İlk "altılıq" qatarına kimlər bilet sifariş edəcək?

03.01.2013 | 5930 dəfə oxunub

Ötən həftə keçirilən "İnter" -  "Neftçi" oyunu ilə 2012-ci ildə Topaz Premyer Liqasında mübarizəyə yekun vuruldu. Komandalar təxminən ayyarımlıq fasiləyə yollandılar. Təsnifat mərhələsinin sonuna 4 tur qalsa da, hələ ki heç bir komanda ilk "altılığ"a rəsmən vəsiqə qazanmayıb. Hazırda 34 xalla çempionatın vahid lideri olan "İnter" belə həlledici mərhələdən kənarda qala bilər. Təbii ki, bu, elə də inandırıcı deyil. Çempionat boyu stabillik nümayiş etdirən "bankirlər"ə minimum vəzifəni yerinə yetirmək üçün qarşıdakı 4 oyunda 3 xal toplamaq lazımdı. Ümumiyyətlə, təkcə "İnter"in deyil, bütün komandaların ilk "altılıq" şanslarını dəyərləndirəcəyik. 

"İNTER"

Yuxarı da qeyd etdiyimiz kimi, "İnter" 18 turdan sonra vahid lider olmasına baxmayaraq, hələ də həlledici mərhələyə vəsiqəni rəsmiləşdirməyib. Digər oyunların nəticələrindən asılı olmayaraq, "İnter"ə final mərhələsinə yüksəlmək üçün qarşıdakı 4 oyunda 3 xal da kifayət edəcək. Lakin "İnter"in qarşıdakı 4 oyunun hamısı bir-birindən çətin olacaq. Təsnifat mərhələsinin son turlarında Kaxaber Tsxadadzenin yetirmələri yalnız iddialılarla qarşılaşacaq.

Fasilədən sonra ilk oyununu səfərdə "Xəzər Lənkəran"a qarşı keçirəcək "bankirlər"in yeni ildəki ilk rəsmi matçındaca tapşırığın öhdəsindən gələcəyini əminliklə söyləmək olmaz. Çünki ilk "altılığ"a yüksəlmək üçün Cənub klubu da 3 xala hava-su kimi ehtiyac duyur. Daha sonra öz meydanında "Qəbələ"ni sınağa çəkəcək "bankirlər"i 21-ci turda "Neftçi" ilə gərgin oyun gözləyir. Təsnifat mərhələsinin son oyununda isə "İnter" "Qarabağ"la çətin oyun gözləyir. 4 oyunun hamısının çətin olacağı şübhəsizdir. Lakin istənilən halda "İnter"in ilk "altılıq"da olacağını əminliklə söyləmək olar. Çünki komandanın ardıcıl 4 oyunda xala həsrət qalacağı bir o qədər də inandırıcı deyil. Digər tərəfdən də turnir cədvəlində vəziyyət elədir ki, "bankirlər" hətta arıdıcıl 4 oyunu uduzsa belə, yenə də digər matçların nəticəsindən asılı olaraq, ilk "altılığ"a yüksələ bilər.

"SİMURQ"

Cari mövsümün ən böyük sürprizi məhz "Simurq"dur. Mövsümün əvvəlində kimsə düşünə bilməzdi ki, məhdud büdəcəyə malik olan komanda qış fasiləsinə "Neftçi", "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran", AZAL, "Bakı" kimi klublardan öndə yollansın. Amma fakt budur ki, indi "Simurq"un həlledici mərhələyə yüksəlmək şansı adını sadaladığımız klublardan daha çoxdur.

"Böyük qardaş"ı "İnter" kimi Zaqatala klubu da böyük ölçüdə ilk "altılığ"a vəsiqənin taleyini həll edib. Georgi Çixradzenin yetirmələrini yalnız möcüzə həlledici mərhələdən kənarda qoya bilər.

Hazırda komandanın aktivində 33 xal var və maksimum 4 xal zaqatalalıların arzusunu reallaşdıra bilər. Fasilədən sonra Çixradzenin yetirmələri ilk oyununu səfərdə AZAL-a qarşı keçirəcək. Cari mövsümdə Zaqatala klubu artıq bir dəfə - ölkə kubokunda "təyyarəçilər"i səfərdə devirib. Növbəti iki oyunda isə "Simurq" paytaxt klublarını - "Neftçi" və "Bakı"nı ardıcıl olaraq öz meydanında qəbul edəcək. Son turda isə komanda səfərdə autsayder "Kəpəz"in qonağı olacaq. "Simurq"un cari mövsümdəki çıxışını nəzərə alsaq, komanda ilk "altılığ"a vəsiqə qazanacaq.

"QARABAĞ"

Hazırda üçüncü pillədə qərarlaşan "Qarabağ" da ilk "altılığ"a vəsiqə qazanmağa yaxındır. AZAL təxirə salınmış oyunda "Neftçi"yə qalib gəlsə, o zaman Ağdam klubunu yeddinci yerdən 7 xal ayıracaq ki, 4 tur ərzində bunu aradan götürmək elə də asan deyil. Bu səbəbdən Qurban Qurbanovun yetirmələrinin də bir ayağının həlledici mərhələdə olduğunu qeyd edə bilərik. "Qarabağ"ın qarşıda 4 oyunu var ki, bunlardan da yalnız ikisi iddialılarladır. Bu səbəbdən də Ağdam təmsilçisi hətta səfərdə "Qəbələ" və evdə "İnter"lə matçlarda uduzsa belə, "Rəvan" və "Sumqayıt"ı məğlub etməklə ilk "altılığ"a vəsiqəni rəsmiləşdirə bilər. Bu səbəbdən də "İnter" və "Simurq"la yanaşı "Qarabağ"ın da ilk "altılıq"da yarışacağını əminliklə söyləmək olar.

"NEFTÇİ"

"Neftçi" dördüncü pillədə qərarlaşsa da, komandanın aktivində daha bir oyun var. Böyükağa Hacıyevin yetirmələri təxirə salınmış oyunda AZAL-ı mövsüm ərzində ikinci dəfə məğlub etsə, həm turnir cədvəlində üçüncü pilləyə qalxacaq, həm də böyük ehtimalla ilk "altılıq" vəzifəsininin öhdəsindən gələcək. Fasilədən sonra "Neftçi" ilk oyunun "Kəpəz"ə qarşı keçirəcək ki, komandanın bu oyundan 3 xal götürmək şansı yüksəkdir. Daha sonra "Simurq" və "İnter"lə qarşılaşacaq flaqman təsnifat mərhələsinin son turunda Tovuza səfər edəcək. Həm komandanın inamlı çıxışını, həm də təqvimi nəzər alsaq, o zaman "ağ-qaralar"ın final mərhələsində mübarizə apacaraq sayca dördüncü kollektiv olacağını əminliklə qeyd etmək mümkündür.

"QƏBƏLƏ"

Ramiz Məmmədovun gəlişindən sonra toparlanan "Qəbələ" də ilk "altılıq" mübarizəsində favoritlərdəndir. Hazırda aktivində 28 xal olan əyalət klubu ən yaxın izləyicisini 4 xal qabaqlayır. Məmmədovun yetirmələri həlledici mərhələyə vəsiqə qazanmağa yaxın olsalar da, ağır təqvim komandanın ziyanına işləyə bilər. Çünki "İnter" kimi "Qəbələ"nin də qalan dörd oyunu iddialılara qarşıdır. Fasilədən sonrakı ilk matçda komanda öz meydanında "Qarabağ"ı qəbul edəcək "Qəbələ" daha sonra "Şəfa"da "İnter"in qonağı olacaq. Ardınca doğma divarlar arasında "Xəzər Lənkəran"ı sınağa çəkəcək qəbələlilər təsnifat mərhələsinin son turunda AZAL-ın qonağı olacaq. Yuxarıda haqqında söz açdığımız 4 klubdan fərqli olaraq, "Qəbələ"nin indiki məqamda ilk "altılıq"da yer alacağını əminliklə söyləmək çətindir.

"XƏZƏR LƏNKƏRAN"

Mövsümə Yunis Hüseynovla başlayan "Xəzər Lənkəran" daha sonra baş məşqçi postuna Karles Bakesi gətirsə də, cənublular hələ ki istədikləri nəticəni qazana bilmirlər. Komandanın oyununda ilk növbədə stabillik çatışmır. "Neftçi" oyunda böyük əzmkarlıq göstərən və meydandan sözün həqiqi mənasında vuruşan cənublular qələbəni dişi, dırnağı ilə əldə etsə də, növbəti turda komanda səfərdə "Qarabağ" qarşısında aciz qaldı. Təbii ki, uğursuz çıxışın əsas səbəblərindən biri heyətin kasadlığıdır. Qışda komanda lazımı transferləri həyata keçirsə, mövsümün qalan hissəsində vəziyyətini düzəldə bilər. Digər iddialılara baxanda, təqvim də Lənkəran klubu üçün əlverişlidir. Çünki qalan 4 oyundan ikisini Cənub təmsilçisi öz meydanında nisbətən zəif olan "Turan" və "Sumqayıt"a qarşı keçirəcək. Digər iki matç isə iddialılarladır. Fasilədən sonrakı ilk turda "Xəzər Lənkəran" öz meydanında "İnter"i məğlub edə bilsə, o zaman cənubluların ilk "altılıq" şansı xeyli artmış olacaq. 19-cı turda isə Lənkəran komandasını Qəbələdə  böyük əhəmiyyət kəsb edən bir oyun gözləyir.

AZAL

Bayaq da qeyd etdiyimiz kimi, AZAL-ın aktivində 1 oyunu hələ var. Həmin matçda "təyyarəçilər" "Neftçi"ni məğlub edə bilsə, ən azı "Xəzər Lənkəran"ı geridə qoyaraq, altıncı pilləyə yüksələcək. Bir sözlə, Vaqif Sadıqovun komandası həlledici mərhələyə yüksəlmək istəyirsə, mütləq qarşıdakı 5 oyunun hamısında qalib gəlməlidir. Əks halda, komanda avrokubok ümidlərini ən azı gələn mövsümə saxlamalı olacaq. Lakin təqvim komandanın işinin heç də asan olmayacağını göstərir. Çünki AZAL "Kəpəz"i çıxmaq şərtiylə, digər 4 oyunda ilk "altılıq" eşqiylə yaşayan kollektivlərlə üz-üzə gələcək. "Neftçi" ilə yanaşı, komandanı "Simurq", "Bakı" və "Qəbələ" ilə ağır oyunlar gözləyir.

"BAKI"

"Bakı"nın adını səkkizinci yazmağımız qəribə görünə bilər. Çünki faktiki olaraq, hazırda "zolaqlılar" "Sumqayıt" və "Turan"dan da geri düşüblər və komanda turnir cədvəlində 10-cu yeri tutur. Lakin reallıq budur ki, digər iki komandadan fərqli olaraq "Bakı" ilk "altılığ"a düşmək üçün daha çox mübarizə aparacaq. Bandoviçin yetirmələri istəyinə çatmaq istəyirsə, ilk növbədə təxirə salınmış oyunda "Turan"ı məğlub etməlidir. Bu halda paytaxt təmsilçisi xallarının sayını 22-ə yüksəldəcək. Qalan 4 oyunda da təqvimin uğurlu olması "Bakı"ya yardımçı ola bilər. Çünki 19-22-ci turlar aralığında "zolaqlılar"ın iştirakı ilə baş tutacaq 4 oyundan 3-də komanda ev sahibi olacaq. "Rəvan", "Sumqayıt" və AZAL-ı doğma divarlar arasında qəbul edəcək "Bakı"nı yalnız 21-ci turda Zaqatalaya çətin səfər gözləyir ki, həmin vaxta qədər də rəqib artıq ilk "altılıq" vəzifəsinin öhdəsindən gələ bilər.

BAŞQALARI

Əslində riyazı cəhətdən ilk "altılığ"a düşmək baxımından "Kəpəz"dən başqa bütün komandaların şansı var. Yəni ki, "Sumqayıt", "Turan" və "Rəvan" da çempionatın həlledici mərhələsinə iddia edə bilər. Amma iddia etmək hələ heç nə demək deyil. Bu səbəbdən də bizim proqnozumuz belədir ki, ilk "altılığ"a son 2 vəsiqə uğrunda "Qəbələ", "Xəzər Lənkəran", AZAL və "Bakı" mübarizə aparacaq. Digər 3 komanda - "Sumqayıt", "Turan" və "Rəvan" isə ötənilki kimi yenə də "Kəpəz"lə birgə ikinci "altılıq"da yer alacaq. Təbii ki, bütün bunlar bizim proqnozumuzdur. Düzgün analiz edib, yaxud da yanıldığımızı zaman göstərəcək. Bütün suallara - martın 3-də (təbii ki, təqvimdə yenə dəşikliklər olmasa) aydınlıq gələcək. Çünki məhz həmin gün təsnifat mərhələsinə yekun vurulacaq.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail