Allah şəfa verMƏsin! YAZI

10.06.2013 | 10200 dəfə oxunub

Futbola həvəsim lap uşaqlıqdan olub. Böyüyüb boya-başa çatdığım Nərimanov prospektindəki (indiki Hüseyn Cavid prospekti) 577-ci məhəlləni hamı “Kaspar” kimi (Xəzər Dəniz Gəmiçiliyi) tanıyır. Orada çox məhəllələrin qibtə edə biləcəyi və etdiyi asfalt örtüklü də olsa futbol, voleybol və basketbol meydançası vardı. Kompleksin adı “Vodnik” idi. Dərsdən kənar boş vaxtlarımda həmyaşıdlarımla birlikdə bu meydançada top qovar, vaxtın necə keçdiyinə fikir verməzdik. Bununla belə anamın mənə qoyduğu hər gün 3 saatlıq limit – saat 17-20 aralığını pozmaq yasaq idi. Əks halda qırmızı vərəqə alacaqdım və ailənin nizam-intizam kodeksinə uyğun olaraq bir neçə günlük diskvalifikasiya ediləcəkdim (oxu həyətə düşməkdən məhrum olacaqdım).  Bununla belə həyətdə oynadığımız anlarda yazılmamış qaydalar var idi. Yay axşamları meydançada daha qızğın oyunlar olur və biz bu oyunlara kənardan nəinki baxmağa məcbur olurduq, hətta bu tamaşadan zövq alırdıq. Buna görə meydanın bir qırağındakı iki sıradan ibarət tribunada yerimizi möhkəmlədirdik. Çünki 8-12 yaşlı uşaqların oyununun müqabilində yaşı 20-ni rahat ötmüşlərin çıxardığı “hoqqa”lar fenomenal idi. Biz onlar üçün hətta top daşımağa belə razı idik. Çox sonradan anladım ki, bu oyunçuların oyununun maraqlı keçməsində tam fərqli “maraq” da varmış. Uşaq sadəlövhlüyümlə idman formalarını binamızın bloklarında geyindikləri vaxt onların bir-birlərinə iyirmi beşlikləri ötürməsi indi də gözümün qabağındadı. Buna baxmayaraq yenə də o pulun nə üçün birindən başqasına verildiyini qanmırdım. Əsl sovet psixologiyasına arxalanaraq ya borcunu qaytardığını zənn edirdim, ya da başqa nəsnə. Məhəllənin o biri başından 2 ayrılmaz dost meydançaya girəndə bizim qara günlərimiz başlayırdı. Qaqaşla (adı Muxtar olsa da, hamı ona qaqaş deyirdi) Cavanşir ikisi təkbaşına özündən 5-6 yaş balaca uşaqları ayaqlarına elə dolayırdı ki gəl görəsən. Hələ mən onlara daha böyük Abukerin (deyəsən adı Əbubəkirdi) qoşulmasını demirəm. Onda vəziyyətimiz qəliz olurdu. Futbola marağım böyük olsa da, “qurdum”u yalnız televizor vasitəsilə öldürə bilirdim. Özü də ağ-qara təsvirli “Çayka-4” televizorumuzda. Uzun müddət mən elə həmin uşaqlıq sadəlövhlüyümlə böyük futbolun da asfalt üzərində oynanıldığını zənn edirdim. Və bir dəfə... 6-cı sinfi bitirmək üzrəydim. Son dərs günləri idi. İdman dərsi başlayacaqdı. Futbola marağı hədsiz olan birisi üçün idman dərsinin nə olduğunu izah etməyə xüsusi ehtiyac yoxdur. Və birdən məktəbin həyətində atamı gördüm. Duruxdum ki, İlahi, mən yenə nə qələt eləmişəm ki, atamı məktəbə çağırıblar? Lap məndən xəbərsiz. Özü də atamın məktəbə gəlişi anamın mənim barəmdə şikayətlərin pik həddinə çatdığı və bezib qızarmaqla bağlı estafet çubuğunun ailə başçısına ötürüldüyü vaxtlara təsadüf edərdi. Nə isə, ağlıma bir şey gəlmədi, sadəcə olaraq vəziyyətin nə ilə başa çatacağını gözləməli oldum. Atam idman pedaqoqumuz Rasim müəlimlə nəsə 2-3 kəlmə danışıb mənə yaxınlaşdı ki, paltarını dəyiş gedirik. İdmandan başqa digər fənn dərsi zamanı bu sözləri mənə desəydilər, sevincimdən göyün yeddinci qatında olardım. Amma idman dərsindən... Nə isə, hara gedirik sualını verəndə, atam dedi ki, səni futbola aparıram... Çevrilib atalar misalı olmasın “dəvə nalbəndə baxan kimi” atamı süzəndə, nə var, nə gözünü döyürsən, tez elə, vaxt yoxdu, gedirik – dedi. Haşiyə çıxaraq bir məsələni də xatırladım. Heç vaxt inana bilməzdim ki, bu baş verə bilər. Anam mənim stadiona getməyimin həmişə əleyhinə olmuşdu. Teymur adlı bir qohumunun danışdığı hadisədən sonra gözü qorxmuşdu. Guya min doqquz yüz çoxdanıncı ildə “Neftçi”nin oyunu zamanı flaqmanın vurduğu qoldan ruhlanan hansısa azarkeşimiz yanındakı uşağı başı üzərinə qaldıraraq sektorla aşağı tullamışdı... Sonrasını bilməsəm də anamın həmişə yox cavabını alırdım. Amma bir dəfə onu aldatmağa nail oldum. Məktəb yoldaşım Pərvizlə qərara aldıq ki, futbola gedək. Anama digər sinif yoldaşım Şamilin ad gününə gedəcəyimizi dedim. İnandı. Hətta hədiyyə üçün mənə bir dənə şax üçlük də verdi. Bu məbləğ mənə bilet almağa kifayət etdi. Bu həmin il idi ki, Qarabağ məsələləri baş qaldırırdı və “Neftçi” ilk oyunlarının əksəriyyətini səfərdə keçirmişdi. İndə ikinci dövrə üçün demək olar ki, bütün matçlar Bakıda olacaqdı. Elə ilk oyun Tiflis “Dinamo”suna qarşı idi (O matçda “Neftçi” səhv etmirəmsə Yunis Hüseynovun yeganə qolu ilə qalib gəldi) ki, biz də o qarşılaşmaya getdik. Həmin oyundan sonra evə gəldim. Hətta ad gününün necə keçdiyi ilə bağlı anamın sözü olmasın, xeyli “yalan toxudum”. Səhər dərsdən gələndə anam məndən dübarə soruşdu ki, ay bala bir de görək ad günü necə keçdi, neçə nəfər idiniz? Növbəti yalan icadımı ağzımda saxlayıb, “ə, ad gününə fitbol biletiynən gedirlər, yoxsa məclis stadionda idi?” sualını verdi. Sən demə futboldan gələndə yadımdan çıxıb biletini cibimdə saxlamışdım. Yalanın yeri yox idi. Ona görə həqiqəti açıb danışdım. Nə isə, qayıdaq atamla getdiyim oyuna. Yarım saat sonra “Gənclik” metrosundan çıxmışdıq və üzü stadiona tərəf gedirdik. İlk dəfə qarşımda futbol meydanını görəndə gözüm kəlləmə çıxmışdı. Sən demə, futbolu asfaltda yox, ot üstündə oynayırlarmış. Komandaların geyimləri isə, hamıdakı kimi qara və bozumtul rəngdə deyildi. Bütün bunlar mənə yuxu kimi gəlirdi. İndiyə kimi yadımdadı, “Neftçi” öz meydanında Gürcüstanın bir nömrəli komandası – “Dinamo”nu qəbul edirdi. Bu həmin dövr idi ki, “Neftçi” heç kimin gözləmədiyi halda güclülər dəstəsində turnir cədvəlinin III pilləsinə (!) qalxmışdı. Və bu oyunda da qələbə qazanacağı halda daha 1 pillə irəliləyəcəkdi. Lakin bu mümkün olmadı. O vaxt tiflislilərin heyətində Valeri Qazzayev at oynadırdı. Onun vurduğu iki qol əvvəl qonaqları hesabda irəli çıxarmış, sonra isə məğlubiyyətdən xilas etmişdi. Həmin oyunda 2 şey diqqətimi cəlb etmişdi. Daha doğrusu yadımdan çıxmayıb. Əvvəla stadionun diktoru oyuna tamaşa etmək üçün iyirmi beş min adamın toplaşdığını elan etməsi azarkeşlərin etirazına səbəb olmuş və fanatlar “malo, malo” deyərək dəqiq rəqəm tələb etmişdilər. İkincisi oyundan sonra lotereyanın keçirilməsi. İndiyədək yadımdadır ki, həmin qarşılaşmadan sonra Jiqulini o vaxtlar üçün ən baha restoran sayılan “Gülüstan”ın anbardarı “udmuşdu”. Mən məhz onda bilmişdim ki, həmişə televizorda gördüyüm bu avtomobillər lotereya üçündür. Halbuki o vaxta kimi həmin maşınların futbolçularınkı olduğunu düşünürdüm. Zənn edirdim ki, gəlirlər, maşını tablonun altında qoyub düşüb oyunlarını oynayıb, sonra da minib gedirlər işlərinin dalınca... Amma düşünürəm ki, indinin özündə maşın olmasaydı belə “Neftçi”nin eşqinə çox adam stadiona axışardı. Əlbəttə bunun üçün həmin rejim olmalı idi. Camaat səhər işə, axşam evə gəlmək xoşbəxtliyin yaşamalı, uşaqları üçün məktəbdə süpürgə pulunu düşünməməli, Məhərrəm ayı girənə kimi 4 dəvətnamənin xərci barədə baş sındırmamalıdır, və sair, və ilaxır. Bir şəhərin bir, uzağı iki komandası olmalıdır. Belə olan halda azarkeşlər stadionlara əsl futbola baxmağa gələcək. Ölkə kubokunun finalında olduğu kimi, onu nə Röyanın mahnıları maraqlandıracaq, nə də lotereyada oynanılacaq avto. Düzdü, bu amillər yaxşı piardı və bütün dünyada bundan istifadə olunur. Gəl ki, bizdə futbola gələnlərin mütləq əksəriyyətini futboldan çox həmin piar maraqlandırır. Yəni oyun qurtarsaydı bəxtimizi sınayardıq, bəlkə bəxtimizə maşın düşdü. Lap axşam olsaydı yatardıq misalı kimi. Əslində futbol klubları gəlirini bilet və atributika satışından, reklamdan, həmçinin televiziya və radio yayımından əldə edir. Bizdə bu vəziyyət necədi? Bizdə bu vəziyyət yoxdu. Razılaşaq ki, bilet satışı Azərbaycanda ən yaxşı “Xəzər Lənkəran” klubunda təşkil olunub. Bu da özünü sıxsa, bir legionerə verilən pula da yetmir. Klub məsrəfləri bu məbləğdən dəfələrlə çoxdur. Bizdə hamı minimal məsrəf hesabına maksimal gəlir əldə etmək istəyir. Ölkə futbolunun televiziya üçün yayım hüquqları məsələsi pisdən-yaxşıdan relsə qoyulub. Ölkə çempionatı və kuboku uğrunda oyunları hazırda AzTV və İdman-Azərbaycan kanalı yayımlayır. Bəs radio yayım? Sabah misal üçün Mayak radiostansiyasının türkün məsəli spikeri gəlib tribunada oturdu və oyundan canlı yayım verdi. Kimin xəbəri olacaq? Və ümumiyyətlə əsasnamədə radioyayımla bağlı bənd varmı? Bundan niyə pul qazanılmasın? İnanıram ki, auditoriya olacaq. Təsəvvür edin ki, şəhərdə tıxaca düşmüsünüz və ya rayona gedirsiniz. Sevimli komandanızın oyunu barədə məlumatı haradan əldə etmək olar? Belə olan halda radio və internet yaxşı vasitə ola bilər. Şükür Allaha ki, ölkədə bütün televiziyaların radiokanalları da var. Və gələcəkdə televiziyaya yayım hüququnun satılması zamanı qiyməti azacıq da olsa qaldırıb paketə radioyayımı da qoşmaq olar. İnandırım ki, yaxşı reklam agenti həmin məsrəfi sponsorlar hesabına rahatca çıxara biləcək. Digər tərəfdən internet portallarına da eyni prizmadan yanaşmaq lazımdır. Xeyir ola, televiziyalara zəruri təsvirlər çəkmək qadağan olunur, amma istənilən internet saytı istədiyi oyundan canlı online reportaj aparır? Bu nə dərəcədə obyektivdir? Hələliksə tamaşaçılar stadionlara axışmır. Axışmır bir yana, heç gəlmir də. Nəsə fövqəladə mənzərə olmasa bu baş verməyəcək. Tribunalarda adda-budda azarkeş olur ki, onlar da əsl futbol xəstələridir. Elə azarkeş sözü də fars mənşəli olub azar və keş (xəstəlik və çəkmək) sözlərinin vəhdətindən əmələ gəlib. Onlara da Allah şəfa verMƏsin!

Asif BAĞIROV, “Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail