O xal nə xaldı, belə düzdürmüsən... - YAZI

30.07.2014 | 8075 dəfə oxunub

Tanrı daha bir dünya çempionatını görməyi bizlərə nəsib elədi. Braziliyada keçirilən mundialı da tarixə əmanət verdik. Top, kofe və karnavallar ölkəsində indi tam sakitlikdi. Elə bil bir-iki həftə öncə ən güclü futbolçular buralarda tər tökməyib, qələbə qazananda sevinməyib, meydanı məğlub tərk edəndə ağlamayıb...

İndi bizim azarkeşlər bütün diqqətlərini yavaş-yavaş milli çempionatımıza yönəldə bilərlər. Üzünüzdəki ifadəni uzaqdan da olsa həmən oxuya bildim. Anlayıram, sizdən çox çətin bir işi xahiş edirəm. Braziliyadakı möhtəşəm futbol həyəcanından sonra qurd ulayan stadionlarımızda baş verənləri izləmək adama lap cəza kimi görünür. Amma nə etməli, şairin sözü olmasın, əvvəlindən belə gəlib bizimki...

Çempionatımızın başlanmasına sayılı günlər qalıb. Klublarımız necə deyərlər, yay bazarlıqlarını yekunlaşdırmaq üzrədilər. Aleksandr Şemonyayevi heyətinə qatan kim, Fərid Quliyevə elçi düşüb klubunun formasını geyindirən kim... Əsl hay-küy çempionatın start anından başlayacaq. Hamı düşəcək hakimlərin üstünə. Biri deyəcək ki, filan hakim fitini gec çaldı, o biri deyinəcək ki, Hakimlər Komitəsi bizdən nə istəyir? Dostumuz Xaqani Məmmədov da işçilərini müdafiə etmək üçün sinəsini yenə qabağa verməli olacaq. Lap sonda deyəcək ki, hakim də insandı, heç kim səhvdən sığortalanmayıb. Yəni köhnə bayatılar

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.

İlin-günün bu vədəsində, hələ milli və güllü çempionatımız başlamamış bu hakimlik söhbətini niyə qabardıram? Təbii ki, bir səbəb var. Səbəbi söyləməzdən öncə bir anlıq da olsa, yenə sizləri Braziliya sahillərinə qaytarmaq istəyirəm. Pelenin vətənindəki yarışa hamımız baxdıq. Elə mən özüm də yalançının sözü olmasın, çempionat oyunlarının 78 faizini izlədim və tamaşa etdiyim qarşılaşmaların heç birində hakimin qərarına etiraza görə, nə bilim fitdən sonra topa zərbə vurduğu üçün sarı vərəqə alan futbolçu görmədim. Yəni hakimlər belə hallarda zəhmət çəkib əllərini ciblərinə salmadılar.

Sovet dövründə 10 illik orta təhsili 14 ilə başa vursam da, bilirəm ki, FİFA Braziliyadakı sonuncu dünya çempionatında hakimlərlə bağlı qərarlarında böyük bir dəyişiklik etməmişdi. Yəni sarı və qırmızı vərəqələr əvvəlki qaydalar əsasında verilməli idi. Çempionatın gedişində bütün dünyanın gördüyü kimi, topa fitdən sonra zərbə vuran da olurdu, hakimlə mübahisə edən də. Xorvatlar hakimin üstünə hücum çəkəndə təbii ki, ondan o boyda Yuqoslaviyanın niyə 4-5 yerə bölünməsinin səbəbini soruşmurdular. İranlı futbolçular baş hakimə “İran təranələri”nin ritmini izah etmirdilər. Əlcəzair millisinin üzvləri hakimi qonaq sifətində öz vətənlərinə çağırmırdılar. Hələ mən Hollandiyadan gələn futbolçuları demirəm. Guya onlar baş hakimə etiraz edəndə “Qırmızı fənərlər” küçəsinin qayda-qanunlarını öyrədirdilər? 

İndi yenə qayıdaq bizim doğma məmləkətə. Bizim hakimlər FİFA-nı az qala özlərindən də çox istəyirlər. Bu lap Roma Papasından da böyük katolik kimi görünməyə oxşayır. Milli və güllü çempionatımızda dostumuz Xaqani müəllimin işçiləri fitdən sonra topa zərbə vurmaq, referiyə etiraz etmək bir yana dursun, futbolçulara az qala üzündəki xalına görə də sarı vərəqə verirlər. Hələ üstəlik, qədim mahnılarımızdan birini də zümzümə edib qulaqcıqla bir-birinə ötürürlər: Bu xal nə xaldı, belə düzdürmüsən...

Hər halda əvvəlki illərdə belə olub, belə hadisələrin yeni mövsümdə də təkrarlanmayacağına kim zəmanət verə bilər ki? 

Sözümün sonunda sıravi azarkeşlərə yox, klub rəhbərlərinə səslənirəm, futbolçularınızın üzünə dik və diqqətlə baxın. Üzlərindəki xallar sizi çox vacib xallardan, pul-paradan məhrum edə bilər. Nə qədər yeni mövsümün fiti çalınmayıb indidən soruşun: Bu xal nə xaldı, belə düzdürmüsən...

Sonra gec ola bilər, çox gec.

Etibar Cəbrayıloğlu


“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail