"Qarabağ"ın koordinatoru: "Sözümün adamıyam, sözümü yemərəm" Müsahibə

SƏBAHATTİN TƏKİN: "RƏQİBLƏRDƏ SİZLƏRİN "LİPA" ADLANDIRDIĞINIZ XƏSTƏLİK VAR"

28.11.2012 | 10124 dəfə oxunub

Son illərdə gənc futbolçuları Azərbaycan futboluna qazandıran "Qarabağ" klubu bu yöndə işlərini davam etdirir. Klub rəhbərliyi uşaq futbolunu daha da inkişaf etdirmək üçün komandaya yeni mütəxəssis gətirib. Rəhbərlik Türkiyədə bir çox klublarda işləyən Səbahattin Təkini "Qarabağ"a gətirərək komandanın koordinatoru təyin edib. Bununla da, əvəzedicilərlə yanaşı, bütün aşağı yaş qruplu komandalar onun səlahiyyətinə verilib. Türkiyədə futbolsevərlərimizə çox yaxşı tanış olan Bülənt Korkmazın da köməkçisi işləyən Təkinin sonuncu iş yeri isə "Yozqatspor"un baş məşqçi vəzifəsi olub. Səbahattin bəylə klubun bazasında görüşərək həm "Qarabağ", həm də ümumi futbolumuzun problemlərindən danışdıq.

- Burada işləriniz necə gedir?

- Komandalarımız çox yaxşı çıxış edirlər. Ümumi olaraq düşərgəyə bir çox futbolçular cəlb etdik və hazırda bütün komandalarda 55 yeni futbolçu var. Digər klubların "çölə atdığı" oyunçuları götürərək, onlarla işləməyə başladıq və onları bəlli bir səviyyəyə gətirdik. Bu komandalar hazırda nəticə baxımından da normal yerlərdədirlər. Aşağı yaş qruplu millilərdən bizə təkliflər gəlib. Elə əsas məqsədimiz də milli komandalara futbolçu verməkdir. Hazırda uşaq futbolumuzu normal bir nizama salmışıq. Artıq futbol məktəblərimiz var. Həftədə 3 dəfə futbol məktəblərində xüsusi çalışmalarımız olur. Oralardan da seçdiyimiz uşaqlarla müqavilə bağlayaraq komandalarımıza cəlb edirik. Yaş ortalamasını 6-ya endirdik ki, onlar arasında 5, 6, 7, 8 yaşında uşaqlar var. Hazırda 11 yaşlılardan ibarət komandamız var, amma ora düşmək üçün 11 yaş altı komanda da yaratdıq ki, rəqabət olsun. "Sabahın Ulduzları"  turnirində 3 yaş qrupunda komandamız var. Bütün yaş qruplarımız, əvəzedici komandamız hazır vəziyyətdədir. Əvəzedicilərdən əsas komandaya Turanı, Eyvazı, Ramini verdik. Bu komandanı sözün həqiqi mənasında əvəzedici heyət etmişik. Oyunçu sayımız normaldır, çalışmalarımız da bu yöndə davam edir.

- Azərbaycanda uşaq futbolu həmişə problem olub. Siz necə qiymətləndirirsiz, bizdə potensiallı uşaqlar var?

- Sizə tam səmimi və ciddi deyirəm, hazırda Azərbaycanda yüksəksəviyyəli məşqçilər və futbolçular var. Xüsusən də məşqçilər çox yaxşıdır. Onlara deyiləni anında qavrayırlar, həyata keçirə bilirlər. Futbolçular çox mükəmməldir. Bir komandanı ələ aldığımda, onlara göstərdiklərimi həmin an başa düşür və meydanda göstərə bilirlər. Azərbaycan futbolunun ən yaxın zamanda inkişaf etməsi üçün əslində görüləcək yalnız bir iş var. Tək əksik olan məqam odur ki, 18 və 19 yaşlıların çempionatı yoxdur, ən qısa zamanda bunu həll etmək lazımdır. Burada 17 yaşlı futbolçunun futbol həyatı bitir. Bunun da səbəbi odur ki, onlar 17 yaşlılardan çıxandan sonra əvəzedici komandada oynaya bilmirlər. Çünki əsas komandada oynaya bilməyənlər bura gəlirlər. Bu problemi biz də yaşayırıq, amma digərlərini də oynadırıq. 17 yaşlı futbolçu əsas komandaya getdisə, irəli gedəcək, yoxsa, batıb gedər. Əgər 18 və 19 yaşlıların çempionatı təşkil olunsa, bu yaşda olan futbolçular özlərini daha da inkişaf etdirə bilərlər. Bunlar həll olunsa, futbolda Azərbaycanın gələcəyi xilas olar. Mən bura gəldiyim gündən bunu deyirəm. Məndə əvəzedici komandada 24 futbolçu var, 4-5 oyunçu əsasdan gəlir,  amma hamısını oynadıram. Keçən il 17 yaşlılarda oynayan Fuad indi əvəzedicilərin kapitanıdır. Amma elə an gəlir ki, belə futbolçunu oynada bilmirəm. Çünki əsasdan gələn daha yaxşıdır və mütləq oynamalıdır. Əgər bu liqa yaransa, klublar xaricdən futbolçu almazlar, milyon dollarları ciblərində qalar. Biz indi çalışırıq ki, əsas komandaya 17 yaşında futbolçu verək. Belə olan halda da, futbolçu fiziki durumunu tamamlaya bilmir. Zatən iki gün sonra burada heç mənə və ya başqasına da ehtiyac qalmayacaq. Burada yetərli qədər ağıllı məşqçilər var, sadəcə bunu sübut etmək lazımdır. Mən 16 yaşlını 17-də yox, elə ancaq 16-da oynadıram. Nədən? Çünki hamı öz yaşıdları arasında oynamalıdır. Milli komandanın bş məşqçisi oyunumuzu izləməyə gələndə bilməlidir ki, buradakıların hamısı 16 yaşlılardır. Bu futbolçu əvvəlcə öz yaşıdları arasında oynamalı, sonra yuxarı qalxmalıdır.

- "Qarabağ"ın sizə yaratdığı şəraitdən razısız?

- Əlbəttə, çox məmnunam. Prezidentimizə, rəhbərlərimizin hər birinə çox-çox təşəkkür edirəm. Burada hər cür imkanımız, şəraitimiz var. Bunları məşqlərimizə, çalışmalarımıza gəlib,  özünüz də görə bilərsiz. Bir futbolçu həftədə 6, ayda 24 saat çalışırsa, biz bunu tam olaraq iki qatına çıxarmışıq. Biz işimizin vaxtını uzatdıqca meydançaları tuturuq, buna görə də əlavə pullar verilir. Gecə işləyirəm işıqlandırma var, gündüz işləyirəm meydançalarım var, oyunlara gediş-gəlişlərimdə heç bir sıxıntım yoxdur. Fürsətdən istifadə edib komandamızda olan hər kəsə, top daşıyanından sürücümüzə qədər, hər kəsə minnətdarlığımı bildirirəm. Çünki hamısı işini canla-başla görürlər.

- Sizi bura gətirəndə qarşınıza hansı məqsədi qoyublar?

- Mənim qarşıma qoyulan əsas məqsəd 3 il ərzində Avropada oynayacaq bir komanda yaratmaqdır. Ancaq mən tələsirəm, 3 il gözləyəcək tipdə bir adam deyiləm. Bu işdə məşqçilərimə çox inanıram. Bizdə məsələn, müdafiəçilərin ayrı, yarımmüdafiəçilərin ayrı, hücumçuların ayrı məşqçisi var. Çünki hər kəs öz bildiyini futbolçuya aşılamalıdır. Qapıçı olmuş bir futbolçu indi gəlib hücumçuya normal məşq keçə bilməz. Məşqçilərimin hamısı azərbaycanlıdır və onlara çox inanıram. Təkcə bir problemimiz var ki, Azərbaycan futbolunun əsas sıxıntılarından biri də budur. Bəzi futbolçularımızda - rəqiblərdə sizinlərin "lipa" adlandırdığınız xəstəliklər var. Həmin "lipa"lar komandalardan çıxmayınca, Azərbaycan futbolu yenə inkişaf etməyəcək. Futbolçu meydana çıxır, baxırsanki 1999-cu il doğumlu olmalıdır, amma saçı-saqqalı ağarıb, məndən qoca görünür. O uşaq ildə 100 qol vurur. 100 qol vuran uşaq Messinin rekordunu qırmış olur. Onda niyə Avropa klubları o futbolçunu həmin yaş qrupundan almır? Hər şey göz qabağındadır. Həmin uşağın şəxsiyyət vəsiqəsində 1999-cu il doğumu yazıla bilər, amma üz-üzə gələndə məndən qoca görünür axı... Küçədə rastıma çıxsa, qoca bir adamdır. O neyləyir, hər oyun 7-8 qol vurur. Niyə onu milli komandaya çağırmırlar? Çünki hamı onun nə olduğunu bilir. Həmin adam əvəzedici komandaya gələndə ayağına top dəyməyəcək. Məni uşaqların arasında oynatsan, hər oyun ən azı 10 qol vuraram, amma əsas komandaya daxil elə, ayağıma top dəyməyəcək, çünki onların tempində deyiləm.

- Türkiyədə bir çox komandalarda işləmisiz. Aradakı fərq çoxdumu?

- Məsələn, burada ən yüksək para alan 300 min dollar alırsa, orada ən aşağı para alan 300 min dollar alır. Bax, əsas fərq bundan yaranır. Türkiyədə çoxlu sayda komanda var. Baxın görün orada neçə liqa var? Bəs burada nə qədərdir? Burada I Divizionla yanaşı, II Divizion və 19 yaşlıların çempionatı təşkil edilsə, inanın ki, böyük irəliləyiş əldə olunar. Bunlar həyata keçirilsə, Türkiyə ilə sizin aranızdakı fərq aradan qalxacaq. Bunlar olduğu halda daha çox futbolçu və məşqçi olacaq ki, seçim imkanı da genişlənəcək. Birdə burdakı məşqçilər dünyanı təqib etməlidirlər. Bir də baxarsan ki, əlinə 3 istedadlı uşaq düşüb, götürüb apararsan komandaya, amma onlardan o istedadı üzə çıxartmaq lazımdır. Əgər uşaq futbolu düzələrsə, hər şey qaydasına düşər. Bir də əsas məsələ futbola baxış bucağıyla oyunçu potensialıdır.

- Siz daha əvvəl bir zaman "Bakı"da işləmiş Bülənt Korkmazla da işləmisiz. Niyə sizdə o zaman Korkmazla "Bakı"ya gəlmədiz? Çünki ondan əvvəl bir yerdəydiz...

- Çünki o zaman hərbi xidmətə getməmişdim, buna görə də ölkə xaricinə çıxa bilmirdim. Bülənt Korkmaz "Bakı"ya gələndə məndə əskərliyə getdim. Daha sonra xidmətdən döndüyümdə "Yozqatspor"un baş məşqçisi oldum. Daha sonra burayla anlaşdım. Mən "Qarabağ"la müqavilə bağlayandan sonra isə Korkmaz "Karabükspor"a baş məşqçi getdi. O zamandan sonra tək işləyirəm. O zaman istədi onun yanına gedim, amma burada sözləşməm vardı. Bura vuruşmağa, istəklərimi həyata keçirməyə, futbola xeyir verməyə gəldim. İşimi yarımçıq qoyub gedə bilməzdim. Ən azından müqaviləmin sonuna qədər "Qarabağ"dayam. Sözləşməm bitəndə göndərərlər gedərəm, təklif olarsa bu barədə danışarıq. Bir çox məşqçilərlə işləmişəm, düzü, artıq yüksək liqanı gözlədiyimi də deyə bilərəm.

- O zaman, burada Premyer Liqada bir komandada işləmək istərsizmi?

- Əlbəttə, hər kəsin hədəfi budur. Amma dəqiq bir şey deyə bilərəm ki, "Qarabağ"la müqaviləmin sonuna kimi buradayam. Mənə daha əvvəl də, hətta 3 gün əvvəl Türkiyədən təklif gəlmişdi, amma mən sözümün adamıyam, sözümü yemərəm. Bu gün milli komandadan belə təklif gəlsə, burada işimi yarımçıq qoyub ora getmərəm.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail