Çingiz Abdullayevin Rövnəq Abdullayevə ilişməkliyi

08.04.2015 | 15180 dəfə oxunub

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Çingiz Abdullayevin “Neftçi”yə rəhbər təyin edilməsindən günlər keçsə də, onun bu təyinatından hələ də danışılır.

Çoxları Çingiz müəllimi bu işə “evet” deməkdə günahlandırır. Deyirlər, yekə kişisən, get, kitabını yaz, Dronqonu otar, futbolda nə işin var? Ancaq Abdullayev iki ayağın bir başmağa pərçim edibki  edib. Çıxarmaq kimi bir niyyətinin olmadığı da açıq şəkildə görünür.

Çingiz Abdullayev o günlərmi televiziyalaran birində yayımlanan futbol verilişinin qonağı oldu. Nələr danışmadı, nələr?!..

Çingiz Abdullayevin danışdıqlarındakı bəzi məqamlara toxunaraq, onun “Neftçi”yə hansı xeyir  verəcəyini və ya zərərə uğradacağına toxunaq.  

Abdullayev proqramda açıqca bildirdi ki,  AFFA-nın vitse-prezidenti Elşad Nəsirov onun uşaqlıq dostudur və “Neftçi”yə təyin edilməsində birbaşa o vasitəçi olub. Futbol ictimiyyətinə yəqin bəllidir, bu klanın rəhbəri Elşad Nəsirov olsa da, onların plancızanı AFFA-nın katibi başı Elxan Məmmədovdur. Azərbaycan futbolunu uçuruma sürükləməyi özlərinə müqəddəs iş bilən Elşad Nəsirovun vəhy katibi Elxan Məmmədovun istəyiylə “Neftçi”yə rəhbər gətirilən Abdullayev havaya və  havayı danışmaqdan da yorulmur.

Siz onun müqayisəsinə baxın:

“AFFA prezidenti Rövnəq Abdullayevdir. Onlarda iş Azərbaycan Yazıçılar Birliyindən çoxdur. Bizim hörmətli nazir Kəmaləddin Heydərov iki federasiyanın prezidentidir və işləri bizdən çoxdur. Amma onlar işləyə bilirlər. Dostum Elman Rüstəmov Şahmat Federasiyasının prezidentidir. Onu dəqiq bilirəm ki, ən azı bizdən çox işləri var. AZAL-ın rəhbəri Cahangir Əskərov. Mən bir-bir saya bilərəm”.

Saymayın Çingiz müəllim, saymayın! Saydıqca “Neftçi”dəki günlərinizin ömrü qısalır. Bəyəm siz bilmirsiz ki, adın çəkdiyiniz dövlət oliqarxlarının heç biri konkret olaraq sahib olduqarı idman qrumlarında bir iş görmür? Hərəsi birin tapşırıb bir yaxınına. Bundan xəbəriniz yoxdur? Var! Təbii ki, var. Əslində, siz bununla da məsələnin daha dərininə getdiz, özünüz də bilmədən. O adın çəkdiyiniz insanların başqa işləri var və idmana – futbola aid işlərini isə başqaları idarə edir. Sizin də işiniz var, gedin, kitabınızı yazın. Dronqonu darıxmağa qoymayın. Zatən belə olacaq. Çünki “Neftçi”ni sizin yox, “vəhy katibi”ninin adamı Elnur Məmmədovun idarə etməsinə hesablanıb bütün işlər.

Çingiz Abdullayev  bildirir ki, hazırda “Neftçi”nin vəziyyəti acınacaqlıdır.  Və o, komandanı ağ günə çıxartmaq üçün böyük pullarla yanaşı, uzun illəri də xərcləməlidir. Hörmətli Çingiz müəllim, diqqət nəzərinizə mən çatdırım ki, sizdən əvvəl bu komandanın rəhbəri olan Sadıq Sadıqov komandaya gəldi və 16 futbolçuya qapını göstərdi. Ardınca isə dalbadal 3 dəfə ölkə çempionu, iki ölkə kuboku və bir də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq klubun ən titullu başqanı adını qazandı. O, bunları 3 ildə etdi. Və bu zaman klubun büdcəsi Avropa Liqasında iki tur üzünə həsrət qalan komandaların boxçasındakının az qala yarısı qədərinə bərabər idi.   

Abdullayev sözlərinə onu da əlavə edir ki, “Neftçi”nin rəhbəri olduğu müddətdə uğursuzluq olsa, onun üçün adi hal olacaq.

Onun bu sözlərindən açıqca bəlli olur ki, “Neftçi” Abdullayev üçün heç bir əhəmiyyət daşımır. Bir uğur qazansa lap yaxşı, danışıb, şəməllənəcək. Əks halda isə heç nə olmayıbmış kimi şələ-şəlpəsini götürüb cıracaq aradan. Çingiz müəllim, bu variant ora təyinat ala biləcək itənilən insan üçün ola bilər. Ona görə də hər kəs o kluba rəhbər seçilmir. Sizi ora gətirməyiblər ki, uğursuzluq olanda “c”nın yanına bi dənə “r” qoyub uçasız!? Siz ora ona görə gətirilmisiz ki, stadion azarkeşlərlə tamamilə dolsun və “Neftçi” qazandıqlarından daha böyük uğurlara nail olsun. Bu səbəbdən də hansısa uğursuzluq sizin üçün adi hal olmamalıdır, faciəyə çevrilməlidir. Yəqin “Neftçi”nin əhəmiyyətsiz bir oyunda belə uduzmasının Sadıq Sadıqovun şəkəriylə qan təzyiqinin forsaj eləməsindən xəbəriniz yoxdu. Sizdə də belə olmalıdır!

Çingiz Abdullayevin bütün müsahibələrini oxumuşam, baxmışam. Belə aydın olur ki, hörmətli yazıçımızın qələm bacarığıyla futbol təfəkkürü arasındakı fərq bir vəhabiylə şiənin nisbətinə bərabərdir. Heç cür bir yerə gələn zad deyil. Abdullayevin beynində qalan futbol təfəkkürü hələ də 1966-cı ili keçməyib. Uzağı 4-5 il adlaya bilər üzü bəri. Day ondan bəri keçməsi mümkün deyil. Abdullayev elə danışır ki, sanki klub rəhbərliyi Banişevskini əsas heyətdən çıxardıb və buna görə uğursuzluq zolağına düşüb komanda. O da Banyanı heyətə qaytaracaq, bütün problemlər yoluna düşəcək. Çingiz müəllim, sizin düşündüyün futbol Banişevski kimi haqqın dərgahına qovuşub, artıq bu dünyada nə elə futbolçu yaşayır, nə də o cür futbol oynayan var. Öldü o baban!

Ümumuyyətlə, Çingiz Abdullayevin futboldan anlayışının olmasına belə şübhələrim var. Adam deyir ki, azarkeşi olduğu almanlar son saniyəyə kimi oynayırlar, mübarizə aparırlar. Yəqin buna görə azərbaycanda almanları sevmirlər, azarkeşləri yoxdur.

Çingiz müəllim bu sözləri deyəndə ya yuxusuz olub, ya da azərbaycanın futbolu sevən təbəqəsin təhqir edir, alçaldır və onları axmaq yerinə qoyur. Hansı ağıllı adamın sona kimi mübarizə aparan komandadan zəhləsi gedər? Çingiz müəllim, bir düşünün !..

Tam əminəm ki, Abdullayevin “Neftçi”yə rəhbər olduğu bu bir neçə gündə verdiyi açıqlamalar AFFA prezidentinin kürkünə birə salıb. Abdullayev deyir ki, “oyunların nəticələri əvvəlcədən bilinir.  Mənə çox adam deyir ki, təəssüflər olsun ki, bunu dəyişə bilməyəcəm. Çünki bir il əvvəl oyunlarının hamısının hesabın yazırlar”.

Bu dediyinizi necə başa düşək, Çingiz müəllim? Rövnəq Abullayev bu milləti kloun yerinə qoyub, yoxsa onun özünü aldadırlar? Yəni hörmətli Rövnəq müəllimin başçılıq etdiyi Azərbaycan futbolunda hər şey bu qədər acınacaqlıdır? Oyunlar danışılır, yazılır, pozulur, özü də bir il əvvəl amma başqanın bundan xəbəri yoxdur?

Heç nələr danışdığınızın fərqinə varırsızmı? Məncə bu qədər danışmağınız bəs edər. Çünki danışdıqca batırsız. Futbolda idarəçi olmaq bir beyin məhsulunu klaviaturaya tökmək qədər asan deyilmiş, elə deyilmi? Siz yaxşısı budur gedin, Dronqonu darıxmağa qoymayın.

P.S. Yəqin eşitmisiz ki, çörəyi çörəkçiyə verərlər. Sizə burda çörək yoxdu. İmkan verin, çörəkçi özü təndiri qalasın. Yoxsa azarkeşlər zavod çörəyi yeməyə davam edəcək...  

P.P.S. Kiminsə AFFA prezidenti olmaq xülyasına düşməsi belə Rövnəq Abdullayevi bərk narahat etdiyin hamı bilir. Bunun acı təcrübəsin hələ də yaşayanlar var. Rövnəq müəllim, bir də gördüz, Çingiz Abdullayev “Neftçi”dən AFFA prezidenti olmaq eşqinə düşdü. Axı o gün dedi: “Rövnəq Abdullayev AFFA prezidenti ola bilər, mən “Neftçi”nin yox?!” Bəndənizə qalsa bunu da yazın bir küncə, imkan olsa elə bu haqda da düşünün...

Elnur QARACALI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail