Sadıq Sadıqov: "Fasilədə futbolçulara ilk hissəni unutmalarını və 32 min azarkeş üçün oynamalarını söylədim"

07.10.2012 | 3936 dəfə oxunub

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, klub rəhbəri müsahibəsində "Neftçi"nin Avroliqadakı çıxışına münasibət bildirib: 

"Neftçi" Azərbaycan futbolunda tarixi bir ilkə imza ataraq Avropa Liqası turnirinə vəsiqə qazandı. Flaqman xalqın komandası adını göstərdiyi oyunla doğrultdu. İstərdik ki, əvvəlcə bu uğura aparan yoldan danışasınız.

- Klubumuz idman ictimaiyyətimizin illərlə gözlədiyi bir hadisəni gerçəkləşdirdi. "Neftçi" Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. Amma bu nailiyyətin əldə olunması heç də asan başa gəlmədi. Bildiyiniz kimi mövsümün əvvəlində komandanın heytində bir sıra dəyişikliklər oldu. Heyəti avrokuboklarda mübarizə apara biləcək şəkildə qurmağa çalışdıq və buna nail olduq. Pley-off mərhələsinin cavab matçında "APOEL" kimi rəqibi səfərdə məğlub etməyi bacardıq. Serbiyada "Partizan"la keçirilmiş ilk qrup oyununda da komanda inamlı təsir bağışladı və nəticədə 1 xal əldə olundu. Şübhəsiz ki, belə bir mötəbər yarışın iştirakçısı olmaq yüksək təşkilatçılıq qabiliyyəti də tələb edir. Seçmə mərhələdən fərqli olaraq burada ən xırda detallar belə nəzərə alınır.

Belə bir yarışda ilk dəfə mübarizə aparmaq bu tələblərin yerinə yetirilməsində çətinlik yaratmadı ki?

- İtaliya "İnter"i ilə keçirilmiş oyun təşkilatçılığı hansı səviyədə olduğunu bir daha nümayiş etdirdi. Matçın keçirilməsi üçün zəruri olan təşkilatı məsələlər artıq bir neçə gün öncədən həll edilmişdi. Oyunu izləyən UEFA nümayəndələri də hazırlıqdan və qarşılaşmanın təşkilindən tam razı qaldılar. Hətta onlar yaxşı mənada öz təəcccüblərini gizlətmirdilər. Stadionun oyuna hazır vəziyyətə gətirilməsi, azarkeşlərin qarşılaşmaya marağı, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması, ümumilikdə bütün məsələlər hərtərəfli şəkildə həll olunmuşdu. Bununla biz ilk addımı atdıq və gələcəkdə bu təcrübədən "Neftçi" ilə yanaşı, digər klublarımız da yararlanacaq.

"Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaqla "İnter" kimi adlı-sanlı klubu paytaxtımıza gətirdi. Üstəlik futbolçularımız belə bir rəqiblə açıq futbol nümayiş etdirdi.

- "İnter" dünyanın ən güclü 10 kollektivindən biridir. Rəqibin səviyyəsi haqqında danışmaq yəqin ki artıq olar. Buna baxmayaraq "Neftçi" "İnter"lə matçda hücum futbolu nümayiş etdirdi. Yaradılan qol vəziyyətləri də onu deməyə əsas verir ki, "Neftçi" rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə əzmi ilə çıxmışdı. Doğrudur rəqib təcrübə və futbolçuların ustalıq səviyyəsi baxımından daha üstün idi amma futbolçularımızın döyüşkən ruh nümayiş etdirməsi təqdirə layiq haldır. Matçın fasiləsində paltardəyişmə otağına daxil olub futbolçulara ilk hissəni unutmalarını və meydana toplaşmış 32 min azarkeş üçün oynamalarını söylədim. İkinci hissədə komanda özündə güc tapıb oyunda dönüş yaratdı və rəqib qapısına yol tapdı. Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev də futbolçularla görüşüb onlara öz tövsiyyələrini verdi. AFFA prezidentinin onlardan uğur gözləməsi normal haldır. Ümumiyyətlə istər klub, istrəsə də milli komanda olsun fərqi yoxdur, bu gün Azərbaycan bayrağı altında meydana çıxan hər bir futbolçu yalnız qələbəyə köklənməlidir. Futbolumuza göstərilən diqqət və qayğının əvəzi yalnız uğur qazanmaqla verilə bilər.

Belə bir turnirdə mübarizə aparmaq yerli futbolçular üçün də fürsətdir. Bütün Avropa ölkələrinin diqqəti onların üzərindədir.

- Təbii ki, bu gənc yerli futbolçular üçün əlverişli bir imkandır. Əgər bu gün Cavid İmamverdiyev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə ,Tərlan Quliyev, Emin Mehtiyev və Kamil Nurəhmədov kimi gənclərə şans verməsək, onların inkişafından danışmaq yersiz olar. Futbolçular belə qarşılaşmalarda püxtələşir. Məsələn, İtaliya "İnter"i ilə oyunu dünyanın ən məşhur idman telekanalları yayımlayırdı. Bu özündə milyonları cəmləyən auditoriya anlamına gəlir. Diqqət mərkəzində olmaq əlavə məsuliyyət tələb edir. Futbolçular bu məsuliyyəti anlayır və eyni zamanda ən yaxşı keyfiyyətlərini ortaya qoymağa çalışırlar. Nəticə etibarilə bizim əsas məqsədimiz "Neftçi"yə və milli komandamıza layiqli futbolçular yetişdirməkdir.

Avropa Liqası turniri ilə yanaşı "Neftçi" ölkə çempionatında da mübarizə aparır. İki cəbhədə yarışmaq daha çətin deyil ki?

- "Neftçi" son iki mövsümdə ölkə çempionatının qalibi olub. Bu il də məqsədimiz titulu qoruyub saxlamaqdır. Avropa Liqası önəmli bir yarışdır amma bu daxili çempionatdakı iddiamızı qətiyyən azaltmır. "Neftçi" iştirakçısı olduğu bütün yarışlarda meydana yalnız qələbə üçün çıxır. Bəzi çempionat oyunlarımızın keçirilmə tarixi qrafik sıxlığı səbəbindən dəyişdirilib. Bu səbəbdən də "Neftçi" digər klublardan daha az oyun keçirib. Ehtiyatda olan qarşılaşmalarda qələbə qazanaraq turnir cədvəlindəki lider mövqeyimizi qaytaracağımızı düşünürəm.

- "Neftçi" qazandığı uğurla azarkeşləri də stadionlara qaytardı. "İnter"lə oyunun biletləri bir gün öncədən satılıb qurtarmışdı.

- Futbol gözəlləşdirən azarkeşlərdir. Çox istərdik ki, italyanlarla oyunda gördüyümüz dəstəyi hər qarşılaşmada hiss edək. Nikosiyada, Serbiyada irqçi şüarlar səsləndirməklə bizə təzyiq göstərməyə çalışan fanatların tam əksi olaraq azarkeşlərimiz xalqımızın malik olduğu yüksək əxlaqi keyfiyyətləri və mədəniyyətimizi nümayiş etdirdilər. Oyun başa çatdıqdan sonra hər iki komandanın üzvləri alqış sədaları altında meydançanı tərk etdi. Bütün əcnəbi jurnalistlər və digər qonaqlar Azərbaycandakı azarkeşlik mədəniyyətini gördü. Avropa Liqasınin qrup mərhələsində Bakıda daha daha 2 oyun keçirəcəyik. İnanırıq ki, həmin görüşlərdə də mərkəzi arena tamamilə dolacaq. Azarkeşlərimiz böyük oyunları izləməyə layiqdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail