Fabio Kapello: "Dərhal anladım ki, o çox böyük futbolçu olacaq" Müsahibə

06.12.2012 | 5306 dəfə oxunub

Fabio Kapello Rusiya millisinin baş məşqçisi təyin olunarkən çoxları onun yeni işində uğur qazanacağına şübhə edirdi. Lakin geridə qalan müddət ərzində italiyalı mütəxəssis vəzifəsinin öhdəsindən lazımınca gəlir. Təsadüfi deyil ki, Rusiya millisi 4 turdan sonra dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə maksimum nəticə göstərən iki komandadan biridir. Kapellonun Rusiya millisinin "qurban"ları arasında Kriştiano Ronaldolu Portuqaliya və Berti Foqtsun rəhbərliyi etdiyi Azərbaycan yığması də var...

Bu günlərdə Kapello "Sport-Ekspress"ə geniş müsahibə verib. İtalyalı mütəxəssis ürəyini demək olar ki, tam boşaldıb. Kapello bir çox maraqlı məqamlardan söhbət açıb. Uşaqlığını xatırlayıb, Messini 16 yaşında "Yuventus"a gətirmək istəyindən, Maldininin gəncliyindən, küləyi sevməyindən, həyat yoldaşının Moskvada metroda gəzməsindən, uşaq vaxtı az qalan yuqoslav olmasından, dini baxışlarından, həyat yoldaşı ilə tanışlığından, özü-özünün meneceri olmasından, bu vaxta qədər çalışdığı ən yaxşı futbolçulardan, Yunanıstanın 2004-cü ildəki Avropa çempionluğundan danışıb.

- Bir müddət əvvəl Messi "Qızıl buts"u alarkən gözlənilmədən sizi xatırladı. Argentinalı ulduz bildirdi ki, tanınmış məşqçilər arasında ilk dəfə olaraq o, məhz sizin diqqətinizi çəkib. Səhv etmirəmsə, bu, 2005-ci ildə olub. Həmin vaxt yeniyetmə Messi hansı xüsusiyyətinə görə sizin diqqətinizi çəkdi?

- Həmin oyunu əla xatırlayıram. "Barselona" üçün ənənəvi mövsümöncəsi Joan Qamper turniri idi. Stadiona 80 min azarkeş toplaşmışdı. Məni ilk növbədə 16 yaşlı Messinin fərdi ustalığı heyran etdi. Onun istedadını görməmək qeyri-mümkün idi. Yaşının azlığına baxmayaraq, 80 min azarkeşin qarşısında sərbəst şəkildə oynayırdı. Çıxışını bir qədər izlədikdən sonra anladım ki, o çox böyük futbolçu olacaq. Kataloniyalıları həmin vaxt Frank Raykard çalışdırırdı. Onu mən öz tələbəm hesab edirəm - axı xeyli vaxt rəhbərliyim altında "Milan"da çıxış edib. Nə isə, əlimlə Messini göstərərək, Raykarda "sən, o oğlanı mənə verə bilərsən? Məsəlçün 1 illik. Onsuz da sən onun xidmətindən yararlana bilməyəcəksən. Argentina pasportu ilə İspaniyada oynamaq mümkün deyil" dedim.

- Bəs Raykard nə cavab verdi?

- Nə deyəcək? O özü özünə düşmən deyil ki. Başını yelləyərək, "bir şey fikirləşərik" dedi... Tezliklə Messi ispan pasportu alaraq "Barselona"da oynamağa başladı.

- Elə bir futbolçu olub ki, ilk baxışdan Messidən də daha güclü təsir bağışlasın?

- Çətin...(bir qədər düşünür) Amma belə biri olub. Amma bir qədər fərqli şəkildə. Yəni ki mən Messinin oyununa baxarkən o artıq "Barselona"nın üzvü idi.  Amma mən "Milan"ın gənclər komandasının çalışdırarkən komandamızın aparıcı üzvlərindən biri 16 yaşlı Poalo Maldini idi. O özündən 3-4 yaş böyüklərlə də başa-baş mübarizə aparırdı. Bir dəfə məşqçilərdən biri mənə yaxınlaşaraq, Paoloya nəyə görə əsas heyətdə şans verdiyimi soruşdu. Hətta o Paoloya atasının adına görə şans verdiyimi düşünürdü. Bir sözlə, Paolunu avtoritet hesab edirdi. Amma həmin məşqçinin sözləri məni bərk əsəbləşdirdi. Axı mən heç vaxt kiməsə atası dostum olduğuna görə heyətdə şans vermərəm. Həmin məşqçiyə də cavab verdim ki, 1 ildən sonra əsas komandanın oyununa gəlib baxarsan. Özün hər şeyi başa düşəcəksən. Yanılmamışdım, 1 ildən sonra 17 yaşlı Paolo Maldini artıq "Milan"ın əsas heyətində meydana çıxırdı.

- Gənc rus futbolçulardan kimi daha çox bəyənirsiniz?

- Mən Rusiyanın bütün aşağı yaş qrupu üzrə milli komandalarının çıxışını diqqətdə saxlayıram. Hər bir komandanın heyətində perspektivli oyunçular var. Bu səbəbdən də ABŞ-la son oyunda 6 əvəzetməyə əl atdım. Hansısa bir futbolçu millinin formasında meydana çıxmadan onun tam olaraq nəyə qadir olduğunu bilməniz mümkün deyil.

- Nəyə görə belə düşünürsünüz?

- Çünki elə futbolçular var ki, klubda əla çıxış etsələr də, millidə oyunları alınmır. Yəni hər yaxşı oyunçu millidə inamlı təsir bağışlaya bilmir. Bunun üçün yeganə şans da həmin oyunçunu millidə iş başında izləməkdir. Sizə bir misal çəkim. Mən "Roma"nı çalıdşırarkən sərəncamımda De Rossi və Akvilani kimi bacarıqlı futbolçular var idi. Onlara eyni səviyyəli futbolçu gözü ilə baxırdım. Amma Akvilaninin potensialının bir qədər yüksək olduğu qənaətindəydim. Akvilani məşqlərdə inamlı təsir bağışlayırdı. "Roma"da da gözəl çıxış edirdi. Amma millidə heç cür istədiyi oyunu sərgiləyə bilmirdi. Mən ona deyirdim ki, "Alberto sakit ol. Bacardığın kimi oyna. Səhv etməkdən qorxma!". Amma sözlərimin heç bir xeyri yox idi. De Rossi isə əksinə, millinin heyətində meydana çıxarkən özünü məşqdəki kimi sərbəst aparırdı. Heç nədən çəkinmirdi.

- Rusiya millisinin De Rossisi kimdir?

- Kokorini qeyd edə bilərəm. O artıq əsas millidə oynamağa tam hazırdır. Çatışmayan yeganə cəhəti təcrübəsiz olmasıdı. Smolov da yaxşı futbolçudur. Çox təəssüf ki, ABŞ-la oyunda zədələndi. Fyodorun çox böyük potensialı var.

- Hər bir tanınmış futbolçunun uşaqlıqdan əziz xatirəsi olur. Kimisi 16 qol vurmaqla tanınır, kimi bir oyunda bütün rəqib komandanı aldadaraq, qol vurmaqla. Bəs Fabio Kapellonu ilk dəfə kim və hansı şəkildə kəşf edib?

- Məni 13 yaşım olanda "kəşf ediblər". Tezliklə Ferrara şəhərini təmsil edən "SPAL" klubunun gənclər komandasına dəvət aldım. Orada iki il keçirdim. Hər şey də məhz oaradan başladı...

- Sizin uşaqlığınız çox çətin dövrə təsadüf edib. 1946-cı ildə dünyaya gəlmisiniz. Həmin vaxt ikinci dünya müharibəsi təzəcə qurtarmışdı. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də o dövrdə dünyaya gələnlərin işi heç də asan deyildi. Balaca bir mənzildə 6 nəfər yaşayırdıq. Bacım, valideynlərim və atamın valideynləri. Çox çətinliklə dolanırdıq. Ailədə yalnız atam çalışırdı. Müəllim idi, azyaşlılara dərs deyirdi. Uşaqlıq illərimi yaxşı xatırlayıram. Doğma kəndimiz... Uşaqlarla bütün günü futbol oynayırdıq. Çünki bu, bizim yeganə əyləncəmiz idi. Bir də təmiz havada gəzməyi çox xoşlayırdım. Bizim oralarda çox gözəl yerlər var. Bir də küləyi çox sevirdim.

- Sadəcə külək?

- Mən yaşadığm yerdə, vadidə hər zaman Bora küləyi əsirdi. Kiçik dağlarən əhatəsində coşğun, soyuq küləklər olurdu. Nə qədər qəribə olsa da qonşu Farra şəhərində külək demək olar ki, səmirdi. Əvəzində orda daima duman olurdu. 

- Yəqin ki, hər dəfə Sankt-Peterburqa gələrkən doğma yerlərinizi xatırlayırsınız...

- Nə? Peterburq? Bağışlayın, bir qədər fikrə getmişdim... Bəli, bəli, Londonda da hava demək olar ki elə olur. Çoxları küləyi sevmir, düzdü?

- Bəli.

- Amma mən əksinə, küləyi çox sevirəm. Küləkli havada bütün gücümlə havanı içimə çəkirəm.

- Razısız ki, indi Rusiya millisini italiyalı deyil, yuqoslaviyalı məşqçi çalışdıra bilərdi. Axı siz Venetsiya-Culiya regionunda dünyaya gəlib, uşaqlığını orada keçirmisiniz...

- Bəli, müharibədən sona həmin ərazi ikiyə bölünmüşdü. "A" və "B"yə. Birincidə biz italiyalılar, ikincidə yuqoslaviyalılar yaşayırdı. Özü də bu iki ərazi arasındakı sərhəd düz bizim evin yanından keçirdi. Xeyli müddət sərhəddə əsgərlər dayanırdı. Onların demək olar ki, yalnız dişlərində silah yox idi. Biz uşaqlar isə tez-tez kofe və şəkər üçün "Yuqoslaviya"nın ərazisinə daxil olurduq. Çünki sərhəd mağazalarda ərzaqlar ucuz qiymətə satılırdı. 

- Çox qəribə situasiyadır. Sizin taleyiniz demək olar ki, hansısa bir generalın əlində idi. Axı o sərhəddi 2 metr o tərəfdən təyin etsəydi, siz İtaliya vətəndaşı olmayacaqdınız.

- Elədir ki, var. 50-ci illərin sonunda "B" ərazisi tamamilə Yuqoslaviyanın tərkibinə daxil oldu. Orada indi Sloveniya sərhəddi yerləşir. Çox qəribə vəziyyət idi həqiqətən də. Təsəvvür et ki, indi bizim aramızda da müəyyən məsafə var. Belə çıxır ki, mən İtaliyada oturmuşam, sizin əyləşdiyiniz divan isə Yuqoslaviya ərazisidir.

- İtaliya mətbuatı sizi qatı katolik kimi təqdim edir. Bu düzdür? Və sizdə kilsəyə olan sevgini kim yaradıb?

- Bəli, bu düzgün məlumatdır. Mən radikal katolikəm. İmkan düşdükcə dini yerləri ziyarət etməyi xoşlayıram. Ailəmdə hamı katolikdi. Bu mənim inancımdır. Bu sevgi daxilimdən gəlir. Amma digər dinlərə və məzhəblərə də hörmətlə yanaşıram.

- Moskvadakı katolik məbədini ziyarət etmisiniz?

- Xeyr, Moskvadakı dini yerləri ziyarət etmək üçün hələ vaxtım olmayıb. Amma həyat yoldaşım artıq orada olub. Bu xanımım və bizim hamımız üçün böyük əhəmiyyət kəsb edir.

- Müqavilə imzaladıqdan sonra, bəyan etmişdiniz ki, həyat yoldaşınız sizinlə birgə Moskvada yaşayacaq. Bu doğrudur?

- Əlbəttə. Buyurun, bu da Laura. Pəncərədən biz əl edir (əli ilə həyat yoldaşını göstərir).

- Xanımınız Moskvanı bəyənir?

- Burada olmaq bizim hər ikimiz üçün çox xoşdur. Çox gözəl mənzilimiz var. Yaşamaq üçün hər bir şərait var. Metro da evimizə yaxındır. Laura da Moskvadan çox razıdır. Həyat yoldaşım razıdırsa, deməli mən də heç nədən şikayətlənə bilmərəm.

- Metro?...

- Bəli, metro. Sonuncu dəfə Laura dünən metroda qırmızı xətt üzrə hərəkət edib. Gedib, Kremlə və Qırmızı meydana tamaş edib, qayıtdı. Moskvada hər şey əladır. 

- Biz bilirik ki, oğlunuz Perfilippo sizin menecerinizdir. Bəs, nəvələriniz necə, var?

- Stop-stop! Mən özüm-özümün meneceriyəm. Oğlum isə mənim hüquqşünasımdır. Səhv salmayın.

- Oldu, bir daha səhv salmarıq.

- O ki qaldı nəvələrimə, Perfilipponun iki qızı var. İkinci oğlumun isə eyni sayda oğlu var. Yəni 4 nəvəm var.

- Oğlanlarınız futbolçu olmadılar. Bəs nəvələrinizin necə, yolunuzu davam etdirmələrini istərdiniz?

- Hazırda oğlan nəvələrimin 10 və 12 yaşları var. Sizin sualınıza birmənalı şəkildə cavab vermək çətindi. Əgər onların həqiqətən də istedadları varsa və yüksəksəviyyəli futbolçu olacaqlarsa, qoy, yolumu davam etdirsinlər. Yox, əgər orta səviyyədə çıxış edəcəklərsə, futbolçu olmalarını istəmirəm. Çünki sıradan bir futbolçu olmaq Kapello ailəsinə yaraşmaz.

- İnternet və qəzetlərdə tez-tez gələcək həyat yoldaşınızla tanışlığınız yada salınır...

- Bəli, biz Laura ilə məktəb vaxtından tanışıq.

- Bildiyimə görə, siz onunla avtobus dayanacağında tanış olmusunuz. Həmin avtobus hara gedirdi?

- Məktəbə. Avtobus bizim kəndimizdən Farranın mərkəzinə gedirdi. Biz dərsə avtobusla gedib-gəlirdik.

- Qismətə inanırsınız?

- Mən fatalistəm. Həyatda hər şey mümkündü və insan hər şeyi olduğu kimi qəbul etməlidi. Ləyaqətlə. Elə buna görə də mən təyyarədən qorxmuram. Amma bu o demək deyil ki, insan lazım olmadığı yerdə risk etməlidir. Tutalım ki, kimsə hündür yerdən özünü aşağı atsa, burda artıq qismətlik iş bir yoxdur.

- Birgə işlədiyiniz futbolçulardan ən yaxşısı kimdir?

- Bunu dəqiq bilmirəm. Xoşbəxtlikdən deyim, ya təəssüflənim, siyahı çox genişdi. Hamısının adını çəksəm, xeyli vaxtımız gedər. Ad yox, amma simvolik komanda qurmaq olar, özü də birdən çox. Üstəlik vaxtı ilə birgə çıxış etdiyim futbolçuları da bura əlavə etsək, inanılmaz rəqabət olar.

- Məsələn.

- Qapıya kimi qoyaq - Zoff yoxsa Buffon? Müdafiədə - Maldini yoxsa Barezi? Hücumda Van Bastenlə Qullit, yoxsa Raul və Van Nisterloy? Və yaxud Runi ya Zeedorf? Bəs Del Pyero və Totti? Zeedorf, Cerrard, Lempard. Bir sözlə əla oyunçularım çox olub, həddindən artıq çox. Onların da hər biri özünə görə ən yaxşı idi. Kimisə fərqləndirməkdə məna görmürəm.

- Təəssüf ki, bu siyahıda Kokorinin adını çəkmədiniz.

- O adını çəkdiklərimin səviyyəsinə çatmaq üçün çox çalışmalıdı.

-Gəlin düzünü danışaq. Hesab edirəm ki, ifaçıların səviyyəsini nəzərə alsaq, Rusiya millisi bu günə qədər çalışdığınız ən zəif komandadır. Fikrimlə razısınız?

- O fikirlə razıyam ki, Rusiya millisi əvvəlki iş yerlərimdən fərqlənir. Əsas fərq də ondan ibarətdir ki, Rusiya millisində praktiki olaraq, ölkədən kənarda çıxış edən futbolçu yoxdur. Futbolçular əsasən daxili birincilikdə forma geyirlər. Düzdür, İngiltərə millisində də vəziyyət buna oxşar idi. Amma İngiltərə Premyer Liqasının səviyyəsi hər kəsə bəllidi. İstənilən halda, hesab edirəm ki, ölkədən kənarda çıxış etmək təcrübəsi futbolçunun xeyrinə olan amildir. Bu halda sən özün üçün yeni ideyalar kəşf edirsən, daha da inkişaf edib püxtələşirsən. Rusiya millisinə gəldikdə isə, düşünürəm ki, bizim əla gələcəyi olan möhtəşəm komandamız var.

- Azarkeşlər tez-tez Fabio Kapellunun rəhbərlik etdiyi Rusiya millisini müdafiəyə meylli oyuna görə tənqid edirlər…

- Bu, bizim komandamıza qarşı olan ən böyük haqsızlıqdır. Çoxları bu yalnış fikri artıq beyinlərinə yeridiblər və hər dəfə onu təkrar edirlər. Biz yalnız bir oyunda müdafiədən oynamışıq, həmin matçda da rəqibimiz dünyanın ən yaxşı komandalarından biri olan Portuqaliya millisi idi. Kriştianu Ronaldo və onun komanda yoldaşlarına qarşı başqa cür oynamağımız qeyri-mümkün idi. Yəni ki biz bu addımı məcburiyyətdən etmişdik. Qalan bütün oyunlarda isə Rusiya millisi ilk dəqiqələrdən hücum edən tərəf olub.

- Bəs o zaman siz niyə katenaççoda ittiham olunursunuz?

- Bunun səbəbi çox sadədir. Əgər hər hansısa komandaya italiyalı məşqçi rəhbərlik edirsə və həmin komanda bir oyunda müdafiə futbolu sərgiləsə, dərhal katenaçço yada düşür. Amma həmin taktika ilə meydana çıxıb və uğur qazanan məşqçi italyan deyilsə, o zaman deyəcəklər ki, filan məşqçi əla müdafiə xətti ilə sərfəli nəticə qazandı. Bu təkcə Rusiyada deyil, dünyanın istənilən ölkəsində belədi. Götürək ABŞ-la oyunu. Bizim qol vurmaq üçün xeyli şansımız oldu. Amma rəqib cəmi 3 dəfə qapımıza yaxınlaşdı və bunlardan ikisi qol oldu. Bu halda hansı katenaççodan söhbət gedə bilər? Buna baxmayaraq, qalib gəlməsək də, amerikalılarla oyun mənim xoşuma gəldi. Bu oyunda mən Rusiya millisinin oyununda hərəkət və sürət gördüm. Ən əsası da biz seçmə mərhələdə xeyli qol vurmuşuq. Öz qapımızda isə bir qol belə görməmişik.

- Fabio Kapellonun rəhbərliyi altında Rusiya millisinin keçirdiyi ən yaxşı oyun hansıdı?

- İsrailə qarşı.

- Bəs Portuqaliya ilə matç?

- O ən yaxşı yox, ən çətin oyunumuz idi. Lakin biz həmin matçda bir səhv belə buraxmadıq. Rəqibə qapımız qarşısında real qol epizodu yaratmağa imkan vermədik. Halbuki özümüz bir neçə dəfə qol vurmağa yaxın idik. Həmin matça görə tələbələrimə böyük təşəkkür düşür.

- Mətbuatda haqqınızda yazılanlara diqqət yetirirsiniz? Xələfləriniz - Qus Hiddink və Dik Advokata KİV-də yer alan fikirlər təsir göstərirdi.

- İş ondadır ki, mən rusca nə danışa, nə də oxuya bilirəm. Məni başa düşün, cənab jurnalistlər, mən sizin işinizə, ideyalarınıza hörmətlə yanaşıram. Amma öz məşqçilər korpusuma, həmfikirlərimə inanmağa öyrəşmişəm.  

- Yunanıstan 2004-cü ildə çempion olanda komandanın oyun tərzini bəyəndiniz?

- Həmin turniri çox diqqətlə izləmişdim. Bir çox oyunlara canlı olaraq stadiondan tamaşa etdim. Maşınla şəhərləri bir-bir gəzirdim. Yunanlar əla komanda yığmışdılar və Rehagel bütün futbolçuları ümumi ideya ətrafında birləşdirə bildi. Hər şey istədikləri kimi getdi və yekunda nəticə qazanmağa nail oldular.

- Siz yunanlar kimi oynayıb, Avropa çempionu olmaqla razılaşardınız?

- Əlbəttə, mən bununla ikiəlli razıyam. Əgər, söhbət bu cür güclü və nüfuzlu turnirdən gedirsə, hansı yolla qalib olmağın önəmi yoxdu. Qitə çempionu olmaq üçün bütün variantlar yaxşıdır. Mən hətta play-offdakı bütün oyunları penaltilərlə qazanmağa da razıyam. Yetər ki, sonda istəyinə çatasan. Mən bundan çox məmnun olardım. 

- Sizinlə söhbət zamanı məndə belə bir təəssürat yaranır ki, siz yetərincə səmimi və düzgün insansınız. Ümumiyyətlə, razısınız ki, düzgünlük insanda ən vacib xüsusiyyətdir?

- Razıyam, ən vacib olanlardan biridir. Yalançıları görən gözüm yoxdur. Eyni zamanda insanlara hörmət etməyə qiymət verirəm. İnsan hansısa nüfuzlu olmayan, aşağı məvacib qarşısında bir iş görürsə, buna hörmətlə yanaşmaq lazımdı. Axı onun yerində hər birimizin qardaşı, atası, bacısı ola bilər. Düzgünlük və insanlara qarşı hörmət - bunu mənə atam öyrədib. Mən də eyni fikirləri öz uşaqlarıma aşılamışam. Yəqin ki, onlar da bunu nəvələrimə öyrədəcəklər.  

- Onda xahiş edirəm, səmimi deyin, geridə qalan aylar ərzində Rusiya millisinin təklifini qəbul etdiyinizə görə peşman olmamısınız ki?

- Mənim çətin işdən qorxum yoxdur və heç zaman da olmayıb. İstər milli, istərsə də klub səviyyəsində kifayət qədər təklif almışdım. Rusiya millisini isə ona görə seçdim ki, bu mənim üçün yeni bir çağırış idi. Bir daha təkrar edirəm, özüm-özümün meneceriyəm. Heç vaxt qəzetlərə demirəm ki, hansısa komandanın mənimlə maraqlanması haqda informasiya yazsınlar. Təklif alarkən həmin insanla birbaşa özüm danışıram və bunu mətbuata şərh etmirəm. Oğlum isə işin yalnız hüquqi tərəfi ilə məşğul olur. Qalan hər şeyi isə özüm həll edirəm və heç vaxt seçimimə görə peşmançılıq hissi keçirmirəm. Ötən yay seçimim Rusiya oldu və qərarımdan peşman deyiləm. 

 "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail