Zaur Axundov: “Neftçi”nin bu səviyyəyə çatmasında bu amilin xüsusi rolu var"

24.10.2012 | 5048 dəfə oxunub

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Neftçi” ilə birgə Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Rubin”lə oyuna yollanıb. Stadium.az-ın Kazana ezam olunmuş əməkdaşı xəbər verir ki, Axundov azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə həm “Neftçi”, həm də futzalla bağlı sualları cavablandırıb. 

- Bu, “Neftçi” ilə ikinci səfərinizdi. Matçı izləməyə futzal prezidenti qismində gəlmisiniz, “Neftçi” azarkeşi kimi, yoxsa Sadıq Sadıqovla dost olduğunuza görə?
- Futbolumuzun flaqmanı olan “Neftçi” ardıcıl iki dəfə çempion olub. Onun daha sonra Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması hamı kimi, məndə də bu kluba marağı artırıb. Belə vəziyyətdə Azərbaycan futboluna xidmət edən hər bir şəxs komandaya dəstək olmalıdı. Burda olmağımın əsas səbəbi budu. Digər tərəfdən, Sadıq Sadıqovla illərdi davam edən yaxın münasibətimiz var. Bildiyiniz kimi, o, bu gün ziyarətdədir. Belə olan halda, Kazana gəlməyi həm də dostluq borcu hesab etdim. Digər səbəb də budu. 

- “Neftçi”yə yaxın olan bir şəxs kimi, düşərgədəki əhval-ruhiyyə ilə bağlı nə deyə bilərsiniz?
- Kiprdəki qələbədən sonra yaşadığımız hissləri hələ də unuda bilmirəm. Nizam-intizam uğurun əsas sirridir ki, bu gün “Neftçi”nin bu səviyyəyə çatmasında bu amilin xüsusi rolu var. Hər kəs öz işini bilərək, buna cavabdehlik daşıyır. Qısası, gördüklərim məni sözün yaxşı mənasında təəccübləndirməkdə davam edir.

- “Neftçi”də ən çox hansı futbolçunun oyununu bəyənirsiniz?
- Düzünü deyim ki, əvvəllər bəlkə də sevimli futbolçum var idi. Ad çəkmək istəmirəm. Ancaq APOEL-lə görüşdən sonra “Neftçi”dəki hər bir futbolçunun komanda üçün önəmli olduğunu anladım. Xüsusilə, kiminsə adını çəkmək istəmirəm. “Neftçi” komanda şəklində güclüdür.

- “Rubin”lə oyundan nə gözləyirsiz?
- Düşünürəm ki, Kiprdə, güclü azarkeş dəstəyinə baxmayaraq APOEL-i məğlub edən, ardınca Serbiyada “Partizan”la heç-heçə edən komanda çox şeyə qadirdir. “Rubin”in gücünə və avrokuboklardakı təcrübəsinə söz ola bilməz. Bu baxımdan bizi üstələyirlər. Buna görə də rəqibə ciddi yanaşmaq lazımdı. Təbii ki, çətin oyun olacaq. Lakin mən bu oyundan yaxşı nəticə gözləyirəm.

- Futzala keçək. “Araz”da nə baş verir və ya bundan sonra nə dəyişəcək?
- Özünüz də bilirsiniz ki, “Araz” sonuncu yarışda – UEFA kubokunda bizi məyus etdi. 3 top fərqi ilə irəlidə olduğumuz oyunun yekununda 5:3 hesabı ilə uduzmağı indiyə kimi anlaya bilmirəm. 9 ildir futzaldayam, hələ başımıza belə bir iş gəlməmişdi. Fasilədə futbolçulara yaxınlaşıb, hesabdan arxayınlaşmamağı, əksinə daha çox qol vurmağı tapşırdım. Lakin qulaq asmadılar. Açıq deyirəm, uğursuzluqda futbolçular 30 faiz cavabdehlik daşıyırsa, günahın 70 faizi baş məşqçinin üzərinə düşür. Bəzi futbolçuların hazırlıq səviyyəsi istənilən kimi olmadığına görə onlar haqda müəyyən qərarlar vermişik. Konkret, Serjao ilə Karlos Alberto artıq komandamızın üzvü deyil.

- Bəs Biro Jade?
- Onunla bağlı dəqiq qərar vermədiyimizdən, hələ bizimlədir. İşimiz tək braziliyalılarla deyil. Bundan başqa həm də Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov və digər təcrübəli yerli futzalçılara son xəbərdarlıq edilib. Dekabra qədər öz üzərilərində çalışıb, artırmasalar, onların gələcək taleyi də sual altına düşəcək. 2010-cu ildə məhz bu heyətlə yığma Avropada 4-cü yeri tutdu, “Araz” “Dördlər finalı”nda bürünc medalçı oldu. Uğurda hər birinin əməyi olub. İnsanlıq edib, həmin futzalçıları göndərmək istəmədim. Həm Serjaoya, həm də də Karlosa deyilmişdi ki, üzərinizdə daha çox çalışın. 

- Nədənsə bizdə futzalın kütləviləşməsi sanki mümkünsüz hala çevrilib. Futzal prezidenti kimi klublarla bu haqda hansısa söhbət etmək, ciddi addımlar atmaq fikriniz var?
- Bilirsiniz ki, hazırda elitada 8, birinci divizionda 18, həvəskarlar liqasında 32 komanda mübarizə aparır. Üstəlik, U-15-lər arasında Azərbaycan çempionatı keçiririk. Ötən il 6 komanda yarışırdı, indi onların sayı 8-dir. Məncə, bütün bu sadaladıqlarım gördüyümüz işlərdən xəbər verir. Həmçinin “Bakı” klubu da futzal komandasının yaradılması ilə bağlı bizə müraciət ünvanlamışdı. Onlar artıq yüksək liqada yarışır, nəticələri də yaxşıdır. Şəmkirin təmsilçisi var, Gəncə və Quba klubları ilə danışıqlar gedir. Bu iki bölgədə futzala marağın artmasını istəyirik. Ümumilikdə tək paytaxtda yox, həm də rayonlarda gənclərin futzala ayaq açmasına çalışırıq.

- Bölgə təmsilçiləri olacağı halda, çempionat oyunlarının regionlarda baş tutması mümkündür?
- Niyə də yox? Hazırda elə bir bölgə yoxdu ki, orda Olimpiya Kompleksi olmasın. AFFA rəhbərliyinin futzala ayırdığı diqqət və maliyyə dəstəyi də oyunların bölgələrdə baş tutmasına imkan verir.

- Bəs bunun nə vaxt reallaşmağı mümkündür?
- Yayda işləri daha da intensivləşdirəcəyik. Hazırda iki bölgə klubu var, yayda onların sayı dördə çata bilər. Bundan sonra onlar ev oyunlarını doğma rayonda və ya şəhərdə keçirə biləcək.

- Az öncə yeniliklərin olacağından danışdınız. Yeni futzalçılar yenə Braziliyadan olacaq, yoxsa siyahıda digər ölkələrin də adı var?
- Axtarış bütün dünya üzrə olacaq. AFFA rəhbərliyi ilə danışıqlardan sonra belə qərara gəldik ki, komandanın 60-70 faizini yerli futzalçılar təşkil etsin. Dünya təcrübəsində milliləşdirilmiş legionerlərin olmağına rast gəlmişik. Bu üzdən 3-4 əcnəbi futzalçının gəlməsi mümkündür. Ancaq indiki vəziyyətdə hansı ölkəni təmsil edəcəkləri bilinmir.

- Millimizin elə sabahdan yalnız yerli futzalçılardan təşkil olunmağı mümkün deyil? Nə vaxta kimi gəlib-gedənlərin ümidinə qalacağıq?
- Çox yaxşı sual verdiniz. Biz artıq bu məsələnin üzərində çalışırıq. Son nəticələrdən sonra üzərimizə böyük düşüb. Legionerlərin ümidləri doğrultmadığına görə belə sualların verilməsi normaldır. Yenidən U-21-i yaratmaq haqda düşünürük. Hansı ki, heyətində sırf yerli futzalçılar top qovacaq. Onlar üçün xüsusi proqram hazırlansın, İtaliyadan, İspaniyadan fiziki, taktiki hazırlıq üzrə müxtəlif mütəxəssislər cəlb olunsun. Bir neçə il ərzində həmin gənclər artırıb, millinin formasını geysin. İradınızı normal qəbul edirəm.

- Son uğursuzluqda əsas pay sahibi kimi baş məşqçini gördüyünüzü bildirdiniz. Lakin nədənsə yalnız futbolçuların göndərilməsi, qovulması müzakirə olunur. Bəs Joze Alesio da Silva? Onun istefası haqda düşünmüsünüzmü?
- Bir neçə gün öncə baş məşqçi ilə ciddi, həm də çox geniş söhbətim oldu. Onun federasiya ilə maya qədər müqaviləsi var. Bilirsiniz ki, martda bizi Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. Mən ona açıq şəkildə bildirdim ki, bu, sənin üçün son şansdır. 2010-cu ildə qazanılan nəticələri əldə bayraq etmək lazım deyil. Sloveniya, Çexiya kimi ölkələr son illər durmadan irəlilədiyi halda, biz əksinə geriyə addımlayırıq. Alesionun məsələsinə martdakı oyunlardan sonra baxılacaq. İndidən müqavilənin artırılması gündəmdə deyil. Bizə nəticə lazımdı, keçmişə boylanmaq yox. Nəticə verməyən məşqçi ilə yola davam etməyi artıq sayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail