“Kəpəz” - futbol, yoxsa gecə klubu?

25.12.2011 | 9912 dəfə oxunub



Futbola iş yeri olaraq baxılan, onu oynamaq üçün deyil, oynatmaq üçün mənimsəyən məkan yalnız Gəncədi. Tayı-bərabəri, bənzəri yoxdu. Olmayıb, olmayacaq da.

Gəncə unikal şəhərdi, çünki Nizami Gəncəvi yalnız bu şəhərdəndi. Gəncə futbolu da unikaldı, çünki bu şəhərin futbol adamları futboldan başqa hər şeylə məşğul olurlar. Şəhərin futbol adamları biznesi o qədər mükəmməl bilirlər ki, futbola da biznes obyekti kimi baxırlar. 

Bir sözlə, Azərbaycan futbolunun Məkkəsi də Gəncədi, yarmarkası da…

AFFA prezidenti Rövnəq Abdullayev uzunmüddətli fasilənin ardından Gəncədə futbol klubunun yaranmasına təşəbbüs göstərdi və çətinliklə olsa da, arzusuna çatdı. Yaşanan son olayların ardından yəqin ki, Rövnəq müəllim atdığı addıma görə peşman olacaq. Axı “Kəpəz” adında komanda futboldan çox gecə klubuna bənzəyir. Klubun düşərgəsində futboldan başqa hər şey baş verir: atan atanadı, satan satana. “Kəpəz”i ağlar günə qoyublar. 

Səbəbi…

“Kəpəz”i daha çox qapıçıya bənzətmək olar. Çünki baş məşqçiləri əlcək kimi dəyişir, özü də tez-tez. Əlinin papağı Vəlinin başına qoyulur, Vəlininki Əlinin. Gəl ki, dəyişən heç bir şey yoxdu. Əstəğfürullah, xahiş edirəm, üzürlü sayasız. Əslində, dəyişən bir şey var: futbolu sökməyin yeni üsulları kəşf olunur. Konkretləşdirsək, Gəncədə futbolun özü deyil, ondan pul qazanmağın növləri dəyişir.

Mirbağır İsayev “Kəpəz” üçün ideal seçim idi. Çünki məhz bu insan Gəncə futbolunun yetirməsi deyildi. Yəni, futbola alver kimi baxmırdı. İsayevin “Abşeron” karyerasını göz önünə gətirsəz, çox şey aydın olar. Onun üçün futbol iş yeri deyil, karyera qurmaq üçün vasitədi. Gəncəyə hansı niyyətlə getdiyi də hamıya bəlli idi: dağılmış, ayaqlar altında qalan uşaq futbol məktəbini yenidən dirçəltmək. Alınmadı. Çünki necə deyərlər, dəvədən böyük fil var. 

Filin niyyəti sağlam olmalıdı ki, aşağı təbəqə doğru-dürüst işləyə bilsin. Artıq sübut olundu ki, Gəncə futbolunun, “Kəpəz”in problemi, yaxud problemləri fərqlidi.

Gəncədə bəzi futbol adamlarının, futbolu idarə edən şəxslərin istəyi şəhərdə futbolun kütləviləşməsinə, inkişafına nail olmaq deyil, Bakıdan bu və ya digər şəkildə ölkənin ikinci şəhərində futbolun inkişafı üçün ayrılan pulu mənimsəməkdi. Neçə ki, bu zehniyyət hökm sürür, Nizami yurdunda doğru-dürüst futbol olmayacaq.

İsayevin “Kəpəz”dən ayrılma səbəbinə gəlincə, heç kimin yanında dili gödək, gözü kölgəli olmayan Mirbağırın tələbləri sırf futbola aid idi. İndi Fuad Musayevin dönəmi deyil ki, heyətlər tapşırıqla müəyyənləşdirilsin. Əgər kimsə sözünün kəsərli olduğunu, xarizmatik insan olduğunu göstərmək istəyirsə, yeri futbol deyil. 

Peşəkar olmaq lazımdı. Peşəkar sponsorun işi pul buraxdıqdan sonra, pulunun xərclənməsinə nəzarət etməkdi. Peşəkar klub prezidentinin işi təşkilati işlərlə məşğul olmaqdı. Peşəkar məşqçinin işi isə komandanı oyunlara, mövsümə hazırlamaqdı. Əgər bu “üçlük”dən hansısa peşəkar deyilsə… 

Xeyr, Mirbağırın tələbləri təbiidi, peşəkarcasınadı. Məşqçi o vaxt geri addım atar ki, səhvi olsun, bir daha iş yeri tapa bilməyəcəyini dərk etsin. 

İsayev gözəl bilir ki, “Kəpəz”in indiyə qədərki baş məşqçiləri sırasında deyil. Fərqli insandı, fərqlənməyə məcburdu. Çünki əliəyri deyil. Mirbağır qovduqlarını geri qaytarası olsaydı, “Kəpəz”də işlədiyi müddətdə həmişə diligödək şəxs olardı. İsayevi digərlərindən fərqləndirən xüsusiyyəti qovulmaması, yaxud qovulmanı könüllü istefa kimi qələmə verməməsidi. İsyevi fərqləndirən xüsusiyyəti bir müddət susub, sonra gic-gic danışmamasıdı. 

Başıaşağı insan olsaydı, danışmaqda tərəddüd etməzdi. Bir sözlə, istefadan və verdiyi açıqlamalardan dolayı İsayevi təbrik etmək lazımdı. Nəhayət ki, gecə klubunda deyil, futbol klubunda karyerasını davam etdirmək imkanı qazanacaq. 

Gəncəli futbol azarkeşlərinə isə başsağlığı vermək istərdim, çünki bir müddət daha, ola bilsin ki, hətta uzun müddət futbol üzünə həsrət qalacaqlar, “Kəpəz”in uğurlarına sevinməyəcəklər. 

Ayılmaq lazımdı, bəylər! Nə qədər ki, gec deyil, “Kəpəz”in “Turan” kökünə salınmasına imkan verməyin. Heç olmasa, azarkeş kimi sizlər peşəkar olun. 

Rəşad FƏRHADOĞLU


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail