdən-birə 8 komanda - "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Turan", "Bakı", "Qarabağ", "İnter" və "MKT-Araz" çempionluq uğrunda mübarizə aparırdı. Düzdür, sona yaxın "İnter" və "MKT-Araz"ın gücü tükəndi. Lakin bu, gərgin mübarizəyə kölgə salmadı. Altıncı olan "Qarabağ" 71 xal toplayaraq "Qızıl oyun"da çempionu müəyyənləşdirən "Neftçi" və "Xəzər Lənkəran"dan cəmi 7 xal geri qaldı. Həmin mövsüm həqiqətən də rəqabət var idi. Ortabab və autsayderlər də çempionata rəng qatırdılar. Təsadüfi deyil ki, sona yaxın ikinci "10-luq"da qərarlaşan komandalardan 3-ü "Şahdağ", "Gənclərbirliyi" və MOİK-lə oyunlarda xal itirən "Bakı" çempionluğu əldən verdi. Halbuki həmin 3 oyunda 6 xal itirilməsəydi, "zolaqlılar" 79 xalla qızıl medallara sahib çıxacaqdı...

Uzun sözün qısası, Azərbaycan çempionatının səviyyəsi pik həddinə 2005-ci ildə çatıb. AFFA və PFL rəsmiləri isə indi inkişaf nağılları danışmaqdansa, heç olmasa çempionatı 7 il əvvəlki səviyyəsinə qaytarsınlar. Avropanın ortabab ölkələrini heç demirəm.

Şahin ZÜLFÜQAROV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail