Şahin Diniyev: "Bu gün düşmənlər də maskalanıb" - MÜSAHİBƏ

22.12.2014 | 5419 dəfə oxunub

Lent.az-ın “Evin içi” layihəsinin budəfəki qonağı futbol aləmində yetərincə tanınmış şəxs Şahin Diniyevdir. Bizi evində qonaq qəbul edən millinin sabiq baş məşqçisi ilə futboldan...və hər şeydən danışdıq.

- Evdə az oluruq. Futbolçu vaxtı da evdə az olurdum. Vaxt keçdikcə elə bir hiss yaranır ki, evdə olanda darıxırsan, bayıra çıxmaq istəyirsən. Buna görə də, artıq evdə olanda sıxılıram, ev məni özünə çəkmir.

- Ailə sizin üçün nə deməkdir?

- Azərbaycanlı üçün ailə ən ülvi bir şeydir. Ailə müqəddəsdir. Əvvəlcə ata, ana, bacı və qardaşlarından ibarət bir ailən olur. Sonradan özünün ayrıca ailən olur. Öz ailən olanda məsuliyyət artır, ata olursan, ailəni idarə edirsən. Ailənin məsuliyyəti böyükdür. Birinci ailədə sənin dərdini çəkib, problemlərini həll edirdilərsə, artıq sən problem həll etmək məcburiyyətindəsən. Uşağa tərbiyə, nəsihət verməli, düzgün yol göstərməlisən. Kim desə ki, mənim evimdə, ailəmdə heç bir problem yoxdur, bu, yalan olar. Gərək o qədər məsuliyyətli olasan ki, ailəndə düzgün qərar verəsən. Mənim aləmimdə necə tərbiyə alırsansa, o cür də tərbiyə verirsən.

- Tərbiyə demişkən, övladlarınızın tərbiyəsi ilə daha çox kim məşğul olur?

- Hərənin öz baxışı var. Bir var səhərdən-axşama kimi uşağa nəsihət verirsən. Bir də var ki, ailədə azadlıq var, uşaqların seçiminə hörmət edib, onları istiqamətləndirirsən, arxa-dayaq olursan. Bu, çox vacibdir. Məhəmməd peyğəmbər də deyirdi ki, övladlarını zamana görə tərbiyə elə.

- Deməli, övladlarınıza qarşı sərt deyilsiz...

- Xeyr. Böyük oğlanlarıma da azadlıq vermişəm, balacalara qarşı da sərt deyiləm. İndi dünya texnika, elektronika dövrüdür. Gərək uşaqlara seçimində azadlıq verəsən. Sərt deyiləm, uşaqlarımla dost kimiyik. Onlarla domino da oynayıram, nərd də, söhbət də edirəm. Mən həmişə istəmişəm ki, övladlarımla dost olum. Təbii ki, mənim ailəm "olmaz" dediyim şeylərə əməl etməlidir. Xırdalamaq istəmirəm, mən nəyinsə fanatı olmağın əleyhinəyəm. Övladlarıma da deyirəm ki, heç vaxt nəyinsə fanatı olmayın. İstər dinin olsun, istər idmanın, istərsə də musiqinin. Bir şeyin əvvəli olduğu kimi sonu var. Nəsə qurtarırsa, bu, yeni bir şeyin başlanğıcı deməkdir. Buna sevinmək lazımdır, çünki həyatında yeni bir şey başlayacaq. Haramdan uzaq olmaq lazımdır. Mən bunu müsahibə xətrinə demirəm, övladlarımda ən çox sevdiyim şey odur ki, pula hərislik yoxdur onlarda. Pul hərisi olan adam, hər şeyə gedər, oğurluq və başqa şeylər də edə bilər. Pul lazımdır, yaşamaq üçün vasitədir. Amma gərək onun hərisi olmayasan. Hər şey öz qaydasında olmalıdır.

- Qonaq qəbul etmək və qonaq getməklə aranız necədir?

- Doğrusu, qonaq getməyi sevmirəm. Evdə də bilirlər niyə sevmədiyimi. Özümü rahat hiss edə bilmirəm. Amma qonaq qəbul etməyi, həqiqətən də, sevirəm. Mənim çatışmayan cəhətlərim çoxdur. Onlardan biri də odur ki, bir yerdə çox otura bilmirəm. Toylarda belə, 30-40 dəqiqədən çox oturmuram. Düzdür, ən yaxın adamın toyunda məcburam axıra qədər oturam. Amma orda da müəyyən müddətdən sonra ya foyeyə çay içməyə çıxıram, ya bayıra, ya da evə gedib qayıdıram. Bir də son vaxtlar toylarımızın adət-ənənələri başqalaşıb. “Palatka” toylarında hamı eyni idi. Amma indi toylar fərqli keçir. Mən spirtli içki içmirəm. Otururam masa arxasında, artıq kimsə içəndən sonra başlayır gülməyə, şənlənməyə. Ya onlara uyğunlaşmalısan, ya da getməlisən. Mən də hesab edirəm ki, getməyim daha düzgündür. Çünki həmin masa arxasında əyləşənlərlə uyğunlaşa bilmirik. Onun əhval-ruhiyyəsi yüksək olursa, məndə əksinə. Axı mən heç nəyə görə gülə bilmərəm. Demirəm ki, onlar səhv edirlər. Bəlkə də mən səhv edirəm, sadəcə, alınmır. 

- Sirriniz, probleminiz olanda kiminlə bölüşürsünüz?

- Sirr sirr olaraq qalmalıdır. Amma bu bir reallıqdır ki, sirrini bölüşməyəndə ağrıyırsan. Sirri bu dəqiqə hər adama aça bilmirsən. Bizdə ürəyiaçıqlıq çoxdur. Biri var sevincindən sirrini bölüşürsən, biri də var ki, kiminsə sənə açdığı sirri paxıllığından başqalarına deyirsən. Sirr saxlamaq çox çətin şeydir. Doğrusu, məndə sirr qalmır. Nə varsa, həmən deyirəm, açılıram. Sirr elə bir şeydir ki, deməyəndə səni ağrıdır, deyəndə kimisə ağrıdırsan. Təbii ki, nəsə olanda həyat yoldaşımla bölüşürəm. Nəsə qərar verirəmsə, onu mütləq böyük övladlarıma başa salıram. İstəyirəm ki, onlar da bilsinlər mən bunları nəyə görə etmişəm.

- Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa öz bildiyinizi edirsiz?

- Futbol sahəsində məsləhətləşmirəm. Uşaq vaxtı da evdəkilərə deyirdim ki, nə edirsiz edin, futbol işimə qarışmayın. Çünki ailəm futbolu bilmirdi. Rayon yerində futbolu kim bilirdi ki? Düz və ya səhv olmasından asılı olmayaraq, verdiyim qərarların peşmanlığını heç vaxt çəkməmişəm. Çünki o qərarı kiminsə diktəsi ilə yox, özüm qəbul etmişəm. Çalışıram ki, bütün qərarları özüm qəbul edim, sonra onun sevincini və ya əziyyətini də özüm çəkim.

- Məşhurluqla aranız necədir?

- Məşhurluq keçici bir şeydir. Onunla yaşasan, insanın öz həyatı olmaz. Mən məşhur deyiləm, bir az tanınan insanam. Şəxsən mənim özümə çətindir. İctimai yerlərdə olmaq, çayxanaya getmək və ya avtobusa, metroya minmək alınmır. İstər-istəməz tanıyanlar nəsə deyir və sən özünü itirirsən. Adam istəyir azad yaşasın. Hətta elə yerə getmək istəyirəm ki, məni tanımasınlar. Heç bir ağıllı adam “məşhurluğu sevirəm” deməz. Realist olmayan, şöhrətpərəst adamlar özlərini məşhur kimi apara bilər. Amma onlar məşhur deyillər. Məşhuru məşhur edən cəmiyyətdir.

- Dost sizin üçün nə deməkdir? Ümumiyyətlə, dostunuz çoxdurmu?

- Zəmanənin tələbinə uyğun dostlar olur. Bu gün təkcə özüm üçün yox, uşaqlarım üçün də narahatam. Çünki dost seçmək çox çətinləşib. Birdən-birə sosializmdən kapitalizmə keçmişik, amma özümüzü nə orda, nə burda hiss edirik, arada qalmışıq. Bu dəqiqə pul tapmaq çox asandır, nəinki dost tapmaq. Sənin kimi düşünən ikinci bir varlıq yoxdur. Sənin başa düşdüyün qədər heç vaxt başqası başa düşmür. Oxşar birini tapa bilsən, bu, müsbət haldır. Adicə bir misal çəkim. Dostumla oturmuşuq televizor arxasında, o bir verilişə baxmaq istəyir, mən başqa verilişə. Artıq burda fikirlər üst-üstə düşmür. Deməli, gələcəkdə də fikirlər ayrılacaq. Dost çox olmaz, yoldaş çox olar. 2-3 nəfər var ki, onlara dost deyə bilərəm. İtirdiyim dostlar da var, qazandığım dostlar da. Uşaqlıq dostları olur ki, zaman keçdikcə onlarla gec-gec ünsiyyətdə olursan, nəticədə dostluq pozulur. Zəmanə çətindir.

- Düşməniniz necə, çoxdur?

- Düşmən deməzdim. Keçmişdə qan düşməni olurdu. Bilirdin ki, bir düşmənin var, ona qarşı mübarizə aparmaq lazımdır. Amma bu gün düşmənlər də maskalanıb, dostunu-düşmənini seçə bilmirsən. Cavan vaxtı dalımca danışanlara hirslənirdim. Bir dəfə bir nəfər mənə başa saldı ki, sən niyə hirslənirsən, sevin ki, qabaqdasan, arxanca danışırlar. Gördüm ki, düz deyir. Hər şey keçicidir, sevinc də, kədər də. Sən onunla yaşasan, sağlamlığına böyük zərbə vura bilərsən. Son 5-6 ildə bu prinsiplə yaşayıram. Arxamca biri danışsa, çalışaram ki, onu mütləq görüm. Deyim ki, bu belə deyil, sən səhv yazmısan. Amma heç vaxt onu alçaltmaram. Mən o vaxt sakitləşirəm ki, kiməsə sözümü üzünə deyə bilirəm. İndiyə kimi heç bir jurnalist deyə bilməz ki, nə vaxtsa ona zəng edib hansısa yazıya görə ağır söz demişəm. Elələri var ki, kiminsə sifarişini yerinə yetirir. Özüm də qəşəng bilirəm ki, onlar kimlərdir. Amma heç vaxt deməmişəm ki, sən filankəsə işləyirsən. Görürsüz, dostdan az danışdım, düşməndən çox. Zəmanənin tələbinə uyğundur bu.

- İki oğlunuz futbolçudur. Kərim AZAL-da, Coşqun isə "İnter"də çıxış edir. Onların futbolçu olmaları öz istəkləridir, ya sizin?

- Onların uşaqlığı İsraildə keçib. Hərə uşağına bir şey alır. Bizim evdə isə həmişə top olub. Mənimlə birlikdə televizor qarşısında oturub, futbola baxırdılar. 7 yaşlarında dedilər ki, futbolçu olmaq istəyirik. Qışın soyuq vaxtında da onları futbola aparmışam. Həmişə demişəm ki, sizi mən futbola qoymuram ki, futbolçu olasınız, mən sizi futbola qoyuram ki, uşaq enerjinizi harasa sərf edəsiniz. Futbolçu olmaya da bilərsiz, amma ilk növbədə, tərbiyəniz yerində qalmalıdır. Küçədə durmaqdan, boş-boş gəzməkdənsə, futbol oynamaq yaxşıdır. Belədə mən də rahat oluram ki, övladlarım futboldadırlar. Heç vaxt onların dalınca getməmişəm, heç vaxt onlara görə kiməsə zəng edib ağız açmamışam. Heç bir məşqçi deyə bilməz ki, Şahin uşaqlarına görə mənə zəng vurub. Başqa uşağa görə kiməsə zəng edib xahiş edə bilərəm. Amma özlərinə də demişəm ki, sizə görə heç kimə ağız açan deyiləm.

- Kənardan sakit, səbrli görünürsüz...

- Çox şeyi içimə verirəm. Əsəblə nəyisə həll etmək olmur. Ailəmdə də həmişə deyirəm ki, hər şeyi itirib qaytara bilərik. Maşını, evi, pulu sonra da əldə etmək olar. Deyirəm ki, həyatda simanızı itirməyin. 3 nəfər yaxın adamın bilsə ki, sən simanı itirmisən, bəsdir. Mən belə doğulmuşam, belə də varam. Mən işləyəndə də eyni adamam, işləməyəndə də. Jurnalistlərə böyük hörmətim var. Amma gərək kiməsə heç nədən şər atmayasan, ədalətsizlik etməyəsən. Hakimlərə də deyirəm ki, nə ona, nə bizə kömək et, haqsızlıq eləmə. Hamının haqqı var. Hərə özünə görə düzdür. Mənim təbiətim də belədir ki, sakitəm.

- Bəs nə sizi özünüzdən çıxara bilər?

- Baş verən hadisəyə həmən reaksiya verməyə çalışıram ki, bu, pis xüsusiyyətdir. İnsan 40 saniyə, 1 dəqiqə ərzində səbrini bassa, daha yaxşı, ağıllı reaksiya verə bilər. Məni özümdən çıxaran o qədər haqsızlıqlar olur ki. Düzdür, heç vaxt o adamın səviyyəsinə düşmürəm. Əsas mən və Allahım bilir ki, bu hərəkəti etməmişəm. Əgər bilirəmsə mən təmizəm, qarşımdakı ilə mübahisə etməyə ehtiyac duymuram. Bəzən elə adamlar olur ki, futboldan mənə nəsə başa salmaq istəyəndə özümə yer tapa bilmirəm. Axı sən heç vaxt futbol oynamamısan. 9 milyon yarım əhalimiz varsa, hərənin öz taktikası, oyunçu seçimi, heyəti var. Amma futbol tamam başqa şeydir. Futbol imkanlardan ibarətdir, əlində olan materialdan çox şey asılıdır.

- Özünüzdə bəyənmədiyiniz başqa xüsusiyyət hansıdır?

- Tələskənlik. Bəzən tələskən qərar verirəm. Mülayim, yumşaq olsam da, çox da səbirli deyiləm.

- Ətrafınızdakı insanları özünüz seçirsiniz, yoxsa "qabırğa" olanlar da var?

- Gözəl sualdır. Cəmiyyət tamamən başqalaşıb. İnsanlar daha çox pullu, vəzifəli şəxslərə yaxınlıq edirlər, “qabırğa” olmağa çalışırlar. Mən qarşımdakına gülə-gülə qulaq asıram, amma tuturam ki, onun dedikləri səmimidir, ya yox. Təcrübəmdən irəli gələrək, məni aldatmaq asan deyil. Yaxşı futbol oynayanda görürsən o qədər dostun var ki. Amma sabah oynamayanda yanında bir dostun da qalmır.

- Şahin Diniyev futbolçu olmasaydı...

- Futbol müharibədir. Müharibədə olan bütün şeylər futboldadır. Müharibədə də taktika var, futbolda da. Müharibədə də əks-hücum var, futbolda da. Müharibədə də cinahlardan hücum var, futbolda da. Müharibədə də kəşfiyyat var, futbolda da. Buna görə də, hərbçi, kəşfiyyatçı olmaq istərdim. Hardasa məlumat toplamaq, yaxşı mənada dona girib, dondan çıxmaq, vətən üçün xeyir vermək istərdim. Mənim həyatımda çox çətin məqamlar olub. O qədər çətin vəziyyətdən çıxış yolu tapmışam ki. Özümü sudan quru çıxartmağı bacarardım.

- Belə bir deyim var ki, çətinliklər insanı möhkəmləndirir. Razısız bu fikirlə?

- Tamamilə razıyam. Mənim həyatım şirin keçməyib. Həyatda nə qazanmışamsa, özüm qazanmışam. İdman sahəsində mənə düzgün istiqamət verən olmayıb. Düzdür, həyata gəlməyimə görə ata-anama borcluyam. Məni futbol sahəsinə yönəltdiyinə görə isə böyük qardaşıma. Amma onlar məni sadəcə olaraq, yönəldiblər. Elə olub ki, ac da qalmışam, susuz da. Vaxt olub bir şəhərdə qalmışam, geriyə qayıtmağa imkanım olmayıb. Düşüb yollara, traktorla, “Kamaz”la qayıtmışam. Elə olub ki, bayramda ac olmuşam. Çox çətinliklərim olub. Çeçenistanda müharibə dövründə gecə saat 3-də rus desantlarının arasına düşmüşəm. İçkili vəziyyətdə olan desantlar hər saniyə tətiyi çəkə bilərdilər. Öldürüb, yola atsaydılar, elə orda da qalacaqdım. Çox məqamlarda ölümlə üz-üzə qalmışam. Ordan Allahın köməkliyi ilə çıxmışam. Bir söz həyatına son qoya bilər. Həyatda qazandıqlarımız bizə çox baha başa gəlib. Vaxt gələcək, sağlamlıqda da bu özünü göstərəcək.

- Həyatda ən çox nədən qorxursunuz?

- İtkidən. Yaxınların itkisindən çox qorxuram (Gözləri dolur).

- Həyatda nə sizin üçün bağışlanmazdır?

- Bunu bütün insanlar deyir. Xəyanət, satqınlığı bağışlamaq çətindir, çox çətindir.

- Kompleksli insansınız?

- Yox. Evə gəlim, nə versələr, yeyəcəm. Hara gedirəmsə, ora uyğunlaşmağa çalışıram. Əsgərlikdə 1 ay 11 gün olmuşam. Soğan yeməyən adam soğan da yemişəm. Məcbursan. Mühitə düşürsənsə, mütləq ona uyğunlaşmalısan. Ancaq öz yolunu, tərbiyəni, mədəniyyətini saxlamaq şərtilə. Yəni o demək deyil ki, narkomanların “kruquna” düşürsənsə, sən də narkoman olmalısan. Orda özünü elə aparmalısan ki, narkoman olmayasan. Məsələn, içən deyilsən, amma düşürsən içənlərin arasına. Özünü elə aparırsan ki, guya içirsən, halbuki içmirsən. Mühitə ağılla uyğunlaşmaq başqa şeydir.

- Pul xərcləməklə aranız necədir: bədxərcsiz, ya qənaətcil?

- Pulu lazımi yerlərə xərcləmək lazımdır. Pulu qazanmaq asandır, bu gün onu xərcləmək çətindir. Ailəlisənsə, hər qəpiyin yerini bilməlisən. Çünki bu günün sabahı var. Uşaqlara nəsə qoyub getməlisən ki, sabah onlar deməsinlər atam mənim üçün heç nə qoymadı, çöllərdə qaldım. Heç olmasa üstü bağlı 1 otaq qoyub getməlisən. Belə bir məsəl var: kişi 3 şeyi bacarmalıdır: dünyaya uşaq gətirməli, ağac əkməli və ev tikməlidir. Bədxərc də deyiləm. Çalışmışam ki, həmişə uşaqlarımın istəyini yerinə yetirim. Əslində uşaqlarım çox şey də istəmirlər. İnsan aldığı pula görə yaşayır. 100 manat alırsansa, ona uyğun ailəni dolandırırsan. Sabah 200 manat alanda mütləq ona uyğun dolandıracaqsan. Yəni pul artdıqca qayğı və istəklərin də artır. Elə etməlisən ki, nə şiş yansın, nə kabab. Biz azərbaycanlılarda belə bir yaxşı xüsusiyyət var ki, dar günün üçün nəsə saxlayırsan. Amma ruslarda elə deyil. Onlar pullarını yığan kimi sanatoriyaya gedirlər.

- Həyatda kiməsə borcunuz var, ya sizə borcu olanlar var?

- Borc iki mənada olur: maddi və mənəvi. Əlbəttə ki, mənəvi borcum çoxdur. Amma maddi borcum yoxdur. Mənə maddi borcu olanlar isə çoxdur, ancaq üstündən xətt çəkmişəm. Bilirəm ki, o, geri qayıdan deyil. Verəndə yaxşı adam olursan, alanda pis. Ona görə də, heç almıram. Bir dəfə bir adama pul vermədim, onun ziyanını çox çəkdim. Bilirdim ki, gedib içəcək, qonşu idi. Dedi pul ver gedim çaxır alım, içim. Amma vermədim. Əgər desəydi, ver gedim çörək alım, verərdim. Gəldim, o 5 manatın əvəzinə 15 manat itirdim.

- Özünüzü şanslı insan sayırsız?

- Allah həyatda hər insana 1 dəfə yox, 2-3 dəfə şans verir. Sadəcə, ondan istifadə etməyi bacarmalısan. Əgər istifadə edə bilmirsənsə, o, artıq sənin günahındır. Şansının olub-olmadığını öyrənmək üçün birinci gərək lotereya kağızı alasan. Düzdür, elə itkilərim olub ki... Həyatda hər şeyi yerinə qoymaq olur, amma itkiləri yox. Amma onları çıxmaq şərtilə niyə də şanslı olmayım? Bu gün evim, yanımda ailəm, bacılarım-qardaşlarım, anam, həyat yoldaşım, uşaqlarım, dostlarım var. Sizin məni seçməyinizin özü bir şansdır. Hər adamın evinə qonaq getmərsiz axı. Bu mənada, özümü şanslı sayıram. Amma bu şansı nəlbəkidə gətirib, qabağıma qoymayıblar. Bunun üçün çox əziyyət çəkmişəm. Allah da buna görə məni mükafatlandırıb.

- Mütaliə ilə aranız necədir?

- Əvvəllər çox mütaliə edirdim. Salam Qədirzadənin əsərlərini oxuyurdum. Axır vaxtlar detektiv janrında əsərlər oxuyuram.

- İnternetlə aranız necədir?

- Hər səhər və axşam mütləq internetdən istifadə etməli, 1 saat xəbərləri izləməliyəm. Təkcə futbol aləmində yox, siyasi saytları da izləyirəm. Suriyadan tutmuş İspaniyada olan krizisə qədər, çalışıram ki, dünyada gedən bütün proseslərdən xəbərim olsun. Təbii ki, əsas da Azərbaycanda olan hadisələri izləyirəm. Siyasətlə maraqlanıram, amma bu o demək deyil ki, siyasətçi ola bilərəm. Sadəcə, kimsə yanımda nədənsə danışanda istəyirəm ki, hər şey barədə məlumatlı olum.

- Boş vaxtlarınızı necə keçirməyi xoşlayırsız?

- Açığı, biz dincəlməyi bacarmırıq. Düzgün dincəlmək tamam başqa şeydir. Balıq tutmaqla aram var. Sıx meşəlikdə gəzinti, dəniz qırağında oturub sadəcə dənizə baxmaq, bunları xoşlayıram. Qaxa gedəndə həmişə çayın qırağına gedirdim. Çayın şırıltısında o qədər məna var ki. İlisuda olanda dedilər ki, burdan yüzdən çox alim çıxıb. Təbiətin qüvvəsinə bax, o şır-şır insanı nəsə kəşf etməyə, düşünməyə vadar edir.

 - Layihə ilə bağlı ürək sözləriniz...

- Çox xoşuma gəldi. O qədər futboldan danışmışam ki, yorulmuşam. Bu söhbətimiz isə xoş oldu. Səmimi alındı. Allah əziyyətinizi yerdə qoymasın. Bu evin qapısı həmişə üzünüzə açıqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail