Keçəl və Kosa gəldilər AFFA-ya...

23.03.2016 | 23058 dəfə oxunub

Keçəllə Kosanın işi heç belə çətinə düşməmişdi. Gözlərini açandan “Kapitan Qrantın gədələri" romanının müəllifi Jül Verni yazıçı, Elxan Məmmədovu futbol mütəxəssisi kimi görmüşdülər, amma belə Novruz bayramı xatırlamırdılar. Devalvasiyanın qarasınca deyinməkdən çənələri ağrıyırdı.

Nəhayət ki, sözü bir yerə qoyub “Ən yaxşı müdafiə hücumdu" fikrinin müəllifi ilə razı olduqlarını bildirdilər və sonuncu çərşənbədə papaqlarını da götürüb getdilər AFFA-ya. Nazirliklərdən bol məmləkətimizdə futbol nazirliyində - AFFA-da Keçəllə Kosanın üzlərinə yaxşı baxmadılar. Dedilər ki, ay qibləsi çönmüşlər, bivaxt gəlmisiz. Bu dəqiqə neftimizin qiyməti aşağı düşüb, təzyiqimiz isə yuxarı qalxıb, bayram heç yadımıza düşmür. Bir yandan da hesabat konfransını təzə qurtarmışıq, baş qaşımağa vaxt yoxdur. Lakin papaqlarını götürüb saxladılar, özlərinə dedilər ki, xarici işlər naziri Elmar Məmmədyarov futbolun daxili işləri ilə məşğul olanda sizin papaqları qoyacağıq onun qabağına.
 

Keçəllə Kosa da bir-birinə göz-qaş elədilər ki, durmaq vaxtı deyil, buna da şükür, nə yaxşı canımızı almadılar, AFFA köhnə papaqla qane oldusa... Nə isə, düşdülər bir mərtəbə aşağı - PFL-ə. Gördülər burda əməlli-başlı bayram süfrəsi açılıb, çay, şəkərbura, paxlava, qoz-fındıq... PFL-dəkilər əvvəl elə bildilər ki, bu iki nəfər yeni klub yaratmaq istəyənlərdi, qonaqları mürəbbəli çaya qonaq elədilər. Amma məsələ aydın olandan sonra dedilər ki, özümüz günün günortaçağı pul axtarırıq. Sonra da klublarının nisyə dəftərini qoydular bayram süfrəsinin düz ortasına, səməninin yanına.
 

Nə isə, Keçəl Kosaya, Kosa da Keçələ qoşulub kor-peşman üz tutdular son illər adından söz etdirən “Qarabağ" klubunun ofisinə. Burda da onları çaya, paxlavaya qonaq elədilər. Keçəl Ansi Aqoli ilə, Kosa da İbrahim Şehiçlə yumurta döyüşdürdü. Rəşad Sadıqov məşqçilər kursunda apardığı qeydlərlə bu iki qonağı tanış elədi. Keçəllə Kosa bazadan əlidolu çıxdılar. Çay, şəkər tozu, kəllə kənd, yağ dolu qutularla bütün ili yola vermək olardı.
 

Gəlib “İnter"in qapısına çatanda nə görsələr yaxşıdı? Gördülər ki, bazanın alaqapısından yekə bir elan asılıb - “Bayrama qədər heç kimə kredit verilmir!!!". Pəncərədən qəribə geyimli bu iki qonağa baxan baş məşqçi heç nə başa düşməyib getdi “Pələng dərisi geyinmiş pəhləvan"ı oxumağa.
 

İlaxır çərşənbədə işləri başdan aşan, çörəyi daşdan çıxan Keçəl və Kosa bu dəfə “Qəbələ"nin qapısını döydü. Gördülər açan yoxdur, elə bildilər “Zirə"yə məğlubiyyətdən sonra hamını qovublar. Lakin bir azdan içəridən səs gəlməyə başladı. Pəncərədən boylanıb gördülər ki, baş məşqçi futbolçulara şeir əzbərlətdirir:
 

Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız,
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə...
 

Klubun mühafizəçiləri çağırılmamış qonaqlarla çox nəzakətlə davrandılar, içərisində telefon nömrəsi yazılan kartı da verdilər və dedilər ki, Novruz bayramında tonqal yandıranda bir problem çıxsa, bu nömrələrə təcili zəng edin.
 

Bir azdan Keçəl və Kosa “Neftçi"nin bazasına gəldi. Onları Çingiz Abdullayev qarşılayıb Azərbaycan dilində xeyli söhbət etdi, sonra Vəli Qasımov gəlib ispanca nəsə dedi. Keçəl və Kosa heç nə başa düşmədilər. Klub rəsmiləri çıxış yolu tapdılar. Qonaqları Araz Abdullayevin maşınına mindirib metronun “Koroğlu" stansiyasına qədər ötürdülər.
 

“Uçacaqsın" mahnısı AZAL-ın bazasını başına götürmüşdü. Keçəl və Kosa əvvəl elə bildilər azarkeşlərdən kiminsə sünnət toyudu. Amma ətrafda heç kimi görməyib, təəccübləndilər. Mühafizəçi dedi ki, bazada heç kim yoxdur, futbolçular məşqə gediblər, bu gün məşq Binə Beynəlxalq Hava Limanında olacaq.
 

Yolüstü onlar “Zirə"nin bazasına baş çəkdilər. Nelson Bonillanın Salvadordan qonaq gələn anası Keçəl və Kosaya Zirə pomidorundan salat düzəltdi. Gülərüzlü klub rəsmiləri dedilər ki, bu mövsüm soğan bol gəlib, amma Novruz bayramında soğanı neynirsiz? Yaxşısı budu mayın 1-də Zəhmətkeşlərin Həmrəylik Günü yolunuzu buralardan salın.
 

Əlləri ətəklərindən uzun yollandılar “Xəzər Lənkəran"ın ofisinə. Uzaq yol gəldiklərini nəzərə alıb Keçəl və Kosanı limonlu çaya qonaq elədilər, şəkərbura, paxlava, yaşıl rənglə boyanan yumurta verdilər. Mühafizəçilər dedilər ki, rəhbərliklə görüşmək mümkün olmayacaq, bu dəqiqə baş qarışıqdı, Türkiyədən vacibdən də vacib zəng gözləyirlər. Qonaqlar əliboş qayıtmaq istəyəndə bir də eşitdilər ki, musiqi səsi ofisi başına götürüb:
 

İki gəmi gəlir, Lənkəran üstə,
Birində badamdı, birində püstə...
 

“Sumqayıt"ın bazasında hamı fikirli idi. Vaqif Cavadov “Allahım, nəydi günahım?" mahnısını zümzümə edirdi. Klub rəsmiləri qonaqları ədəb-ərkanla qarşıladılar. Dedilər ki, bayramda problemlərdən danışmazlar, amma dərdimiz çoxdu, 8 min pul vermişik, oynamaqlarına bax. Tərslikdən də xloru, sulfat turşusunu alanlar borclarını ödəmir.
 

Keçəl və Kosanın “Kəpəz"in ofisinə tərəf ağır-ağır addımlamaqdan başqa çarəsi qalmadı. Hamı onları mehribanlıqla qarşıladı. Orda oturma, burda əyləş, bu halvadan yemə, bu çərəzi dad... Dedilər ki, hələ bu harasıdı, noyabrda Gəncədən xurma da gəlməlidi.
 

Noyabra kimi gözləyəsi deyildilər ki... Hər ikisi tez özlərini verdi “Rəvan"ın bazasına. Əvvəl avtomobil əlindən tərpənmək mümkün olmayan bazada cəmi bir-iki velosiped gözə dəydi. Baş məşqçi fikirli-fikirli yanlarından keçdi, Keçəl və Kosanın gəldiyinin deyəsən heç fərqində olmadı. Şaşa Yunusoğlu, Yasin Həmid hərə bir topa dirsəklənib oturmuşdu. Ərəb əsilli ukraynalı Yasin təmiz macar ləhcəsi ilə şeir oxuyurdu:

 
Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdu.
Dügüylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdu...

Keçəl və Kosa gördü ki, söz deməyin heç yeri yoxur, buralar sözün tükəndiyi yerdi. Əl-ələ verib getdilər tonqaldan tullanmağa...

Etibar Cəbrayıloğlu

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail