Cavad Gülər: “Bunu yalnız Azərbaycanda gördüm”

29.08.2012 | 4347 dəfə oxunub


Bir neçə gün öncə "Rəvan"dan istefaya göndərilən Cavad Gülərin müsahibəsi

- Gözlənilmədən istefaya göndərildiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Məni niyə istefaya yolladıqlarını bu dəqiqəyə kimi anlamamışam. Gecəylə qərarımı verdilər. Həmin gün yaxşı oynamışdıq. Adı nə idi onun, yadımdan da çıxıb…

- "Qarabağ"…

- Onlara qalib gələ də bilərdik. Yüzfaizlik qol vəziyyətləri yaratdıq qapılarında. "Qarabağ" heyətini illərdi qorumuş, oturuşmuş, topla gözəl oynayan komandadı. "Rəvan"ı isə biz yeni qururuq. "Qarabağ"ın iki xalı getdi. Uda da bilərdik. Qazandığımız 1 xala, əslində, sevinməliydik. Çünki polşalı qapıçımız, bir müdafiəçiimiz və yarımmüdafiəçimiz zədəyə görə meydançaya çıxmamışdı. İynə ilə oynayanlar oldu. Belə çətinliklər içində "Qarabağ"la heç-heçə etdik. Bu matçda nəticənin yaxşı olması üçün məşqçi və texniki korpusumuz, eləcə də futbolçular əllərindən gələni etmişdilər. Mən artıq növbəti turlara hazırlıq planını tutmuşdum, gecə telefonuma zəng gəldi yönətimdən. Dedilər ki, "komanda dörd turda 9 xal itirib, artıq "altılığ"a düşə bilməyəcəyik, sizinlə çalışmağı burda nöqtələməyi düşünürük". Niyə belə söylədiklərini başa düşmədim. Dedim, "altılıq"dan uzaqlaşdıq deməyin, qarşıda 18 tur və 54 xal var". İstefama səbəb görmədiyimi söylədim, sonda isə "xeyirlisi olsun" deyib, razılaşdım. "Altılığ"a düşməyəcəklərindən qorxdular. Ya da, nə bilim, birdən-birə bunlara nə oldu. Çox qəribədi…

- Sizə kim telefon açıb, rəhbərliyin qərarını çatdırdı?

- Başqanın adamlarından biri. Səhər 11-də ofisdə görüşdük. Şənbə günü saat 2:30-da İstanbula getməliydim. Bunu bir neçə gün öncədən bəlirləmişdik. Çünki ailəmlə ilgili bəzi işlər yarımçıq qalmışdı, onları tamamlamalıydım. Bileti də klub mənə almışdı. Ofisdə prezident və vitse-prezidentlə danışdıq, onlar öz fikrində qaldı, mən öz fikrimdə. Davam etmək istəmədilər mənlə, sağollaşdıq. Problem yoxdu, məncə.

- Təklif alarkən, belə bir durumla üzləşəcəyini heç təxmin etməmişdiz?

- Xeyr, xeyr. Hardan ağlıma gələrdi ki?! Qayət çempionata yaxşı başlamışdıq. İlk həftədə ötən sezonun ikincisi ilə - "Xəzər Lənkəran"la 1:1 etdik. AZAL-a qarşı yaxşı oynamayıb uduzsaq da, ötən tur "Bakı" kimi qüvvətli komandadan 1 xal aldıq. "Qarabağ"ı da siz məndən yaxşı tanıyırsız. Millinin əksər futbolçuları onlardadı. Yəni ki, ilk "altılıq"da oynamış 3 komandadan 3 xal aldıq. AZAL da ki, sezona 7 xalla davam edir. hələ bilmirəm "Neftçi" ilə neylədilər bu tur.

- Oyun təxirə salınıb.

- AZAL da güclülərdən biridi. O matçı saymasaq, qalanlarında yaxşı oynadıq, "Xəzər" və "Bakı"ya ilk qolu biz vurduq. Sonradan cavab qolunu buraxmasaydıq, ikisini də udacaqdıq. "Bakı"nı udmağa 3 dəqiqəmiz çatmadı. Oyun olaraq pis təsir bağışladığımızı düşünmürəm. Hər keçən gün daha yaxşı duruma gəlirdik. Bura gələni iki ay oldu. Hazırlıq dönəmi, xaricdən gələn futbolçuların seçilməsi, təlim-məşq toplanışı - üst-üstə 2 ay çəkdi. Bu iki ayda sonluğun belə gətirəcəyini fikirləşə bilməzdim. Niyyətləri, düşüncələri bu idisə, təbii ki, mənlə çalışmamaları lazımdı. Bilirsiz, çempionatda fasilə verilib. İyirmi günə yaxın müddətdə komandanın çatışmazlıqlarını aradan qaldırmağın planlarını hazırlamışdım. Komandaya iki günlük istirahət vermişdim, birinci gün yığışmalıydıq. İstanbuldakı işlərimlə bağlı özüm 1 gün sonra gələcəkdim Bakıya. Ancaq İstanbula qayıdışım birdəfəlik oldu. Başqan barəmdə ani qərar verdt, mən də bu qərara sayğı ilə yanaşmalıyam.

- Klubun sahibi Nuru Əliyevlə də görüşmüsüz?

- Onunla üç-dörd günə İstanbulda görüşəcəm. Görüşməyim qayıtmağımla bağlı olmayacaq. Dönmərəm, yox, olmaz! Mən Nuru bəydən bu qərarını səbəbini öyrənəcəm. İstefaya göndərilməyimin nəticələrlə bağlı olduğunu düşünmürəm.

- Bəs səbəbi nədə görürsüz?

- Bilmirəm… Siz çempionatı izləyirsiz?

- Əlbəttə.

- Bizim matçlara necə, baxdığınız oldu?

- Əlbəttə.

- Hamısına?

- Hamısına.

- Nə gördüz?

- "Xəzər"lə ilk hissəni yaxşı keçirdiz. AZAL məlumdu. "Bakı" ilə matçda hesab meydanda olub-keçənləri qətiyyən əks etdirmir…

- (sözümü kəsir). "Bakı" matçında da əla oynadıq. Güclü rəqibə zəifliyimizi hiss etdirmədik.

- Fikirlərinizlə razılaşmıram. Komandanızı az-çox "Xəzər" və "Qarabağ"la matçlarda fərqləndirmək olardı.

- Niyə belə deyirsiz? "Bakı" ilə oyunda pis heç nə yox idi. Onlar ötən ilin üçüncüsüdü.

- Xeyr. "Bakı" altıncı yeri tutub.

- Onlar da bizdən güclü komandadı. 88-də yedik bərabərlik qolunu.

- 88-ci dəqiqəyədək "Bakı"nın fərqlənmək üçün xeyli qol epizodu olmuşdu. "Rəvan" yaranandan bəri ən pis futbolunu, məncə, bu matçda nümayiş etdirdi.

- Bizim ən zəif oyunumuz AZAL-la oldu.

- Düzdü, bu matçda 3:1 uduzduz və bunun da səbəbini ayrı-ayrılıqda müdafiəçilərin yol verdikləri mövqe səhvlərində görürəm.

- O doğru, o doğru… Fərdi səhvlərdən yenildik. Məni səhv anlamayın, "Bakı" önündə lap gözəl oynadığımızı demirəm. Siz deyən kimi olsaydı, yəni sürünsəydik, "Bakı" bizə çoxlu qol vuracaqdı. Düzgün taktikanın hesabına onları qələbədən məhrum etdik.

- Məncə, qeydə alınan bu nəticələrə bir qədər fərqli prizmadan baxmalıyıq. "Rəvan"ın ötən illərə nisbətdə futbol anlayışını dəyişdiyini və bunun da gəlişinizlə əlaqədar olduğunu deməliyəm. Sizin müdafiə yönümlü taktiki baxışlarınızın komandanı çox geri atması qənaətindəyəm.

- Biz yalnız müdafiə futbolu oynamadıq. Hücumu da düşündük. Bu, heyətlə əlaqəli seçimdi. İki ayda bu işləri düzəltmək asan deyil. Futbolçuların vərdişlərini dəyişdirmək lazım idi. İki yol var: ya komandanı tamamilə yeniləyəcək, ya da olan futbolçuların vərdişlərini dəyişdirəcəksiz. Biz ikinci yolu seçdik.

- İki aylıq müddətdə yol verdiyiniz heç bir yanlışlıq yoxdu?

- Heç bir yanlış işim olmadı. Sıxıntımız hazırlıq dönəmində baxışa çoxlu sayda yeni oyunçuların gəlməsi idi ki, onların da seçilməsi qiymətli vaxtımızı aldı. Hər gün gəlib-gedənləri yoxlamağı ancaq Azərbaycanda gördüm.

- Klubla müqaviləniz birtərəfli şəkildə pozuldu. "Rəvan"dan təzminat tələb edəcəksiz?

- Bu məsələni başqanla danışacam. Problem görmürəm, öz aramızda həll edərik. Sezon başında bilsəydim ki, Azərbaycanda cəmi 4 tur işləyəcəm, müqaviləni imzalamazdım. Biz belə danışmamışdıq. Nuru bəylə söhbətdə razılaşmışdıq ki, mən klubu hər mənada inkişaf etdirəcəm. komandanın 1-2 oyunda uduzması, pis nəticələr ümumi işimizə xələl gətirməməliydi. Danışmışdıq ki, əsas komandayla bərabər, klubun Qaraçuxurda tikintisində başlanılan bazasına, uşaq futboluna və digər təşkilati işlərlə çalışmalıydım. Günümün əsas hissəsini bu kimi məsələlər alırdı. Klubla bağlı hər məsələdə öz məsləhətlərimi verməli, bildiklərimi onlarla paylaşmalıydım. Həkimi, massajisti mənim təklifimlə Türkiyəyə göndlərdilər ki, öz sahələrindəki yenilikləri öyrənsinlər, savad və təcrübələrini artırsınlar. Klubun professionallaşması üçün texniki işçilərin də Türkiyədə təhsil almalarını məsləhət görmüşdüm. İşim yalnız komandayla bağlı olsaydı, sonradan yaranan bəzi çətinlikləri vaxtında həll edərdik. Ancaq biz belə danışmamışdıq ki, 1-2 oyunda zəif nəticə olsa, görəvimin sonu gələcək. Hər işdə səhv olur. Bəzən hər matçdan öncə gözləmədiyin elə problemlərlə üzləşirsən ki… Zədələr, cəzalar … gələndə "Rəvan"ın çox güclü komanda olmadığını bilirdim. Bu komandanı hansı səviyyəyə qaldıra biləcəyimi və haralara gedib çıxacağımızı gördüyüm üçün təklifə "yox" demədim. Yoxsa mənə Türkiyədən də təkliflər vardı. Onları bir kənara qoyub, yalnız Nuru bəyin təklifini qəbul etdim. Onun futbola baxışını, klubla bağlı arzularını dinləyib, söz verdim ki, "Rəvan"ın peşəkarlaşmasının layihəsini hazırlayacam. Mən bu plan üçün müqaviləyə qol çəkdim, yoxsa klub tapmaq üçün Azərbaycana gəlməyimə ehtiyac yoxdu.

 - Söhbətin əvvəlində bildirdiz ki, Nuru bəydən istefanızın sizə məlum olmayan üzü haqda soruşacaqsız. Sizi ancaq bu maraqlandırır?

- Qarşılıqlı danışacağıq. Söhbətimizin nə yön alacağını deməyə çətinlik çəkirəm. Amma dostluğumuz davam edəcək. Bu gün olanlara peşəkar gözüylə baxmalıyam. Sabah yenə başqa nəsə ola bilər. Ancaq qısamüddətli çalışma ilə yoxam. Başqandan inciyim, onunla görüşməyim - bizim aramızda bu cür şeylər ola bilməz. Biz uşaq deyilik.

 - Necə düşünürsüz, üzləşdiyiniz son hadisənin klubun idarəçiliyi ilə bir bağlantısı var?

- Onu bilmirəm. Başqanla görüşdükdən sonra nəyin nə olduğunu anlayarıq. Mövcud durumla ilgili fikirlərimi Nuru bəyə söyləyəcəm, yönətimlə bağlı deyil. Məndən nə istəyəcəyini, nə soruşacağını isə bilmirəm. Hər halda oturduğumuz yerdə bu istefa olmadı. Yəqin ki, bir səbəbi var. Bəlkə mənim də bilmədiyim bəzi şeylər var. "Qarabağ" kimi liderlə lider kimi oyna, udmağa yaxın ol, sonra da səni uzaqlaşdırsınlar - mən nə bilim ki, səbəb nədi…

 - Sizə elə gəlmir ki, ölkəmizdəki fəaliyyətiniz "Qalatasaray"da qazandığınız imicə zərbə vurdu?

- Onu zaman göstərəcək, hələ bilmirəm. Mən yeni işə başlayan məşqçilərdən deyiləm, 30 ildən artıq təcrübəm var.

- Son vaxtlaradək İstanbul Universitetində dərs deyirdiz. Yenidən əvvəlki iş yerinizə qayıdacaqsız?

- Orayla qurtardım. Məşqçilik karyeramı davam etdirəcəm.

- Qısamüddətli Azərbaycan sərgüzəştiniz sizə nə anlatdı?

- Problemləri gördüm. Təşkilati, infrastruktur və təcrübə azlığı ilə bağlı çatışmazlıqlar var. Bunları aradan qaldırmaq səbr etməklə olur. Sizin futbol rəhbərlərinizin ən böyük çatışmazlığı budu. Səbrsizdilər. İstəyirlər ki, hər şey qısa vaxtda düzəlsin. Mən bu səbri görmədim. Amma səbrli olmaq məcburiyyətindədilər. Türkiyədə də buna bənzər vəziyyətdi.

- İki aylıq fəaliyyətiniz dönəmində istədiyiniz transferləri etməyə şərait yaratdılar sizə?

- Problem olmadı. Bəzi əskiklərimiz nəzərə çarpırdı, onları da avqustun 31-dək qapadacaqdıq. Vaxtımız az da olsa, qalırdı. İki mövqeyə futbolçu gətirəcəkdik. Artıq danışmışdıq ki, kimlər gələcək. Onlar da alınsaydı, komanda komplektləşəcəkdi. Geridə qalan müddətdə klubda məmnun olmadığım bəzi hallar vardı. Amma onların da üzərində xüsusi dayanmağı, narazılıq etməyi gərək saymıram.

- Qalsaydız, əmin idiz ki, komandanı ilk "altılığ"ın iştirakçısı edəcəkdiz?

- Məncə, düşərdi. İlk dörd turda 3 xal yığmağımız o demək deyildi ki, qarşıdakı turlarda qələbələr qazanmayacaqdıq.

- Yerinizə Bəhmən Həsənovu təyin ediblər. Keçmiş yardımçınızda bu məsuliyyətin altından qalxa biləcək güc görürsüz?

- Mən ona qurulu, hazır komanda qoyub getmişəm, başarılı ola bilər. Futbolçuları tanıyan birisidi. Bu hazır komandayla nə edəcəyini buraxaq zamanın öhdəsinə. Keçən sezon "altılıq"da hansı klublar yer alıbsa, onlar istər maddi, istər futbolçu səviyyəsi baxımından digərlərindən üstündü. Bu fərq açılıb.

Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

13.11.2019

12.11.2019

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə