"A" seriyasında ilk dövrənin simvolik komandası

02.01.2013 | 3582 dəfə oxunub

İtaliya "A" seriyasında komandalar fasiləyə yollandılar. Qısa müddətli istirahətdən sonra 19-cu turun oyunlarına çıxacaq İtaliya klublarının mübarizəsində hələlik son çempion "Yuventus" aşkar favoritdir. Turinlilər 44 xalla ən yaxın izləyiciləri olan "Napoli" və "Latsio"nu 9, "Fiorentina" və "İnter"i isə 10 xal qabaqlayır.

Bəs, görəsən, geridə qalan 18 tur ərzində hansı futbolçular özlərini ən yaxşı tərəfdən göstərməyi bacarıb? Beləliklə, 18 turdan sonra "A" seriyasının simvolik komandasını və onun alternativ variantının təqdim edirik.

QAPI

Federiko Marketti ("Latsio")

Marketti ilk dövrədəki ən yaxşı oyununu Turində keçirdi. "Yuventus"a qarşı matçda Federiko praktiki olaraq, xaruqələr yaradırdı. Təsadüfi deyil ki, həmin qarşılaşmadan sonra o "La Gazzetta dello Sport" tərəfindən 8 bala layiq görüldü ki, bu cür yüksək qiymət hər futbolçuya nəsib olmur. Marketti həmin gün o qədər inamlı təsir bağışlamışdı ki, hətta rəqib həmkarı, İtaliya futbolunun qeyri-şərtsiz "1 nömrə"si olan Canluici Buffon belə, onun möhtəşəm çıxış etdiyini qeyd etdi. Maraqlıdır ki, Buffonla Markettini xoş olmayan bir olay da bağlayır. Belə ki, Buffonun bacısı Veronikanın möcüzəvi şəkildə sağ qaldığı avtomobil qəzasında "Latsio"nun qapıçısının uşaqlıq dostu dünyasını dəyişdi.

Markettinin "Latsio" üçün nə qədər önəmli oyunçu olduğunu bir fakt da sübut edir. O zədələndikdən sonra "Latsio" 4 matçda cəmi 1 qələbə qazandı. 3 oyunda 3 xala həsrət qalan Roma təmsilçisi eyni zamanda "Kataniya"ya da biabırçı hesabla uduzdu - 0:4. Cari mövsüm qapısını 9 dəfə toxunulmaz saxlayan Marketti çempionluq haqda belə deyir: "Skudetto? Məncə, indidən bu haqda danışmaq çox tezdir. Amma istənilən halda, "Latsio" sona qədər çempionluq uğrunda mübarizə aparacaq. Biz istənilən komanda ilə başa-baş mübarizə apara bilərik". Təcrübəli qolkiperin bu sözləri 12 ildir titul həsrəti ilə alışıb-yanan "Latsio"lu azarkeşlərin ürəyinə yağ kimi yayılır.

Alternativi: Samir Handanoviç ("İnter")

MÜDAFİƏ

Andrea Ranokkiya ("İnter")

Bir vaxtlar, Andrea Ranokkiyanı ikinci Alessandro Nesta adlandırırdılar. Lakin italiyalı müdafiəçilərin hazırkı nəsli əvvəlkilərdən fərqli olaraq, erkən parlaya bilmirlər. Nesta 24 yaşında "Latsio"nun kapitanı və "Skuadra Adzurra"nın liderlərindən idi. Halbuki Ranokkiya bu yaşında yalnız indi İtaliya "nəhəng"inin əsas heyət üzvünə çevrilir. Baş məşqçi Andrea Stramaççoni gənc müdafiəçiyə inanır və hər oyunda ona şans verir. Cari mövsüm Ranokkiya yalnız 1 oyunda - o da zədəli olduğu üçün heyətdən kənarda qalıb. Meydana çıxdğı oyunlarda özünü yaxşı tərəfdən göstərən "İnter"in arxa xətt oyunçusu mətbuat tərəfindən ən yüksək qiymət alan mərkəz müdafiəçilərdəndir. Məhz onun müdafiədəki inamlı oyunu sayəsində bir ara yüksək sürət yığan "İnter" hətta "Yuventus"a çatmağa yaxın idi. Qeyd etmək lazımdır ki, inamlı çıxış etməsinə baxmayaraq, gənc müdafiəçi "ulduz xəstəliyi"nə tutulmayıb: "Mən futboldan zövq almağa çalışıram. Axı ötən il mən nadir hallarda öz oyunumdan razı qalırdım. Mən birdən-birə ulduza çevrilmək istəmirəm. Yaxşı olardı ki, yavaş-yavaş irəliləyim. Hər oyundan-oyuna daha inamlı çıxış edim".

Alternativi: Leonardo Bonuççi ("Yuventus")

Xavyer Zanetti ("İnter")

Azarkeşlər 39 yaşlı Zanettinin hər zaman cavan qalmasına öyrəşsələr də, o hər mövsüm Tiffozini yeni nə iləsə təəccübləndirməyi bacarır. Cari mövsümdə "Napoli"yə qarşı baş tutan oyunun 88-ci dəqiqəsində Zanettinin etdiyi keçid hələ də yaddaşlardan silinməyib. Həmin epizoda baxarkən, inanmaq olmur ki, avqustda argentinalı futbolçunun 40 yaşı tamam olacaq. Zanetti həmçinin "İnter"də başqa bir missiyanı da yerinə yetirir - o tez-tez qol da vurur. O həm də "Neradzurra"nın paltardəyişmə otağının faktiki olaraq lideridir. Zanetti deyir: "Bizim əsas məqsədimiz yenidən çempionatın ən yaxşı komandası olmaqdır. Biz inamla, hər zaman öz məqsədimizə doğru irəliləyirik".

Alternativi: Duşan Basta ("Udineze")

Andrea Barzaqli ("Yuventus")

Ötən mövsümün əvvəlində cəmi 300 min avroya transfer olunan Barzaqli təkcə "Yuventus"un əsas heyət üzvünə çevrilmədi. O həm də indi İtaliya millisinin aparıcı üzvüdür. Hazırkı "Skuadra Adzurra"nı onsuz təsəvvür etmək çox çətindir. Antonio Konte və Çezerre Prandelli hansı müdafiəçini ehtiyatda saxlayaq, sualı üzərində baş sındırarkən heç vaxt seçimi Barzaqlinin əleyhinə etmirlər. İnamlı, səliqəli oyunu ilə tiffozinin rəğbətini qazanan "Yuve"nin futbolçusu öz oyunu ilə Qaetano Şirea və Franko Barezini xatırladır.

Alternativi: Fakundo Ronkalya ("Fiorentina")

Manuel Paskuale ("Fiorentina")

"Fiorentina"nın kapitanı Vinçentso Montellanın ideyalarını meydanda həyata keçirən əsas futbolçulardan biridir. Məhz Paskualenin komanda yoldaşlarını ətrafında toplaması yayda demək olar kı, sıfırdan toplanan kollektivin inamlı çıxışına səbəb oldu. Florensiyalı azarkeşlər isə yenidən sevimlilərinə inanmağa başlayıblar. Paskuale baş məşqçisi haqda deyir: "Montella "Fiorentina"ya sülh və sakitçilik gətirib. O bütün oyunçuların - fərqi yoxdur, təcrübəli və ya gənc - hamının qarşısına yalnız 1 tapşırıq qoyub: meydanda var gücünlə vuruşmalısan".

Paskuale cari mövsümdə o qədər inamlı təsir bağışlayır ki, sol cinahda mübarizə aparan heç bir futbolçu mətbuatdan aldığı qiymətlər baxımından onunla rəqabət apara bilmir.

Alternativi: Corco Kyelini ("Yuventus"

YARIMMÜDAFİƏ

Borxa Valero ("Fiorentina")

Madrid "Real"ının yetirməsi olan Valero cari mövsümdə sübuta yetirdi ki, ispan futbolçular da İtaliyada parlaya bilər. Valero inamlı oyunu ilə "Fiorentina"nın rəmzlərindən hesab olunan Cankarlo Antoninin də diqqətini çəkdi: "O topu əla saxlayır. Bu cəhətinə görə Valero mənə İnyesta və Xabi Alonsonu xatırladır"... 1982-ci ilin dünya çempionu olan canlı əfsanin dilindən xoş söz eşitmək isə heç də hər futbolçuya nəsib olmur. Özü də Cankarlonun sözlərini florensiyalı azarkeşlər qanun kimi qəbul edirlər. 

Alternativi: Kristian Ledesma ("Latsio")

Marek Qamşik ("Napoli")

"A" seriyasının ən güclü yarımmüdafiəçilərindən olan Qamşik cari mövsümdə də inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, öz oyunu ilə o Avropa "nəhəng"lərinin "Napoli"nin qapısını döyməsinə səbəb olur. Geridə qalan 18 tur ərzində Qamşik 7 qol vurub və 8 məhsuldar ötürmə verib. Orta hesabla o hər oyuna "La Gazzetta dello Sport" tərəfindən 6,5 bal alıb. İnamlı oyunu ilə Qamşik artıq indidən mövsümün sonunda ən yaxşı oyunçuya təqdim olunacaq "Oscar del сalcio" mükafatına əsas namizdələrdən biri hesab olunur. "Neapol da qalmaq cəsarət tələb edir" - bu haqda məşhur "Le Strisce" qrupu oxuyur. Qamşikin cəsarətinə isə söz ola bilməz. O nəinki gecələr bu şəhərin küçələrində yalnız gəzir, hətta bir müddət əvvəl diskalifikasiya olunan komanda yoldaşları Paolo Kannaravo və Canluku Qravunun müdafiəsinə də qalxıb. Məhz "Syena" üzərindəki son qələbəni Qamşik bu iki futbolçuya həsr etdiyini açıqlayıb.

Alternativi: Andreal Pirlo ("Yuventus")

Klaudio Markizio ("Yuventus")

Cari mövsümdə Andrea Pirlo ötənilki kimi yaxşı oyun sərgiləməsə də, onun komanda və mövqe yoldaşı Markizio inkişaf edərək, özünü ən yaxşı tərəfdən göstərməyi bacarır. Markizionu "Qoca Sinyora"nın kemiş üzvü Marko Tardelli ilə müqayisə edirlər. Tardelli özü isə dəfələrlə bu müqayisədən artıq təngə gəldiyini qeyd edib.

Cari mövsümdə Markizionun ən yaxşı oyunu "Torino" ilə matçda - Derby della Moleda olub. Həmin matçda dubl edən Markizio qarşılaşmadan sonra belə demişdi: "Bu, mənim derbidəki ilk dublum deyil. Amma ən vacibidir. Çünki "Milan"a uduzduqdan sonra bu qələbə bizə çox lazım idi.

Alternativ: David Pizarro ("Fiorentina")

HÜCUM

Françesko Totti ("Roma")

Zdenek Zemanın "Roma"ya qayıdışı komandanın kapitanı olan Tottinin oyununa böyük təsir göstərdi. Totti indi ötənilkindən də inamlı təsir bağışlayır. Əfsanəvi kapitan geridə qalan illər ərzində yaşlaşsa da, hələ ki gözəl təsir bağışlayır. Bir neçə il əvvəl "İmperator" haqda deyirdilər ki, o özü-özü üçün oynayır. Amma bugünkü gündə tənqidçilər susmağa məcburdurlar. Karlo Matsone Totti haqda deyir: "Mən Françeskoya görə çox şadam. Müəyyən vaxtlarda belə təəssürat yaranırdı ki, onun ulduz vaxtı artıq geridə qalıb. Amma indiki məqamda o öz oyunu ilə hamını susmağa vadar edir. Totti qeyri-adidir: həm futbolçu, həm də insan kimi".

Alternativi: Stevan Yovetiç ("Fiorentina")

Miroslav Kloze: ("Latsio")

"Komanda Klozeyə işləyir, o da komandaya" - bu sözləri "Latsio"nun çalışdırıcısı Vladimit Petkoviç təkrarlamaqdan yorulmur. Roma klubu alman hücumçudan nə qədər asılıdır? İndi bu suala dəqiq cavab vermək çətindir. Bunun yekun cavabını Kloze komandadan gedəndən sonra biləcəyik. Yaşının çoxluğuna baxmayaraq, Kloze əvvəlki kimi enerjilidir. Təısadüfi deyil ki, o daim meydandan bir yerdə durmur, dayanmadan hərəkət edir, boş zona axtarır, müdafiəçilərlkə sonadək mübarizə aparır. Payızda isə Kloze bütün Avropanın diqqət mərkəzinə düşdü. Axı vurduğu qolun "təmiz" olmadığını etiraf etmək heç də hər futbolçunun işi deyil. Amma Kloze "Napoli"yə vurduğu qolun qaydalar çərçivəsində olmadığını matçdan dərhal sonra açıq şəkildə bəyan etdi. Bəlkə də buna görə Tanrı alma forvardı "İnter"lə oyunda mükafatlıandırdı. Məhz Klozenin ikinci yarıda vurduğu yeganə qol komandasına mühüm qələbə qazandırdı.

Alternativi: Edinson Kavani ("Napoli")

Stefan Əl-Şəravi ("Milan")

Cari mövsümün "kəşf"i hazırda "Milan"lı azarkeşlərin yeganə qürur mənbəyidir. Yarı italyan, yarı misirli olan gənc istedadın inamlı çıxışı "Skuadra Adzurra"nın çalışdırıcısı Çezare Prandellini  də sevindirməyə bilməz. Əl-Şəravi təkcə vurduğu qollarla deyil, həm də işinə ciddi yanaşması ilə sevilir. O dayandan məşq edir, çalışır. Kənardan baxnada belə təəssürat yaranır ki, Setafn qarşısına dünyanın ən yaxşı futbolçusu olmağı məqsəd qoyub.

Bir vaxtlar "Milan"ın "döyünən ürəyi" olan Andrey Şevçenko sabiq klubunun hazırkı lideri haqda deyir: "Bir neçə ay əvvəl mən onun haqda demək olar ki, heç nə eşitməmişdim. Mən Əl-Şəravinin oyununu ilk dəfə "Napoli" ilə görüşdə tam diqqətlə izlədim və vurduğu qolları gördüm. Qollar sadəcə möhtəşəm idi. Stefabn çox cəld, sürətli hücumçudur. O mövcüd durumda hansı mövqedə qərarlaşmağı gpzəl bilir. Özü də Əl-Şəravi müdafiədə də yaxşı təsir bağışlayır". Yəqin ki, bu sözləri eşitdikdən sonra Stefan Şeva kimi "Milan"ın əfsanəsinə çevrilmək üçün daha səylə çalışacaq.

Alternativi: Erik Lamela ("Roma")

Məşqçi

Vladimir Petkoviç ("Latsio")

Yayda "Latsio" ardıcıllıqla hamıya uduzan, İtaliya paytaxtında insanlar Petkoviçin hansı turda komandadan qovulacağı barədə mərc edirdilər. Lakin əvvəllər "Syon" və "Samsunspor"u çalışdıran Xorvatiya əsilli, İsveçrə pasportuna malik olan bosniyalı mütəxəssis olan yavaş, lakin dəqiq şəkildə sübut etdi ki, yaxşı məşqçilər təkcə Appenində dünyaya göz açırlar. Bir müddətdən sonra Petkoviç anladı ki, onun komandası üçün ən ideal sistem 4-1-4-1-dir. Az sonra təcrübəli mütəxəssis futbolçuları ilə də əla ünsiyyət qurmağı bacardı. Yekunda bütün bunlar "Latsio"nun inamlı çıxışına gətirib çıxardı. Payızda "Latsio" yaxşı günlər keçirməsə də, ilin sonuna yaxın paytaxt təmsilçisi uğurlu qrafik cızdı. Son 7 oyunun 5-də qalib gələn və 1 dəfə də olsun uduzmayan "Latsio" ili üçüncü pillədə başa vurdu. Bu nəticə isə Vlado Petkoviçin is metodunun yalnış olmamadığını göstəricisidir.

Alternativi: Vinçenso Montella ("Fiorentina")

"Het-trik news" qəzeti

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail