Şahmatımız Vüqarsız qaldı - YAZI

13.01.2014 | 9800 dəfə oxunub

Şahmatımız Vüqarsız qaldı. Dünya şöhrətli Vüqar Həşimov 27 yaşında aramızdan vaxtsız getdi. Onun ürəyi daim şahmatla döyünürdü. Xəstəxanada olanda da, müalicə alanda da, qürbətdə də, Vətəndə də. Həşimov elə bir ulduz idi, hətta yarışda olmayanda belə, kimsə parlaq bir oyun sərgilədikdə, həmin görüşün müəllifini Vüqarla müqayisə edərdilər.
Onun qeyri-adi istedadı var idi. Nəticəyə oynamazdı, Vüqarı şahmatın gözəlliyi maraqlandırırdı. Ancaq bu, fərdi yarışlarda baş verirdi. Komanda oyununda isə... Həşimov tam fərqli bir şahmatçı olurdu. Onun ürəyinin Azərbaycan üçün döyünməsinin zirvə həddi 2009-cu ilə təsadüf etdi. Hollandiyaya qarşı görüşdə bütün diqqətlər məhz ulduzun üzərində idi. Qələbə qazanacağı təqdirdə Azərbaycan Avropa çempionu olacaqdı. Vüqar 100 gedişdən də artıq sürən partiyada damla-damla üstünlüyü ələ aldı və sonda millimizə hava-su kimi lazım olan qələbəni təmin etdi.
Həşimov qəhrəman idi. Ancaq xalqının gözündə. Olduqca təmkinli, mədəni, təvazökar bir gənci xəstəlik aramızdan aldı. O, heç vaxt geriyə çəkilməzdi, ən ağır oyunlarda belə inanılmaz çıxış yollarını arayar, məğlubiyyətə qatlaşmazdı. Yadıma Aleksandr Qrişşuka qarşı bir oyunu düşür. Debütdə, heç kimin gözləmədiyi bir anda dünya şöhrətli rəqibinə fiqur qurban verdi. Qrişşuk şokda idi. Axı belə yeniliyi o gözləmirdi. Həşimov isə, necə deyərlər, durduğu yerdə Aleksandra hədiyyə etmişdi. Eh, nələr dayanırdı həmin qurbanın arxasında... Rəqibinə qan udduran, böyük ərazi üstünlüyünü ələ keçirən Vüqar fantastik kompensasiya aldı. Artıq hamı Qrişşukun tezliklə təslim olacağını düşünürdü. Ancaq Həşimov sonda yoruldu. Kim bilir, bəlkə də elə həmin vaxt xəstəlik ona maneə törədirdi. Bəli, Vüqar sonda qalib gələ bilmədi. Necə ki, bu dəfə də xəstəliyə, əcəli məğlub etmək qüvvəsində olmadı. Ancaq Həşimov aramızdan cismən köçsə də, dünya şahmatına elə bir damğa vurdu ki, Alyoxin, Kapablanka, Tal, Karpov, Kasparov kimi ünlülərlə əbədi olaraq adı yanaşı çəkiləcək. Onun şedevrləri həmişə əsl şahmat qurmanlarını heyran qoyurdu. Vüqar həqiqətən bir dənə idi və çətin ki, yaxın on illiklərdə onu kimsə əvəz edə bilə.

...Təqribən 5-6 il öncə şahmatçı dostlar məni futbol oynamağa dəvət etdilər. Vüqar da aramızda idi. Oyun başladı. Həşimov bir qədər ağır görünürdü. Sən demə xəstəlik Azərbaycanın ən istedadlı gənclərindən birinə ciddi əziyyət verirmiş. Heç kimlə ucadan danışmaz, əksinə, çalışardı hamını dinləsin. Şahmatda olduğu kimi, futbolda da zəkası hesabına ən dəqiq gedişlərə üstünlük verərdi. İntellekt hər sahədə lazımdı və Allah bu gənci ağıl sarıdan tam təmin etmişdi...
Xəstə olduğunu bilirdi, amma sanki ətrafındakıları narahat etmək istəmirdi. Gözlərində qəmginlik var idi. Amma heç vaxt açıq şəkildə problemini büruzə verməzdi. Mərd idi. Elə buna görə də çəkdiyi əziyyəti ürəyində gəzdirərdi. Həyatın ən şirin dönəmində bu cür dərdi bilə-bilə, ürəyində gəzdirmək hər oğulun işi deyil. Lakin Vüqar burada da şir ürəkli olduğunu nümayiş etdirdi.
2013-cü ildə Azərbaycan tarixində ikinci dəfə komanda şəklində Avropa çempionu oldu. Əla nəticə idi. Ancaq hər kəs “heyətdə Vüqar olsaydı, bu komanda dünya və Olimpiya çempionu da olardı”, - deyirdi. Həşimov komanda yarışlarında əvəzolunmaz idi. Həm özü ikiqat əzmlə mübarizə aparırdı, həm də komanda yoldaşlarını əlavə motivasiya etməyi bacarırdı. Bəli, ötən il Azərbaycan qitə çempionu oldu və bu ada layiq görüldükdən sonra yığmamızın hər bir üzvü qələbəni Vüqar Həşimova həsr etdiyini bəyan etdi. Özü də bu, dilucu söz deyildi. Vüqarı hər bir şahmatçı sevirdi, onu hər bir jurnalist dəstəkləyirdi.
Deyirlər, Vüqar sonuncu gedişini etmədi. Vüqar hər keçirdiyi partiyada sonuncu gedişin müəllifi olurdu. Əcəllə mübarizədə də son gediş - vida gedişi Vüqardan gəldi.

Allah sənə rəhmət eləsin, qardaş...

Ceyhun ƏLİYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail