“Xoşbəxtəm ki, təkcə İspaniyanın yox, bütün dünyanın 2 ən güclü komandasında çıxış etmişəm”

19.10.2015 | 2793 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Bolqarıstan mətbuatına geniş müsahibəsini təqdim edirik: 

- Sizinlə yanaşı, Mikael Laudrup, Georgi Haci və Luiş Fiqu kimi futbolçular da həm “Real”, həm də “Barselona”nın formasını geyiniblər...

- Bu, bəxtin sayəsində olub. Məlum məsələdi ki, bu cür komandalarda oynamaq üçün ilk növbədə, futbolçu keyfiyyətləri vacibdi. Amma bəxt, uğur da böyük rol oynayır. Xoşbəxtəm ki, təkcə İspaniyanın yox, bütün dünyanın 2 ən güclü komandasında çıxış etmişəm. Bu komandaların heyətində “El-Klasiko”da iştirak etməyin daha önəmli olduğunu deməyə isə ehtiyac yoxdu.

- Özünüzü daha çox kataloniyalı hesab edirsiz, yoxsa madridli?

- İspaniyada birinci klubum “Real” olub. Odu ki, özümü daha çox madridli hesab edirəm. Amma hər ikisinin ürəyimdə öz yeri var.

- “Real”dan “Barselona”ya keçən və ya əks istiqamətdə hərəkət edən futbolçu adətən azarkeşlərin nifrəti ilə üzləşir...

- Bu, normal haldı. Çünki komandalar arasında böyük rəqabət var. “Barselona” - “Real” qarşılaşma dünyanın ən nəhəng derbisi sayılır. Təbii ki, bu komandanın azarkeşləri arasında nifrət hissi var. Amma mən neçə ildən sonra Madridə və ya Barselonaya gedəndə özümə qarşı böyük nifrət hiss etmədim. İnsanlar bilirlər ki, hər 2 komandanın formasını geyinmişəm və bunu qəbul edirlər. Mən və ya Haci ilə müqayisədə Fiqunun keçidini azarkeşlər daha çılğınlıqla qarşılaşmışdılar. Çünki Fiqu “Barselona”nın kapitanı idi. Kapitan əzəli rəqibə keçəndə isə daha böyük problemlə üzləşir.

- Həmin vaxt İspaniyada oynayan bolqarıstanlı futbolçuları xatırlayırsızmı?

- Əlbəttə, xatırlayıram. Xristo Stoiçkovla “Barselona”da 4 ay birlikdə oynadıq. Bu günlərdə telefonla danışdıq, vəziyyəti yaxşıdı. Xristo İspaniyada böyük uğurlar əldə etdi. O, “Barselona”nın əfsanəsi sayılırdı və Avropa Kubokunu qazanmaqda böyük rol oynadı. Xristo “Barsa”dan əlavə, Bolqarıstan yığmasına da çox şey verib. İspaniyada daha bir bolqar futbolçu var idi – Georgi Yordanov. “Sportinq Xixon”da çıxış etsə də, güclü oyunçu idi. Uzun illər “Valensiya” və “Atletiko”nun formasını geyinən Penevi də unuda bilmərəm.

- Maraqlıdı ki, “Real” və “Barselona” kimi komandalarda çempionatın qalibi ola bilməsəz də, “Srvena Zvezda” ilə daha çətinini edərək, Çempionlar Kubokunu başınız üzərinə qaldırmısız...

- Futbolda belə hallar olur. 3 il ərzində “Real”da yalnız bir dəfə İspaniya Kubokunu əldə edə bildim. “Barselona”da çıxış etdiyim 2 il ərzində isə ümumiyyətlə, heç bir kubok qazanmadım. Futbol həyatında bu cür qəribə hallar tez-tez baş verir. Ola bilər ki, mən həmin klublarda böyük uğurlar əldə edə bilmədim, amma futbolçu kimi çox şeyləri öyrəndim. İki nəhəng klubda çıxış etdim, 8 il İspaniyada legioner həyatı yaşadım. Bunun özü nəyə desəniz, dəyər.

- “Real” və “Barselona” arasındakı rəqabət indi də davam edir. Bu komandaların liderləri isə Kriştianu Ronaldo və Lionel Messidi. Baş məşqçi kimi Ronaldo və Messidən hansını öz komandanızda görmək istərdiz?

- Hər ikisi möhtəşəm futbolçudu. Demək olar ki, hər oyunda bunun şahidi oluruq. Son 10 il ərzində möhtəşəm uğurlar əldə ediblər və zirvəni heç kimə təhvil vermirlər. Mənə görə, Messi tarixin ən güclü futbolçusudu. Buna görə də, öz komandama Messini götürərdim. Ancaq Ronaldonun dünyanın ən güclü futbolçusu olduğunu deməkdə də heç vaxt tərəddüd etməmişəm. Əfsuslar olsun ki, onlar eyni dövrdə futbol oynayırlar. Əgər ayrı-ayrı vaxtlarda oynasaydılar, Messi və Ronaldonun öz dövrü olardı.

- Almaniyada anadan olmusuz. Əgər keçmiş Yuqoslaviyaya qayıtmasaydız, həyatınız pis axarda keçə bilərdimi?

- Xoşbəxtəm. Bəxtim gətirdi ki, mən İspaniyada legioner həyatı yaşadım, keçmiş Yuqoslaviya yığmasında, həmçinin Xorvatiya millisində oynadım. Almaniyada qalsaydım, bəlkə də həyatım bu qədər xoş keçməzdi. Yaşadığım həyata görə peşman deyiləm. Həm futbolçu, həm də məşqçi kimi xoşbəxt olduğumu deyə bilərəm. Gözəl ailəm və 2 qızım var.

- Zaqreb “Dinamo”sunun gənc futbolçusu olduğunuz dönəmlə bağlı maraqlı söhbət yayılıb. Deyilənə görə, gələcəkdə böyük futbolçu olacağınıza inanmayan Miroslav Blajeviç bunu bacaracağınız halda, məşqçilik diplomunu yeyəcəyinə söz veribmiş...

- Bəli, belə bir söhbət olmuşdu və Blajeviçin özü də bunu hər yerdə danışır. Amma sözünün üstündə durmadı, diplomunu yemədi. Həmin vaxt “Srvena Zvezda”ya keçdim, bundan sonra isə böyük karyera qurmağa başladım. Belqradda çox güclü futbolçu nəsli yığışmışdı. Belə olanda uğur qazanmaq da mümkündü. Çempionlar Kubokunda birinci və ikinci mərhələni adladıqdan sonra yarımfinala yüksəldik. Orda isə “Bavariya” kimi komandanı mübarizədən kənarlaşdırdıq.

- Final görüşünü necə xatırlayırsız?

- Həmin vaxt “Marsel” Avropanın ən güclü komandalarından biri sayılırdı. Komandada həm güclü fransızlar, həm də legionerlər qərarlaşmışdı. “Marsel”, həqiqətən də, Avropada sevilən komanda idi. Oyun 0:0 hesabı ilə başa çatdı, penaltilər seriyasında isə rəqibi üstələdik. Finalda yaxşı oyun deyil, qələbə əsasdı. Keçmiş Yuqoslaviyadan Çempionlar Kubokunu qazanan ilk komanda olduq. Belqradda hələ də bizim uğurumuzdan danışırlar.

- UEFA Yuqoslaviyanı Avro-1992-dən kənarlaşdıranda hansı hissləri keçirdiz?

- Artıq müharibə başlamışdı. Biz çox güclü komanda sayılırdıq və Avropa çempionatında oynamalı idi. Getsəydik, uğur əldə edə bilərdik. Ancaq müharibə ilə əlaqədar, hadisələr başqa cür cərəyan etdi. Müharibə gedəndə futbol haqda düşünmürsən. Nəticədə əvəzimizə Danimarka Avropa çempionatına yollandı və çempion oldu.

- Valideynləriniz Xorvatiya və Serbiyadandı. Özünüzü daha çox haralı hesab edirsiz?

- Mən həmişə deyirəm ki, xorvatam. Anam Serbiyadandı. Heç vaxt serblərlə problemim olmayıb. Orda həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərmişəm. Ancaq özümü xorvat sayıram. Həm Serbiyada, həm də Xorvatiyada çoxlu qohumlarım var. Kim düşünərdi ki, həmin vaxt müharibə başlayacaq? Yuqoslaviya parçalanandan sonra Xorvatiya yığmasında oynamağı seçdim. Çünki mən və ailəm orda yaşayırdıq.

- Uşaqlıqda kumiriniz kim olub?

- Maradona. Mən uşaq olanda hamı ona baxırdı və etdiklərini təkrarlamağa çalışırdı. Maradona meydanda heyrətamiz şeylər edirdi. “Barselona”ya keçəndən sonra isə oyunu yaxşı alınmadı. Maradona daha çox “Napoli”dəki çıxışı ilə yadda qaldı. Onda hamımız onun kimi olmaq istəyirdik. Həmin ərəfədə Mişel Platini də yaxşı çıxış edirdi. O isə “Yuventus”un lideri idi.

- Maradonaya qarşı neçə oyun keçirmisiz?

- DÇ-1990-da ona qarşı oynamışam. “Real”da çıxış edəndə də onunla meydanda üz-üzə gəlmişik. Həmin vaxt Maradona “Sevilya”nın formasını geyinirdi. Ümumilikdə, Dieqoya qarşı 3 dəfə oynamışam. Ancaq həmin ərəfələr 1990-cı ildən sonraya təsadüf edir ki, onda Maradona Maradona deyildi. Əsl Maradona 1986-87-ci illərdəki idi. Həmin vaxt o, Argentinanı dünya, “Napoli”ni isə İtaliya çempionluğuna daşımışdı.

- Məşqçi olmağa nə vaxt qərar verdiz?

- Əgər 20 il öncə mənə desəydilər ki, məşqçi olacaqsan, inanmazdım. Məşqçi olmayacağıma hətta əmin idim. Ancaq sonradan vəziyyət dəyişdi. Mən futbolu çox sevirəm. Futbol mənə hər şey verib. Və günlərin birində qərara gəldim ki, futboldakı fəaliyyətimi məşqçi kimi davam etdirim. Beləcə məşqçi karyerama başladım. Əvvəlcə Xorvatiya yığmasında Slaven Biliçin köməkçisi kimi çalışdım. Sonra qərar verdim ki, baş məşqçi olum və “Srvena Zvezda” ilə anlaşdım. Daha sonra Türkiyəyə üz tutdum, indi isə fəaliyyətimi Azərbaycanda davam etdirirəm. Ümid edirəm ki, məşqçilik fəaliyyətimdə də uğurlarım çox olacaq. Məşqçiliyi seçməyim pulla bağlı deyil. Heç də hər şey pulun ətrafında dövr etmir. Mən öz işimi sevirəm və yeni şeylər öyrənməyə can atıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail